Məhkəmə qərarları › İş №1(011)-168/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-168/2022

24.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-168/2022 24.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru X4, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Füzuli rayonu, Kürdmahmudlu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, bir büküm kustar üsulla hazırlanmış, təmiz çəkisi 0,894 qram narkotik vasitə hesab olunan heroini əldə edərək, üzərində saxlamaqla daşımış, 28 yanvar 2022-ci il tarixdə, saat 14 radələrində Xətai Rayon Polis İdarəsinin 36cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində, ünvan 2 ünvanının qarşısında saxlanılıb, ünvan 3ləşən Xətai RPİ-nin 36-cı Polis Bölməsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı, əynindəki tünd boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi 0,894 qram olan qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, narkotik vasitələrin aludəçisidir. Narkotik vasitələri o, Xətai rayonunda yerləşən “Həzi Aslanov” metrostansiyasının yaxınlığında adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən alır. 28 yanvar 2022-ci il tarixdə, səhər saatlarında “Həzi Aslanov” metrostansiyasının yaxınlığına gedib, həmin şəxsi taparaq, 10 manata bir bükümdə narkotik vasitə olan heroin alıb, gödəkçəsinin cibinə qoymuşdur. Həmin gün, günorta saatlarında Xətai rayonu, M.Hadi küçəsində olan zaman, mülki geyimli şəxslər ona yaxınlaşıb, özlərini təqdim edib, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər onun hərəkətlərindən özünü şübhəli apardığını deyib, onu Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsində dəvət olunmuş vəkilin iştirakı ilə üzərində baxış keçirilmişdir. Baxışdan əvvəl ona üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş və o, əynindəki gödəkçənin cibindən bir ədəd bükümü təqdim etmişdir. Polis əməkdaşları ondan həmin bükümdəki maddənin nə olmasını soruşduqda, o, həmin bükümdə olan maddənin narkotik vasitə olan heroin olmasını, həmin maddəni öz istifadəsi üçün, adını bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. Daha sonra, polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş maddə bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 28 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə, əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də, ondan və sahə inspektoru Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra, onlar həmin gün, saat 14 radələrində Xətai rayonu, M.Hadi küçəsi 65 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar Təqsirləndirilən şəxs xarici əlamətlərinə oxşar şəxsi müəyyən edərək və həmin şəxsin özünü şübhəli apardığını görüb yaxınlaşaraq, özlərini təqdim etmişlər. Onlar həmin şəxsdən özünü təqdim etməsini xahiş etdikdə, sonuncu özünü xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması və daşımasında şübhəli olduğunu bildirib, həmin şəxsi Xətai RPİ-nin 36-cı Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsində dəvət edilmiş vəkilin iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməmişdən əvvəl, Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya olduğu təqdirdə, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan tünd boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli selofana bükülmüş bükülünü təqdim etmişdir. Həmin bükülüyə baxıldıqda, içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra, aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin sahə inspektoru Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və videogörüntüdən görünür ki, 28 yanvar 2022-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxararaq, masanın üzərinə qoyub, həmin bükülünün içərisindəkinin narkotik vasitə olan heroin olduğunu, həmin maddəni 28 yanvar 2022-ci il tarixdə, səhər saatlarında “Həzi Aslanov” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manata alaraq, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş maddə bir ədəd zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 yanvar 2022-ci il tarixli, 6/574 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs götürülmüş maddə ...” sözləri olan zərfdəki bir ədəd bükümdə, təmiz çəkisi 0,894 qram olan qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra qalıq - 0,844 qramdır. İş materiallarından görünür ki, 0,844 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 11 fevral 2022-ci il tarixli, 660 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. İş materiallarından görünür ki, 29 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Eyni zamanda, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyindən, seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində axtarış elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 21 may 2022-ci il tarixdə Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq, Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi barədə icra məmurunun təqdimatı təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 5 (beş) ay 3 (üç) gün hissəsi 2 (iki) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, cəza çəkməsinin əvvəli onun həbsə alındığı tarixdən hesablanması qərara alınmış, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.1-ci bəndinə əsasən, 10 noyabr 2021-ci il tarixdə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Göründüyü kimi, hazırda Təqsirləndirilən şəxs ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun 28 yanvar 2022-ci il tarixdən 29 yanvar 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu tarixdən, yəni 21 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,844 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 1 (bir) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 21 may 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,844 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar