Məhkəmə qərarları › İş №1(011)-166/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-166/2022

24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-166/2022 24.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Göyçay rayonu, M.Muradov küçəsi ev 32də qeydiyyatda olan, ünvan 1 ünvanında kirayədə yaşayan, barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.04.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İbtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 14 fevral 2022-ci il tarixdə saat bir radələrində ünvan 3 ünvanın yaxınlığında olan zaman Xətai RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 5 ünvanında yerləşən Xətai RPİnin 36-cı PŞ-nin inzibati binasına gətirilib xidməti otaqların birində üzərində şəxsi axtarış keçirilərkən, onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən istintaqla müəyyən edilməyən mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0.368 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd şəffaf selofanda şəxsi istehlak miqdarından az təmiz çəkisi 0.365 qram bitki mənşəli kütlə tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəlidir, yoldaşı və iki uşağı ilə birlikdə ünvan 7 ünvanında kirayədə yaşayır. Avtomobil yuma məntəqəsində işləməklə ailəsini dolandırır. Bu yaşadək cəmi iki dəfə marixuanadan istifadə etmişdir. Avtoyuma məntəqəsində olan zaman yerdən narkotik vasitə olan sellofana bükülmüş marixuana və 1 ədəd kağız bükülüdə olan şüşə adlanan psixotrop maddə tapmışdır. Tapdığı marixuananın bir qismini istifadə etmişdir. Qalan hissəsini və digər maddəni cibinə qoymuşdur. 14.02.2022-ci il tarixdə saat 01:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, “İskəndərçi" restoranının yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək ondan şəxsiyyətini təsdiq edən sənədi təqdim etməyi bildirmişlər. Cibində narkotik vasitə olduğundan özünü itirərək şübhəli aparmağa başlamışdır. Polis əməkdaşları bu səbəbdən ondan şübhələnərək onu Xətai RPİ-nin 36-ci Polis Bölməsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə 36-cı PB-nə gəlmişdir. Təhqiqatçı xidməti otaqların birində hüquqlarını izah etdikdən sonra polis əməkdaşları və ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini elan etmişdir. Bu zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindəki 1 ədəd şəffaf rəngli sellofanda olan bükümü və eyni cibindən 1 ədəd ağ kağızda olan bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Üzərindən aşkar edilmiş maddələr polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Daha sonra son sözündə təqsirləndirilən şəxs ilk dəfə belə səhvə yol verdiyini, himayəsində azyaşlı uşaqlarının olmasını, ailənin yeganə qazanc gətirən olmasını, əməlindən peşman olmasını, səmimi etirafını və ilk məhkumluğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş polis leytenantı X6 bildirmişdir ki, Bakı şəhər Xətai RPİ-nin 36-ci Polis Bölməsinin təhqiqatçısıdır. 14.02.2022-ci il tarixdə saat 01:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, “İskəndərçi" restoranının yaxınlığında polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitə təsiri altında olduğunu görüb ondan şübhələnərək şəxsiyyətini təsdiq etməsindən ötrü polis bölməsinə dəvət etmişlər. Polis bölməsində araşdırma zamanı həmin şəxsin xx.xx.1984cü il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra o, həmin şəxsə hüquq və vəzifələri izah etmişdir. Daha sonra hüquqlarını müdafiə etmək üçün vəkil dəvət edildikdən sonra vəkilin iştirakı ilə videoçəkiliş aparmaqla üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirən zaman o, könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofanın içərisində olan yaşıl rəngli ot tərkibli narkotik maddəyə bənzər vasitəni və həmin cibindən 01 ədəd kağıza bükülmüş içərisində ağ rəngli kristallardan ibarət narkotik vasitəyə bənzər kütləni masanın üzərinə qoyaraq həmin narkotik və psixotrop maddəni 20 Yanvar metrostansiyasının yaxınlığında işlədiyi avtoyuma məntəqəsindən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik və psixotrop maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilərək tədqiq edilmişdir. Onların ifadəsi təqsirləndirilən Təqsirləndirilən şəxs və şahid X3 ifadəsinə oxşar olmuş və heç bir ziddiyyət təşkil etməmişdir. İş materiallarında olan 14 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilərkən əynində olan tünd qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli torbanı çıxararaq masanın üzərinə qoyur. Torbanın içərisində olan maddənin marixuana olduğunu, həmçinin həmin cibindən bir ədəd ağ kağızda olan bükülünü çıxararaq içərisində psixotrop maddə metamfetamin olduğunu və həmin maddələri 20 Yanvar metrosunun yanında işlədiyi avtoyuma məntəqəsinin yanından tapdığını bildirir. Həmin kütlələr ayrı-ayrı zərfə qoyularaq möhürlənir və imzalanır. Axtarış videokamera vasitəsi ilə çəkilmiş və bir ədəd diskə köçürülərək iş materiallarına sübut kimi əlavə edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 fevral 2022-ci il tarixli 7/141 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs imza....” sözləri qeyd edilmiş zərfdəki bir ədəd şəffaf sellofanda təmiz çəkisi 0.365 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Tədqiqatdan sonra qalıq 0.315 qr). İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 fevral 2022-ci il tarixli, 6/912 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Vətəndaş Təqsirləndirilən şəxs üzərindən....” sözləri qeyd edilmiş zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.368 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (Tədqiqatdan sonra qalıq 0.318 qr). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 Şəxsinin 19.02.2022-ci il tarixli 811 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməsi aşkar olunmur və məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatindan sonra qalıq qalmış 0.318 qram psixotrop maddə metamfetamin, 0.315 qram narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Bakı şəhər Xətai rayon Polis idarəsinin saxlancına verilmişdir. Həmçinin şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videoçəkilişi əks etdirən 01 ədəd «DVD» disk iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 14 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən qəbul edilmiş 15 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlandığı MSY-dən azad edilmişdir. İş materiallarından məlum olur ki, 15 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhər Xətai Rayon Məhkəməsinin 21.04.2022-ci il tarixli qərardan görünür ki, məhkəmə çağırışlarından yayındığına görə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 09 may 2022-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs 09 may 2022-ci il tarixdə məhkəmənin qərarına əsasən tutulmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İİ 165993 saylı və AZ-İİ 509077 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən məlum olur ki, Təqsirləndirilən şəxs 22 noyabr 2006-cı il təvəllüdlü X1 və 08 mart 2011-ci il təvəllüdlü X2 adlı iki azyaşlı uşaqları var. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 28.02.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün səmimi etirafı, şahidlərin ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qurudulmuş marixuananın miqdarının şəxsi istehlak miqdarından yuxarı olmaması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müsbət xasiyyətləndirilməsi, şəxsiyyəti, özünə tənqidi yanaşması, doğurdan da əməlindən peşman olması, əməlində yüngülləşdirici halın mövcud olması, ağırlaşdırılan halların olmaması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, ilk dəfə cinayət törətməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 17 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olmadığı nəzərə alınmalı və Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyatda alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin maddi sübutlar saxlancına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,318 qram psixotrop maddə metamfetamin və 0.315 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 169 (yüz altmış doqquz) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 17 (on yeddi) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) ay 04 (dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,315 qram olan narkotik vasitə marixuana və 0,318 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman çəkilişi əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 169 (yüz altmış doqquz) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar