Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-164/2025 13.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, o, xx.xx.2025-ci il tarixdə, saat 12 radələrində ünvan 3 ünvanda «Mediland Hospital» adı altında fəaliyyət göstərən tibb müəssisəsinin qarşısında olan parklanma zonasında park etdiyi, özünə məxsus olan “Ford Fusion” marka və modelli, **-MY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin salonunda, sükan arxasında olarkən qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən sağ əlinin arxa tərəfi ilə həmin avtomobilin ön sərnişin oturacağında əyləşən, qeyri-rəsmi nikah münasibətində olduğu Zərərçəkmiş şəxs sifət nahiyyəsindən vurmaqla döyərək, sonuncuya sifətin sağ yarısının, sağ gözətrafı nahiyyənin dərialtı hematoması, sağ çənəaltı nahiyyənin qançırı, sağ yanağı və alt dodağın iç səthinin qansızması, üst dodağın səthi əzilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən bir ilə yaxındır ki, Zərərçəkmiş şəxs oğlu ilə qeyri rəsmi ər-arvad kimi yaşayırlar. Cahan xəyanət etdiyini zənn edərək qısqanclıq zəminində aralarında bir neçə dəfə sözlə mübahisələri düşmüşdür. Bu səfərdə qısqanclıq zəminində aralarında mübahisə yaranmış və mübahisə zamanı idarə etdiyi avtomobildə sağ əlinin arxa tərəfi ilə Cahanın ağız nahiyyəsindən vuraraq ona xəsarət yetirmişdir. Buna görə də Cahan 37-ci Polis Şöbəsinə şikayət ərizəsi yazmışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə, saat 12 radələrində idarə etdiyi “Ford” markalı, ** MY *** dövlət qeydiyyat nömrəli avtomobil ilə Xətai rayonu, Sabit Orucov küçəsi 17 C-də yerləşən «MEDİLAND» hospitalına gəlmişlər. Hospitalda olarkən təsadüfən Cahan mobil telefonunda bir qadın ilə ünsiyyətdə olduğunu aşkar etmişdir. Hospitalda cəmiyyət olduğu üçün mübahisə etməmişlər. Hospitaldan çıxıb Hospitalın ön hissəsində park etdiyi avtomobilə mindikdən sonra Cahan qısqanclıq hisslərini saxlaya bilməyib ona çox saylı irad tutmuşdur ki, «bu nə deməkdir yəni mən ola-ola sən niyə başqa qadınla ünsiyyətdəsən?». Bu sözləri mənə deyib üstünə qışqırmağa başlamışdır. O, həmin qadınla əlaqəsinin olmamasını bildirsə də, Cahan buna inanmamış və üstünə qışqırmağa başlamışdır. Onlar həmin zaman avtomobildə ön hissədə əyləşmişlər. Yəni o, sükan arxasında Cahan isə yanında əyləşmişdir. Bu zaman o, əsəblərini cilovlaya bilməyib sağ əlinin arxa hissəsi ilə Cahanın sifət nahiyyəsindən bir dəfə zərbə endirmiş və Cahan ağızdan xəsarət almışdır və ağlamağa başlamışdır. Cahan qərar vermişdir ki, onunla ayrılsın. O isə Cahandan ayrılmaq istəməmişdir. Bu səbəbdən də onunla ünsiyyət qurmağa çalışmışdır. Bu səbəbdən də Cahan barəsində 37-ci Polis Şöbəsinə şikayət ərizəsi yazmışdır. Hadisə zamanı avtomobildə ikisi olmuşlar, mübahisə 3-5 dəqiqə davam etməklə heç kim görməmişdir. Beləliklə o, əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini və sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, təxminən bir ilə yaxındır ki, Təqsirləndirilən şəxs ilə qeyri rəsmi ər-arvad kimi yaşayırlar. Samir ona xəyanət etdiyi üçün qısqanclıq zəminində aralarında bir neçə dəfə sözlə mübahisə düşmüşdür. Bu səfərdə qısqanclıq zəminində aralarında mübahisə yaranmış və mübahisə zamanı Samir idarə etdiyi avtomobildə sağ əlinin arxa tərəfi ilə sifət nahiyyəsindən vuraraq qəsdən ona xəsarət yetirmişdir. Buna görə də 37-ci Polis Şöbəsinə şikayət ərizəsi yazmışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə, saat 11:30 radələrində Samir idarə etdiyi avtomobil ilə Xətai rayonu, Sabit Orucov küçəsində yerləşən «MEDİLAND» hospitalına gəlmişlər. Hospitalda olarkən təsadüfən Samirin mobil telefonunda tanımadığı qadın ilə ünsiyyətdə olduğunu aşkar etmişdir. Hospitalda cəmiyyət olduğu üçün bir təhər əsəblərini cilovlayıb ona bir söz deməmişdir. Saat 12 radələrində hospitaldan çıxıb onun ön hissəsində Samirin park etdiyi avtomobilə mindikdən sonra qısqanclıq hisslərini saxlaya bilməyib ona irad tutmuşdur ki, “bu nə deməkdir, yəni mən ola-ola sən niyə başqa qadınla ünsiyyətdəsən?”. Bu sözləri Samirə deyib onun üstünə qışqırmağa başlamışdır. Samir müdafiəsi üçün həmin qadınla əlaqəsi olmamasını bildirsə də, o, buna inanmamış və Samirin üstünə qışqırmağa başlamışdır. Onlar həmin zaman avtomobildə ön hissədə əyləşmişlər. Yəni Samir sükan arxasında o, isə onun yanında. Bu zaman Samir sağ əlinin arxa hissəsi ilə sifət nahiyyəsindən bir dəfə zərbə endirmiş və o, xəsarət almış və ağlamağa başlamışdır. Qərar vermişdir ki, Samir ilə ayrılsın. O isə ondan əl çəkməyərək onu narahat etməyə başlamışdır. Hadisə günü vaxtı olmadığından şikayət edə bilməmişdir. Bu səbəbdən də 2-3 gün sonra 37-ci Polis Şöbəsinə şikayət ərizəsi yazmışdır. Hadisə zamanı avtomobildə ikisi olmuşlar, mübahisə 3-5 dəqiqə davam etməklə heç kim görməmişdir. Polis Şöbəsində verdiyi izahatında tələsib yumruq yazmışdır. Əslində sağ əlinin arxa tərəfi ilə sifətindən vurmuşdur. Həmçinin o, ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və ona qarşı şikayət və tələbinin olmadığını bildirərək barəsində cərimə cəzasının təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 11 fevral 2025-ci il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanda yerləşən «Mediland Hospital»ın qarşısına baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 9-13); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X1 14 fevral 2025-ci il tarixli, 148 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sifətin sağ yarısının, sağ gözətrafı nahiyyənin dərialtı hematoması, sağ çənəaltı nahiyyənin qançırı, sağ yanağı və alt dodağın iç səthinin qansızması, üst dodağın səthi əzilmiş yarası müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2025-ci il tarixdə kənar şəxslər tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir (i.v. 18-19); zərərçəkmiş şəxs qismində tanınma haqqında 14 fevral 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 25); 20 fevral 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 50-51); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 19 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq gəlirindən 20% faiz tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnsitiya qərarının 1.5 bəndinə əsasən cəzadan azad edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən barəsində CMnin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir (i.v. 52-54); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-547/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir (i.v. 56-57); Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin MKTB-nin 17 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 18 fevral 2025-ci il tarixi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yeri üzrə müsbət xarakterizə olunur (i.v. 61); böyük ictimai təhlükə töətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat üzrə sübutların qiymətləndirilməsi haqqında 21 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri təsdiq olunmadığından, həmin xüsusat üzrə barəsində cinayət işinin başlanması rədd edilmişdir, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirildiyindən, məhkəməyədək sadələşdirilmiş icraat materialı məhkəməyə göndərilməsindən ötrü Xətai rayon prokurorluğuna təqdim edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” X3 Xətai rayon şöbəsinin verdiyi xx.xx.2024cü il tarixli, 673 saylı ekspert rəyi iş üzrə sübut növü kimi qiymətləndirilmişdir (i.v. 62-64); elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X2 vardır; məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, törətdiyi əməli etiraf etdiyini, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir; məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini qeyd etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə qeyd edir ki, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallarda olan izahatlar, ekspertiza rəyi, o cümlədən məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadənin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinin cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə ilə bağlı müddəasının şərh edilməsinə dair” 28 dekabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Beləliklə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CM-nin 73.2-ci maddəsinə əsasən xitam verildiyindən o, yenidən cinayət məsuliyyətindən azad edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı övladının olmasını, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxs ilə barışmasını, ona dəymiş ziyanı ödəməsini CM-nin 59-cu maddəsinə əsasən nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həlledir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1500 (min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-164/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-164/2025
13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver