Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-158/2025 13.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi 27 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, subay (boşanmış), işləməyən, ünvan 1 ünvanında qediyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istitnaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına əsasən, o, faktiki olaraq tikinti üzrə iş icraçısı vəzifəsində işləyərək tikinti işlərinin aparılmasının təhlükəsizliyi qaydalarının onun tərəfindən pozulması nəticəsində, yəni Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 2 saylı binanın yaxınlığında yerləşən, səhəsi 28 kv.m olan, Şahid1 məxsus qeyri-yaşayış binasının damında yenidənqurma aparılması zamanı İİİ-4-80* «Tikintidə təhlükəsizlik texnikası» Tikinti Norma və Qaydalarının 1.10, 1.11, 1.19, 1.20, 2.26 və 15.1 bəndlərinin tələblərini pozaraq ehtiyatsızlıqdan, tikinti sahəsində yer səthindən 7 metr hündürlükdə iş sahəsinin kənarlarının qoruyucu məhəccərlə bağlanmasını və ya işçilərin qoruyucu kəmərdən istifadə etmələrini təmin etməməsi, habelə təhlükəsizlik texnikası və peşə hazırlığı üzrə təlim və təlimatlandırmalar keçməməsi, bilik səviyyələri yoxlanılmamış işçiləri cəlb edilərək sərbəst işə buraxması nəticəsində, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fəhlə vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb etdiyi Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində yer səthindən 7 metr hündürlükdə alüminium kompozit panellər, yəni alkopanların sökülməsi işini apararkən üzərində dayandığı alkopanın altının boşluq olması səbəbindən sınması nəticəsində yerə yıxılaraq canlı şəxslərdə ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid- müştərək travma; qapalı, qəlpəli, fəqərə sütunun travması; L1 (1-ci bel) fəqərəsinin kompression fəsadlaşmış sınığı; sol aşıq-baldır oynağında hər iki topuğun qapalı, yerdəyişmiş Travması; cərrahi əməliyyatdan sonrakı vəziyyət; aşağı ətraflarda paraplegiya, çanaq funksiyalarının pozulması. Onurğa beyninin digər dəqiqləşdirilmiş xəstəlikləri; süst paraplegiya; hərəkətin və yerişin pozulmaları; aşağı ətrafın mononevropatiyaları; bel (1-ci) fəqərəsinin sınığı; ancaq sol incik sümüyünün sınığı, onurğa sınığının nəticələri və sol aşıq-baldır oynağı nahiyəsində şişkinlik xəsarətləri almasına səbəb olmaqla, tikintidə işlərin aparılmasının təhlükəsizliyi qaydalarını pozmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 222.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin, şahidlərin və özünün qismən etirafedici ifadələri, məhkəmə-tibb və məhkəmə-təhlükəsizlik texnikası ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər istintaq sənədləri ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, hadisə baş verdikdən sonra dərhal zərərçəkmiş şəxsi “Stimul Hospital”-a apararaq onu əməliyyat elətdirdiyini, bütün xərcləri çəkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, ümumilikdə zərərçəkmiş şəxsə 17 mindən çox xərc çəkmiş, onun ən xırda əməliyyat xərclərini belə çəkdiyini bildirmişdir. Himayəsində 2 azyaşlı uşağının olması, digər 2 azyaşlı uşağına görə aliment ödəməsinin nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, onu işə Emin cəlb etmişdir. 2-ci mərtəbədə işin olacağını bilməmişdir. İşin həcmini nə iş görəcəklərini Emin və Yaşar birlikdə demişdir. Ona heç bir kömək edilməmişdir. Müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, bəli hadisə baş verən günü Emin onu əməliyyat etdirmiş, ona 1-2 dərman almışdır. Lakin, digər xərcləri çəkilməmişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, vermiş olduğu mülki iddiasının hazırki mərhələdə baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 330.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxs bu Məcəllənin 328-ci maddəsində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalar üzrə dindirilir, habelə onun ifadələrinin elan edilməsinə bu Məcəllənin 329-cu maddəsində(329.1. Şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir.) göstərilən qaydada yol verilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o bildirmişdir ki, o, Sumqayıt şəhərində anadan olub böyümüş, orta məktəbi bitirdikdən sonra 2018-2020-ci illərdə hərbi xidmətdə olmuş, təhsilini davam etdirməmiş, fəhləliklə məşğul olub özünü və ailəsini dolandırmışdır. Belə ki, o, atası, anası və bir bacısı ilə bir yerdə yaşayır. O, müxtəlif sahələrdə fəhləlik etmiş, təxminən 2024-cü ilin yanvar ayından tikinti sahəsində fəhləlik etmiş, onun uşaqlıq dostu Kənan Mehdiyev onu özü ilə müxtəlif yerlərə tikintilərə aparmışdır. xx.xx.2024-cü il tarixdə Kənan ona tanışı Təqsirləndirilən şəxs Sabunçu rayonu ərazisində yerləşən təzə tikilmiş yaşayış binasında mənzillərin birində təmir getdiyini, həmin mənzilə tikinti materialları daşınmalı olduğunu, eyni zamanda həmin mənzildə söküntü işləri aparılmalı olduğunu təklif etdiyini bildirmişdir. Emin hər iş günlərinə görə əmək haqqı olaraq 25 manat pul təklif etmiş, o da razılaşmışdır. İki gün həmin mənzildə razılaşdıqları işi görmüşlər. xx.xx.2024-cü il tarixdə Emin onu və Kənanı öz minik avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 2 saylı binanın yaxınlığında yerləşən ikimərtəbəli tikili olan yerə gətirmiş və həmin tikilinin üstündə və fasadının üst hissəsində olan alkapon, yəni alüminium kompozit panellər sökülməli olduğunu bildirmişdir. Onların üçü də həmin tikilinin damına qalxmış, Emin onlara hansı işi görmələrini bildirərək əlinə lom alıb göstərmış, Emin damdan aşağı düşmüş, o və Kənan təxminən 5-10 dəqiqə işləmiş, o, fasadın üst hissəsində quraşdırılmış aliminium kompozit panelin üstündə dayanmış, təxminən saat 12 radələrində birdən həmin aliminium kompozit panel qopmuş və o, tikilinin damından, təxminən 6-7 metr hündürlükdən yerə yıxılmışdır. O, ayaq üstə yerə düşdüyündən ayağında və belində bərk ağrılar hiss etmiş, təcili tibbi yardım çağırmış, həmin vaxt o, yerdə uzanıqlı vəziyyətdə olmuş, Emin və Kənan həmin vaxt orda olmuş, onlar və tikilinin sahibi Yaşar onu X9 gətirmişlər, həmin xəstəxanada onun belinin sındığını bildirmişlər. Emin ilə Yaşar bu sahədə tanış həkimləri olduğunu bildirmiş və onu “Stimul Hospital” xəstəxanasına gətirmişlər. O, 5 gün həmin xəstəxanada yatmış, əməliyyat olunmuş və sonra evə buraxılmışdır. İlkin vaxtı Emin onun müalicəsinə maddi yardım göstərsə də, sonradan yardım etməmişdir. Odur ki, o, Emin barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ifadəsində həmçinin bildirmişdir ki, həmin tikilinin damının sökülməsində o və Kənan olmuş, onlardan başqa heç kim olmamışdır. Onu həmin işə Təqsirləndirilən şəxs cəlb etmiş və hansı işi görməyini tapşırmışdır. Təqsirləndirilən şəxs faktiki olaraq tikinti üzrə iş icraçısı vəzifəsini və funksiyalarını yerinə yetirirdi. Aralarında heç bir sənədləşmə aparılmamış, həmin işə görə ona bir iş gününə görə 25 manat pul verilməli olmuşdur. İşə başlayarkən ona heç kim heç bir təlimat, o cümlədən texniki təhlükəsizlik qaydalarına dair təlimat keçməmişdir. Ona fərdi geyim və mühafizə vasitələri, yəni dəbilqə, təhlükəsizlik kəməri və sair verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Gədəbəy rayonu, Dəyəqarabulaq kəndində anadan olub böyümüş, orta məktəbi bitirdikdən sonra hərbi xidmətdə olmamış, təhsilini davam etdirməmiş, fərdi əməklə məşğul olub özünü və ailəsini dolandırmışdır. O, müxtəlif sahələrdə çalışmışdır, təxminən 2024-cü ilin iyun ayından jalüz-pərdə quraşdırılması ilə məşğuldur. O, jalüz-pərdə quraşdırmaq üçün müxtəlif yerlərə getmişdir. Zərərçəkmiş şəxs ilə qonşu olduqlarından təxminən 15 il olar ki, dostluq münasibətləri yaranmışdır. İsa da fəhləliklə məşğul olduğundan həmin tikinti işlərinə İsanı da özü ilə birgə aparmışdır. O, Təqsirləndirilən şəxs tikinti sahəsində iş icraçısı kimi tanımışdır. Təqsirləndirilən şəxs tikinti sahələrində iş olduqda ona işləməyi təklif etmiş, o da günə-muzd işləmişdir. Eminin təklifi ilə Sabunçu rayonu ərazisində yerləşən mənzildə işləmişdir. Emin həmin mənzilə tikinti materialı daşımağa, söküntü işlərini aparmağa kömək edə biləcək işçi tanıyıb-tanımadığımı soruşmuş, o da İsaya gəlib həmin mənzildə işləməyi təklif etmişdir. Emin hər iş gününə görə əmək haqqı olaraq hər birinə 25 manat pul vemişdir. xx.xx.2024-cü il tarixdə o, İsa ilə birlikdə tiktinti sahəsinə gəlmişdir. İki gün həmin mənzildə razılaşdıqları işi görmüş, xx.xx.2024-cü il tarixdə Emin onu və İsanı minik atomobili ilə Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 2 saylı binanın yaxınlığında yerləşən ikimərtəbəli qeyri-yaşayış binasına gətirmiş və həmin tikilinin üstündə və fasadının üst hissəsində olan alkaponlar, yəni alüminium kompozit panellərin sökülməli olduğunu bildirmişdir. Onların üçü də həmin tikilinin damına qalxmış, Emin əlinə lom və qanırğı alaraq alkaponların necə söküldüyünü onlara göstərmiş və onların da həmin qaydada sökməli olduqlarını bildirmişdir. Daha sonra Emin damdan aşağı düşmüş, o və İsa Eminin göstərdiyi qaydada alkaponu sökməyə başlamış və təxminən 5-10 dəqiqə işləmişlər. Saat 12 radələrində İsa tikilinin lap kənarında olan alkaponın üzərinə çıxmış, alkaponın altı boşluq olduğundan həmin alkapon qırılmış və İsa tikilinin damından yerə yıxılmışdır. O, həmin vaxt dərhal aşağı düşmüş, Emin də həmin vaxt orada olmuşdur. O, Emin və tikilinin sahibi Yaşar adlı şəxs İsaya yardım göstərməyə başlamış və təcili tibbi yardım çağırmışlar. Təcili yardımla İsanı X9 gətirmişlər. Yaşar və Emin də şəxsi avtomobilləri ilə xəstəxanaya gəlmişlər. X22 Mərkəzində müayinə edilikdən sonra onu əməliyyat üçün “Stimul Hospital” xəstəxanasına gətirmişlər. İsa əməliyyat olunduqdan sonra 5 gün həmin xəstəxanada yatmışdır. Şahid2 ifadəsində həmçinin bildirmişdir ki, həmin tikilinin damının sökülməsində yalnız o və İsa iştirak etmişlər, digər hər-hansı işçi iştirak etməmişdir. Onu həmin işə Təqsirləndirilən şəxs cəlb etmiş və hansı işi görməyini tapşırmışdır. Təqsirləndirilən şəxs faktiki olaraq tikinti üzrə iş icraçısı vəzifəsini və funksiyalarını yerinə yetirmişdir. Emin daha sonra kömək etmək üçün əlavə bir nəfərə də ehtiyac olduğunu bildirmiş, o da İsaya təklif etmişdir. Eminlə aralarında heç bir sənədləşmə aparılmamışdır. Həmin işə görə onlara bir iş gününə görə həmişəki kimi 25 manat pul verilməli olmuşdur. İşə başlayarkən ona heç kim heç bir təlimat, o cümlədən texniki təhlükəsizlik qaydalarına dair təlimat keçməmişdir. Ona fərdi geyim və mühafizə vasitələri, yəni dəbilqə, təhlükəsizlik kəməri və sair verilməmişdir. Şahid suallara cavab olaraq bildirmişdir ki, onları işin görülməsinə Emin cəlb etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, 1988-ci ildə məcburi köçkün kimi ailəsi ilə birlikdə Şəmkir rayonuna, daha sonra isə Bakı şəhərinə köçmüşdür. Orta məktəbi və hərbi xidməti başa vurduqdan sonra 2004-cü ildə İqdisadiyyat Universitetini bitirmiş, Respublika Neyrocərrahiyyə Xəstəxanasında iqtisadiyyat məsələləri üzrə müavin işləmişdir. 2013-cü ildən işləmir, fərdi sahibkarlıqla məşğul olur. Belə ki, şəxsi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 2 saylı binanın yaxınlığında yerləşən ikimərtəbəli qeyri-yaşayış binasını, yeni ünvanla ünvan 3olanır. Həmin tikilinin bir hissəsi dönərxana kimi fəaliyyət göstərir, bir hissəsi isə avtomobillərə xidmət üçün nəzərdə tutulmuş, amma hal-hazırda işləmir. Təqsirləndirilən şəxs tikinti sahəsində mütəxəsiss kimi 2012-ci ildən tanıyır. Xətai Rayon İcra Hakimiyyətindən göstəriş verilmişdir ki, qeyd etdiyi ona məxsus tikintinin fasadının üst hissəsində çıxıntılı şəkildə olan alkaponlar, yəni alüminium kompozit panellər sökülməlidir. Bununla əlaqədar o, Emindən gəlib həmin yerə baxaraq həmin işin aparılması üçün nə qədər vaxt və pul xərci tələb olunduğunu bildirməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə Emin yanında iki nəfər cavan oğlanla gəlmişdir. O, sonradan onların adlarının İsa və Kənan olduğunu öyrənmişdir. O, Emindən görüləcək işlərəin həcmini və dəyərini ona deməsini xahiş etmişdir. Emin görüləcək işlərin həcmini hesablamaq üçün yanında olan iki nəfər şəxslə dama çıxmış, elə həmin an İsa tikilinin damından yerə yıxılmış o, tez təcili tibbi yardım çağırmıvə X17 Mərkəzinə gətirmiş, İsaya ciddi əməliyyat lazım olduğundan sonuncunu tanışı Bəhmən həkimin işlədiyi “Stimul Hospital” xəstəxanasına gətirmişlər, orada İsa əməliyyat olunmuş, həmin əməliyyatların xərcini Emin ödəmişdir. Şahid1 ifadəsində həmçinin bildirmişdir ki, o, Emini gəlib sökülməli olan işlərin həcmini və dəyərini ölçüb ona deməsi üçün dəvət etmişdir. İsadan tikilinin damında iş görməsini xahiş etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs tikinti obyektinin sökülməsi işlərini icra edərkən yıxılaraq sağlamlığına ağır zərərvurmaya aid xəsarətlər alması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə cinayət işinin başlanması qərara alınmışdır (i.v.01); xx.xx.2024-cü il tarixli götürmə aparılması haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs adına açılmış xəstəlik tarixi “Stimul Hospital” klinikasından götürülmüşdür. “Stimul Hospital” klinikasından təqdim edilmiş sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həmin xəstəxanada müalicədə olmuşdur.(i.v 10-22) Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3, Mülkiyyət Hüquqlarının qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsindən verilmiş 487 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, hadisə yeri Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 2 saylı binanın yaxınlığında yerləşən, səhəsi 28 kv.m olan, Şahid1 məxsus qeyri-yaşayış binasıdır. (İ.v. 32-33) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekpertiza və X5 24 sentyabr 2024-cü il tarixli, 1019 nömrəli rəyində göstərilmişdir ki: 1. Vət. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər müştərək travma; qapalı, qəlpəli, fəqərə sütunun travması; L1 (1-ci bel) fəqərəsinin kompression fəsadlaşmış sınığı; sol aşıq-baldır oynağında hər iki topuğun qapalı, yerdəyişmiş Travması; cərrahi əməliyyatdan sonrakı vəziyyət; aşağı ətraflarda paraplegiya, çanaq funksiyalarının pozulması. Onurğa beyninin digər dəqiqləşdirilmiş xəstəlikləri; süst paraplegiya; hərəkətin və yerişin pozulmaları; aşağı ətrafın mononevropatiyaları; bel (1-ci) fəqərəsinin sınığı; ancaq sol incik sümüyünün sınığı, onurğa sınığının nəticələri və sol aşıq-baldır oynağı nahiyəsində şişkinlik bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənədlərin kserosurətində qeyd olunan xx.xx.2024-cü il tarixdə və şəraitdə hündürlükdən yəni, ikimərtəbəli tikilinin damından yıxılması nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. 2. Vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin eyni silah, eyni əşya və ya eyni predmetlə yetirilməyə xarakterik olub - olmamasının təyini istintaq yolu ilə daha dəqiq müəyyən edilə bilər. 3. Özünü müdafiə və qarşılıqlı mübarizə məhfumları hüquqi məhfumlar olub, məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyildir. 4. Vət. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlərin sayına, (xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyildir.”(İ.v. 36-40) 10 oktyabr 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs işitirakı ilə hadisə yerinə baxış keçirilmiş və Zərərçəkmiş şəxs baxış zamanı bildirmişdir ki, Emin onu və Kənanı öz minik maşını ilə həmin ikimərtəbəli tikili olan yerə gətirərək həmin tikilinin üstündə və fasadının üst hissəsində olan alkaponın sökülməyini demiş, onlar üçü həmin tikilinin damına qalxmış, Emin onlara hansı işi görəcəklərini bildirərək əlinə lom alıb göstərmiş, Emin damdan aşağı düşmüş, o və Kənan təxminən 5-10 dəqiqə işləmiş, o, fasadın üst hissəsində quraşdırılmış alkaponın üstündə durmuş, birdən həmin alkapon qopmuş və o, tikilinin damından, təxminən 6-7 metr hündürlükdən yerə yıxılmışdır. O, ayaq üstə yerə düşdüyümdən ayağında və belində bərk ağrılar hiss etmişdir. Hadisə ərəfəsində iş sahəsinin, yəni damda ətraf məhəccərlə bağlanmamış, açıq vəziyyətdə olmuşdur. Həmçinin o, işə buraxılarkən fərdi mühafizə vasitələri, o cümlədən qoruyucu kəmərlə təmin edilməmişdir.(i.v 41-44) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2024-cü il tarixli, 10/8622 nömrəli rəyində göstərilmişdir ki: Bakı şəhəri, Xətai rayonu, Nargilə dairəsinin yaxınlığında yerləşən ikimərtəbəli tikilinin damında aparılan tikinti işlərinə müvafiq qaydalara uyğun şəkildə əmək müqaviləsi bağlanılmamış, təhlükəsizlik texnikası və peşə hazırlığı üzrə təlim və təlimatlandırmalar keçirilməmiş, bilik səviyyələri yoxlanılmamış işçilər cəlb edilərək sərbəst işə buraxıldıqlarına və hündürlükdə aparılan işlərin təhlükəsiz üsullarla yerinə yetirilməsi üçün zəruri texniki təhlükəsizlik tədbirləri görülmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar İİİ-4-80* «Tikintidə təhlükəsizlik texnikası» Tikinti Norma və Qaydalarının 1.10, 1.11, 1.19, 1.20, 2.26 və 15.1 bəndlərinin tələbləri pozulmuşdur. Bakı şəhəri, Xətai rayonu, Nargilə dairəsinin yaxınlığında yerləşən ikimərtəbəli tikilinin damında aparılan tikinti işlərinə müvafiq qaydalara uyğun şəkildə əmək müqaviləsi bağlanılmamış, təhlükəsizlik texnikası və peşə hazırlığı üzrə təlim və təlimatlandırmalar keçirilməmiş, bilik səviyyələri yoxlanılmamış işçilər cəlb edilərək sərbəst işə buraxıldıqlarına və hündürlükdə aparılan işlərin təhlükəsiz üsullarla yerinə yetirilməsi üçün zəruri texniki təhlükəsizlik tədbirləri (iş sahəsinin kənarlarının qoruyucu məhəccərlə bağlanması və ya İşçilərin qoruyucu kəmərdən istifadə etmələri) təmin olunmadığına görə İİİ-4-80* «Tikintidə təhlükəsizlik texnikası» Tikinti Norma və Qaydalarının 1.10, 1.11, 1.19, 1.20, 2.26 və 15.1 bəndlərinin tələbləri həmin işlərə rəhbərlik etmiş və təhlükəsizlik texnikasına cavabdeh olmuş şəxs tərəfindən pozulmuşdur ki, bu da baş vermiş hadisənin bilavasitə təşkilati və texniki səbəbi olmuşdur. Yer səthindən 7 metr hündürlükdə (ikimərtəbələ tikilinin damında) yerləşən iş meydançasında işlərin təhlükəsiz şəraitdə və təhlükəsiz usullarla aparılmasının təmin edilmədiyini nəzərə aldıqda, zərərçəkmiş Zərərçəkmiş şəxs özü tərəfindən təhlükəsizlik texnikası qaydalarının tələblərinin pozulması muəyyən edilmir.(İ.v.49-52) (ekspertiza xərci 102 manat) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı inizbati xəta haqqında protokolun və xx.xx.2024-cü il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək fiziki şəxs Təqsirləndirilən şəxs tərəfindən AR Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fəhlə vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və onun barəsində 1000 (min) manat miqdarında inzibati cərimə tənbehi tətbiq edilmişdir. (İ.v. 54-58) xx.xx.2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v 61-62) xx.xx.2025-ci il tarixli X2 X1 görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir məlumat müəyyən edilməmişdir.(i.v 81) Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvvəlüdlü X15, xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X13 adlı övladları vardır.(i. 83-88) Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6075/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs və X6 arasında Füzuli rayon Qeydiyyat şöbəsində xx.xx.2009-cu il tarixdə bağlanmış və 24 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X12 ataları Təqsirləndirilən şəxs yanında, xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X13 anaları X4 yanında qalmaları, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment X4 xeyrinə tutulması qət edilmişdir.(i.v 89-94) xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.2-ci maddəsi ilə ittiham elan edilməsinə dair qərar qəbul edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 162-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olması müəyyən edilmədiyindən onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXMin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılsın və baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə göndərilməsi, Şahid1 barəsində Azərbaycan Respublikası CMnin 222.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, iş üzrə təyin edilərək keçirilməsi təmin edilmiş ekspertizaların nəticələrinə dair verilmiş rəylər, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, hadisə yerinə baxış protokolu, həmçinin cinayət işi materiallarında olan digər sənədlər cinayət işi üzrə sübut növü kimi tanınması, qərarın təsviri hissəsində qeyd edilən ifadələr, ekspert rəyləri və cinayət işinin digər istintaq materialları cinayət işi üzrə sübut növü kimi qəbul olunması qərara alınmışdır (i.v 100-111) 19 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və oan həmin maddə ilə ittiham elan edilmişdir.(i.v 118-119) Medalların surətindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X14 “Cəsur döyüşçü medalı, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş Şahid1 əməlində cinayət tərkibinin olması və bu barədə prokurorluğa məlumat göndərilməsi barədə vəsatətini əsassız hesab edir və hesab edir ki, qeyd edilən xüsusat xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla rədd edilmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər və təqsirləndirilən şəxsin ifadələri ilə də Şahid1 əməlində cinayət tərkibinin olmaması öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs tərəfindən ifadəsində təqsirləndirilən şəxs tərəfindən ona heç bir yardım göstərməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, qeyd edilən xüsusat zərərçəkmiş şəxsin özünün sonrakı ifadəsi, habelə cinayət işi materialları ilə təkzib edilmiş və hadisə baş verdikdən sonra Təqsirləndirilən şəxs tərəfindən dərhal zərərçəkmiş şəxsə müvafiq yardım göstərilməklə onun sağlamlığına dəyən zərərin azaldılmasına yönəldilən hərəkətlər edilmişdir. Göstərilənlərə əsasən zərərçəkmiş şəxsin bilə-bilə yalan ifadə verməsi ilə bağlı prokurorluğa məlumat göndərilməsi məqsədə müvafiq hesab edilmir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 222.2-ci maddəsinə əsasən tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda -üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olubolmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı uşağının olması(59.1.4), cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması(59.1.11), 2 azyaşlı uşağına görə aliment verməsini(CM 59.2) nəzərə alır və təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirilir. Məhkəmə, hesab edir ki, CM-nin 61-ci maddəsinə əsasən iş üzrə təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq tikinti sahəsində rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan, eyni zamanda tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsi hesabına keçirilməlidir (CPM-198.1.) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia özü tərəfindən könüllü olaraq geri götürlüdüyündən hazırki mərhələdə baxılmamış saxlanılmalıdır. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin 01 (bir) il müddətə tikinti sahəsində rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan, eyni zamanda tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 102 (yüz iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsi hesabına keçirilsin. 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilsin. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia özü tərəfindən könüllü olaraq geri götürüldüyündən hazırki mərhələdə baxılmamış saxlanılsın. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-158/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-158/2025
13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver