Məhkəmə qərarları › İş №1(011)-167/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-167/2025

04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-167/2025 04.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1990-cı il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və 03 saylı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 57 A ünvanında xx.xx.2024-cü il tarixdə "xxxx" MMC rentacar şirkətindən icarəyə götürdüyü X1 məxsus 2014-cü il buraxılışlı **-VC-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobilin guya yeznəsinə məxsus olduğuna inandıraraq həmin avtomobili 3000 manat ilkin ödəniş etməklə Zərərçəkmiş şəxs satacağına dair yalan vəd verərək 3.000 manat pul vəsaitini alıb ələ keçirərək, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 3.000 (dörd min) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirərək, ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə internetdə «Lalafo.az» saytında avtomaşınlara baxarkən «Hyundai Elantra» markalı avtomaşının kreditlə ilkin ödəniş olaraq 4000 manat 36 ay isə 450 manat ödənişlə satılması barədə elan görmüş və həmin maşını bəyəndikdən sonra saytda qoyulmus ***-***-**-** saylı nömrə ilə əlaqə saxlamışdır. Həmin şəxs «Hyundai Elantra» markalı avtomaşının artıq satıldığını, lakin başqa maşınlara baxa bilcəyini bildirmiş, ona tanışı Əjdər adlı şəxsin nömrəsini vermişdir. O da verilmiş ***-***-**-** saylı nömrəyə zəng etmişdir. Həmin şəxs özünü Əjdər kimi təqdim etmiş və o, saytda gördüyü həmin Elantra markalı avtomobili soruşmuş, Əjdər isə ağ rəngli Elantranın artıq satıldığını, hazırda satışda eyni şərtlərlə başqa boz rəngli Elantranın olmasını bildirmişdir. O həmin avtomaşına gəlib baxmaq istədiyini bildirmişdir. Əjdər də ona axşam saatlarında olduğu ünvanı vatsap vasitəsi ilə göndərmiş, dayısı oğlu Elmir ilə həmin gün saat 20 radələrində Bakı şəhəri Xətai rayonu Ağ şəhərdə görüşmüş və avtomaşına baxmışdırlar. Həmin avtomaşını bəyənmiş və ailəsi ilə məsləhət etmək üçün vaxt istəmişdir. Səhəri gün yəni xx.xx.2024-cü il tarixdə saat 19:00-da Əjdərlə yenidən Ağ şəhər tərəfdə görüşmüşdür. Görüş zamanı Əjdər ona artıq avtomaşını almaq istəyən şəxsin olduğunu, uşağının xəstə olması səbəbindən əməliyyat olunmalı olduğunu, dəqiq olaraq avtomaşını almaq fikri varsa ilkin ödəniş 3000 manat olmaqla avtomaşını təcili satdığını bildirmişdir. Əjdərdən sənədləşməni hansı qaydada edəcəklərini soruşduqda Əjdər bildirmişdir ki, həmin avtomaşın yeznəsinin adınadır, etibarnamə verilməsi üçün ondan şəxsiyyət vəsiqə və sürücülük vəsiqəsini istəmişdir. Həmin sənədləri yeznəsinə göndərəcəyini və onlayn olaraq ona yeznəsi tərəfindən sürmə üçün etibarnamə veriləcəyini bildirmişdir. O da Əjdərin dediyi sənədlərin şəkilini göndərmişdir. Bundan sonra Əjdər telefonla kimnənsə danışdıqdan sonra ona artıq problemin olmadığını demiş, 3000 manat pulu almış və avtomaşının açarlarını ona vermişdir. Sonra isə sabah uşağını əməliyyatdan çıxardıqdan sonra onunla müqavilə bağlamaq üçün görüşəcəyini demişdir. O da razılaşdıqdan sonra həmin 99VC741 dövlət qeydiyyat nişanlı avtomaşınla yaşadığı ünvana getmişdir. xx.xx.2024-cü il tarixdə səhər satlarında Əjdərə zəng etmiş Əjdər ona özü zəng edib görüşəcəyini demişdir. O da Əjdərin zəngini gözləmiş və bundan sonra 2-3 dəfə zəng edərək nə vaxt görüşəcəyini soruşmuş Əjdər isə hər dəfə bir bəhanə edib ən sonda həmin gün görüşə bilməyəcəyini demiş və xx.xx.2024-cü il tarixdə səhər ona zəng edərək dəqiq olaraq görüşəcəklərini bildirmişdir.O da Əjdərə inanaraq razılaşmış və həmin avtomaşınla axşam saatlarında Bakıxanov qəsəbəsinə getmişdir. Təxminən 1 saatdan sonra avtomaşına yaxınlaşıb işə salmaq istəyəndə avtomaşının işə düşmədiyini görüb əvvəlcə avtomaşına başqa akkumlyator ilə cərəyan verməklə işə salmağa çalışmış, lakin avtomaşın işə düşmədiyi üçün evakuator çağırmalı olmuş və evakuator vasitəsi ilə avtomaşını yaşadığı məhəlləyə gətirərək saxlamışdır. xx.xx.2024-cü il tarixdə avtomaşını saxladığı ünvana tanımadığı şəxs gələrək həmin avtomaşının orada niyə saxlanıldığını soruşmuş və Rentacar şirkətinin rəhbəri olduğunu və həmin avtomaşını Elvin adlı şəxsə günlük icarəyə verməsini, lakin həmin şəxsin qeyd etdiyi vaxtda avtomaşını geri gətirməməsi səbəbindən avtomaşını idarə etmə pultu vasitəsi ilə mərkəzdən söndürülməsini bildirmişdir. O isə həmin şəxsə baş vermiş hadisəni danışdıqda həmin şəxs ona yəqin ki, həmin şəxs tərəfindən aldadıldığını bildirmişdir. O da aldadıldığını başa düşərək ərizə ilə Xətai RPİ-nin 37-ci PŞ-nə müraciət etmişdir baş vermiş cinayət hadisəsi nəticəsində ona cəmi 3000 manat maddi ziyan dəymişdir. Ona vurulmuş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış şahid X5 məhkəmə iclasına gəlməmiş, məhkəməyə məlumat verməmişdir.Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini nəzərə alaraq şahidin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında 06 dekabr 2024-cü il tarixli qərardan görünür ki, vətəndaş fakta görə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır ( i.v. 1); Xətai RPİ 37-ci PŞ-yə Zərərçəkmiş şəxs tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs 99VC741 dövlət qeydiyyat nişanlı «Hyundai Elantra» markalı avtomaşını ona satmaq adı ilə 3000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməklə ona zərər vurmuşdur. Həmin şəxsin barəsində qanuni tədbir görülməsini və onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir.(i.v. 6); Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 12 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v. 15); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamənin cavabından görünür ki, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. ( i.v. 26-27); 14 noyabr 2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, "xxxx" MMC Rent a Car tərəfindən 99VC741 dövlət qeydiyyat nişanlı «Hyundai Elantra» markalı avtomaşın Təqsirləndirilən şəxs icarəyə verilmişdir.(i.v 31) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli xx.xx.2014-cü il tarixdən hesablanması hökm olunmuşdur ( i.v. 34-36); xx.xx.2025-ci il tarixli axtarışda olan şəxsin yaxalanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində saat 16:00 radələrində tutulmuşdur.(i.v 46) 30 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır.(i.v 66) 30 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad olunması və qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ MSY-dən azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır(i.v 78) 31 yanvar 2025-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 57A ünvanında ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.(i.v 81) 18 fevral 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1 maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə cinayət təbiqinin başlanmasının rədd edilməsi, təqsirləndirilən şəxs,zərərçəkmiş şəxs,və şahidləri,işdə olan digər sənədlər iş üzrə sübut növü kimi qiymətləndirilməsi, X3 təqdim etdiyi müqavilənin surəti maddi sübut kimi tanınması və cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır. ( i.v. 83-87); Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə-min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhlkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə məhkum olunması onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və barəsində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə həbsdə olması nəzərə alınmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hökm elan olunduğu tarixdən hesablanmalı, iş üzrə maddi sübut X3 təqdim etdiyi icarə müqaviləsinin surəti cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 15 (on beş) saat üçün nəzərdə tutulan 165 (yüz altmış beş) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01(bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş 01(bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11(on bir) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və həbs qətimkan tədbiri höküm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(010)-59/2025 saylı qərarı ilə həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut X3 təqdim etdiyi icarə müqaviləsinin surəti cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 15 (on beş) saat üçün nəzərdə tutulan 165 (yüz altmış beş) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar