Məhkəmə qərarları › İş №1(011)-169/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-169/2022

04.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-169/2022 04.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxx 1964-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, bir büküm kustar üsulla hazırlanmış, təmiz çəkisi 0,280 qram olan narkotik vasitə hesab olunan heroini əldə edib üzərində saxlamaqla daşımış, Xətai RPİ-nin 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində, 27 yanvar 2022-ci il tarixdə, saat 11:20-də ünvan 2 ünvanın qarşısında saxlanılıb, ünvan 3ən Xətai RPİ-nin 36-cı Polis Bölməsinə gətirilərək, videoçəkiliş vasitəsi ilə, müdafiəçinin iştirakı ilə, üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı, əynində olan göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi 0,280 qram olan qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən bir il olar ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri “Həzi Aslanov” metrostansiyasının yaxınlığında adını bilmədiyi, lakin üzdən tanıdığı bir şəxsdən əldə edirmiş. 26 yanvar 2022-ci il tarixdə, saat 21 radələrində “Həzi Aslanov” metrostansiyasının yaxınlığına gedib, həmin şəxslə görüşmüşdür. Orada həmin şəxsə 10 manat pul verib, ona narkotik vasitə olan heroin gətirməsini istəmişdir. Bir qədər sonra, həmin şəxs ona bir ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə olan heroini gətirib vermişdir. O, heroini əynində olan gödəkçənin cibinə qoymuşdur ki, bədənində ağrılar olan zaman istifadə etsin. 27 yanvar 2022-ci il tarixdə, saat 11 radələrində yaşadığı Xətai rayonu, Q.Ruliyev küçəsində olan zaman, mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmiş və onu Xətai RPİ-nin 36-cı Polis Bölməsinə dəvət etmişlər. O, heç bir etiraz etmədən, polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Daha sonra, ona müdafiəçi təqdim olunmuş və polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla, üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş və o, əynindəki gödəkçənin cibində saxladığı bir ədəd gümüşü rəngli kağızda olan bükümü çıxardıb təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan əldə etdiyini soruşanda, o həmin maddəni öz istifadəsi üçün “Həzi Aslanov” metrostansiyasının yaxınlığında adını bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. Sonra isə polis əməkdaşlarının və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və üzərindən aşkar edilmiş həmin maddə kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Xətai RPİ-nin 36-cı Polis Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin Xətai rayonu ərazisində narkotik vasitələrin əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə, onun tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də, ondan və 36-cı Polis Bölməsinin sahə inspektoru Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra, onlar məlumat əsasında saat 11:20-də Xətai rayonu, Ramiz Quliyev küçəsi 2 P ünvanının qarşısında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşmışlar. Onlar özlərini təqdim etmiş və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx xxx 1964cü il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə etməsi, saxlaması və daşınmasında şübhəli olduğunu bildirib saxlamış və Təqsirləndirilən şəxs Xətai RPİ-nin 36-cı Polis Bölməsinin inzibati binasına dəvət etmişlər. Daha sonra polis bölməsində dəvət olunmuş vəkilin iştirakı ilə, videoçəkilişdən istifadə olunmaqla, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyriqanuni maddə və ya əşya olduğu təqdirdə, təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Elman əynində olan göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd gümüşü rəngli kağızı təqdim etmişdir. Həmin kağız bükülünün içərisinə baxıldıqda, narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, 27 yanvar 2022-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd siqaret kağızındakı bükülünü çıxardaraq, masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükülünün içərisindəkinin narkotik vasitə olan heroin olduğunu, narkotik vasitəni xx.xx.2022-ci il tarixdə, axşam saatlarında “Həzi Aslanov” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manat müqabilində alaraq, üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaret kağızı bükümündə qəhvəyi rəngli, spesifik qoxuya malik maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüş, bu barədə protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2022-ci il tarixli, 6/541 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 151” dairəvi möhür əksi “Şübhəli şəxs Təqsirləndirilən şəxs imza” yazı və imzalar olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,280 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra qalıq - 0,230 qramdır. İş materiallarından görünür ki, 0,230 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 11 fevral 2022-ci il tarixli, 661 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 29 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Xətai RPİ-nin MSY-dən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 16 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 fevral 1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 169-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, hər ay qazancının 20 faizi dövlət nəfinə tutulmaqla, 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 fevral 1998-ci il tarixli hökmü ilə ona təyin olunmuş hər ay qazancının 20 faizi dövlət nəfinə tutulmaqla, 2 (iki) il müddətinə islah işləri cəzasını çəkmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 27 yanvar 2022-ci il tarixdən 29 yanvar 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,230 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,230 qram çəkidə kustar üsulla hazırlanmış narkotik maddə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar