Məhkəmə qərarları › İş №1(011)-163/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-163/2024

26.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-163/2024 26.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, xüsusi ittiham qaydasında barəsində şikayət verilən – X10 və müdafiəçisi Müdafiəçi, xüsusi ittiham qaydasında şikayət verən X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, 02 iyul 1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan X7, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X3 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, xüsusi ittiham qaydasında barəsində şikayət verilən X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, o yuxarıda əks olunduğu kimi "X15", "Mənim oğlum Qəhrəmandır" layihələrinin rəhbəridir. Müzəffər Ali Baş X6 rəhbərliyi ilə X17 zəfərindən sonra o öz qarşısına məqsəd qoymuşdur ki, vətən uğrunda canından keçən şəhidləri tanıtsın, onların adlarını yaşatsın, şəhid analarının, atalarının, övladlarının yanında olsun, onları daim diqqətdə və qayğıda saxlasın, onların qulluğunda dayansın. Bir sözlə çalışmışdır ki, əlindən gələnin ən yaxşısını onlar üçün etsin. Həmişə cənab Prezidentimizin bir sözünü özündə rəhbər tutmuşdur - "Şəhid ailələrinə diqqət dövlətlə yanaşı hər bir vətəndaşın borcudur". Bu məqsədlə göstərilən layihələr çərçivəsində o dəfələrlə müxtəlif tədbirlər keçirmiş və bu tədbirlərdə 2800-ə yaxın şəhid ailəsinin üzvləri iştirak etmişdir. Bununla bərabər Vətən müharibəsidə Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi ilə birlikdə mənəvi-psixoloji təminat tədbirləri çərçivəsində döyüşçülərlə ideoloji iş və psixoloji təminat işini aparmışdır Təxminən 2018-ci ilin axırlarında X4 təklifi ilə o və dostu X5 onunla "Pinachi" kimyəvi təmizləmə mərkəzini açmışlar. xx.xx.2022-ci il tarixdə obyektdə Fəhmin Əlizadə ilə aralarında səbəbini bilmədiyi və onun tərəfindən başlanılan mübahisə yarandı. Obyektin kameralarının görüntüsündən də aydın olur ki, o heç kimi təhqir etməmiş və heç kimə qarşı zorakılıq tətbiq etməmişdir. Əksinə Fəhminin yersiz hərəkətlərindən təəccüb içərisində olan-bitəni izləmişdir. Bundan sonra onun çağırışı ilə hadisə yerinə polis əməkdaşları gəlmiş və onları Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinə aparmışlar. Orada onun, Fəhminin və digərlərinin izahatları alındı və müəyyən edildi ki, o heç kimi döyməmiş, yuxarıda göstərilən biznesdə onun da ortaqlığı var, yəni obeykt eyni zamanda onundur və o heç kimin obyektinə basqın eləməmişdir. X13 və qardaşı Şıxan Əlizadə polis şöbəsinə barışmaqları barədə ərizə vermişlər. Nəticədə "Cinayət işinin başlanılmasının rədd edilməsi barədə haqqqında" qərar qəbul edildi. Yəni, müvafiq orqanın - DİN-in verdiyi hüquqi qiymət ondan ibarət oldu ki, o nə xuliqanlıq, nə də hər hansı digər cinayət əməli törətməmişdir. xx.xx.2022-ci il tarixdə o internet resurslarında "Bakıda nəğməkar-şair obyekt sahibini döyüb” başlığı altında Daxili İşlər Nazirliyinə istinad edilməklə güya onun xuliqanlıq zəminində Yasamal rayonu ərazisində yerləşən obyektin sahibini döyərək cinayət törətməsi barədə məqalənin dərc olunduğunu, sonradan "Baku ws" və digər 100 dən çox saytın bunu öz saytlarında, instagram və feysbuk hesablarında dərc etdiyini görmüşdür. Bununla bərabər hətta onlar Yasamal rayon Ağsaqqallar Şurasının sədri olan atası Cavanşir Qurbanovu da məsələyə qataraq onun barəsində də məqalələr dərc etmişlər. Dərc olunmuş məqalənin rəy hissəsinə baxdığı zaman görmüşdür ki, yalan məlumatlarla o artıq müəyyən kütlə üçün nüfuzdan düşmüşdür, şərəfi alçaldılıb, göstərdiyi ictimai fəaliyyət tamamilə kölgədə qalıb, bundan sonra ictimai fəaliyyət göstərmə imkanından məhrum olmuşdur, həmin kütlə onun və ailəsinin şərəf və ləyaqətini alçaldan sözlər deyirlər. Göstərilən hadisələr nəticəsində o hətta psixoloji gərginlik yaşamış və həkim qəbullarında olaraq müalicə almışdır. O dərhal məqaləni ilkin dərc etmiş "Report.az" saytı ilə əlaqə saxlayaraq öz etirazını bildirmişdir. Bundan sonra onunla məlumatı dərc edən Orxan Rasifoğlu kimi özünü tanıdan, sonradan tam adının X10 olduğunu öyrəndiyi şəxslə əlaqə saxladı. O ona məsələni izah edərək ondan məqaləni dərhal silməsini xahiş etdi. O bir şəhidin əmisioğlu olduğunu bildirdi və məqaləni silərək təkzib edəcəyinə söz verdi. Bir müddət sonra ona linklər göndərildi və gördü ki, həqiqətəndə o məqaləni silib, bununla bərabər keçmiş ortağı Fəhmin Əlizadə ilə əlaqə saxlayaraq ondan müsahibə almışdır. Müsahibədə F.Əlizadə biznes ortaqlıqlarının mövcudluğunu təsdiq edib barışdıqlarını bildirmişdir. Hətta sonradan o "Qafqazinfo.az", "Axşam.az saytlarınında "Reportaz" saytına istinadla həmin məzmunda məqalə verdiyini öyrənmişdir. Düzdür bu tam olaraq təkzib hesab olunmasa da məsələnin "Parkinson" xəstəliyindən əziyyət çəkən atasına, ağır şəkər xəstəliyindən əziyyət çəkən anasına və digər bütün ailə üzvlərinə olan mənfi təsirlərinin qarşısını ala bilcəyi və onları rahatladacağı üçün sevinmişdir. Bundan sonra digər saytlarla əlaqə saxlayıb "Report.az" saytının məqaləni sildiyini bildirərək onların da siləməsini xahiş etmiş və bəziləri bu xahişi yerinə yetirdi. Lakin sonradan Fəhmin Əlizadə ilə olan müsahibəni və barışmaqları barədə olan məlumatların "Report.az" saytından silindiyini və ilkin olaraq yayılmış yalan məlumatın yenidən dərc olunduğunu görmüşdür. Orxan adlı şəxs ilə əlaqə saxlamış, o isə anlaşılmaz nələrsə deyərək ona cavab verməkdən imtina elədi. Şikayətə əlavə edilmiş fotoşəkillərdən görünür ki, X2 Rasifoğlu təxəllüsü ilə xx.xx.2022-ci il tarixdə "Report.az" saytında "Bakıda nəğməkar-şair obyekt sahibini döyüb" başlığı altında yuxarıda göstərdiyi məzmunda məlumat dərc etmişdir. Həmin məqalədə DİN-in verdiyi məlumata istinad edilmişdir. Şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-5/2-388/23 nömrəli məktubundan görünür ki, onun barəsində Azərbaycan Respublikası ərazisində cinayət təqibi həyata keçirilməsi və ya məhkumluğunun olması barədə DİN-in müvafiq uçotunda məlumat yoxdur. Şikayətə əlavə edilmiş Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı Məhəmməd Cəfərovun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, alınmış izahatlardan və digər materiallarla müəyyən edilmişdir ki, göstərilən biznesdə onun da ortaqlığı var, yəni obyekt eyni zamanda onundur və o heç kimin obyektinə basqın etməmişdir. Ümumiyyətlə onun hərəkətlərində xuliqanlıq və ya hər hansı digər cinayətin tərkib əlamətləri yoxdur. Şikayətə əlavə edilmiş fotoşəkildəndən görünür ki, "mircalalofficial" istifadəçi adlı instagram səhifəsində 450.000 izləyicisi var və həmin səhifədə dərc edilmiş məlumatlar göstərir ki, o lahiyələr çərçivəsində daim şəhid ailələrini, xüsusi ilə onların ana və övladlarını daim diqətində saxlamış və onların qayğısına qalmışdır. Şikayətə əlavə edilmiş fotoşəkildən görünür ki, onun "Calal Gurbanov" adlı youtube səhifəsində 9.44 min izləyici var. Şikayətə əlavə edilmiş fotoşəkillərdən görünür ki, 2008-ci ildə yazılmış "X21", 2013cü ildə yazılmış "Sən Azərbaycanlısan", 2018-ci ildə yazılmış "Zəfərə Doğru" mahnılarının müəllifidir. Şikayətə əlavə edilmiş fotoşəkildən görünür ki, "Repot.az" internet saytında xx.xx.2022-ci il tarixdə, saat 18:31-də "X9 barışdıq" başlığı altında Fərmin Əlizadə ilə aparılmış müsahibə dərc olunmuş, həmin müsahibədə "Pinachi" kimyəvi təmizləmə mərkəzində ortaqlıqları əks olunmuşdur. Şikayət verilmiş şəxsin ona “https://report.az/hadise/bakida-obyektde-dava-edensexsler-barisib” göndərdiyi linkdən də yuxarıda göstərilən fotoşəkillərdəki məlumatların doğruluğunu təsdiq etmək olar. O bu linkdə dərc olunan məlumatı əldə etməyə çalışsa da mümkün olmamışdır. Şikayətə əlavə edilmiş fotoşəkillərdən, həmçinin Cəlal Qurbanovun adı hallanan anlaşılmazlığa aydınlıq gətirildi (qafqazinfo.az), Cəlal Qurbanovun döydüyü obyekt sahibi - "Barışdıq" (axsam.az) linklərindən görmək olar ki, "Qafqazinfo.az", "Axşam.az" saytları da "Report.az" saytına istinadən göstərilən məzmunda məlumat dərc etmişdir. Şikayətə əlavə edilmiş fotoşəkillərdən görünür ki, şikayət olunan şəxsin istifadəsində olan +**********57 nömrə ilə "WhatsApp" sosial şəbəkəsində apardıqları söhbətdə o yuxarıda qeyd etdiyi başlıqlarda məlumatların dərc olunduğu linkləri göndərmiş və ilkin məlumatın yalan olduğunu bilmişdir. Şikayətə əlavə edilmiş fotoşəkillərdən görünür ki, yalan məlumatlarla o artıq müəyyən kütlə üçün nüfuzdan düşmüş, şərəfi alçaldılıb, göstərdiyi ictimai fəaliyyət tamamilə kölgədə qalıb, bundan sonra ictimai fəaliyyət göstərmə imkanından məhrum olmuş, həmin kütlə onun və ailəsinin şərəf və ləyaqətini alçaldan sözlər deyirlər. Şikayətə əlavə edilmiş həkim-nevropatoloq Kəmalə Mehdiyeva tərəfindən verilmiş arayışdan görünür ki, o xx.xx.2022-ci il tarixdə onun qəbulunda olmuş və ona hipertenziv eksefelopatiya diaqnozu qoyularaq müvafiq müalicə təyin edilmişdir. Şikayətə əlavə edilmiş "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən X16 255 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, o xx.xx.2024-ci il tarixdə əvvəlcədən 2022-ci ildə digər klinikada qoyulmuş "Hiparektonik ensefalopatiya" diaqnozu ilə həkim nevropatoloqun qəbulunda olmuş və aparılan müayinələrə əsasən həmin diaqnoz təsdiq edilmişdir. Hazırda müalicələri davam etdirilir. Şikayətə əlavə edilmiş resept blankından görünür ki, qeyd edilən müayinə nəticəsində ona müvafiq dərmanlar yazılmışdır. Şikayət verilmiş şəxs bilə-bilə onun barəsində şərəf və ləyaqətini ləkələyən və onun həm cəmiyyətdə olan, həm də işi ilə əlaqəli nüfuzdan salan məlumatları dərc etmişdir. Bunu ilkin olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin verdiyi məktub, habelə yuxarıda göstərilən "Cinayət işinin başlanılmasının rədd edilməsi" haqqında qərar təsdiq edir və göstərir ki, şikayət olunan şəxs həmin məlumatı DİN-dən ala bilməzdi. Ümumiyyətlə DİN qanununu pozaraq qanuni qüvvəyə minməmiş məhkəmə hökmü olmadan onun barəsində "hansısa cinayəti törətmişdir ifadəsi ilə məlumat versin. Aşkar görünür ki, o həmin məlumatı uydurmuş və yalan olduğunu bilə-bilə həmin məlumatı dərc etmişdir. Digər təsdiqedici sübut isə onun sonradan dərc etdiyi məlumatlardır və bu da onu bir daha təsdiq edir ki, o məlumatın yanlışlığındar xəbərdardır və yalan olduğunu dərk edir. Həqiqətə uyğun olmayan və şikayət verilmiş şəxsin yalan olduğunu bildiyi məlumatlar isə özlüyündə 3 halı ehtiva edir:

1. Mübahisənin yarandığı obyekt eyni zamanda Cəlal Qurbanovundur və şikayət verilmiş şəxsin bu hissədə məlumatın yanlışlığını bilməsi onun sonradan dərc etmiş olduğu məlumatla da öz təsdiqini tapır.

2. Məlumatlar DİN-in məlumat xidmətindən alına bilməzdi, çünki bilavasitə sonuncunun məsələyə hüquqi mövqeyi qəbul edilmiş qərarla öz təsdiqini tapmışdır və inandırıcı deyil ki, sonuncu qanunun tələblərini pozmaqla qanuni qüvvəyə minmiş hökm olmadan Cəlal Qurbanovun barəsində "cinayət törətmişdir" ifadəsi ilə məlumat versin. (Cinayət deyil inzibati xəta belə olsa bu barədə mütləq qüvvəsini almış qərar olmalıdır. İndiki halda məzmundan görünür ki, onun niyyəti cinayət törədilməsi görüntüsünü yaratmaq olub) X18 obyektə hər hansı bir döymə ilə bağlı hərəkəti olmuş olsaydı belə, həmin hərəkətin "xüliqanlıq zəminində" törədilib törədilməməsinə cavabdeh deyil, cinayət təqibi orqanı və ya məhkəmələr qiymət verə bilər ki, onlarda bu qiyməti artıq vermişdir.

3. Bir neçə tanışı ilə birlikdə qeyd olunsa da, həmin şəxslər göstərilən xidmətin işçiləridir və onlar hadisədən əvvəl orada olublar. Odur ki, X10 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət işinin başlanması və onun cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılması barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X3 şikayətdə göstərdiyi xüsusatlar üzrə X7 üzrxahlığını qəbul etdiyini və onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və ona görə bu barədə ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs X10 əslində məqalənin yerləşdirilməsində səlahiyyətli şəxs olmadığını, yalnız mətni tərtib etdiyini hazırda qarşı tərəf ilə barışdığını bildirmiş və ərizə təqdim edərək işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə xüsusi ittihamçı X1 şikayətində qeyd etdiyi xüsusatlar üzrə X10 ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığına görə iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 müdafiəçisi “Alyans” Vəkil bürosunun vəkili Müdafiəçi, X7 ifadəsinə uyğun izahat verərək iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə baxaraq hesab edir ki, zərərçəkmiş şəxs X3 təqsirləndirilən şəxs X10 ilə barışdığına görə Orxan Hacıyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayəti üzrə cinayət təqibinə xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X3 tərəfindən yazılmış 26 aprel 2024-cü il tarixli ərizədən görünür ki, X8 qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətdəki xüsusatlar üzrə X10 ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığına görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X10 tərəfindən yazılmış 26 aprel 2024-cü il tarixli ərizədən görünür ki, xüsusi ittihamçı X3 ilə barışdığına görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2, 39.1.9 və 41.7-ci maddələrinə əsasən zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması xüsusi ittiham qaydasında cinayət təqibinin həyata keçirilməməsinə, belə barışma məhkəmə müşavirə otağına gedənədək əldə olunduqda isə cinayət təqibinə xitam verilməsinə şərtsiz əsasdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37, 39, 41.7, 321 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

X7 Azərbaycan Respublikasını CM-nin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xüsusi ittihamçı ilə barışdığına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir.

Hakim: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar