Məhkəmə qərarları › İş №1(011)-166/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-166/2025

22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-166/2025 22.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, onun nümayəndəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Füzuli rayonu, Arayatılı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Arayatılı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncuya polis əməkdaşları tərəfindən saxlanıldığını və azad edilməsi üçün guya pul verməli olduğunu yalan olaraq bildirib aldadaraq bu ad altında 2024-cü ilin yanvar ayının əvvəllərində ünvan 2 ünvanında Zərərçəkmiş şəxs onun tanışı Şahid1 vasitəsi ilə göndərilmiş hesabında 2000 manat olan “UniBank” kartını alıb həmin miqdarda pul vəsaitini nağdılaşdırmış və 08 fevral 2024-cü il tarixdə eyni üsulla ünvan 3 ünvanında olan “UniBank”ın filialının qarşısında Zərərçəkmiş şəxs 5000 manat, cəmi 7000 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 7000 (yeddi min) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 10 ildir tanıyırır. Aytacdan 2000 manat məbləğində pulun götürülməsi doğrudur. O, Tərlana gedib Aytacdan pulu götürməsini demişdir. Tərlan da gedib ondan pulu götürmüşdür. Başqa heç bir yerlə problemi yoxdur, sadəcə X9 əməkdaşları ilə problemi var idi. Nəsimi rayon X9 Şöbəsinin əməkdaşları onu avtoxuliqanlıq və içkili vəziyyətdə avtomobil idarə etdiyinə görə saxlamışdılar. Tərlana demişdir ki, polis onu saxlayıb və o, avtomobili oradan çıxarmalıdır, çünki işi avtomobillə əlaqəlidir. Tərlana gedib kartı götürməsini tapşırmışdır. O da kartı götürüb Əhmədliyə gəlmiş və onlar orada görüşmüşlər. Daha sonra Əhmədlidə yerləşən “Unibank” filialından 2000 manat pulu çəkmişlər. Aytaca zəng edib bildirmişdir ki, onu polis saxlayıb, problemi var və ona 2000 manat pul lazımdır. Özü Nəsimi rayonunda olduğu üçün Tərlana demişdir ki, Zığda yerləşən evlərinə gedib xanımdan kartı götürsün, sonra Əhmədliyə gəlsin, o da ora gələcək və birlikdə pulu çəkəcəklər. Gəlib kartı bankomatda istifadə edib pulu çəkmişlər. Polisə 2000 manat verməmişdir. Təxminən ***-**** manat arası pul vermişdir. Qalan məbləği isə öz borclarına və şəxsi ehtiyaclarına xərcləmişdir. Aytacla danışarkən ona demişdir ki, polisə vermək üçün ona 2000 manat lazımdır. Gündəlik lotereya oynadığı üçün avtomobilin orada qalması ilə hər gün daha da borclanır və bu pulu əldə etməyə ehtiyacı var. Aytaca pulu ona borc kimi verməsini demişdir. Aytacın yanında olarkən ona zəng gəlmiş və o da ona 5000 manat borcu olduğunu, bu səbəbdən zəng etdiklərini demişdir. Aytaca banka gedərək onun borclarını bağlaması üçün kredit çəkməsini demişdir. Onlar axşam “Whatsapp”da danışmışlar və səhərsi gün banka getmək üçün razılaşmışlar. Atasının “Rabitə Bank”da tanışı olduğu üçün ora getmişlər. “Rabitə Bank”dan kredit götürməmişlər, onlara imtina vermişlər. Oradan “Unibank”a gəlmişlər. Tərlan “Unibank”a getməsini və orda mobil nömrə istəməyəcəklərini demişdir. “Unibank”da tanışı olmamışdır. Aytaca borcları bağlamaq üçün pul lazım olduğunu demişdir. 5000 manatdan çox borcu olmuşdur. Borclu olduğu şəxslərin kim olduqlarını deyə bilmir. O, Əhmədlidə yerləşən McDonald’s restoranında gözləyən zaman Aytac ona mesaj yazaraq pulu götürdüyünü və yanına gəldiyini demişdir. Aytac banka tək getmişdir. 5000 manatı ondan götürmüş və borclarını ödəmişdir. Birinci aydan bu günə kimi hər ay borcunu ödəyir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, onun Aytacın etibarından sui-istifadə etməklə ona qarşı dələduzluq etmək niyyəti olmamışdır, sadəcə olaraq borcu olduğundan ondan 5000 manatı borc kimi istəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 9 ildir tanıyır. Vüsal onunla eyni məktəbdə oxumuşdur. Vüsalla onun münasibəti həmişə normal olmuşdur. Onlar hərdən tanış kimi mobil telefonla danışmışlar. 2024-cü ilin yanvar ayının əvvəllərində Vüsal ona zəng edərək, polis əməkdaşları tərəfindən saxlanıldığını, təcili 2000 manat pula ehtiyacı olduğunu bildirib köməklik göstərməsini xahiş etmişdir. O da Vüsalla olan tanışlıq münasibətlərinə görə kömək etmək qərarına gəlmişdir. Vüsala əlində nağd pul olmadığını adına olan “UniBank”a məxsus 4098-5844-6064-6852 saylı kart hesabında 2000 manat pul olduğunu və həmin pulu verə biləcəyini demişdir. Vüsal polis əməkdaşı kimi təqdim etdiyi tanışı Tərlanın gəlib ondan götürəcəyini demişdir. 10 yanvar 2024-cü il tarixdə, saat 20 radələrində Vüsalın tanışı Tərlan adlı şəxs onun yaşadığı ünvan 2 ünvanın qarşısına gələrək kartı götürmüş və o, kartın şifrəsini Tərlana bildirmişdir. Bir müddət sonra kartdan 2000 manat pul çıxılmışdır. Vüsal narahat olmamağı və pulu özünün ödəyəcəyini bildirmişdir. 2024-cü ilin fevral ayının əvvəllərində Tərlan ona zəng edərək, Vüsalı polis əməkdaşlarının yenidən saxladığını bildirmişdir. Bir neçə gün danışdıqdan sonra Tərlan ona Vüsalın polisdən buraxılmağı üçün 20000 manat pul istənildiyini, pulun yarısını düzəltdiklərini, qalan hissəsinə köməklik göstərməsi barədə təzyiq göstərmişdir. O, Tərlana pulunun olmadığını demişdir. Daha sonra Vüsalın qardaşı Samir də ona zəng edərək, Tərlanın onunla əlaqə saxladığını pul axtardıqlarını bildirmişdir. Bir neçə gün sonra Vüsal özü ona zəng edərək polis əməkdaşları tərəfindən saxlanıldığını və pul verməli olduğunu, köməklik göstərməsini, pulu özünün ödəyəcəyini demişdir. O, Vüsala inandığı üçün razılığını bildirmişdir. Bir neçə banka müraciət etsə də bir iki bank iş yeri olmadığı üçün imtina cavabı vermişdir. Həmin vaxt Vüsal onun yanında bir neçə dəfə atası Fikrətlə bankdan kredit götürməyə köməklik göstərməsi üçün danışmışdır. Fikrətdə müxtəlif adamlara zəng edərək onları oraya yönləndirmişdir. Daha sonra Tərlan Bakı şəhəri, Xətai rayonu, Əhmədli metroslansiyasının yaxınlığında olan “UniBank”ın filialında qohumunun olduğunu və ondan pul götürə biləcəklərini demişdir. 08 fevral 2024-cü il tarixdə Vüsalla görüşüb, Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında olan “UniBank”ın filialına gəlmişlər. Orada onun adına olan 5000 manat pul kredit verilmişdir. Bu zaman Tərlanda onların yanına gəlmişdir. O, həmin 5000 manat pulu orada əlbə-əl Vüsala vermişdir. Beləliklə, onun banka 7000 manat kredit borcu yaranmışdır. Daha sonra o, Vüsaldan pulu ödəməsini tələb etməyə başlamışdır. Vüsal isə hər dəfə müxtəlif bəhanələr gətirib pulu ödəməkdən yayınmışdır. Hal-hazırda Vusal ona 5300 manat ödəməlidir. Həmçinin o, məhkəməyə mülki iddia ərizəsi ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə onun etibarından sui-istifadə eşərək ona polis əməkdaşları tərəfindən saxlanıldığını və azad edilməsi üşün guya pul verməli olduğunu yalan olaraq bildirib aldadaraq bu ad altında 2024-cü ilin yanvar ayının əvvəllərində ünvan 2 ünvanında Zərərçəkmiş şəxs özünün tanışı Şahid1 vasitəsi ilə hesabında 2000 manat olan “UniBank” kartını alıb həmin miqdarda pil vəsaitini nağdlaşdırmışdır. Cinayət işinin materiallarından da görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan 7000 manatdan müəyyən məbləği zərərçəkmiş polisə şikayət etdikdən sonra ödəməklə hazırda 5300 manat ödənilməmiş ziyan məbləği qalmışdır. Beləliklə o, cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona vurulmuş 5300 manat maddi ziyanın, 320 manat vəkil xidməti üçün ödənişin və 73 manat ödənilmiş dövlət rüsumunun ondan tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, X2 ilə normal münasibətləri var. Təqsirləndirilən şəxs ona zəng edərək, polis əməkdaşları tərəfindən tutulduğunu və ona pul lazım olduğunu bildirdi, bu səbəbdən ondan Aytac adlı xanıma yaxınlaşmağını və onda olan kredit kartı götürməyini xahiş etdi. Həmin kartı aldıqdan sonra aparıb Təqsirləndirilən şəxs vermişdir. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs özünu yox, avtomobilini saxlayıblar. Lakin Təqsirləndirilən şəxs xanıma narkotik vasitələr ilə əlaqədar tutulduğunu bildirmişdir. Kredit kartını Təqsirləndirilən şəxs verdikdən sonra, o, bankomatdan kartdan pulu çəkmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs onun ilə əlaqə saxlamış və kredit götürmək istədiyini demişdir, istəyirdi ki, digər borclarını ödəsin və bir yerə borcu olsun. O, Aytac xanımın rəsmi maaş aldığını və onun adına kredit götürəcəyini bildirmişdir, bu məsələ onların arasında olmuşdur və o orada iştirak etməmişdim. Təqsirləndirilən şəxs hansı səbəbdən ona pul lazım olduğunu ona bildirməmişdir, ancaq onun kimlərəsə pul verməli olduğunu bilmişdir. Verilmiş suallara cavab olaraq o bildirmişdir ki, Təqsirləndirilən şəxs ikincə dəfə pul lazım olan zaman onun polis tərəfindən tutulduğu dəqiq yadında deyil. Səhv etmirsə onun borcları olduğu üçün Aytacın adına kredit götürərək, həmin borcları ödəmək istəyirdi. O ancaq Təqsirləndirilən şəxs bank seçməkdə köməklik göstərmişdir. Əvvəllər polisdə işləyib, lakin bu hadisələr baş verən zaman artıq polis orqanlarında çalışmamışdır. Özünü polis əməkdaşı kimi Aytaca təqdim etməmişdir. Aytac xanımın “LeoBank” banka məxsus bank kartında olan borcunun silinməsi üçün ondan köməklik istəmişdirlər, o da hansı banka yaxınlaşmaqlarını məsləhət etmişdir. Aytac xanımın adına kredit götürüləndə o, zamin kimi durmamışdır, ancaq şifahi olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs həmin borcu ödəyəcək. Təqsirləndirilən şəxs narkotik vasitələr ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən saxlanıldığından və bu səbəbdən pul lazım olduğu üçün Aytac xanımdan ona məxsus olan bank kartını götürmüş, lakin həmin zaman Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanmamışdır. İkinci dəfə Təqsirləndirilən şəxs pul axtarmasının səbəbi onun polis əməkdaşları tərəfindən saxlanılması dəqiq yadında deyil, hadisənin üstündən xeyli vaxt keçib. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir, cari məhkəmə iclasında verdiyi ifadə və ibtidai istintaq zamanı verdiyi ifadə ilə arasında olan ziddiyyətin səbəbi hadisənin üstündən xeyli vaxt keçməsidir və artıq baş vermiş hadisələrin tam yadında olmamasıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla arasında heç bir ədavət və düşmənçilik olmamışdır. 2024-cü ilin fevral ayında Vüsal ona zəng edərək, tanışına pul lazım olduğunu bankdan kredit götürmək istədiyini köməklik etməsini xahiş etmişdir. O, əvvəllər bir neçə dəfə “RabitəBank”-dan kredit götürüb ödədiyi üçün bankın bir neçə əməkdaşının mobil nömrəsi onda olmuşdur. Həmin əməkdaşa zəng etmiş və oğlu Vüsalın tanışına pul lazım olduğunu demiş və Vüsalı da həmin banka yönləndirmişdir, lakin kimin kredit götürəcəyini bilməmişdir. Vüsal həmin banka yaxınlaşmış və ona zəng edərək bankın pul vermək niyyəti olmadığını demişdir. O da Vüsala başqa tanışı olmadığını əgər alınmırsa verməyəcəklərini bildirmişdir. Bir müddət sonra bankın əməkdaşı da ona zəng etmiş və həmin şəxsin sənədləri qaydasında olmadığını bildirmiş, o da əgər kredit vermək mümkün deyilsə verməməsini demişdir. Bundan başqa onun heç bir məsələdən məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında 24 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v. 1); cinayət işinin icraata qəbul edilməsi haqqında 30 iyul 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi istintaqı aparılması üçün icraatına qəbul edilmişdir (i.v. 15); zərərçəkmiş şəxs qismində tanınma haqqında 02 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 17); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 36); axtarışda olan şəxsin tutulması haqqında 17 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 49); 18 oktyabr 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 71-74); təqdim etmə və götürmə aparılması haqqında 18 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs adına olan kreditin bir hissəsini ödəməsi barədə 5 (beş) ədəd qəbzi istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qəbzlərə baxış zamanı müəyyən edilmişdir ki, 5 ədəd qəbzdə “mpay” ödəmə terminalı vasitəsi ilə xx.xx.2024-cü il tarixdə 280 manat, xx.xx.2024-cü il tarixdə 275 manat, xx.xx.2024-cü il tarixdə 93 manat, xx.xx.2024-cü il tarixdə 271 manat və xx.xx.2024-cü il tarixdə 290 manat olmaqla, cəmi 1209 manat pul ödənilmişdir (i.v. 77-78); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 19 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 79-80); təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 19 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs dərhal Xətai RPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 95-96); məlumatlara baxış keçirilməsi barədə 19 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 ədəd CD diskə baxış zamanı içərisində 14 ədəd səs yazısı və 12 ədəd “Whatsapp” proqramı vasitəsilə aparılmış mətnlərinin şəkillərinin olması müəyyən edilmişdir. Həmin səs yazılarında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və Şahid1lə aralarında Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılması, pula ehtiyacı olması, pulu tezliklə qaytaracağı barədə danışıqların olması aşkar edilmişdir (i.v. 104); 27 yanvar 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 146-149); cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 07 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs, Şahid2, X4 və Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 5 ədəd qəbz və Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir (i.v. 153-160). Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul alsa da niyyətinin onun etibarından sui-istifadə edərək onu aldatmaq olmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, X2 ilə normal münasibətləri var. Təqsirləndirilən şəxs ona zəng edərək, polis əməkdaşları tərəfindən tutulduğunu və ona pul lazım olduğunu bildirdi, bu səbəbdən ondan Aytac adlı xanıma yaxınlaşmağını və onda olan kredit kartı götürməyini xahiş etdi. Həmin kartı aldıqdan sonra aparıb Təqsirləndirilən şəxs vermişdir. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs özünu yox, avtomobilini saxlayıblar. Lakin Təqsirləndirilən şəxs xanıma narkotik vasitələr ilə əlaqədar tutulduğunu bildirmişdir. Kredit kartını Təqsirləndirilən şəxs verdikdən sonra, o, bankomatdan kartdan pulu çəkmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs onun ilə əlaqə saxlamış və kredit götürmək istədiyini demişdir, istəyirdi ki, digər borclarını ödəsin və bir yerə borcu olsun. O, Aytac xanımın rəsmi maaş aldığını və onun adına kredit götürəcəyini bildirmişdir, bu məsələ onların arasında olmuşdur və o orada iştirak etməmişdim. Təqsirləndirilən şəxs hansı səbəbdən ona pul lazım olduğunu ona bildirməmişdir, ancaq onun kimlərəsə pul verməli olduğunu bilmişdir. Verilmiş suallara cavab olaraq o bildirmişdir ki, Təqsirləndirilən şəxs ikincə dəfə pul lazım olan zaman onun polis tərəfindən tutulduğu dəqiq yadında deyil. Səhv etmirsə onun borcları olduğu üçün Aytacın adına kredit götürərək, həmin borcları ödəmək istəyirdi. O ancaq Təqsirləndirilən şəxs bank seçməkdə köməklik göstərmişdir. Əvvəllər polisdə işləyib, lakin bu hadisələr baş verən zaman artıq polis orqanlarında çalışmamışdır. Özünü polis əməkdaşı kimi Aytaca təqdim etməmişdir. Aytac xanımın “LeoBank” banka məxsus bank kartında olan borcunun silinməsi üçün ondan köməklik istəmişdirlər, o da hansı banka yaxınlaşmaqlarını məsləhət etmişdir. Aytac xanımın adına kredit götürüləndə o, zamin kimi durmamışdır, ancaq şifahi olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs həmin borcu ödəyəcək. Təqsirləndirilən şəxs narkotik vasitələr ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən saxlanıldığından və bu səbəbdən pul lazım olduğu üçün Aytac xanımdan ona məxsus olan bank kartını götürmüş, lakin həmin zaman Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanmamışdır. Həmçinin, ibtidai istintaq zaman verdiyi ifadəsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Tərlana Aytaca polis əməkdaşları tərəfindən saxlanıldığını bildirərək pul almasını və Tərlanın onun sözü ilə Aytaca tutulduğunu deməsini etraf etmiş və öz imzası ilə ifadəsini təsdiqləmişdir. Bundan başqa, məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2024-cü ilin yanvar ayının əvvəllərində Vüsal ona zəng edərək, polis əməkdaşları tərəfindən saxlanıldığını, təcili 2000 manat pula ehtiyacı olduğunu bildirib köməklik göstərməsini xahiş etmişdir. O da Vüsalla olan tanışlıq münasibətlərinə görə kömək etmək qərarına gəlmişdir. Vüsala əlində nağd pul olmadığını adına olan “UniBank”a məxsus 4098-5844-6064-6852 saylı kart hesabında 2000 manat pul olduğunu və həmin pulu verə biləcəyini demişdir. Vüsal polis əməkdaşı kimi təqdim etdiyi tanışı Tərlanın gəlib ondan götürəcəyini demişdir. 10 yanvar 2024-cü il tarixdə, saat 20 radələrində Vüsalın tanışı Tərlan adlı şəxs onun yaşadığı ünvan 2 ünvanın qarşısına gələrək kartı götürmüş və o, kartın şifrəsini Tərlana bildirmişdir. Bir müddət sonra kartdan 2000 manat pul çıxılmışdır. Vüsal narahat olmamağı və pulu özünün ödəyəcəyini bildirmişdir. 2024-cü ilin fevral ayının əvvəllərində Tərlan ona zəng edərək, Vüsalı polis əməkdaşlarının yenidən saxladığını bildirmişdir. Bir neçə gün danışdıqdan sonra Tərlan ona Vüsalın polisdən buraxılmağı üçün 20000 manat pul istənildiyini, pulun yarısını düzəltdiklərini, qalan hissəsinə köməklik göstərməsi barədə təzyiq göstərmişdir. O, Tərlana pulunun olmadığını demişdir. Daha sonra Vüsalın qardaşı Samir də ona zəng edərək, Tərlanın onunla əlaqə saxladığını pul axtardıqlarını bildirmişdir. Bir neçə gün sonra Vüsal özü ona zəng edərək polis əməkdaşları tərəfindən saxlanıldığını və pul verməli olduğunu, köməklik göstərməsini, pulu özünün ödəyəcəyini demişdir. O, Vüsala inandığı üçün razılığını bildirmişdir. Daha sonra Tərlan Bakı şəhəri, Xətai rayonu, Əhmədli metroslansiyasının yaxınlığında olan “UniBank”ın filialında qohumunun olduğunu və ondan pul götürə biləcəklərini demişdir. 08 fevral 2024-cü il tarixdə Vüsalla görüşüb, Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında olan “UniBank”ın filialına gəlmişlər. Orada onun adına olan 5000 manat pul kredit verilmişdir. Bu zaman Tərlanda onların yanına gəlmişdir. O, həmin 5000 manat pulu orada əlbə-əl Vüsala vermişdir. Beləliklə, onun banka 7000 manat kredit borcu yaranmışdır. Daha sonra o, Vüsaldan pulu ödəməsini tələb etməyə başlamışdır. Vüsal isə hər dəfə müxtəlif bəhanələr gətirib pulu ödəməkdən yayınmışdır. Halhazırda Vusal ona 5300 manat ödəməlidir. Bundan əlavə, məhkəmə iclasında 01 ədəd CD formatlı diskdə olan səs yazılarına baxış zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və Şahid1lə aralarındakı söhbət zamanı Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılması, pula ehtiyacı olması, pulu tezliklə qaytaracağı barədə danışıqların olması aşkar edilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulduğunu iddia edərək həqiqətə uyğun olmayan məlumatlarla Zərərçəkmiş şəxs 7000 manat məbləğində pul vəsaitini ələ keçirməsi onun əməlində dələduzluq cinayətinin tərkib əlamətlərinin olmasına dəlalət edir. Bununla da, məhkəmə, zərərçəkmiş şəxsə və şahidə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmələrini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxs və şahidin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini (CM-59.1.14), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsi, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs 17 oktyabr 2024-cü il tarixdən 19 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ümumilikdə 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, iş üzrə maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs təqdim etdiyi 5 ədəd qəbz və Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd CD formatlı disk iş materiallarında saxlanılmalıdır (CPM-132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri olan ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş mülki iddia təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilibedilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs və nümayəndəsi Nümayəndə mülki iddia ilə məhkəməyə müraciət edərək cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurduğu 5300 (beş min üç yüz) manat maddi ziyanın, 320 (üç yüz iyirmi) manat vəkil xidməti üçün ödənişin və 73 (yetmiş üç) manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirməklə sonuncuya 7000 manat miqdarında maddi ziyan vurması müəyyən edildiyindən, həmin məbləğdən 1700 manat zərərçəkmiş şəxsə qaytarıldığından və qalıq məbləğ 5300 manat təşkil etdiyindən, mülki iddia təmin edilməli, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyana görə 5300 (beş min üç yüz) manat pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin internet səhifəsində olan dövlət rüsumunun hesablanması üçün nəzərdə tutulmuş kalkulyatorun göstəricisinə əsasən 5300 (beş min üç yüz) manat məbləğində pul tələbi üzrə dövlət rüsumu 73 (yetmiş üç) manat təşkil edir. Həmçinin, mülki iddia ərizəsinə əlavə edilmiş “mpay” ödəniş portalından əldə olunmuş ödəniş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən hüquqi yardımn göstərilməsi üçün Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə hesabına 330 manat (tutulması xahiş edilən məbləğ 320 manatdır) ödəniş edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, mülki iddiaçının iddia tələbinin təmin olunması nəzərə alınaraq ödənilmiş dövlət rüsumunun əvəzi olan 73 (yetmiş üç) manat və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Cinayət mühakimə icraatı üzrə məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 oktyabr 2024-cü il tarixdən 19 oktyabr 2024-cü il tarixədək şübhəli qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yer getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyana görə 5300 (beş min üç yüz) manat, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat və dövlət rüsumuna görə 73 (yetmiş üç) manat, ümumilikdə 5693 (beş min altı yüz doxsan üç) manat pul vəsaiti tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs təqdim etdiyi 5 ədəd qəbz və Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd CD formatlı disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar