Məhkəmə qərarları › İş №1(011)-163/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-163/2022

01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-163/2022 01.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzasını çəkməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 28 yanvar 2022-ci il tarixdə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq bir ədəd bükümdə 0,130 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə 0,208 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı, o, 31 yanvar 2022-ci il tarixdə, saat 16:10-da ünvan 2 ünvanının qarşısında saxlanılıb, ünvan 3əşən Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə gətirilmiş, polis bölməsində üzərində şəxsi axtarış keçirilən zaman, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,130 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə 0,208 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, bir neçə ay əvvəl narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Sosial şəbəkələr vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı olan, adını bilmədiyi bir nəfər şəxslə tanış olmuşdur. Həmin şəxslə əlaqə saxlayaraq, narkotik vasitə almaq istədiyini bildirdikdən sonra, sonuncu bank kartının şəklini göndərib, ondan həmin karta pul köçürülməsini deyirdir. Lazım olan məbləğdə pul vəsaitini bank kartına göndərdikdən sonra, həmin şəxs narkotik vasitələrin harada yerləşməsinə dair şəkillər göndərirdi və o, həmin yerlərə gedib narkotik vasitələri əldə edirdi. Sonuncu dəfə 28 yanvar 2022-ci il tarixdə həmin şəxslə əlaqə saxlamış, sonuncudan heroin və metamfetamin adlı maddələri istəmişdir. Bundan sonra, ona şəkli göndərilən bank kartına 30 manat pul göndərmiş və axşam saatlarında ona göndərilən şəkil əsasında, sifarişlə gələn taksi ilə Hökməli qəsəbəsinə gedib, oradan bir ədəd bükümdə heroini və bir ədəd bükümdə metamfetamini götürmüşdür. Evə qayıtdıqdan sonra, əldə etdiyi maddələrdən istifadə etməyə başlamışdır. 31 yanvar 2022-ci il tarixdə dostu ilə görüşmək üçün evdən çıxmışdır. Narkotik vasitələri evdə saxlamaq istəmədiyindən, onları əynində olan gödəkçənin cibinə qoymuşdur. Saat təxminən 16 radələrində “Həzi Aslanov” metrostansiyasının yaxınlığında piyada olaraq hərəkət edən zaman, polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün, onu 36-cı Polis Bölməsinə dəvət etmişdirlər. Polis bölməsində olarkən, vəkil dəvət edilmiş və polis əməkdaşlarının və vəkilin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə, üzərində axtarış keçirilmişdir. Axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş əşyalar olduğu təqdirdə, təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan gödəkçənin cibindən bir ədəd bükümdə heroini və bir ədəd bükümdə metamfetamini çıxardıb masanın üzərinə qoymuşdur. Bundan sonra, üzərindən aşkar edilən maddələr qablaşdırılaraq zərfə qoyulmuş və iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Xətai RPİ-nin 36-cı Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Xətai rayonu, Zeytun küçəsi, ev 28, mənzil 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, onları daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış və əməliyyat müvəkkili Şahid2 qrupun üzvü olmuşdur. Keçirilmiş əməliyyat tədbiri nəticəsində, Təqsirləndirilən şəxs 31 yanvar 2022-ci il tarixdə, saat 16:10-da Xətai rayonu, M.Hadi küçəsi 71 ünvanının qarşısında piyada hərəkət edən zaman saxlanılmışdır. Onlar özlərini təqdim edərək, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini izah edib, həmin şəxsi Xətai RPİ-nin 36-cı Polis Bölməsinə dəvət etmişdirlər. Polis bölməsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, bölməyə vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın əvvəlində Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra, şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd qızılı rəngli bükümü və bir ədəd yaşıl rəngli bükümü təqdim edərək, masanın üzərinə qoymuşdur. Həmin bükümlərə baxıldıqda, qızılı rəngli bükümdə qəhvəyi rəngli, yaşıl rəngli bükümdə isə ağ rəngli kristall şəkilli maddələrin olması aşkar edilmişdir. Bundan sonra, təhqiqatçı təqdim olunan bükümlərdə olan maddələri zərfə qoyaraq qablaşdırmış və zərfin üzərinə iştirakçılar tərəfindən imzalar çəkilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, 31 yanvar 2022-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızında bükümü və bir ədəd yaşıl rəngli sellofan bükümü təqdim edərək, masanın üzərinə qoyub, qızılı rəngli bükümdə olan maddənin narkotik vasitə heroin, yaşıl rəngli bükümdə olan maddənin isə psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri şəxsi istifadəsi üçün 28 yanvar 2022-ci il tarixdə, axşam saatlarında Hökməli qəsəbəsində tanımadığı şəxsdən 30 manat müqabilində əldə etdiyini bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd bükümlərdə olan maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 fevral 2022-ci il tarixli, 6/627 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “(imza) Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,130 qram qəhvəyi rəngli, tozşəkilli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, tədqiqatdan sonra qalıq - 0,08 qramdır və bir ədəd bükümdə təmiz çəkisi 0,208 qram ağ rəngli kristallardan ibarət maddə - kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, tədqiqatdan sonra qalıq - 0,158 qramdır. İş materiallarından görünür ki, 0,08 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,158 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 14 fevral 2022-ci il tarixli, 703 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 31 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 17 fevral 2022-ci il tarixli tələbnamədən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Şəhər Probasiya İdarəsinin arayışından görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli hökmü ilə ona təyin olunmuş 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsini çəkməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs məhkum olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli hökmü çıxarıldıqdan sonra hazırki cinayət əməlini törətməkdə təqsirli olduğunun müəyyən edildiyini və həmin hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkmədiyini nəzərə alaraq hesab edir ki, ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 31 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,08 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,158 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasənvə Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona qəti olaraq 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 31 yanvar 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,08 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,158 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar