Məhkəmə qərarları › İş №1(011)-171/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-171/2025

18.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-171/2025 18.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Neftçala rayonu, Neftçala şəhəri, X6 küçəsi, ev 13, mənzil 7 ünvanında qeydiyyatda olmaqla ünvan 2anında yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və naməlum şəxsdən beş ədəd soyuq silahı satmaq məqsədi ilə əldə edib icarəyə götürdüyü ünvan 3 ünvanında «Qazi Köşk»də saxlamış, Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində 02 may 2024-cü il tarixdə saat 15 radələrində həmin ünvandakı «Qazi Köşk»ə baxış zamanı 05 ədəd deşici-kəsici xassəyə malik soyuq silah hesab olunan zavod üsulu ilə hazırlanmış «kəpənək» formalı ümumi təyinatlı qatlanan ov bıçaqları aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən «Qazi Köşk»ü 2023-cü ilin dekabr ayının sonlarında Anar adlı şəxsdən icarəyə götürərək işlətmişdir. Belə ki, özü 44 günlük vətən müharibəsində iştirak etmiş və yaralandığı üçün qazi olduğundan Anar ondan icarə haqqı almamış və o, yalnız həmin köşkün aylıq işıq sərfiyyatı pulunu ödəmişdir. Şahid1 isə təxminən iki ildir ki, tanıyır, münasibətləri yaxşıdır. Belə ki, o, köşkdə olmadığı günlərdə Fərid orada satıcı işləmiş və o, Fəridə işlədiyi hər gün üçün 14 (on dörd) manat pul vermişdir. Həmin köşkdə müxtəlif siqaretlər, sular və digər gündəlik həyatda istifadə olunan bəzi əşyaların satışı ilə məşğul olur. Həmçinin həmin köşkdə müxtəlif formalı bıçaqlar da satır. Belə ki, o, həmin bıçaqları «Sədərək» Ticarət Mərkəzindən müxtəlif mağazalardan alaraq köşkdə satışını həyata keçirir. 02 may 2024-cü il tarixdə təxminən saat 15 radələrində o, şəxsi işləri ilə əlaqədar olaraq şəhərin mərkəzində olduğu zaman Fərid onun istifadəsində olan mobil nömrəyə zəng edərək köşkə polis əməkdaşlarının gəldiyini və təcili köşkə gəlməsini bildirmişdir. O da bundan sonra dərhal köşkə qayıtmışdır. Köşkə gələn zaman polis əməkdaşlarının köşkdə olduqlarını görmüş və sonuncular ona bildirmişlər ki, köşkdə satış üçün qoyduğu bıçaqların satışı qanunla qadağandır. Bundan sonra polis əməkdaşları onun iştirakı ilə köşkdə satış üçün qoyduğu 20 ədəd müxtəlif forma və ölçülü bıçaqları götürmüşlər və bu barədə protokol tərtib edilmişdir. Daha sonra o və Fərid polis əməkdaşları ilə birlikdə 35-ci Polis Bölməsinə gəlmiş, orada hadisə ilə bağlı izahatlar vermişlər. Bundan sonra 2024-cü ilin iyul ayında o, köşkü təhvil vermiş və hazırda həmin köşkdə kimin işləməsindən məlumatı yoxdur. Eyni zamanda, əməlindən səmimi peşmançılıq çəkdiyini və bir daha belə hallara yol verməyəcəyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən iki ildir ki, tanıyır. Belə ki, o, sonuncu ilə 44 günlük vətən müharibəsi iştirakçıları və qaziləri olan «Whatsapp» ani mesajlaşma qrupunda tanış olmuş, münasibətləri normaldır. Elmir ona demişdir ki, ünvan 3 ünvanında yerləşən «Qazi Köşk»ü vardır və demişdir ki, köşkdə olmadığı müddət ərzində onu həmin köşkdə əvəz etsin. Bunun müqabilində Elmir ona hər əvəz etdiyi gün üçün gündəlik 14 manat pul vermişdir. O, Elmirlə razılaşmış və bir neçə dəfə Elmir köşkdə olmadığı müddət ərzində o, sonnucunu əvəz edərək köşkdə olan malların satışı ilə məşğul olmuşdur. 02 may 2024-cü il tarixdə təxminən saat 15 radələrində o, köşkdə Elmiri əvəz edən zaman polis əməkdaşları köşkə gələrək, orada satış üçün qoyulmuş bıçaqların satışının qanunla qadağan olmasını bildirmişlər. O da bu barədə dərhal Elmirin istifadəsində olan mobil nömrəyə zəng edərək, polis əməkdaşlarının köşkə gəldiyini və təcili köşkə gəlməsini bildirmişdir. Bir neçə müddətdən sonra Elmir köşkə gəlmiş və polis əməkdaşları Elmirin iştirakı ilə köşkdə satış üçün qoyduğu 20 ədəd müxtəlif forma və ölçülü bıçaqları götürmüşlər və bu barədə protokol tərtib edilmişdir. Daha sonra o və Elmir polis əməkdaşları ilə birlikdə 35-ci Polis Bölməsinə getmiş, orada hadisə ilə bağlı izahatlar vermişlər. Bundan sonra o, bir daha həmin köşkə getməmişdir. Şahid2 məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmadığından məhkəmə tərəfindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Xətai RPl-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 02 may 2024-cü il tarixdə Xətai RPl-nin 35-ci PBnin CA üzrə əməliyyat müvəkkilləri, polis leytenantı Şahid3 və polis baş leytenantı Şahid4 ilə birlikdə inzibati ərazidə xidmət aparan zaman ünvan 3 ünvanında yerləşən «Qazi Köşk»də müxtəlif növ bıçaqların satış üçün vitrinə qoyulmasını aşkar etmişlər. Həmin vaxt köşkdə satıcı işləyən şəxsə özünü təqdim etməsini bildirdikdə, sonuncu xx.xx.2001-ci il təvəllüdlü Şahid1 olmasını demiş və müvəqqəti olaraq həmin köşkdə işlədiyini, həmçinin köşkün icarədarının Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla əlaqə saxlanılaraq köşkə dəvət edilmiş və bir neçə müddətdən sonra həmin şəxs köşkə gələrək, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs iştirakı ilə həmin köşkə baxış keçirilmiş və baxış zamanı qeyd olunan köşkdən satış üçün qoyulmuş 20 ədəd müxtəlif forma və ölçülü bıçaqlar götürülərək qablaşdırılmış, bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol isə iştirakçılar tərəfindən heç bir etiraz daxil olmadan imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bıçaqları satış məqsədi ilə «Sədərək» Ticarət Mərkəzində müxtəlif mağazalardan alaraq köşkə qoymuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 digər Şahid2 ilə eyni məzmunda ifadə vermişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid3 digər Şahid2 ilə eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 28 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və istintaqın aparılması üçün aidiyyəti üzrə RPİ-yə göndərilmişdir (i.v. 01); baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında 02 may 2024-cü il tarixli protokoldan görünür ki, hal şahidləri X3 və X1 iştirakları ilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd uzunluğu 20 sm, tiyəsinin uzunluğu 9 sm, 1 ədəd uzunluğu 15 sm, tiyəsinin uzunluğu 6 sm, 1 ədəd uzunluğu 20 sm, tiyəsinin uzunluğu 9 sm, 1 ədəd uzunluğu 16 sm, tiyəsinin uzunluğu 7 sm, 1 ədəd uzunluğu 16 sm, tiyəsinin uzunluğu 7 sm, 1 ədəd uzunluğu 16 sm, tiyəsinin uzunluğu 7 sm, 1 ədəd uzunluğu 16 sm, tiyəsinin uzunluğu 7 sm, 1 ədəd uzunluğu 15 sm, tiyəsinin uzunluğu 6 sm, 1 ədəd uzunluğu 16 sm, tiyəsinin uzunluğu 7 sm, 1 ədəd uzunluğu 17 sm, tiyəsinin uzunluğu 7 sm, 1 ədəd uzunluğu 17 sm, tiyəsinin uzunluğu 7 sm, 1 ədəd uzunluğu 22 sm, tiyəsinin uzunluğu 12 sm, 1 ədəd uzunluğu 24 sm, tiyəsinin uzunluğu 10 sm, 1 ədəd uzunluğu 24 sm, tiyəsinin uzunluğu 10 sm, 1 ədəd uzunluğu 24 sm, tiyəsinin uzunluğu 10 sm, 1 ədəd uzunluğu 22 sm, tiyəsinin uzunluğu 12 sm, 1 ədəd uzunluğu 22 sm, tiyəsinin uzunluğu 12 sm, 1 ədəd uzunluğu 22 sm, tiyəsinin uzunluğu 12 sm, 1 ədəd uzunluğu 17 sm, tiyəsinin uzunluğu 7 sm, 1 ədəd uzunluğu 22 sm, tiyəsinin uzunluğu 12 sm, 20 ədəd bucaqdır. Sözü gedən əşyalara işə əlavə olunması üçün baxış keçirilmiş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir (i.v. 08-12); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” PHŞnin xx.xx.2024-cü il tarixli 233/MTKŞ-2024 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş maddi sübutların məhkəmə-kriminalistik tədqiqatına əsaslanaraq, qərarda qarşıya qoyulmuş suallara müvafiq aşağıdakı nəticəyə gəlirəm: Təqdim olunmuş beş ədəd bıçaq (1, 2, 3, 4 və 5 nömrəli bıçaqlar) zavod üsulu ilə hazırlanmış, "Kəpənək" formalı, ümumi təyinatlı qatlanan ov bıçaqlarıdır və deşici-kəsici xassəyə malik soyuq silahdırlar. Təqdim olunmuş bir ədəd predmet zavod üsulu ilə hazırlanmış, "Kəpənək” formalı, məişət təyinatlı daraqdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş 14 ədəd (7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 və 20 nömrəli bıçaqlar) bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı qatlanan cib bıçaqlarıdır və soyuq silah hesab edilmirlər (i.v. 18-31); cinayət işinin icraata qəbul edilməsi haqqında 03 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə olan ********* saylı cinayət işi icraata qəbul edilərək istintaqı aparılmışdır (i.v. 36); ittiham elan etmək üçün şəxsin tutulması haqqında 01 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan etmək üçün şəxsin tutulması qərara alınmışdır (i.v. 41); cinayət işi üzrə icraatın dayandırılması haqqında 01 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə olan ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır (i.v. 43); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və əlavə edilmiş hökmdən görünür ki, Təqsirləndirilən şəxs AR CMnin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə aylıq qazancının 05 (beş) faizi miqdarında dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmişdir (i.v 45-46. 48-55) ünvan 5 ünvanladığı məktubdan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Sumqayıt Şəhər Probasiya Şöbəsinin 18 iyul 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək Sumqayıt şəhər məhkəməsinin 1(060)-540/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə 01 (bir) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə aylıq qazancının 05 (beş) faizi miqdarında dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Yuxarıda sözü gedən hökm xx.xx.2024-cü il tarixində qanuni qüvvəyə minmiş, xx.xx.2024-cü il tarixində Sumqayıt şəhər Probasiya şöbəsinin icraatına daxil olmuşdur. İcraata daxil olduğu gün və ondan sonra da dəfələrlə məhkum Təqsirləndirilən şəxs çağırış və bildirişlər göndərilərək mobil telefon nömrəsinə zənglər edilərək çağırılmasına baxmayaraq bu günədək cəzanı icra edən orqana gəlməkdən yayınmışdır. Məhkum Təqsirləndirilən şəxs hal-hazıradək üzərində olan islah işləri cəzasını icra etməmiş, aylıq qazancının 05 (beş) faizi miqdarında dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası çəkilməmiş qalmışdır, məhkum Təqsirləndirilən şəxs barəsində 01(bir) il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə əlavə cəzasını 08(səkkiz) ay 18(on səkkiz) gün hissəsi keçmiş, 03(üç) ay 12(on iki) gün hissəsi qalmışdır. Axtarışda olan şəxsin tutulması haqqında 09 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 14:00-da könüllü olaraq Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasına gəlmişdir (i.v. 57); cinayət işi üzrə icraatın təzələnməsi haqqında 09 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə olan ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 58); 10 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.(i.v 83-84) Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və qətimkan tədbirinin seçilməsi barədə 10 fevral 2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai RPİ-nin MSY-dən azad edilmiş və həmin tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 98-102); Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2024-cü il təvəllüdlü X4 adlı övladı vardır (i.v 120) Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” müdalları ilə təltif olunmuşdur (i.v. 122-124); Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs Hərbi əməliyyatlar zamanı qarın boşluğuna nüfuz edən odlu silah yaralanması nazik bağırsaq ilgəklərinin zədələnməsi ilə müşayiət çolunan kor qəlpə yaralanmasına görə aparılmış Laparatomiya nazik bağırsağın rezeksiyası sekestomanın çıxarılması relaparatomiya sekestomanın ləğvi, entero-entetroanastomozun qoyulması qarın boçluğunun sanasiyası və drenajı pankreasın psevdokistasına görə aparılmış Leraparatomiya bağırsaqların təxliyə funksiyasının cüzi dərəcədə pozulması ilə. Periton bitişmələri diaqnozu ilə ikinci dərəcə əlillik müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 17 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham dəyişdirilməfən qüvvəsində saxlanılmış, iş üzrə ekspert rəyi sübut növü kimi qiymətləndirilmiş, ünvan 3 ünvanında yerləşən «Qazi Köşk»dən aşkar olunaraq götürülmüş 05 ədəd zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilən, deşici-kəsici xassəyə malik, “kəpənək” formalı, ümumi təyinatlı qatlanan ov bıçaqları – ümumilikdə 20 (iyirmi) ədəd bıçaq saxlanılması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmişdir ( i.v 125-129). Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə cinayət işi materiallarında olan protokollarda göstərilən xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin köhnə redaksiyasının 228.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 68.3.1-ci maddəsinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulur; 228.4-cü maddəsinə (köhnə redaksiyada) əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) sair kəsici deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyintına malik olan nizə, döyüş baltası və s., eləcə də zərbə-dağıdıcı təsirli əşyalar beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir (13-cü bənd). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olmasını (CM 59.1.4), əməlindən səmimi peşmanlıq çəkməsini və Vətən müharibəsi iştirakçısı olmasını (CM 59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin köhnə redaksiyasının 228.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)- 540/2024 saylı hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona təyin edilmiş cəza ilə qismən birləşdirilməli və qəti olaraq nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, həmin məcəllənin 69.3-cü maddəsinə əsasən tutulduğu 01 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cəzalar müstəqil icra olunmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2anında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Cinayət iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş 05 ədəd zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilən, deşici-kəsici xassəyə malik, “kəpənək” formalı, ümumi təyinatlı qatlanan ov bıçaqları – ümumilikdə 20 (iyirmi) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin köhnə redaksiyasının 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)- 540/2024 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə aylıq qazancının 05 (beş) faizi miqdarında dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasının çəkilməmiş, 03 (üç) ay 12 (on iki) gün müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə və 01 (bir) il müddətə islah işləri cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən islah işləri cəzasının azadlığın məhudlaşdırılması növündə cəzanın 01 (bir) günə 02 (iki) gün hesabı ilə hesablanmaqla 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən ona təyin edilmiş 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilsin və ona qəti olaraq 03 (üç) ay 12 (on iki) gün müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 09 (doqquz) ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 01(bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanının bir günə iki gün hesabı ilə hesablanmaqla, 02(iki) gün müddət ona təyin edilmiş 09(doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində 03 (üç) ay 12 (on iki) gün müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 08(səkkiz) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşadırılması cəzası saxlanılsın. Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cəzalar müstəqil icra olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş 05 ədəd zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilən, deşici-kəsici xassəyə malik, “kəpənək” formalı, ümumi təyinatlı qatlanan ov bıçaqları – ümumilikdə 20 (iyirmi) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar