Məhkəmə qərarları › İş №1(011)-164/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-164/2022

13.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-164/2022 13.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə və xx.xx.1991-ci ildə Cəbrayıl rayonu, Safarşa kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Safarşa kəndində qeydiyyatda olan və Bakı şəhəri, ünvan 10 küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün aralarında əldə edilmiş razılığa görə 04 yanvar 2022-ci il tarixdə saat 03:27-də Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 88 ünvanının qarşısına gəlib orada saxlanılmış Zərərçəkmiş şəxs məxsus 850 manat qiymətində 01 ədəd “Yamaha ZMXCO F4” modelli mopedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 850 (səkkiz yüz əlli) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün aralarında əldə edilmiş razılığa görə 04 yanvar 2022-ci il tarixdə saat 03:27-də Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 88 ünvanının qarşısına gəlib orada saxlanılmış Zərərçəkmiş şəxs məxsus 850 manat qiymətində 01 ədəd “Yamaha ZMXCO F4” modelli mopedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 850 (səkkiz yüz əlli) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 yanvar 2022-ci il tarixdə saat 03 radələrində tanışı Elvin istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək ona M.Hadi küçəsində mopedin olduğunu və həmin mopedi oğurlamaqda kömək etməsini xahiş etmişdir. O da maddi vəziyyətinin pis olmasını nəzərə alaraq sonuncunun təklifinə etiraz etməmişdir. O, Elvinin təklifinə etiraz etmədikdən sonra Elvin ondan Zərifə Əliyeva adına parkın yanına gəlməyini istəmişdir. Bundan sonra o, yaşadığı ünvanı tərk edərək ona məxsus olan “Minsk” markalı motosikleti ilə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Zərifə Əliyeva adına parka getmişdir. O, ora çatan zaman Elvin Rüstəmə məxsus olan dövlət qeydiyyat nişanını xatırlamadığı “Hyundai Sonata” markalı avtomobildən düşərək ona məxsus olan motosikletə əyləşmişdir. Bundan sonra o, Elvinin göstərməsinə əsasən motosikleti ünvan 4 ünvana çatdıqda o, özünə məxsus olan “Minsk” markalı motosikletini bir qədər kənarda saxlamışdır. Onlar bir qədər ətrafa nəzər saldıqdan və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra yaşayış binasının qarşısında olan mopedə yaxınlaşmışlar. Ətrafda heç kimin olmamasından istifadə edərək Elvin ilə köməkləşib mopedi yerindən götürüb sürütləyərək 2-ci və 3-cü kvadratlar deyilən ərazidə bağların birində gizlətmişlər. Onlar mopedi gizlətdikdən sonra səhəri gün köməkləşib mopedi oradan aparmağı planlaşdıraraq oranı tərk etmişlər. Bundan sonra o, Elvini özünə məxsus olan motosikleti ilə Zığ yolu 36 ünvanının qarşısında düşürdüb yaşadığı evə getmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 10 radələrində kombinatlar deyilən ərazidə Elvin ilə görüşmüş və onlar mopedi gizlətdikləri yerə getmişlər. Elvin taksi sifariş etmişdir. Elvin ilə köməkləşib mopedi Elvinin sifarişi əsasında gələn taksi avtomobilinə yerləşdirib həmin mopedi ünvanını dəqiq bilmədiyi Binə qəsəbəsində yerləşən Elvinin kirayə tutduğu evə aparmışlar. 07 yanvar 2022-ci il tarixdə saat 18 radələrində yuxudan ayıldıqda Elvinin dəfələrlə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etdiyini görmüşdür. O, təkrarən Elvinə zəng etdikdə sonuncu ona bildirmişdir ki, polis əməkdaşları onların etdikləri cinayətdən xəbərdardılar və onu axtarırlar. Bu səbəbdən də Elvin oğurluq yolu ilə əldə etdikləri mopedi taksi ilə aparıb kvadratlar deyilən əraziyə qoymuşlar. Ona zəng etməkdə isə məqsədi həmin mopedi aparmaqda sonuncuya kömək etməyini istəməsi olmuşdur. Lakin o, Elvinin zənglərinə cavab vermədiyi üçün Elvin özü taksi ilə mopedi kvadrat deyilən əraziyə aparmışdır. Bundan sonra onlar sağollaşaraq telefon əlaqəsini kəsmişlər və bir daha Elvin ilə əlaqəsi olmamışdır. 08 yanvar 2021-ci il tarixdə polis əməkdaşları yaşadığı evə gələrək Xətai rayonu ərazisində baş vermiş oğurluq cinayətində şübhələnildiyi üçün onu 36-cı Polis Bölməsinə dəvət etmişlər. Beləliklə o, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir ay öncə ünvan 5 ünvanda ağ rəngli “Yamaha” markalı mopedin olduğunu görmüşdür. 01 yanvar 2022-ci il tarixdə təkrarən ünvan 5 ağ rəngli “Yamaha” markalı mopedin hələ də orada olduğunu görmüşdür. 04 yanvar 2022-ci il tarixdə saat 02 radələrində Rüstəmin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək onu yaşadığı evdən götürüb Zərifə Əliyeva adına parka aparmasını xahiş etmişdir. Rüstəm də ona etiraz etməyərək onu aparmaq üçün gələcəyini bildirmişdir. Bundan sonra o, maddi vəziyyətinin zəif olması səbəbindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 88 ünvanının qarşısında olan mopedi oğurlamaq qərarına gəlmişdir. Həmin mopedi oğurlamaqda ona kömək etməsi üçün tanışı Səbuhinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək sonuncuya Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində mopedin olduğunu və həmin mopedi oğurlamaqda ona kömək etməsini xahiş etmişdir. Səbuhi də onun təklifinə etiraz etmədikdən sonra sonuncudan Zərifə Əliyeva adına parkın yanına gəlməsini istəmişdir. Bundan sonra Rüstəm özünə məxsus olan **-VH-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobili ilə Zığ qəsəbəsinə gəlmişdir. O, Rüstəmin avtomobilinə əyləşmiş və onlar yola düşmüşlər. Rüstəm onu Xətai rayonu ərazisində yerləşən Zərifə Əliyeva adına parka gətirdikdə Səbuhi hələ həmin ünvana gəlməmişdir. Bu səbəbdən də o, Rüstəmə arxasınca Səbuhinin gələcəyini demiş və Səbuhi gələnə kimi avtomobildə gözləməsini xahiş etmişdir. Həmin vaxt Rüstəm saatın gec olmasını əsas göstərərək küçədə olmağına öz iradını bildirmişdir. Təxminən 2-3 dəqiqə keçdikdən sonra Səbuhi özünə məxsus olan motosikleti ilə həmin ünvana gəlmişdir. O, Rüstəm ilə görüşüb sonuncudan ayrılmış və Səbuhiyə məxsus olan motosikletə əyləşmişdir. Bundan sonra Səbuhi onun göstərməsinə əsasən motosikleti ünvan 4 ünvana çatdıqda Səbuhi özünə məxsus olan motosikletini bir qədər kənarda saxlamışdır, onlar bir qədər ətrafa nəzər saldıqdan və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra yaşayış binasının qarşısında olan mopedə yaxınlaşmışlar. Ətrafda heç kimin olmamasından istifadə edərək Səbuhi ilə köməkləşib mopedi yerindən götürüb sürütləyərək yaşayış binalarının arası ilə kvadratlar deyilən ərazidə bağların birində gizlətmişlər. Onlar mopedi gizlətdikdən sonra səhəri gün köməkləşib mopedi oradan aparmağı planlaşdırıb və oranı tərk etmişlər. Bundan sonra Səbuhi onu özünə məxsus olan motosiklet ilə Zığ yolu 36 ünvanının qarşısında düşürtmüş və özü də yaşadığı evə getmişdir. O da taksi şirkətindən taksi sifariş etmiş və oradan sifarişi əsasında gələn taksi avtomobili ilə yaşadığı evə getmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 10 radələrində kombinatlar deyilən ərazidə Səbuhi ilə görüşüb mopedi gizlətdikləri yerə getmişlər. O, taksi şirkətindən taksi sifariş etmişdir. Səbuhi ilə köməkləşib mopedi sifariş əsasında gələn taksi avtomobilinə yerləşdirmişlər və həmin mopedi ünvanını dəqiq bilmədiyi Binə qəsəbəsində yerləşən kirayə tutduğu evə aparmışlar. 07 yanvar 2021-ci il tarixdə polis əməkdaşlarının onu axtarmaları ona məlum olmuş və o da oğurluq yolu ilə əldə etdiyi mopedi taksi fəaliyyəti ilə məşğul olan avtomobil vasitəsi ilə kvadratlar deyilən əraziyə gətirib yaşayış binalarından birinin qarşısına qoymuşdur. xx.xx.2022-ci il tarixdə Zərifə Əliyeva adına şadlıq sarayının yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq Xətai rayonu ərazisində baş vermiş oğurluq cinayətində şübhələnildiyi üçün 36-cı Polis Bölməsinə dəvət etmişlər Beləliklə o, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, “Bolt” taksi şirkətində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Özünə məxsus olan ağ rəngli “Yamaha ZXMCO” markalı mopedi 2021-ci ilin may ayında Orxan adlı şəxsdən 1200 manat pulun müqabilində almışdır. Həmin mopedi bir neçə ay istifadə etdikdən sonra mopeddə nasazlıq yaranması səbəbindən yaşadığı evin qarşısında saxlamışdır. “Yamaha ZXMCO” markalı moped təxminən iki ay müddət olar ki, nasaz vəziyyətdə yaşadığı evin qarşısında olmuşdur. 04 yanvar 2022-ci il tarixdə saat 02 radələrində işlərini bitirib yaşadığı evə, yəni ünvan 7 ünvanına getmişdir. O, yaşadığı mənzilə gəldiyi zaman özünə məxsus olan “Yamaha ZXMCO” markalı moped də yaşadığı evin qarşısında olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində yaşadığı evi tərk edən zaman yaşadığı evin qarşısında saxladığı “Yamaha ZXMCO” markalı mopedin yerində olmadığını müəyyən etmişdir. Həmin vaxt özünə məxsus olan mopedin oğurlandığını anlamışdır. Hadisə yerinə polis əməkdaşları gələrək araşdırma aparmışlar. Yekun olaraq o, təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, onlar barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Elvini təxminən 3 il müddətdir ki, tanıyır. Elvin onun əvvəllər yaşadığı ünvanın qonşuluğunda yaşamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 02 radələrində Elvin istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək Zığ qəsəbəsində olduğunu və onun Zığ qəsəbəsinə gələrək onu Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Zərifə Əliyeva adına parka aparmağını xahiş etmişdir. O da Elvinə etiraz etməyərək yaşadığı ünvanı tərk edib özünə məxsus olan **-VH-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobil ilə Zığ qəsəbəsinə getmişdir. O, Zığ qəsəbəsində çatdıqda Elvin ona məxsus olan avtomobilə əyləşərək onunla görüşmüş və o da Elvini Zığ qəsəbəsindən Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Zərifə Əliyeva adına parka aparmışdır. X4 adına olan parka çatdıqda Elvin ona Səbuhi adlı şəxs onun arxası ilə gələcəyini və Səbuhi gələnə kimi onun avtomobildə gözləməsini xahiş etmişdir. O da Elvinə gecə saatlarında küçədə olmasına görə sonuncuya öz iradını bildirmişdir. Bundan sonra Səbuhi özünə məxsus olan motosiklet ilə gəlmiş və Elvin onunla sağollaşıb ona məxsus olan avtomobildən düşərək Səbuhiyə məxsus olan motosikletə minmişdir. Elvin Səbuhiyə məxsus olan motosikletə oturduqdan sonra oranı tərk etmişlər və o da yaşadığı mənzilə getmişdir. O, Elvin və Səbuhinin hara getmələrindən və nə işlə məşğul olmalarından tam məlumatsız olmuşdur. Onun Elvin və Səbuhinin xx.xx.2022-ci il tarixdə saat 03 radələrində ondan ayrıldıqdan sonra oğurluq cinayəti yolu ilə “Yamaha” markalı moped əldə etmələri barədə hər hansı bir məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 08 yanvar 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır (i.v. 01); hadisə yerinə baxış keçirilməsi haqqında 04 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi ilə əlaqədar olaraq ünvan 8 ünvanına baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 10-11); video görüntüyə baxış keçirilməsi haqqında 06 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 03:27 dəqiqədə naməlum iki nəfər şəxs təxminən 7-8 metr məsafədə saxlanılmış Zərərçəkmiş şəxs məxsus “Yamaha” markalı mopedi götürüb sürütləyərək hadisə yerini tərk emişlər (i.v. 13-14); baxış keçirmə və götürmə aparılması haqqında 08 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsinə qoyduğu “Yamaha” markalı mopedi istintaq orqanına təqdim etmiş və “Yamaha ZMXCO” markalı moped iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən tərəflərindən götürülmüşdür (i.v. 25-26); zərərçəkmiş şəxs qismində tanınma haqqında 08 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 33-34); əşyanın tanınmaya təqdim edilməsi haqqında 08 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilən “Yamaha ZMXCO” markalı mopedin özünə məxsus olduğunu bildirmişdir. O, həmin mopedi formasından, markasından, rəngindən və işlənmə dərəcəsindən tanıdığını bildirmişdir (i.v. 43-44); şübhəli şəxsin tutulması haqqında 08 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 18:00-da Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 53-54); diskə baxış keçirilməsi haqqında 08 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, 01 ədəd “DVD-R” formatlı diskdə olan görüntüdə xx.xx.2022-ci il tarixdə saat 03:27 dəqiqədə ünvan 8 ünvanda yerləşən binanın qarşısında dövlət qeydiyyat nişanları görünməyən 03 ədəd avtomobil və onların arxasında 01 ədəd mopedin olması öz əksini tapmışdır. 01 ədəd “DVD-R” diskə baxış keçirilən zaman baxışda iştirak etmiş Təqsirləndirilən şəxs1 “Yamaha ZMXCO” markalı mopedi oğurlayan şəxslərdən birinin özü, digərinin isə onunla birlikdə oğurluq edən Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir (i.v. 68); şübhəli şəxsin tutulması haqqında 08 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 20:00-da Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 76-77); diskə baxış keçirilməsi haqqında 08 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, 01 ədəd “DVD-R” formatlı diskdə olan görüntüdə xx.xx.2022-ci il tarixdə saat 03:27 dəqiqədə ünvan 8 ünvanda yerləşən binanın qarşısında dövlət qeydiyyat nişanları görünməyən 03 ədəd avtomobil və onların arxasında 01 ədəd mopedin olması öz əksini tapmışdır. 01 ədəd “DVD-R” diskə baxış keçirilən zaman baxışda iştirak etmiş Təqsirləndirilən şəxs2 “Yamaha ZMXCO” markalı mopedi oğurlayan şəxslərdən birinin özü, digərinin isə onunla birlikdə oğurluq edən Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir (i.v. 90); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 94-95); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 108-109); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 10 yanvar 2022-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal Xətai RPİ-nin MSY-dən azad edilmişdir (i.v. 125- 126); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 10 yanvar 2022-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal Xətai RPİ-nin MSY-dən azad edilmişdir (i.v. 128- 129); qətimkan tədbirinin seçilməsi haqqında 10 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 131-132); qətimkan tədbirinin seçilməsi haqqında 10 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 135-136); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 150); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 151-152); ifadənin yerində yoxlanılması haqqında 03 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 153-154); ifadənin yerində yoxlanılması haqqında 04 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 155-156); 4 saylı Bakı “Asan xidmət mərkəzi”nin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 139279 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X3 09 iyun 2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs1, anası X1r (i.v. 157); 2 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 9 ünvanında qeydiyyatsız yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v.159); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/244 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd ağ-qara rəngli, 2018-ci il buraxılışlı “Yamaha” markalı, ZXMCO F4 model mopedin istifadədə olması nəzərə alınmaqla hazırki vəziyyətdə (gövdəsində rəng qopuqları, cızıqlar və zədələr var) 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 850 manat müəyyən edilmişdir (i.v. 162-163); sübutların qiymətləndirilməsi haqqında 22 fevral 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş və barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmış, xx.xx.2022-ci il tarixli 9/244 saylı məhkəmə-əmtəəşünaslıq ekspertiza rəyi sübut növü kimi qiymətləndirilmiş, 01 ədəd “Yamaha ZMXCO” markalı moped maddi sübut kimi tanınmış və sahibinə geri qaytarılması nəzərə alınmış, 01 ədəd “DVD-R” disk cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 164-171); təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona yenidən ittiham elan olunması haqqında 22 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 173-174); təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona yenidən ittiham elan olunması haqqında 22 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 188-189); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)-164/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş və tutulduğu təqdirdə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə BİT-na təhvil verilmişdir; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmadığını qeyd etmiş və onlara yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında bir ədəd “DVD-R” diskə baxış keçirilmiş, videogörüntüdə olan videogörüntüdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 03:27 dəqiqədə ünvan 8 ünvanda yerləşən binanın qarşısında dövlət qeydiyyat nişanları görünməyən 03 ədəd avtomobil və onların arxasında 01 ədəd mopedin dayanmışdır. Sonra naməlum iki nəfər şəxs təxminən 7-8 metr məsafədə saxlanılmış “Yamaha” markalı mopedi götürüb sürütləyərək hadisə yerini tərk edirlər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməl CM-nin 177.2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), ona dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.13), əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı övladının olmasını (CM- 59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12), ona dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.13), əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 08 yanvar 2022-ci il tarixdən 10 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün və 18 may 2022-ci il tarixdən 13 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı 26 (iyirmi altı) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 08 yanvar 2022-ci il tarixdən 10 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM- 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, ünvan 10 küçəsində yerləşən nömrəsiz fərdi evdə çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut- 01 ədəd “Yamaha ZMXCO” markalı mopedin sahibinə geri qaytarılması nəzərə alınmalı, 01 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır (CPM -132). İş üzrə təyin olunmuş ekspertiza tədqiqatının dəyəri 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs2, 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilməlidir (CPM -198.1). İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 08 yanvar 2022-ci il tarixdən 10 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün və 18 may 2022-ci il tarixdən 13 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 10 (on) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, Dənizçilər 3 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından azad olunsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 08 yanvar 2022-ci il tarixdən 10 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, ünvan 10 küçəsində yerləşən nömrəsiz fərdi ev ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – 01 ədəd “Yamaha ZMXCO” markalı mopedin sahibinə geri qaytarılması nəzərə alınsın, 01 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs2, 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar