Məhkəmə qərarları › İş №1(011)-164/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-164/2023

27.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-164/2023 27.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, məhkəmə iclasının katibi Kazımov Samir Vaqif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi Bakı şəhəri 22 saylı vəkil Bürosunun vəkili Müdafiəçi1, müdafiəçi “Qanunçuluq” Vəkil Bürosunun vəkili X4, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində birgə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, 8-ci Əhmədli qəsəbəsi, N.Əlyarov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində keçmiş arvadı Zərərçəkmiş şəxs ilə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən əl və təpik zərbələri ilə sonuncunun bədəninin müxtəlif nahiyələrindən vurmaqla döyərək, ona boyun nahiyəsinin sıyrığı, sağ saidin hematoması, döş qəfəsi, sağ bazu və sol said nahiyələrinin qançırları dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmənin baxış iclasında Zərərçəkmiş şəxs yazılı vəsatətlə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin əlamətləri mövcud olduğu üçün məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, onun tərəfindən verilmiş şikayət düzgün şəkildə araşdırılmamışdır. O, Bakı şəhər Xətai Rayonu 34-cü PŞnin təhqiqatçısı Ülvi Qəhrəmanlıya Təqsirləndirilən şəxs ona qarşı soyuq silah qismində bıçaqla hücum etdiyi və öldürməyə cəhd etdiyini bildirsə də, bu məqam araşdırılmamış və iş ibtidai istintaq şəklində aparılmalı olduğu halda, sadələşmiş qaydada aparılmışdır. 25 dekabr 2022-ci il tarixində kirayə yaşadığı ünvanda keçmiş əri Təqsirləndirilən şəxs ona fiziki zorakılıq edərək çoxlu yumruq və təpik zərbələri vurmuşdur. O isə yaşadığı evin sahibinin yanına qaçaraq oradan “102” Çağrı mərkəzinə zəng edərək şikayətini bildirmişdir. Daha sonra Xətai rayon Polis İdarəsinin 34-cü polis şöbəsinin əməkdaşları hadisə yerinə gələrək izahatını almaq üçün onu şöbəyə dəvət etmişlər. İzahatını alıb tədbir görəcəklərini qeyd etmişdilər. Bundan sonra o evə qayıtmış, həmin vaxt ev boş olmuşdur. Təxminən 2 saatdan sonra keçmiş əri yenidən evə gəlib qapını bərkdən döyməyə başlamışdır. İçəri girər girməz cibindəki əl bıçağını açaraq paltarlarını kəsməyə başlamışdır və ona qışqırmışdır ki, onu da axırda belə doğrayacaq. O, bıçağı əlində saxlayaraq digər əli ilə ona yumruq zərbələri vurmağa başlamışdır. Özünü müdafiə etmək üçün onu itələmişdir və yenidən evdən qaçmışdır. Növbəti dəfə “102” Çağrı mərkəzinə zəng etmişdir. O, Ülvi Qəhrəmanlının yanında olarkən onlar artıq Təqsirləndirilən şəxs saxlamışlar. Onun üzərindən ona məxsus bıçaq da çıxmışdır. Ona bu barədə təhqiqatçı özü şəxsən bildirmişdir. O, siyirməsini açaraq həmin bıçağı ona göstərmiş və o həmin bıçağı tanımışdır. Bu barədə onun sübutları vardır. O, ilkin izahatında Təqsirləndirilən şəxs onu öldürməklə hədələyərək bıçağı sol qoluna bərk sıxmaqla onun müqavimətini qıraraq ardıcıl şəkildə təpik zərbələri yetirərək xəsarət yetirdiyini qeyd etsə də, iş materiallarında bu hallar qeyd edilməmişdir. Hesab edir ki, burada hər hansı maraqlar mövcud olub və qeyri-prosessual hərəkətlər edilib. Bu barədə Təqsirləndirilən şəxs də ona mesaj yazaraq ona heç nə edə bilməyəcəyini və onun öz işini artıq “həll etdiyini” bildirmişdir. İkinci bir hal isə ondan ibarətdir ki, təqsirləndirilən şəxsin cibindən tapılan bıçaq barədə materiallarda heç nə yazılmamışdır. Halbuki Təqsirləndirilən şəxs cinayət baş verən gecə ona təpik və yumruq zərbələri ilə yanaşı, həm də soyuq silah olan bıçaqla da xəsarət yetirmişdir. O, onu öldürməyə cəhd etmiş, lakin onu itələdiyi və əlindən qaçdığı üçün bu əməlini sonadək basa çatdıra bilməmişdir. O, bütün bu cinayət əməllərini narkotik vasitələrin təsiri altında törətmişdir. Bu barədə polis əməkdaşına məlumat versə də, bununla bağlı heç bir tədbir görülməmiş, şəxs barəsində narkoloji rəy də alınmamışdır. Halbuki Təqsirləndirilən şəxs qatı narkomandır və bütün bu hadisələrin baş verməsinə əsas səbəb onun narkotik üçün ondan pul istəməsidir. Həmçinin araşdırılmalı olan bir digər məqam isə odur ki, hadisə baş verən gecə Sadiq ona məxsus “Samsung A5” markalı mobil telefonu yerə çırparaq qırıq-qırıq etmişdir. Bunun nəticəsində telefon yararsız hala düşmüş və ona 933 manat maddi zərər dəymişdir. O, bu barədə təhqiqatçıya bildirdikdə ona deyilmişdir ki, onun işini çətinləşdirməsin, çünki bu şikayət yazılarsa prokuror ona töhmət verəcək. O, sonradan aldadıldığını başa düşüb polis şöbəsinə gedərək izahatına əlavə etmək istədiyini bildirmişdir. Ülvi Qəhrəmanlı buna razı olmamışdır. O, ona məsləhət görmüşdür ki, bu barədə şikayətini məhkəmədə bildirsin. Halbuki o, onu iş üzrə həm də mülki iddiaçı kimi tanımalı idi. Bu da onun öz işini necə məsuliyyətsiz və kobud qanun pozuntularına yol verərək apardığını sübut edir. Təhqiqatçı ona demişdir ki, “sən narahat olma, sənə dəymiş maddi zərəri və Sadiqin səndən daha əvvəl almış olduğu pulları da alıb sənə qaytaracağam”. Lakin bu günki günədək heç bir pul məbləği ödənilməmişdir. Bu da onu sübut edir ki, təhqiqatçı təqsirləndirilən şəxslə qeyri-prosessual münasibətə girərək və onu aldadaraq, işi onun xeyrinə bağlamağa çalışmışdır. Hesab edir ki, iş üzrə zəruri istintaq hərəkətləri düzgün şəkildə aparılmamışdır. Maddi sübut olan “bıçaq” cinayət işi materialından çıxarılmış və iş hazırkı vəziyyətə uyğun olmayan AR CM-nin 128-ci maddəsi ilə aparılmışdır. Bu isə ədalətsiz və qanunsuzdur. Həmçinin, Təqsirləndirilən şəxs ona hər zaman əzab və işgəncələr vermişdir. X1 işi qanun pozuntuları ilə aparmasına dair səs yazıları onda vardır və o həmin səs yazılarını CD disk şəklində vəsatətlə birgə məhkəməyə təqdim etmişdir. Buna görə də təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında vəsatəti müdafiə edərək Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, bıçaqla hədələnməsi ilə bağlı şikayətini səhərə yaxın xx.xx.2022-ci il tarixdə təhqiqatçıya bildirmişdir. Bunu yazılı ərizədə yazmamışdır, lakin təhqiqatçıdan xahiş etmişdir ki, bunu araşdırsın. xx.xx.2023-cü il tarixdə də Təqsirləndirilən şəxs təkrar şikayət vermişdir. Məhkəmə iclasında X2 iş üzrə bildirmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı vəzifəsində çalışır. Məhkəmədə baxılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə material onun icraatında olmuşdur. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 22:40 radələrində döyülmə ilə bağlı “102” Mərkəzinə məlumat vermişdir. O, şəxsən Zərərçəkmiş şəxs ərizəsini almışdır və ona bildirmişdir ki, ekspertiza təyin ediləcəkdir. Ekspert rəyini aldıqda xəsarətin yüngül olduğunu görüb Zərərçəkmiş şəxs təklif etmişdir ki, bıçaqla bağlı başqa təhqiqatçıya müraciət etsin. İş uzanmasın deyə ərizəsini götürmüşdür. Həmin şikayət üzrə araşdırma aparılaraq cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə proses iştirakçılarının zərərçəkmişin vəsatəti barədə fikirlərini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında zərərçəkmiş şəxsin vəsatəti təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Həmin Məcəllənin 318.2-2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə qarşı başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada ibtidai araşdırma aparıla bilər. Bu halda ibtidai araşdırma müddəti həmin iş prokurorluğa daxil olduğu vaxtdan əvvəllər aparılmış məhkəməyədək icraat zamanı hesablanmış müddətə əlavə olaraq hesablanır. Həmin Məcəllənin 318.2-3-cü maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə toplanmış sübutlar təqsirləndirilən şəxsə qarşı başqa ittihamın irəli sürülməsi və işin aidiyyəti məhkəməyə göndərilməsi üçün kifayət hesab edildikdə bu Məcəllənin 284-297-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməlidir. Bu halda cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materialı məhkəməyə daxil olduqda məhkəmə icraatı bu Məcəllənin 298-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmənin ilkin hərəkətləri ilə başlayır. Həmin Məcəllənin 318.2-4-cü maddəsinə əsasən inayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə təqsirləndirilən şəxsə qarşı başqa ittihamın irəli sürülmədiyi hallarda həmin iş müvafiq məhkəməyə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun əsaslandırılmış qərarı ilə göndərilir. Bu halda məhkəmə bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərarı ləğv etməklə məhkəmə baxışını təzələyir və baxışın davam etdirilməsi bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroruna ünvanlanmış xx.xx.2023-cü il tarixli şikayətin surətindən görünür ki, Təqsirləndirilən şəxs onu öldürməklə hədələyərək bıçağı sol qoluna bərk sıxmaqla onun müqavimətini qıraraq ardıcıl şəkildə təpik zərbələri yetirərək xəsarət yetirməsi ilə bağlı zərərçəkmiş şəxsin hazırkı vəsatətdə qeyd etdiyi hallar xx.xx.2023-cü il tarixli şikayətdə də öz əksini tapmışdır. Həmin şikayətin göndərilməsinə dair “EMS çatdırılma xəbənaməsindən” görünür ki, şikayət xx.xx.2023-cü il tarixdə poçt müəssisəsinə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, MTE və PA X7 Şəxsi Xətai rayon Şöbəsinin canlı şəxsin xx.xx.2022-ci il tarixli, 1471 saylı ekspert rəyində qeyd edilmişdir ki, Vət.Zərərçəkmiş şəxs boyun nahiyəsinin sıyrığı, sağ saidin hematoması, döş qəfəsi, sağ bazu və sol said nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, müddətləri qərarda göstərilmiş xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. (i.v. 22-23). İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən Xətai RPİ-nin 34-cü PŞ-nin rəisi Məhşur Hüseynova ünvanlanmış ərizənin surətindən görünür ki, həmin ərizə Ülvi Qəhrəmanlı tərəfindən xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır və ərizənin məzmununda S.X3 tərəfindən bıçaqla hədə-qorxuya məruz qalması barədə və sair şikayətləri qeyd edilmişdir. Məhkəmə zərərçəkmiş şəxsin vəsatətində göstərdiyi hallarla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, zərərçəkmiş şəxs vəsatətdə qeyd etmişdir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunmasını əsaslı hesab etmir. O, qeyd etmişdir ki, təqsirləndirilən şəxs sair sadaladığı hərəkətlərlə yanaşı onu öldürməklə hədələmişdir. Zərərçəkmiş şəxsin bildirdiyinə görə o, bu halları təhqiqatçıya bildirməsinə baxmayaraq, həmin hallar araşdırılmamışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 134-cü maddəsinə görə öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda müstəqil cinayət tərkibi yaradır və sanksiyasının yuxarı həddinə görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət tərkibindən daha ağır hesab olunur. Bu hallarla bağlı izahat verərkən təhqiqatçı Ü.Zamanlı bildirmişdir ki, Zərərçəkmiş şəxs bıçaqla hədələnməsi ilə bağlı şikayət də onun tərəfindən xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Həmin şikayət ayrıca icraatda baxılmışdır və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Bununla yanaşı, məhkəmədə verdiyi izahatında Ü.Qəhrəmanlı bildirmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ilkin şikayəti üzrə ekspert rəyində yüngül xəsarət yazıldığına görə zərərçəkmişə bıçaqla bağlı şikayətini digər təhqiqatçıya ünvanlamasını demişdir. Göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin xx.xx.2022-ci il tarixli şikayəti üzrə araşdırma xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində sadələşdirilmiş icraat şəklində aparılmışdır. Ü.Qəhrəmanlının istinad etdiyi ekspert rəyi də həmin dövrdə alınmışdır. İş materiallarının təhlili onu göstərir ki, Ü.Qəhrəmanlı xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində aparılan araşdırma zamanı Zərərçəkmiş şəxs öldürülməklə hədələnməsi barədə məlumatlı olmuşdur. Məhkəmə hesab edir ki, təhqiqatçı tərəfindən zərərçəkmiş şəxsin öldürülməklə və ya sağlamlığına ağır xəsarət vurulmaqla hədələnməsinə dair məlumatı aldıqdan sonra zərərçəkmiş şəxsin xx.xx.2022-ci il tarixli şikayət ərizəsi üzrə başlanılmış icraat çərçivəsində həmin halların araşdırılmaması təqsirləndirilən şəxsin hərəkətlərinə hərtərəfli hüquqi qiymətin verilməməsi ilə nəticələnmişdir. Çünki, şikayətin bütövlüklə qeydə alınması həmin şikayət üzrə bütün hallara hərtərəfli və obyektiv hüquqi qiymət verilməsi yolu ilə şikayətin əsaslı olub-olmamasının yoxlanılması və, nəticədə, ittihamın formalaşmasına xidmət edir. Bununla da, təhqiqatçı tərəfindən daha ağır cinayət hesab olunan “öldürməklə və ya sağlamlığa ağır xəsarət vurmaqla hədələmə” cinayətinin törədilməsi barədə zərərçəkmiş şəxsdən daxil olan məlumatın dərhal qeydə alınmaması və araşdırılmaması nəticədə təqsirləndirilən şəxsin əməllərində irəli sürülmüş ittihamdan daha ağır cinayətin yəni, “öldürməklə və ya sağlamlığına ağır xəsarət vurmaqla hədələmə” cinayətinin tərkibinin olub-olmamasının yoxlanılmasını qeyri-mümkün etmişdir. Çünki, təhqiqatçı zərərçəkmiş şəxsin bu barədə məlumatını qeydə alaraq araşdırmamışdır, həmin cinayətin törədilib-törədilməməsinə dair hər hansı qərar qəbul etməmişdir, təqsirləndirilən şəxsin əməllərində həmin cinayətin tərkibinin olub-olmamasını müəyyənləşdirilməmişdir. Zərərçəkmiş şəxs S.X5 Nazirliyinə 2023-cü ilin yanvar ayında ünvanladığı şikayətin məzmunundan da görünür ki, xx.xx.2022-ci il tarixdə döyülməsi ilə bağlı “102” Xidmətinə şikayət verməsinə baxmayaraq, 2023-cü ilin yanvar ayının 23-ü tarixində şikayəti üzrə aparılmış araşdırmadan narazı olduğunu, bıcaqla hədələnməsi ilə bağlı yazılı müraciətlərinin qeydə alınmamasından şikayətlər etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli şikayət üzrə zərərçəkmiş şəxsin öldürülməklə və ya sağlamlığına ağır xəsarət vurulmaqla hədələnməsi barədə məlumat daxil olduqda təhqiqatçının bu halın ayrıca icraatda araşdırılmalı olmasına dair qənaətini və cinayətin törədilməsi barədə məlumatın alınmasına baxmayaraq həmin şikayətin xx.xx.2023-cü il tarixli şikayət çərçivəsində araşdırılması Azərbaycan Respublikası CPMnin 207.1.1.-ci (təhqiqatçı törədilmiş cinayət haqqında fiziki şəxs tərəfindən daxil olmuş məlumatı dərhal qeydə almaq və ona baxmalıdır) və 207.5-ci (törədilmiş cinayət haqqında məlumatların alındığı hər bir halda təhqiqatçı, aşağıdakı qərarlardan birini qəbul etməlidir:

1. cinayət işi başlamaq; 2. cinayət işinin başlanmasını rədd etmək; 3. məlumatı istintaq aidiyyəti üzrə göndərmək; 4. xüsusi ittiham qaydasında təqib olunan cinayətə dair məlumatı məhkəmə aidiyyəti üzrə göndərmək) maddələrinin tələbləri ilə ziddiyyət təşkil edir. Məhkəmənin bu mövqeyi zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsi, Ü.Qəhrəmanlının izahatı və xx.xx.2023-cü il tarixli şikayət ərizəsinin məhz Ü.Qəhrəmanlı tərəfindən qeydiyyata alınması faktına əsaslanır. Zərərçəkmiş şəxs şikayətdə qeyd etdiyi halların Ü.Qəhrəmanlının səs yazıları ilə sübuta yetirildiyini bildirərək, vəsatətlə birgə məhkəməyə səs yazısı olan CD disk təqdim etmişdir. Həmin CD diskə münasibətdə məhkəmə qeyd edir ki, disk üzərində qeydə alınmış səs yazısının əldə olunma mənbəyinin qanuniliyinə dair hallar vəsatətdə əsaslandırılmadığından həmin CD disk işin araşdırılmasının hazırkı mərhələsində tədqiq edilməli deyildir. Məhkəmənin bu mövqeyi həmin səs yazısının qanunsuz yolla əldə olunuş sübut olması mənasına gəlmir. Belə ki, işin hallarından asılı olaraq, iş üzrə sonrakı araşdırılma zamanı disk üzərində qeydə alınmış səs yazısının əldə olunması mənbəyinin qanuniliyinə dəlaət edən sübutlar təqdim olunduğu təqdirdə həmin səs yazısının cinayət işi üzrə mötəbər sübut kimi qiymətlədirilməsi istisna olunmur. Zərəçəkmiş şəxsin öldürülməklə hədələnməsinə dair şikayətinin ayrı icraatda araşdırılması və bu şikayət üzrə xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə Ü.Qəhrəmanlının mövqeyinə münaasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, həqiqətən də, cinayət işinin başlanmasının rədd edilməsi barədə qeyd edilən qərar təhqiqatçı Ü.Qəhrəmanlı tərəfindən ayrıca şikayət formasında Zərərçəkmiş şəxs aldığı xx.xx.2023-cü il tarixli şikayət əsasında qəbul edilmişdir. Lakin həmin xx.xx.2023-cü il tarixli qərarda bıçaqla hədələnmə halının hansı tarixdə və şəraitdə baş verməsinə dair zəruri məlumatlar öz əksini tapmamışdır. Həmin qərarda qeyd edilmiş hədələnmə hallarının hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materiallarının açılmasına səbəb olmuş xx.xx.2022-ci il tarixli şikayətə aid olubolmamasını və bağlılığını müəyyən etmək mümkün deyildir. Şikayəti üzrə icraatın məhkəməyədək sadələşdirilmiş icraat şəklində aparılmasına dair zərərçəkmiş şəxsin vəsatətdə qeyd etdiyi etirazları ilə bağlı məhkəmə qeyd etdir ki, zərərçəkmiş şəxsin öldürülməklə və ya sağlamlığına ağır xəsarət vurulmaqla hədələnməsinə dair şikayətinin (məlumatının) mövcudluğu şəraitində təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsində nəzərdə tutulmuş cinayətin olub-olmamasının araşdırılması zəruri olmuşdur. Bu isə, öz növbəsində, Azərbaycan Respublikası CPM-nin 293-1.0.3-cü maddəsinə əsasən (iki və daha çox cinayət törətmiş şəxsin törətdiyi cinayətlərdən ən azı biri həmin Məcəllənin 214.4-cü maddəsində nəzərdə tutulmadıqda) xx.xx.2022-ci il tarixli şikayət üzrə araşdırmanın məhkəməyədək sadələşdirilmiş icraat şəklində aparılmasını istisna edir. Buna görə də, məhkəmə zərərçəkmiş şəxsin araşdırmanın məhkəməyədək sadələşdirilmiş icraat şəklində aparılmasına dair etirazını əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, qeyd edilən halların müəyyənləşdirilməsi hazırlıq icraatı deyil məhkəmə baxışı zamanı mümkün olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “xx.xx.2022-ci il tarixdə öldürməklə və ya sağlamlığına ağır xəsarət vurmaqla hədələmə” barədə zərərçəkmiş şəxsin şikayətinin məhkəməyədək icraat zamanı nəzərə alınmaması, təqsirləndirilən şəxsin əməllərində daha ağır cinayətin tərkibinin mövcud olub-olmamasının araşdırılmadığını təsdiq edir və qeyd edilmiş halların araşdırılması və təqsirləndirilən şəxsin əməllərinə hərtərəfli və tam hüquqi qiymətin verilməsi məqsədilə iş prokurorluğa qaytarılmaldır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 318, 346, 347, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

Vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala baxılmasına xitam verilsin. Təqsirləndirilən şəxs başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.

Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar