Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-161/2023 16.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1980-ci ildə Gürcüstan Respublikasının, Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq bır ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə - heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımış, 12 oktyabr 2022-ci il tarixdə saat 14:00 dəqiqədə Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanında saxlanılaraq ünvan 4 Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə gətirilmiş, polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxs axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı “Rothmans” markalı siqaret qutusunun içərisində olan bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,218 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, arabir üzdən tanıdığı şəxslərdən heroin alıb, istifadə etmişdir. 12 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində Aşıq Qurban küçəsi 25 ünvanının yaxınlığında olarkən əvvəllər ona bir dəfə narkotik vasitə satmış şəxsi görmüşdür. Həmin şəxsi «Əli» kimi tanımışdır. Bu dəfə də həmin şəxsə yaxınlaşmış həmin şəxsdən narkotik istəmiş və həmin şəxsə 10 manat pulunun olduğunu bildirmişdir. Həmin şəxs üzərində «mal» olduğunu və həmin şəxsin ardınca gəlməyini demiş, onlar təxminən 100 metr aralıda yerləşən köhnə bir tikilinin yanına gəlmişlər və tikilinin arxasında o, həmin şəxsə 10 manat pul vermiş, həmin şəxsdən heroin almış, aldığı bükümü çəkdiyi «Rothmans» markalı siqaret qutusunun içərisinə qoymuş, siqaret qutusunu isə əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur ki, sonra istifadə etsin. Təxminən 1 saatdan sonra ünvan 6 ünvanının qarşısında olan zaman iki polis əməkdaşı ona yaxınlaşmışlar, özlərini təqdim etmişlər və onun şəxsiyyəti ilə maraqlanmışlar. O, özünü polis əməkdaşlarına təqdim etmiş, sonra polis əməkdaşları ona Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Xətai RPİ-nin 37ci PŞ-nə gətirmişlər. Polis şöbəsində hüquq və vəzifələri izah edildikdən sonra ona vəkil təqdim edilmiş və üzərində şəxsi axtarışın keçiriləcəyi bildirilmişdir. O, əynində olan şalvarın cibində saxladığı «Rothmans» markalı siqaret qutusunu, qutunun içindən isə heroin olan bükümü çıxarmış, siqaret qutusu ilə birlikdə masanın üzərinə qoymuşdur. Daha sonra təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş, qablaşdırmış və iştirakçılar tərəfindən imzalanmışdır. Üzərində şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 12 oktyabr 2022-ci il Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, iş yoldaşı Şahid1 həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis şöbəsinin rəisinə raportla məruzə etmiş, rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar şöbə rəisi tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Xətai rayon prokuroruna və Xətai Rayon Məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri iş yoldaşı Şahid1, üzvü isə özü təyin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmış, həmin gün o, Şahid2 ilə birlikdə məlumata əsasən Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsinə getmiş, saat təxminən 14:00 dəqiqədə A.Qurban küçəsində bir nəfər şəxsin özünü şübhəli apardığını müşahidə etmiş, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərərək həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər, həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər. Təqsirləndirilən şəxs Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər, Təqsirləndirilən şəxs onlarla razılaşmışdır. Bundan sonra polis şöbəsinə vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və videoçəkiliş etməklə üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd "Rothmans" markalı siqaret qutusunu çıxarıb, həmin qutunun içərisində 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş, içərisində deməsinə görə heroin olan bükümü, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 10 manat pulu və 1 ədəd üzüyü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin hər hansı əşya aşkar edilməmişdir. Təqdim etdiyi bükümdə nə olduğu Təqsirləndirilən şəxs sual verildikdə cavabında narkotik vasitə olan heroin olduğunu demişdir. Narkotik vasitə elektron tərəzi ilə çəkilən zaman bükülmüş heroinin sellofanla birlikdə çəkisinin 0.59 qram çəkidə olması müəyyən edilmişdir. Daha sonra həmin büküm zəfləşdirilmiş, möhürlənmişdir. Bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. 12 oktyabr 2022-ci il tarixdə xx.xx.1980-ci ildə Gürcüstan Respublikasında anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 7 ünvanında qeydiyyatda olmaqla, ünvan 8an Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən Polis Şöbəsinə məlumat daxil olmuş, o, həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis şöbəsinin rəisinə raportla məruzə etmiş, rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar şöbə rəisi tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Xətai rayon prokuroruna və Xətai Rayon Məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə bölmənin sahə inspektoru, polis baş leytenantı Şahid2 təyin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmış, həmin gün o, Şahid2 ilə birlikdə məlumata əsasən Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsinə getmiş, saat təxminən 14:00 dəqiqədə A.Qurban küçəsində bir nəfər şəxsin özünü şübhəli apardığını müşahidə etmiş, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərərək həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər, həmin şəxs də adının Xamraz, soyadının isə Ömərov olmasını bildirmiş, onlar isə sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər. Təqsirləndirilən şəxs Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər, Təqsirləndirilən şəxs da heç bir etiraz etməyib onlarla razılaşmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər. Şöbədə Təqsirləndirilən şəxs şəxsiyyəti dəqiqləşdirildikdən sonra bu barədə raport yazıb bölmə rəisinə məruzə etmiş, bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis şöbəsinə vəkil dəvət edilmiş, bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. 37-ci Polis Şöbəsində hüquq və vəzifələri izah edilmiş, dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üstünə baxış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuş, əks təqdirdə üzərinə baxış keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd "Rothmans" markalı siqaret qutusunu çıxarıb, həmin qutunun içərisində 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş, içərisində deməsinə görə heroin olan bükümü, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 10 manat pulu və 1 ədəd üzüyü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin hər hansı əşya aşkar edilməmişdir. Təqdim etdiyi bükümdə nə olduğu Təqsirləndirilən şəxs sual verildikdə cavabında narkotik vasitə olan heroin olduğunu demişdir. Narkotik vasitə elektron tərəzi ilə çəkilən zaman 1 ədəd şəffaf rəngli sellofana bükülmüş heroinin sellofanla birlikdə çəkisinin 0.59 qram çəkidə olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmiş və həmin protokola tanış olaraq iştirakçılarla birgə imza etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 13 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 12 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:00 radələrində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 25); şəxsi axtarış və götürmə aparılması haqqında 12 oktyabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmiş, bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd "Rothmans" markalı siqaretin içərisindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Həmin şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddəni təqdim etmişdir. Sol yan cibindən 10 manat pulu və 1 ədəd gümüşü üzüyü təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin 1 ədəd şəffaf sellofana bükülmüş maddənin nə olması, nə vaxt və haradan alması soruşulduqda, sonuncu həmin bükümdəki kütlənin narkotik vasitə heroin olduğunu, həmin maddəni ünvan 9 ünvanının yaxınlığında “Əli” adlı şəxsdən 10 manata alıb saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə elektron tərəzidə çəkildikdən sonra 0.59 qram çəkidə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 153 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür (i.v. 35-36); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/5916 nömrəli 13 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №153” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)...” sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi - 0,218 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (i.v. 43-47); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 14 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 55-56); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 14 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Xətai RPİ-nin MSY-dən azad olunmuşdur (i.v. 69-70); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 14 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 71-72); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından 10% miqdarında tutulma aparılmaqla 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir (i.v. 84-85); bir ədəd “DVD-R” diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında 05 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 12 oktyabr 2022-ci il tarixli protokola uyğun olmuşdur (i.v. 90); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsinin xx.xx.2022-ci il tarixli 6223 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən və opioidlərdən istifdə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (i.v. 93-94); sübutların qiymətləndirilməsi haqqında 19 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış, məhkəmə-kimyəvi ekspertizasının 6/5916 nömrəli xx.xx.2022-ci il tarixli rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6223 saylı rəyi sübut növü kimi qiymətləndirilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.168 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 101-107); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 21-1/3-1826/7 saylı sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə aylıq qazancından 10% dövlət nəfinə tutulmaqla 06 ay müddətinə islah işləri cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan “Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2009-cu il tarixli qərarı ilə azad olunmuşdur. Məhkəmə iclasında bir ədəd “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd "Rothmans" markalı siqaretin içərisindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü və həmin şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddəni təqdim edir, sol yan cibindən 10 manat pulu və 1 ədəd gümüşü üzüyü çıxardır. Təqsirləndirilən şəxs həmin 1 ədəd şəffaf sellofana bükülmüş maddənin nə olması, nə vaxt və haradan alması soruşulduqda, sonuncu həmin bükümdəki kütlənin narkotik vasitə heroin olduğunu, həmin maddəni ünvan 9 ünvanının yaxınlığında “Əli” adlı şəxsdən 10 manata alıb saxladığını bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0.218 qram olan narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.3 və 18.4.4-cü maddələrinə müvafiq olaraq cinayətin residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 12 oktyabr 2022-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.218 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.168 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılmalı (CPM-132), 55 (əlli beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 oktyabr 2022-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.218 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.168 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-161/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-161/2023
16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver