Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-159/2022 07.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,729 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib, üzərində saxlayıb daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 28 yanvar 2022-ci il tarixdə saat 15:00 dəqiqədə ünvan 2 ünvanın yaxınlığında saxlanılıb ünvan 3in 36-cı PBnin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarının sol cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,729 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, lakin fəhləlik edib pul qazanır. Bakı şəhərində daimi yaşayış yeri yoxdur, gecələri tanıdığı şəxslərin evində gecələyir və Bakı şəhərinə işləmək üçün gəlib. Uzun müddətdir ki, narkotik vasitə aludəçisidir, Bakı şəhərinin müxtəlif yerlərində tanımadığı şəxslərdən narkotik vasitənin “kakos” kimi tanıdığı növündən alır və inyeksiya yolu ilə qəbul edir. Narkotik vasitəni bədənində ağrılar olduğu üçün istifadə edir. 28 yanvar 2021-ci il tarixdə səhər saatlarında Bakı Metropoliteninin “Nizami” stansiyası yaxınlığında olmuş, metronun yanında olan zaman tanımadığı bir nəfər şəxs ilə rastlaşmışdır. Söhbət zamanı həmin şəxsdə narkotik vasitə olmasını öyrənmişdir. Bundan sonra həmin şəxsdən narkotik vasitə istəmiş, o da narkotik vasitə satmaq üçün 20 manat pul istəmişdir. Həmin şəxsə 20 manat pul vermiş və bir ədəd büküm almışdır. Bükümün içərisində “kakos” olmuşdur. Narkotik vasitəni cibinə qoymuşdur. “Əhmədli” qəsəbəsində narkotik vasitənin bir qismini istifadə etmiş, qalan qismini isə yenidən cibinə qoymuş və M.Hadi küçəsinə gəlmişdir. Saat 15 radələrində M.Hadi küçəsi 80 saylı ünvanın qarşısında dayandığı zaman iki nəfər mülki geyimli şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərərək Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları olmalarını bildirmişlər. Polis əməkdaşlarına özünü təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağı bildirilmiş və Xətai RPİ-nin 36-cı PB-nə dəvət edilmişdir. O razılaşaraq polis bölməsinə getmişdir. Polis Bölməsində vəkil dəvət edilmiş, hüquq və vəzifələri ona izah edilmişdir. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan şalvarın sol cibindən içərisində narkotik vasitə olan bir ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verildikdə bildirmişdir ki, həmin maddə narkotik vasitə “kakos”dur, narkotik vasitəni 28 yanvar 2022-ci il tarixdə səhər saatlarında 20 manata “Nizami” metrostansiyasının yaxınlığında almış və üzərində saxlayıb gəzdirmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə elektron tərəzi ilə çəkilmiş və çəkisi 0.84 qram müəyyən olunmuşdur. Sonra üzərində axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş və axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Həmçinin o qeyd etmişdir ki, əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Oqtay oğlu ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı rütbəsindədir. 28.01.2022-ci il tarixdə işlədiyi polis bölməsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə bölmə rəisinə raportla məruzə etmişdir. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar bölmə rəisi tərəfindən təsdiq olunmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Xətai rayon prokurorluğuna və Xətai Rayon Məhkəməsinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə bölmənin sahə inspektoru, polis baş leytenantı Şahid2 təyin olunmuşdur. Həmin gün Şahid2 ilə məlumata əsasən ünvan 5 ünvanın qarşısına gəlmişlər. Saat 15:00 radələrində həmin ünvanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Həmin şəxsə xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də Təqsirləndirilən şəxs olmasını demişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını izah etdikdən sonra sonuncunu Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişlər, o da etiraz etməmişdir. Bundan sonra onlar birlikdə polis bölməsinə gəlmişlər. Bölmədə vəkilin iştirakı ilə videoçəkiliş etməklə şəxsin üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarışda vəkil və bölmənin sahə inspektoru Şahid2 iştirak etmişlər. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilmiş, sonuncu da əynində olan boz rəngli cins şalvarın sol cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş, Təqsirləndirilən şəxs həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o da demişdir ki, həmin maddə narkotik vasitə “kakos”dur, həmin maddəni 28 yanvar 2022-ci il tarixdə səhər saatlarında Bakı Metropolitenin ‘‘Nizami” stansiyası yaxınlığında tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün əldə etmişdir. Həmin bükümə baxış keçirilmiş və içərisində qəhvəyi rəngli maddə olması aşkar edilmişdir. Həmin büküm elektron tərəzi ilə çəkilmiş və çəkisi 0.84 qram müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin başqa heç bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş maddə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzərində qeydlər aparılmış, möhürlənmiş və şəxsi axtarış zamanı iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid Həsənov X1 Turan Oqtay oğlunun ifadəsi ilə oxşar məzmunda ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata götürülməsi haqqında 29 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 28 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00 radələrində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 22); şəxsi axtarış və götürmə aparılması haqqında 28 yanvar 2022-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol cibindən bir ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli, toz şəkilli heroinə oxşar maddəni çıxarıb təqdim etmişdir. O, Bakı şəhərində daimi yaşayış yerinin olmadığını, gecələri tanıdığı şəxslərin evində gecələdiyini və Bakı şəhərinə işləmək üçün gəldiyini, 6 il olar ki, narkotik vasitə aludəçisi olduğunu, həmin narkotik vasitəni 28.01.2022-ci il tarixdə səhər vaxtı 20 manata tanımadığı şəxsdən şəxsi istifadəsi üçün Nizami metrosunun yanında əldə edərək üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin “zərflər üçün” 151 nömrəli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. İstintaq hərəkəti zamanı bir ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli, toz şəkilli heroinə oxşar maddənin 0.84 qram olduğu müəyyən edilmişdir (i.v. 32-34); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 yanvar 2022-ci il tarixli, 6/575 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,729 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (i.v. 42-45); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 29 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (i.v. 54-55); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29.01.2022-ci il tarixli 4(011)-51/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 28.01.2022-ci il tarixdən hesablanmışdır (i.v. 72-75); diskə baxış keçirilməsi haqqında 29.01.2022-ci il tarixli protokoldan görünür ki, bir ədəd “DVD” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 28 yanvar 2022-ci il tarixli protokola uyğun olmuşdur (i.v. 79-80); Azərbaycan Respublikası BƏSİİ-dən alınmış 16.02.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 05.11.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin 10.04.2014-cü il tarixli qərarına əsasən 07 ay 19 gün vaxtından əvvəl şərti azad olunmuş, 29.11.2014-cü ildə cəza müddəti başa çatmışdır (i.v. 89-90); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 şəxsinin 09.02.2022-ci il tarixli 609 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 100-101); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 23.02.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, Azərbaycan Respublikası ƏN-nin MEM-nin 29.01.2022-ci il tarixli 6/575 saylı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin 09.02.2022-ci il tarixli 609 saylı rəyləri, şəxsi axtarış və götürmə, diskə baxış protokolları sübut növü kimi qiymətləndirilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.679 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, 01 ədəd DVD disk sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (i.v. 107-115). Məhkəmə istintaqı zamanı 1 ədəd “DVD” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol cibindən bir ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli, toz şəkilli heroinə oxşar maddəni çıxarıb təqdim edir. O, Bakı şəhərində daimi yaşayış yerinin olmadığını, gecələri tanıdığı şəxslərin evində gecələdiyini və Bakı şəhərinə işləmək üçün gəldiyini, 6 il olar ki, narkotik vasitə aludəçisi olduğunu, həmin narkotik vasitəni 28.01.2022ci il tarixdə səhər vaxtı 20 manata tanımadığı şəxsdən şəxsi istifadəsi üçün Nizami metrosunun yanında əldə edərək üzərində saxlayıb gəzdirdiyini bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,729 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05.11.2013-cü il tarixli hökmü üzrə olan məhkumluğu Azərbaycan Respublikası CM-nin 83.3.3 və 83.4-cü maddələrinə əsasən ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur, CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, narkotik vasitənin miqdarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ilkin təmiz çəkisi 0.729 qram tədqiqatdan sonra qalıq qalmış 0.679 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı (CPM-132), 81 (səksən bir) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 28 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş 0.729 qram çəkidə olan tədqiqatdan sonra qalıq qalmış 0.679 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “DVD” diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-159/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-159/2022
07.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver