Məhkəmə qərarları › İş №1(011)-165/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-165/2021

05.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-165/2021 05.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi X4, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Azpetrol YDM-də mühafizəçi işləyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Nərimanabad qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri Suraxanı rayonu O.Şabanov küçəsində nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Mövsüm oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə məhkəməyə verilmişdir ondan ötəri ki, o, xx.xx.2020-ci il tarixdə saat 16 radələrində ünvan 1 ünvanın yaxınlığında dostu Şahid1 Zərərçəkmiş şəxs ilə mobil telefonla danışıq zamanı bir birinə söyüş söyməsi səbəbindən aralarında baş vermiş dalaşmadan sonra münaqişəyə aydınlıq gətirmək üçün hadisə yerinin yaxınlığında Şahid1lə söhbət edən Zərərçəkmiş şəxs yaxınlaşıb heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə bir dəfə yumruqla sifətindən vuraraq ona çənənin sol mental və sağ oynaq çıxıntısının yerini dəyişmiş sınıqları, sol mil-bilək oynağı nahiyəsinin arxa səthinin, sol dirsək oynağı nahiyəsinin arxa səthinin və sol bud-çanaq oynağı nahiyəsinin bayır səthinin sıyrıqlarından ibarət xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin ümumilikdə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində evdə olmuşdur. Həmin vaxt dostu Şahin zəng edərək bir nəfər şəxsin ona telefonda söyüş söydüyünü və söhbət etmək üçün Köhnə Günəşliyə çağırdığını deyərək birlikdə görüşə getməyi xahiş etmişdir. Etiraz etməmiş və Şahinlə görüşüb 46 saylı xətt avtobusunun sonuncu dayanacağının yaxınlığında olan minifutbol stadionuna gəlmişlər. Saat 16 radələri olmuşdur. Şahin ona telefonda söyüş söyən, adının sonradan bildiyi Rauf adlı şəxsə zəng edib stadionda olduğunu demişdir. Təxminən 10-15 dəqiqədən sonra üç nəfər şəxsin gəldiyini, arxadan isə dörd-beş nəfərin də gəldiyini görmüşdür. Həmin üç nəfərin arasından Rauf irəli gələrək «kim idi mənimlə telefonla danışan» soruşmuşdur. Şahin Raufa telefonda onunla danışdığını deyəndə Rauf Şahinin üzərinə gələrək sonuncunu təpik və yumruqla vurmağa başlamışdır. Şahin də Raufa yumruqlar atmışdır. Tanımadığı bir neçə şəxslə birlikdə Raufu və Şahini aralamışlar, həmin vaxt ona da bir neçə yumruq zərbəsi dəymişdir. Sonra o, Şahinlə yolun əks tərəfinə keçmişlər. Yolu keçdikdən az sonra Rauf və dostları yolu keçərək Şahinin üzərinə hücum etmiş, Şahin yerə yıxılmışdır, yerdə uzanmış vəziyyətdə olarkən həmin şəxslər təpiklərlə Şahini vurmuşlar. Həmin vaxt o, araya girib Şahini müdafiə etmək məqsədi ilə, Raufu bir dəfə yumruqla sifətindən vurmuşdur. Zərbədən Rauf yerə yıxılmışdır. Həmin vaxt kimsə arxadan tutub onu yerə yıxmışdır. Kürəyi üstə yıxılmış və belindən və sağ qolundan xəsarətlər almışdır. Ayağa qalxandan sonra təkrar kimsə onu yerə yıxmışdır. Bu dəfə heç bir xəsarət almamışdır. Sonradan o ayağa qalxmışdır. Artıq kənardan gələn şəxslər Şahini uşaqlardan aralamışlar. İmkan tapıb Şahinlə oradan qaçıb getmişlər. Əlavə olaraq onu bildirir ki, o, İİ Qarabağ müharibəsinin iştirakçısıdır, xx xxxxxxxx 2020-ci il tarixdən sonuncu günədək döyüş əməliyyatlarında iştirak edərək göstərdiyi şəxsi igidlik və şücaətə görə “Cəbrayılın azad olunmasına görə” medalı və “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İndiyədək barəsində heç vaxt inzibati və cinayət işi olmamış, hər zaman qanunlara əməl etmişdir. Zərərçəkmiş şəxs vurmasının yeganə səbəbi Raufun yanında çox adamın olması və dostu Şahinin təklənməsini gördüyündən, onu qorumağa çalışması olmuşdur. Zərərçəkmiş şəxslə barışmış, əməlinin CM-nin 127.1-ci maddəsinə tövsif edilərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dinidirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən 2017-ci ilin yayında «İnstagram» sosial şəbəkəsindəki «raufmemmedov» profilindən onunla bir məhəllədə yaşayan Aygün adlı bir xanımın həmin sosial şəbəkədə olan profilinə «salam, necesən?» yazmış, Aygün də cavab yazmışdır. Sonra profilindən çıxmışdır. Növbəti dəfə, xx xxx 2020-ci il tarixdə «İnstagram» da Aygünə «salam, necəsən?» yazıb profilini tərk etmişdir. xx.xx.2020-ci il tarixdə profilinə daxil olub görmüşdür ki, Aygünün profilinin adı dəyişdirilsə də həmin profildən ona 27, 28 və xx xxxx 2020-ci il tarixlərdə tanımadığı bir şəxs cavab yazaraq kimin yazdığını, kimə yazdığını soruşmuşdur. Həmin yazışmanı çap etdirərək təhqiqat zamanı polis əməkdaşına təqdim etmişdir. Öz profilindən həmin şəxsə «kim?» yazmışdır. Həmin şəxs özünü təqdim etmədən səsli mesaj ataraq nə üçün tanımadığı adama yazdığını soruşaraq özünü aqressiv aparmışdır. Həmin şəxsə Aygünlə qonşu olduğunu və nə üçün sonuncuya yazdığını izah etsə də, həmin şəxs sakitləşməmiş və özünü aqressiv aparmışdır. Məsələyə aydınlıq gətirmək üçün və həmin vaxt işə gecikdiyi üçün «İnstagram» da yazan şəxsə 050 373 91 25 mobil nömrəsini yazaraq görüşə biləcəyini göstərmişdir. Həmin şəxs də əlaqə saxlayacağını demişdir. Onu da qeyd etmişdir ki, yazan şəxs adının Turac olduğunu və Hövsanda yaşadığını demişdir. Bu söhbət səhər saat 10 radələrində olmuşdur. Həmin gün saat 14 radələrində atasının iş yerinin yanında avtomobildə əyləşib gözləyən zaman mobil nömrəsinə tanımadığı bir şəxs zəng etmiş, həmin şəxsə «salam» verib kim olduğunu soruşmuş, həmin şəxs isə aqressiv şəkildə «qardaşıyam» cavabını vermişdir. Artıq başa düşmüşdür ki, zəng edən şəxs özünü Turacın qardaşı kimi təqdim edir. Həmin şəxs telefonda pis-pis söyüşlər söyərək onu təhqir etməyə başlamışdır. Cavab olaraq həmin şəxsə söyüş söymüşdür. Həmin şəxs axşam zəng edib görüşəcəyini demişdir. Saat 14:30-da atasını işdən evə gətirmişdir. Saat 15 radələrində evdə olan zaman yuxarıda qeyd etdiyi şəxs təkrar zəng edərək yaşadığı binanın yaxınlığında olduğunu və ora gəlməyi demişdir. Yaşadığı evin yaxınlığında olan stadiona gəlmiş, lakin orada heç kimi görməmişdir, sonra həmin şəxsə zəng edib stadionda olduğunu demişdir, həmin şəxs isə 46 saylı xətt avtobusunun sonuncu dayanacağının yaxınlığında olduğunu bildirmişdir. Bundan sonra həmin yerə gəlmişdir. Gəldiyi yer dayanacağın yaxınlığı olmuşdur, ətrafda park da olmuşdur. Orada idman cüssəli iki oğlanı görmüşdür. Sonradan bilmişdir ki, onlardan birinin adı Şahin, digərinin adı isə Camaldır, Şahin isə Turacın qardaşıdır. Şahin aqressiv şəkildə nə üçün qıza yazdığını soruşmuş, cavab vermək istəyəndə Şahin qəflətən yumruq atmış, lakin cəld tərpənmiş və zərbə dəyməmişdir. Şahin dərhal yumruqlarını yuxarı qaldırıb döyüş vəziyyətini almış, özü də özünü müdafiə etmək üçün döyüş vəziyyətini almışdır. Şahin üzərinə gələrək bir neçə dəfə yumruqla vurmaq istəmiş, lakin sonuncunu yaxına buraxmamaq üçün təpiklərlə bir neçə dəfə vurmuşdur, belə ki, bir dəfə təpiklə Şahinin sağ dirsək nahiyəsindən, bir dəfə təpiklə sol dirsək nahiyəsindən, bir dəfə təpiklə Şahinin sol ayağının dizdən aşağı hissəsindən və bir dəfə təpiklə qarın nahiyəsindən vurmuşdur. Bu dalaşma təxminən bir dəqiqə davam etmiş, həmin vaxt ətrafda olan tanımadığı şəxslər gəlib onları aralamışlar. Şahin və onun dostu Camal yolun əks tərəfinə keçmişlər. Onlar yolu keçdikdən bir müddət sonra Rauf da onlar tərəfə keçmiş, Camalın yanında duran Şahinin belindən tutaraq kənara çəkmiş, bu zaman Şahinin dostu Camal, onun Şahinlə dalaşmaq niyyətinin olduğunu düşünərək, yumruqla bir dəfə sifətindən vurmuşdur. Zərbədən huşunu itirib yerə yıxılmışdır. Təxminən 10 saniyədən sonra özünə gəlmiş, həmin vaxt tanımadığı iki əsgər ona ayağa qalxmağa kömək etmişdir. Ayağa qalxandan sonra çənəsinin sındığını görmüşdür. Şahin və Camal isə artıq aralanıb getmişlər. Sifəti və paltarları qan içində olduğu üçün əl-üzünü yuyub evə getmişdir. Sonra «Real» hospitalında çənəsindən əməliyyat olunmuşdur. Camal dostu Şahini qorumaq məqsədilə ona xəsarət yetirsə də, onlar arasında hər hansı ədavət və düşmənçilik yoxdur, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsin əməlinin CMnin 127.1-ci maddəsinə tövsif edilərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 13 ildir ki, boksla məşğul olur, «Neftçi» idman klubunun üzvüdür, 2016-cı ildə Rusiyanın Anapa şəhərində keçirilmiş boks üzrə Avropa çempionatında üçüncü yer tutaraq bürünc medal qazanmışdır. xx.xx.2020-ci il tarixdə günorta saatlarında yaşadığı evin həyətində olmuşdur. Həmin vaxt qardaşı Turacın mobil telefonla bir nəfər şəxslə əsəbi şəkildə danışdığı görmüş, bundan narahat olub Turacdan mobil telefonu götürüb həmin şəxslə danışmağa başlamışdır. Sonradan həmin şəxsin adının Rauf olduğunu bilmişdir. Həmin vaxt Turacla Raufun nə üçün mübahisə etdiklərini bilməmiş və Raufa da sakit tərzdə danışmağı deyərək hər hansı bir problem varsa onu həll etməyi təklif etmişdir. Rauf isə telefonda söyüş söyüb söhbət etmək istədiyi təqdirdə Köhnə Günəşliyə gələ biləcəyini demişdir. Məsələyə aydınlıq gətirmək üçün dostu Camala zəng edib birlikdə Köhnə Günəşliyə getməyi xahiş etmişdir. Camal etiraz etməmişdir. Sonra Raufa zəng edib Köhnə Günəşliyə gəldiyini demiş, Rauf isə 46 saylı xətt avtobusunun sonuncu dayanacağının yaxınlığında olan minifutbol stadionuna gəlməyi demişdir. Camalla birlikdə saat 16 radələrində Raufun dediyi yerə gəlmiş və Raufa zəng edib dediyi yerdə olduğunu bildirmişdir. Rauf da gələcəyini demişdir. Təxminən 10-15 dəqiqədən sonra üç nəfər şəxsin gəldiyini, arxadan isə dörd nəfərin də gəldiyini görmüşdür. Həmin üç nəfərin arasından Rauf irəli gələrək «kim idi mənimlə telefonla danışan» soruşmuşdur. Raufa onunla danışdığını deyəndə Rauf üzərinə gələrək təpik və yumruq atmışdır. Raufun təpikləri qollarına, qarnına, ayaqlarına dəymiş, yumruğu isə sinəsinə dəymişdir. Həmin vaxt bir dəfə yumruqla Raufu vurmuşdur. Zərbədən Rauf müvazinətini itirib yerə yıxılmış, lakin tez də ayağa qalxmışdır. Həmin vaxt kənardan gələn tanımadığı şəxslər gəlib onları aralamışlar. Aralandıqdan sonra o, Camalla yolun əks tərəfinə keçmişlər. Yolu keçəndən sonra Rauf və onun dostu üstünə hücum etmiş, ayağı büdrədiyi üçün yerə yıxılmışdır, yerdə uzanmış vəziyyətdə olarkən həmin şəxslər təpiklərlə onu vurmuşlar. Həmin vaxt Camal araya girib həmin şəxslərlə dalaşmışdır. Sonradan imkan tapıb ayağa qalxmışdır. Kənardan başqa şəxslərin və yaşlı insanların onları aralamaq üçün gəldiklərini görmüşdür. Həmin vaxt imkan tapıb Camalla birlikdə oradan qaçıb uzaqlaşmışlar. Evə qayıdandan sonra məlum olmuşdur ki, Zərərçəkmiş şəxs «İnstagram» sosial şəbəkəsində qardaşı Turacın sevdiyi Aygün adlı qıza mesajlar yazıb, buna görə də Turacla onların arasında mübahisə yaranıb. Həmçinin, Şahid1 Zərərçəkmiş şəxsla aralarında baş vermiş dalaşmanın 7-8 dəqiqə davam etdiyini və ətrafda təxminən 20-30 nəfər şəxsin olduğunu, Zərərçəkmiş şəxs yanında olan şəxsləri tanımadığını, üzdən görsə də onları hazırda tanıya bilməyəcəyini, hadisə vaxtı sol qolundan və qarnından xəsarətlər aldığını, həmin xəsarətləri ona Zərərçəkmiş şəxs təpiklərlə vuraraq yetirdiyini, yerdə uzanmış vəziyyətdə olarkən isə Raufun dostlarının təpiklərlə belindən və başından vurduqlarını, lakin həmin nahiyələrdən heç bir xəsarət almadığını, dostu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla dalaşdığını görmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Şahid4 2020-ci ilin yanvar ayından tanıyır. Həmin vaxt «Bizim market»də bir yerdə işləmişlər – özü satıcı, Aygün isə mühafizəçi işləmişdir. Təxminən fevral ayından yaxın münasibət saxlamağa başlamışlar, artıq Aygünü sevmişdir. Aygünü qısqandığı üçün sonuncunun «İnstagram» sosial şəbəkəsində olan səhifəsinin parolunu götürüb həmin səhifəni bağlamışdır ki, Aygün başqa bir şəxslə ünsiyyətdə olmasın. Təxminən bu ilin may ayında Zərərçəkmiş şəxs adlı şəxs Aygünə «İnstagram»da «salam, necəsən?» yazmışdır. Bu mesajı yalnız iyun ayının sonlarında oxumuş və cavab olaraq Raufdan kimə yazdığını soruşmuş, sonra get-gedə aralarındakı yazışma virtual mübahisəyə çevrilmişdir. Yazışmaları isə fasilələrlə davam etmişdir. Rauf söhbət etmək üçün onu yaşadığı Köhnə Günəşli qəsəbəsinə çağırmışdır. Onu da qeyd etmişdir ki, Rauf haqda Aygündən eşitmişdir. Belə ki, Aygün qonşusu olan Zərərçəkmiş şəxs ona bir dəfə mesaj yazdığını və Raufa cavab yazaraq sonuncu ilə «qız-oğlan» münasibəti saxlaya bilməyəcəyini dediyini bildirmişdir. xx.xx.2020ci il tarixdə saat 11-12 radələrində «İnstagram»da Raufla yazışarkən Rauf əlaqə saxlamaq üçün mobil nömrəsini vermişdir. Təxminən bir saatdan sonra Raufa zəng etmişdir. Həmin vaxt yaşadığı binanın qarşısında olmuşdur, qardaşı Şahin də yanında olmuşdur. Rauf telefonda çox aqressiv şəkildə danışmağa başlamış, buna çox əsəbiləşmişdir. Qardaşı Şahin bunu görən kimi, nə baş verdiyini soruşmuş və mobil telefonu götürüb Raufla danışmışdır. Rauf qardaşı ilə də aqressiv şəkildə danışaraq telefonda sonuncuya söyüş söyüb təhqir etmişdir. Qardaşı Şahin əlaqəni kəsib telefonu vermiş və Raufun söyüş söydüyünə görə gedib bu məsələni sonuncu ilə araşdıracağını demişdir. Onu da qeyd etmişdir ki, Rauf Şahinə görüş yeri təyin edərək sonuncunu yaşadığı Köhnə Günəşli qəsəbəsinə çağırmışdır. Həmin gün axşam məlum olmuşdur ki, Şahin dostu Camalla birlikdə Köhnə Günəşli qəsəbəsinə gedib və orada Raufla aralarında dalaşma baş verib. Dalaşmanın təfərrüatlarını bilmir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qonşusudur. Bir blokda yaşayırlar. xx.xx.2020-ci il tarixdə saat 15:30 radələrində idarə etdiyi avtomobili yaşadığı binanın yaxınlığında olan avtomobil dayanacağında saxlayıb məhəlləyə tərəf getmişdir. Həmin vaxt qonşusu Raufun mobil telefonla əsəbi şəkildə bir nəfər şəxslə danışdığını görmüş, söhbətdən başa düşmüşdür ki, Rauf həmin şəxslə görüşə gedir. Raufu səsləsə də, Rauf əhəmiyyət verməmişdir. Sonra təkidlə Raufdan nə baş verdiyini soruşmuş, Rauf isə bir nəfər şəxsin ona mobil telefonda söyüş söydüyünə görə aralarında mübahisənin yarandığını və hazırda həmin şəxslə məsələni aydınlaşdırmaq üçün görüşə getdiyini bildirmişdir. Sonra Rauf yoluna davam etmişdir. Raufla dostluq münasibətləri olduğu üçün sonuncunun arxasınca getmişdir ki, məsələnin gəlizləşməsinə imkan verməsin. Rauf 46 saylı xətt avtobusunun sonuncu dayanacağının yaxınlığında olan parka gəlmişdir. Həmin vaxt orada idman cüssəli iki nəfər dayanmışdır. Sonradan məlum olmuşdur ki, onlardan birinin adı Şahin, digərinin adı isə Camaldır. Rauf Şahinə çatanda sonuncuya nəsə demiş, Şahin isə həmin vaxt yumruqlarını yuxarı qaldırıb döyüş vəziyyətini almışdır. Rauf da döyüş vəziyyətini alandan sonra onlar bir-birinə təpik və yumruq ataraq dalaşmağa başlamışdır. Rauf təpiklərlə Şahini vurmuş, Şahin isə Raufa yumruqlar atmış, lakin Şahinin zərbələri Raufa dəyməmişdir. Sonra ətrafda olan tanımadığı şəxslərlə birlikdə Raufla Şahini aralamışlar. Uşaqlardan yaşda böyük olduğu üçün Şahinə Raufla aralarında baş vermiş mübahisəni sakit tərzdə davasız həll etməyi təklif etmiş və uşaqlarla yolun əks tərəfinə keçmişlər. Orada Şahinə ondan yaşda böyük olduğunu və sözlərinə qulaq asmağı xahiş etmişdir. Rauf da həmin vaxt Şahinə yaxınlaşıb sakit tərzdə söhbət etmək istədiyini bildirmişdir. Lakin həmin vaxt Şahinin dostu Camal arxadan Raufa yaxınlaşaraq qəflətən bir dəfə yumruqla Raufun çənəsindən vurmuşdur. Zərbədən Rauf yerə yıxılmışdır. Camal Raufun üstünə gedəndə arxadan Camalı tutub sonuncunu yerə yıxmışdır. Həmin vaxt Şahin yaxınlaşıb bir dəfə yumruqla sifətindən vurmuşdur. Lakin həmin vaxt ətrafda olan şəxslər gəlib Şahini və Camalı aralamışlar. Bundan sonra Şahin və Camal oranı tərk edib getmişlər. Rauf ayağa qalxandan sonra avtobus dayanacağının yaxınlığında olan su hovuzuna tərəf gəlmişlər və orada əl-üzünü yumuşlar. Həmin vaxt Raufun çənə nahiyəsinin sındığını görmüşdür. Sonra evə getmişlər, Rauf isə tibbi yardım almaq üçün sonradan xəstəxanaya getmişdir. Həmçinin, Şahid2 ifadəsində hadisə vaxtı ətrafda olan şəxsləri tanımadığını, həmin vaxt yanlarında uşaqlı-böyüklü təxminən 10 nəfər şəxsin olduğunu, Zərərçəkmiş şəxs görüşə tək gəldiyini, həmin vaxt Zərərçəkmiş şəxs arxasınca gedərək həmin yerə gəldiyini, Şahid1lə Zərərçəkmiş şəxs arasında dalaşmanın təxminən bir dəqiqə davam etdiyini, ikinci dalaşmanın isə dəqiqədən az davam etdiyini, hadisə vaxtı burnundan xəsarət aldığını, həmin xəsarəti ona Şahid1 yetirdiyini, lakin Şahid1 heç bir şikayət və tələbinin olmadığını, bu səbəbdən məhkəmə-tibbi müayinəsindən keçmədiyini, Təqsirləndirilən şəxs şikayət ərizəsində üç nəfər şəxsin onu və Şahid1 söyüb təhqir etdikləri və onlara hücum edərək müxtəlif bədən xəsarətlərini yetirmələri ilə bağlı göstərdiklərinin yalan olduğunu və belə bir halın baş vermədiyini, nə özünün, nə də ki, başqa bir şəxsin Təqsirləndirilən şəxs vurmadığını, məhkəmə-tibbi müayinəsi zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlərin hadisə vaxtı sonuncunu tutub yerə yıxan zaman ala biləcəyini istisna etmədiyini, dalaşma zamanı Şahid1 və Təqsirləndirilən şəxs əllərində hər hansı bir əşya və ya silah görmədiyini göstərmişdir. (i.v.72-75) Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Bir binada yaşayırlar. Buna baxmayaraq aralarında heç qonşu münasibəti belə olmayıb. Təxminən bir il bundan əvvəl Rauf «İnstagram» sosial şəbəkəsindəki profilinə yazaraq tanış olmaq istədiyini bildirmişdir. Lakin Raufa buna ehtiyacın olmadığını və qonşu olduqlarını bildirmişdir. Rauf bir müddət yazmamışdır. 2020-ci ilin aprel ayında iş yoldaşı Şahid3lə yaxın münasibət saxlamağa başlamışdır. Artıq bir birini sevmişlər. Həmin vaxt Xətai rayonu, Sarayevo küçəsində yeləşən «Bizim market»də işləmişlər – özü mühafizəçi, Turac isə satıcı işləmişdir. Bir birini sevdikləri üçün Turac «İnstagram»da olan profilinin şifrəsini istəmişdir. Buna etiraz etməmiş və profilinin şifrəsini Turaca vermişdir. Rauf 2020ci ilin may-iyul aylarında tanış olmaq məqsədi ilə təkrar yazanda profilini artıq Şahid3 idarə etmişdir. Turac Raufun yazdıqlarını görüb Raufa cavab olaraq mesaj yazmışdır. Bundan sonra onların arasında «İnstagram»da fasilələrlə yazışma olmuşdur. Həmin yazışma sonradan mübahisəyə çevrilmişdir. Sonradan Turacdan eşitmişdir ki, Rauf sonuncunun valideynlərinin ünvanına söyüş söydüyü üçün Turacın qardaşı Şahin dostu ilə birilkdə Raufla görüşə gediblər və orada aralarında dalaşma baş verib. Dalaşmanın təfərrüatlarını bilmir. Həmin dalaşmadan sonra Rauf «İnstagram» sosial şəbəkəsində ona mesaj yazmamışdır. (i.v. 72-75) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 127.1, 221.2.1-ci maddələri ilə cinayət işi başlanılmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır (i.v. 01); Təqsirləndirilən şəxs Mövsüm oğlunun Xətai RPİ-nin 35-ci PB-nin rəisi, polis polkovnik-leytenantı Rəhman İsmayılova ünvanlanan xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2020-ci il tarixdə dostu Şahid1lə birlikdə olan zaman Şahin ona onunla birlikdə Köhnə Günəşli qəsəbəsinə getməyi təklif etdi. Ora getdikdə təxminən 3 nəfər şəxsin onların üstünə gəlməsini və kobud küçə söyüşləri ilə onları təhqir etdiyini gördülər və ona görə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı həmin şəxslər qol və ayaq nahiyəsindən zərbələr vuraraq onu döydüyünü bildirmişdir (i.v 17); xx.xx.2020-ci il tarixli raportdan görünür ki, 1998-ci il təvəllüdlü Şahid1 sol saitin əzilməsi diaqnozu ilə müraciət etmişdir (i.v. 28); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X8 788 nömrəli canlı şəxsin ekspertizası barədə ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ bazunun, belin sol bayır səthinin qançırları, sağ dirsək aynağı nahiyəsinin və sağ saidin yuxarı 1/3-nin arxa səthinin qançırları və sıyrıqları müəyyən edilmiş, xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törədilmiş, müddəti qərarda göstərilmiş xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir, xarakterinə və lozalizasiyasına görə, qeyd edilən xəsarətlərin özünün-özünə yetirilməsi nəticəsində əmələ gəlməsi inkar olunur (i.v. 29-31); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X8 789 nömrəli canlı şəxsin ekspertizası barədə ekspert rəyindən görünür ki, Şahid1 sol dirsək oynağının yumşaq toxumasının hematomasının hematoması ilə müşayiət olunan sol bazu sümüyünün subkondilyar qapalı sınığı, qarının aşağı şöbəsinin sağ yan səthinin yumşaq toxumasının hematoması müəyyən edildi. Xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəri qərarda göstərilmiş xx.xx.2020-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə sol dirsək oynağının yumşaq toxumasının hematoması ilə müşayiət olunan sol bazu sümüyünün subkondilyar qapalı sınığı sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlmlığa AZ AĞİR zərərvurmaya aid edilir, qarının aşağı şöbəsinin sağ yan səthinin yumşaq toxumasının hematoması ilə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Xarakterinə və lozalizasiyasına görə, qeyd edilən xəsarətlərin özünün-özünə yetirilməsi nəticəsində əmələ gəlməsi inkar olunur (i.v. 32- 34); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X8 789 nömrəli canlı şəxsin ekspertizası barədə ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs çənənin sol mental və sağ oynaq çıxıntısının yerini dəyişmiş sınıqları, sol mil-bilək oynağı nahitəsinin arxa səthinin, sol dirsək oynağı nahiyəsinin arxa səthinin və sol bud-çanaq oynağı nahiyəsinin bayır səthinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə çənənin sol mental və sağ oynaq çıxıntısının yerini dəyişmiş sınıqları sağlamlığın uzn müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edirli, sıyrıqlar isə sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Xarakterinə və lozalizasiyasına görə, qeyd edilən xəsarətlərin özünün-özünə yetirilməsi nəticəsində əmələ gəlməsi inkar olunur (i.v. 35-37); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 54); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Möhsün oğlunun məhkumluğu haqqında DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 80); Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, CM-nin 127.1, 221.1-ci maddədələri ilə başlanmış olan ********* nömrəli cinayət işinin materialları CM-nin 127.1, 221.1-ci maddələrindən həmin məcəllənin 127.2.3-cü maddəsinə tövsif edilmişdir (i.v. 99-107); Cinayət işi materiallarında olan xx xxxxxx 2021-ci il tarixli cinayət təqibinə xitam verilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs barəsində CM-nin 127.1-ci maddəsi ilə olan cinayət təqibinə zərərçəkmiş şəxs Şahid1 ilə barışdığı və dəymiş ziyanı tam ödədiyindən CM-nin 73.2-ci maddəsinin tələblərinə əsasən xitam verilmişdir. (i.v. 109- 110); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Möhsün oğlu CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutlmuş ittiham ona xx xxxxxx 2021-ci il tarixdə elan edilmişdir (i.v. 113); Qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Möhsün oğlunun barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 138); Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran Rayon Şöbəsinin Azərbaycan Respublikası DİN Bakı şəhəri Xətai RPİ-nə ünvanlanan xx.xx.2020-ci il tarixli, 1160 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında”Qanuna əsasən, xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və xx.xx.2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmişdir (i.v. 88); Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsindən götürülmüş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Möhsün oğlu xx xxxxxx 2020-ci il tarixdə “Cəbrayılın azad olunmasına görə”, xx xxxxxx 2020-ci il tarixdə isə “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Zərərçəkmiş şəxs xx xxxx 2021-ci il tarixli və məhkəməyə təqdim edilən ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs Möhsün oğlu ilə barışmış, sonuncu ona dəymiş ziyanı tam ödəmiş, Təqsirləndirilən şəxs Möhsün oğlundan heç bir şikayət və tələbi yoxdur,iş üzrə icraata xitam verilməsinə etirazı yoxdur. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Möhsün oğlu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Möhsün oğlunun törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə xx xxxx 2020-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm təhqiqat, həm istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm təhqiqat, həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, iş üzrə Zərərçəkmiş şəxs öz instaqram hesabından qonşuluqlarındakı Aygün adlı xanıma müvafiq sosial şəbəkə vasitəsilə yazmış, bir müddət keçdikdən sonra isə sonuncu ilə yaxın münasibətdə olan Turac adlı şəxs onun instaqram hesabına nəzarət etdiyindən Aygünə yazanın kim olduğunu, onu hardan tanıdığını müəyyən etmək məqsədilə Zərərçəkmiş şəxs instaqram hesabına yazmışdır. Daha sonra isə onlar arasında keçən dialoq nəticəsində iş üzrə Zərərçəkmiş şəxs Aygünü tanıdığını, onun tanımadığı şəxsə yazmadığını, onu hardan tanıdığını, niyə və nə yazıbyazmadığını başa salmaq üçün görüş təklif etmiş və öz mobil nömrəsini vermişdir. Daha sonra isə Turac adlı şəxs Raufla görüşmək üçün onunla əlaqə saxlayan zaman onlar telefonda bir-biri ilə yüksək səslə danışmış, qardaşının aqressiv qaydada kiminlə isə telefonda danışdığını görən Şahin adlı şəxs telefonu qardaşından götürüb Zərərçəkmiş şəxsla özü danışmağa başlamış və Zərərçəkmiş şəxs dediyi yerə özünün gələcəyini bildirmişdir. Bundan sonra isə Şahid1 öz dostu olan Təqsirləndirilən şəxs zəng edib bir nəfər şəxsin ona telefonda söyüş söydüyünü və söhbət etmək üçün Köhnə Günəşliyə çağırdığını deyərək birlikdə görüşə getməyi xahiş etmişdir. Onlar birlikdə Raufun onları görüş üçün çağırdığı yerə getmiş, Raufu gözləyən zaman onunla bir neçə şəxsin də gəldiyini görmüş, dostu Şahin və Rauf arasında mübahisə yarandığından onlar bir-birinə vurmağa başladıqla Təqsirləndirilən şəxs və digər şəxslər onları ayırmış, daha sonra isə onlar yolun digər tərəfinə keçmişlər. Bu zaman Təqsirləndirilən şəxs dostu Şahinin digərlərinin arasında tək qaldığını görmüş, Şahinin digərləri tərəfindən təkləndiyini gördüyündən dostunu müdafiə etmək məqsədilə Zərərçəkmiş şəxs üzündən yumruq zərbəsi vuraraq ona az ağır zərərvurmaya aid xəsarətlər yetirmiş və imkan tapıb Şahinlə oradan qaçıb getmişlər. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara, qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, xx xxxx 2020-ci il tarixdə baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş, mübahisə iş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlamış, həmçinin, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyən olunmamışdır. Belə ki, həmin hadisə zamanı Təqsirləndirilən şəxs özüdə xəsarətlər almış, bu hal xx.xx.2020-ci il tarixli, 788 saylı ekspert rəyində də öz təsdiqini tapmışdır, bununla bağlı o, xx.xx.2021-ci il tarixdə ərizə ilə Xətai rayon 35-ci polis bölməsinə müraciət etmişdiir. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən təsirləndirilən şəxsə qarşı verilmiş ittihamın məzmunundan da göründüyü kimi cinayətin baş vermə səbəbi məlum olsa da istintaq orqanı tərəfindən cinayətin baş verməsinin səbəbi düzgün müəyyən edilməmiş, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda təqsirləndirilən şəxs tərəfindən hazırkı cinayət əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə xuliqanlıq niyyəti ilə törədilməsi kim qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq niyyəti kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq edən hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən, onun davam etməkdə olan davranış kimi qiymətləndirdiyi qanunsuz hərəkətinə qarşı olan cavab hərəkəti kimi ictimai qaydanı kobud surətdə pozmadan, cəmiyyətə açıqca hörmətsizlik göstərmədən, şəxsi münasibət zəminində zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində sağlamlığa zərər vurma kimi təzahür etmişdir. Cinayət işinin qeyd olunan obyektiv halları Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadə, şahidlərin ifadəsi, protokollar və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir (CPM-126.6.). “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlər olmamış, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3cü maddəsi ilə tövsif etmişdir. Hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi müəyyən edilməməklə mübahisə doğuran haldır. Həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar vardır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsinə dair sübutlar toplanılmamış, toplanılmış sübutlar isə Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulmasını, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsini inkar etmişdir. Eləcə də toplanmış sübutların məcmusu təqsirləndirilən şəxsə ittiham elan etmək üçün əsaslı deyildir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Müdafiə hüquqununun təməl insitutu kimi Təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığından, hətta belə düşünmək olar ki, Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Lakin, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs və şahidlərə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra həmin şəxslər məhkəmə istintaqında dindirilmişdir. Həmin şəxslərin ifadələri ilə Təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü maddəsi ilə elan olunmuş ittiham təkzib olunmaqla təqsirləndirilən şəxsin ifadəsi zərərçəkmiş şəxs və şahid ifadələri ilə təsdiq olunur və üst-üstə düşür. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs Turac adlı şəxsə Aygünü tanıdığını, onun tanımadığı şəxsə yazmadığını, onu hardan tanıdığını, niyə və nə yazıbyazmadığını başa salmaq üçün görüş təklif etdiyini və öz mobil nömrəsini verdiyini demiş, telefonda Turacın qardaşı ilə danışıb görüşəcəkləri yerə çağırmış, görüşdükdə isə Şahinlə onun arasında mübahisə yarandığından onların bir-birinə vurmağa başladıqlarını, Təqsirləndirilən şəxs və digər şəxslərin onları ayırdığını, daha sonra isə onların yolun digər tərəfinə keçdiklərini, Rauf yenidən onlar tərəfə keçib, Şahini belindən tutub kənara çəkəndə, Təqsirləndirilən şəxs dostu Şahinin onlar tərəfindən təkləndiyini düşündüyündən dostunu müdafiə etmək məqsədilə ona üzündən vurduğunu bildirmişdir. Avropa İnsan Hüquqları Məhkəmsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tətbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtiva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən ümumiyyətlə müəyyənləşdirilməmiş, həmçinin məhkəmə iclasında tədqiq edilən sübutlarla da həmin hal müəyyən edilməmişdir. Məhkəmə, əslində mübahisənin iş üzrə Zərərçəkmiş şəxs və Şahid1 arasında başlandığını, onlar arasındakı sözlü mübahisənin əlbəyaxa dava-dalaşa çevrildiyini, Şahid1lə Təqsirləndirilən şəxs dost olduğunu, onların Zərərçəkmiş şəxs yanında olan şəxslərə münasibətdə sayca azlıq təşkil etdiyini, təqsirləndirilən şəxs Camalın dostu Şahinin digərləri tərəfindən təkləndiyini düşündüyünü nəzərə alır, bu səbəbdən də qeyd edilənlərin hadisənin baş verməsində əsaslı səbəb kimi qiymətləndirir. Bu baxımdan məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində, hətta hadisənin gedişində Zərərçəkmiş şəxs sağlamlığa az ağır zərər vurmaya səbəb olan xəsarətlər yetirilsə belə, bu xuliqanlıq niyyəti kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri səbəbsiz və bəhanə olmamış, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməsi, özünü ətrafdakılara qarşı qoyması kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən və dostu Şahini qorumaq məqsədilə Raufa qarşı olan cavab hərəkətlər kimi təzahür etmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli qərarının 6-cı bəndində qeyd edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Məhkəmə işin faktik hallarına əsaslanaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı hərəkətlərini, o cümlədən onun Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmasını qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, eqoizmini, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığını nümayiş etdirib cəmiyyətə açıqca hörmətsizlik göstərmək, ictimai qaydanı kobud şəkildə pozmaq kimi xuliqanlıq motivinin əsasını təşkil edən niyyət və məqsədlər deyil, onun Şahin adlı şəxslə dostluq münasibətinin olduğunu, dostunun təklənərək döyüləcəyini düşündüyündən və belə düşünməsinə zəmin yaradacaq şəraitlə qarşılaşdığından, yalnız öz dostunu qorumaq məqsədilə zərərçəkmiş şəxsə xəsarət yetirdiyi qənaətinə gəlir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq niyyəti kimi deyil, sadəcə sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma—iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMnin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə cinayətdə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə hər birinə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar