Məhkəmə qərarları › İş №1(011)-161/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-161/2025

05.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-161/2025 05.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və müdafiəçisi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1970-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi ev 509-da qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki o, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edərək məhkəmədə mülki iddia əsasında başlanmış iş üzrə Zərərçəkmiş şəxs1 xeyrinə qərar qəbul edilməsində köməklik göstərəcəyini barədə yalan vəd verərək bu məqsədlə 2022-ci ilin fevral ayında ünvan 1 ünvanında «X4» kafesində 5.000 manat pul vəsaitini alıb ələ keçirdikdən sonra 1.000 manat qaytarmaqla zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 4.000 (dörd min) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 bacısına xəstəliyi ilə əlaqədar verilən dayandırılmış təqaüdün bərpa olunmasında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq bu məqsədlə 16 sentyabr 2022-ci il tarixdə ünvan 2 ünvanında metronun Əhmədli stansiyasının çıxışında Zərərçəkmiş şəxs2 2.000 manat və 26 sentyabr 2022-ci il tarixdə həmin ünvanda 2.500 manat, cəmi 4500 manat pul vəsaitini alıb vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 4.500(dörd min beş yüz) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, Zərərçəkmiş şəxs1 vurulmuş zərəri tam olaraq ödədiyini, digər zərərçəkmiş şəxsə isə vurulmuş zərəri ödəyə bilmədiyini bildirərək cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar olaraq işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Zərərçəkmiş şəxs1 vurumuş zərərin tam olaraq ödənilməsi barədə müvafiq notarial ərizənin məhkəməyə təqdim edilməsini, təqsirləndirilən şəxs tərəfindən törətmiş olduğu əməlləri səmimi olaraq etiraf etməsini, ona verilmiş ittihamda özünü tam təqsirli bilməsini, habelə cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsini, nəzərə alaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı olmadan məhkəmə istintaqının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və aidiyyəti üzrə göndərilməsi haqqında Bakı şəhəri Yasamal rayon prokuroru tərəfindən qəbul edilmiş 06 aprel 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında Yasamal RPİ-nin İş-də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır (i.v.1); Zərərçəkmiş şəxs1 tərəfindən Yasamal RPİ-ə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, 2022-cü ilin fevral ayında ortaq tanışı Məhəmmədin vasitəsi ilə tanış olduğu Qalib adlı şəxs Ali Məhkəmədə olan iş ilə bağlı köməklik edəcəyini vəd verərək ondan Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən "Kabab" kafesində 5.000 manat pul alaraq verdiyi vədə əməl etməyib ona qarşı dələduzluq etmişdir, qanuni tədbir görülməsini xahiş etmişdir ( i.v 6) 08 aprel 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınmaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 Bəhşir oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v 21- 22) 22 aprel 2024-cü il tarixli cinayət işinin icraatının dayandırılması haqqında qərardan görünür ki, ********* saylı cinayət işinin icraatı dayandırılmışdır (i.v 36) 19 may 2024-cü il tarixli cinayət təqibi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir (.v 41) 20 may 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ittiham elan edilmişdir (i.v 58) 25 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır (i.v 72) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Məmişov X2 rayon məhkəməsinin xx.xx.20212-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1,178.2.2,178.2.4,70-ci maddələri ilə təqsirli bilinib 03 il 05 ay 21 gün azadlıqdan məhrum etmə 02 il şərti sınaq müddəti cəzasına məhkum olunmuşdur (i.v 74-76) 01 may 2024-cü il tarixli cinayət işinin başlanılmasını rədd edilməsinə dair qərarın ləğv olunaraq cinayət işinin başlanıb aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında 34-cü PŞ-də toplanmış 1924/23 nömrəli material üzrə xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilmiş və fakta görə AR CM-nin 178.1-ci maddəsi ilə 24011697 nömrəli cinayət işinin başlanması qərara alınmışdır (i.v 80-81) 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir (i.v 83-84) 04 sentyabr 2024-cü il tarixli cinayət işini icraata qəbul edilməsi, birləşdirilməsi və əməlin tövsif edilməsi barədə qərardan görünür ki, 24011697 nömrəli cinayət işi icraata qəbul edilmiş, ********* saylı cinayət işi ilə birləşdirilməklə bir icraatda ********* nömrə altında istintaq davam etdirilməsi və iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır (i.v 87) 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır (i.v 183 ) Zərərçəkmiş şəxs2 tərəfindən 34-cü PŞ-yə ünvanlanmış ərizədən görünür ki, 20 sentyabr 2022-ci il tarixində Təqsirləndirilən şəxs onun 4500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi və pulunun ona qaytarılmasına göstəriş verilməsini xahiş etmişdir (i.v 101) xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v 122) 29 may 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat AR CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v 140) 30 iyul 2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir (i.v 145) 30 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ittiham elan edilmişdir (i.v 163) 25 dekabr 2024-cü il tarixli cinayət təqibi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir (i.v 188-189) Zərərçəkmiş şəxs1 tərəfindən Yasamal RPİ-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam olaraq ödənilmişdir (i.v 191) 27 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v 206) 08 fevral 2025-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünrü ki, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər, şahid ifadələri və işdə olan digər sənədlər iş üzrə sübut növü kimi qəbul olunması qərara alınmışdır (i.v 233-237) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli **********316 saylı notarial ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam olaraq ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Odur ki, yuxarıda qeyd olunan xüsusatlardan, zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələrindən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin etibarından sui-istifadə edərək onlara maddi ziyan vurması, bununla da əməlində dələduzluq cinayətinin tərkib əlamətlərinin mövcud olması tam olaraq sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə və ya xeyli miqdarda ziyan vurmaqla təkrar törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu dələduzluq epizodlarının hər birinin ayrı-ayrılıqda cəlbetmə müddətləri keçidiyindən və təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf etməsini nəzərə alaraq təqsirləndirilən şəxsə verilmiş ittiham Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən həmin məcəllənin 178.1-ci maddəsinə tövsif edilməli və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 75.1.2-ci maddələrinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır; 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələblərinə, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərə görə, təkrarlıq müstəqil eyni və ya həmcins cinayətlərdən təşkil olunan cinayətlərin çoxluğu olduğundan, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanan cinayət məsuliyyətinə cəlb etmə müddəti ayrı-ayrılıqda hər bir cinayətə münasibətdə müəyyən edilməli, təkrarlığı təşkil edən cinayətlərdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar şəxs cinayət məsuliyyətindən azad olunduqda, onun əməlinin cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edilməsinə və yaxud təkrarlığın Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına yol verilməməlidir. Məhkəmə qeyd edir ki, hər iki dələduzluq epizodu üzrə ayrı-ayrılıqda cinayət əməllərinin törədildiyi gündən, təqsirləndirilən şəxsin barəsində axtarış elan edilərək tutulanadək işin icraatının dayandırıldığı vaxtdan tutulması ilə əlaqədar işin icraatının təzələndiyi vaxt nəzərə alınmaqla, hal-hazırdək iki ildən artıq müddət keçmişdir. Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə bağlı cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə həmin halları nəzərə alaraq və istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutaraq, hesab edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, müdafiə tərəfinin razılığı ilə, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndində göstərilmişdir ki, şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. İrəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan məsələlərlə bağlı qeyd edir ki, təqsirləndirilən şəxsin haqqındakı cinayət işi üzrə icraata xitam verilməli olduğundan, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; İş üzrə mülki iddia, məhkəmə məsrəfi yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut qismində tanınmış 04 ədəd məktub, 01 ədəd etibarnamə, 01 ədəd ərizənin surəti və 01 ədəd DVD-R disk cinayət işi materiallarında saxlanılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar