Məhkəmə qərarları › İş №1(011)-173/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-173/2022

26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-173/2022 26.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.04.2019-cu il tarixli hökmü ilə 02 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, ev 25, İnternat 1-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə AR ƏN Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 13 yanvar 2022-ci il tarixdə saat 02 radələrində "xxxx" MMC-nin ünvan 1 ünvanda yerləşən şirniyyat mağazasının sol hissəsində olan kiçik ölçülü pəncərəni üzərində olan vintaçan alətin vasitəsi ilə açaraq qanunsuz olaraq oraya daxil olub, içərisində 90 manat dəyərində pul olan bir ədəd 25 manat qiymətində istifadədə olmuş qara rəngli 41x42x10 sm ölçüdə kassa aparatının çəkməcəsini gizli olaraq talayıb zərərçəkmiş şəxs "xxxx" MMC-yə ümumilikdə 115 (yüz on beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 13 yanvar 2022-ci il tarixdə saat 02:30 dəqiqədə "xxxx" MMC-nin ünvan 1 ünvanda yerləşən şirniyyat mağazasının sol hissəsində olan kiçik ölçülü pəncərəni üzərində olan vintaçan alətin vasitəsi ilə açaraq qanunsuz olaraq oraya daxil olub, içərisində 108 manat dəyərində 06 qutu 0,500 qram çəkidə olan duzlu antep fıstığını gizli olaraq talayıb zərərçəkmiş şəxs "xxxx" MMC-yə ümumilikdə 108 (yüz səkkiz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 13 yanvar 2022-ci il tarixdə saat 03 radələrində ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs icarədarı olduğu anbarın arxa hissəsində olan kiçik ölçülü pəncərəni açaraq qanunsuz olaraq içəri daxil olub oradan sonuncuya məxsus 130 manat qiymətində ağ rəngli 2,5 diametrli, içərisi göy və qırmızı rəngli mis naqildən olan 130 metr uzunluğunda elektrik naqilini, bir ədədi 10 manat olan 100 manat dəyərində 10 ədəd su sayğacına aid olan ştuçeri və saxlanc yeri hesab edilən dolabın siyirməsindən 170 manat pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 400 (dörd yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1 saylı İnternat evində böyümüşdür. 2018-ci il tarixdə Xətai RPİ-nin İŞ-si tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə həbs olunaraq cinayət işi Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Xətai Rayon Məhkəməsinin hökmü ilə Qobustan həbsxanasında 3 il 02 ay 26 gün cəzasını çəkdikdən sonra 2021-ci ilin oktyabr ayının 20-də azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra heç bir yerdə işləmədiyi üçün öz şəxsi ehtiyyaclarını ödəmək məqsədi ilə küçələrdən dəmir yığmaqla məşğul olmuşdur. Lakin 2022-ci ilin evvelinde küçələrdən dəmir tapa bilmədiyi üçün 12 yanvar 2022-ci il tarixdə oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə həmin günü saat 16 radələrində ünvan 3 ünvanda yerləşən Bakı Metropolitenin “Əhmədli” stasiyasının çıxışına yaxın yerdə yerləşən "xxxx" şirniyyat mağazasının qarşısından piyada keçərkən mağazaya axşam oğurluq etmək məqsədi ilə daxil olmağı qərarlaşdırmışdır. Bu məqsədlə həmin mağazanı küçədən ətraflı olaraq müşahidə etmişdir. Müşahidə zamanı müəyyən bilmişdir ki, "xxxx" şirniyyat mağazası ilə “Music Gallery” mağazasının arasında olan bir metrlik məsafədən daxil olacağı halda şirniyyat mağazasına plastik pəncərədən daxil ola bilər. Ona görə də gecənin düşməsini və ətrafda heç kimin olmadığını gözləmişdir. 13 yanvar 2022-ci il tarixdə saat 01 radələrində "xxxx" şirniyyat mağazasının qarşısına yaxınlaşıb ətrafda kimsənin olmadığını görüb qeyd etdiyi aralıqdan keçərək şirniyyat mağazasının ağ plastikdən olan nəfəslik yerini özü ilə gətirdiyi vintaçanla açıb içəri daxil olmuşdur. Mağazanın içinə baxarkən diqqətini böyük dəmir seyf və kassa cəlb etmişdir. Seyfi əli ilə yoxlamış, lakin seyfi açmağın çox vaxt aparacağını başa düşmüşdür. Buna görə də kassaya yaxınlaşıb kassanı açmaq istəmişdir, ancaq kassanı açmağın çox vaxt aparacağını görüb kassanın özünü oğurlamaq qərarına gəlmişdir. Kassanı bütövlükdə əli ilə götürüb həmin plastik nəfəslikdən mağazanı tərk edib küçəyə çıxmışdır. Bakı Metropolitenin “Xalqlar Dostluğu” stansiyasına, yəni ünvan 5 ünvan istiqamətində piyada hərəkət edərək yolun kənarında olan binanın zirzəmisinə enən pilləkənlərlə düşmüşdür. Həmin pilləkənlərdə kassanı açıb içinə baxdıqda kassada 40 manata yaxın qəpik pullar və 50 manatlıq kağız pul əskinazları olduğunu görmüşdür. Həmin pulları götürüb yaxınlıqda yerləşən mağazaların birinə gedərək orada özü üçün yemək və spirtli içkilər almışdır. Yenidən həmin pilləkən olan yerə qayıdıb yeməyini yeyib içkiləri qəbul etdikdən sonra oğurladığı pulların qalanını sellofan torbaya qoymuşdur. Yenidən saat 03 radələrində "xxxx" şirniyyat mağazasına oğurluq etmək məqsədi ilə qayıtmışdır. Nəfəslikdən təkrar daxil olaraq orada dəmirdən olan seyfi açıb içinə baxmaq istəmiş, lakin həmin seyfin qapısını aça bilmədikdə, şirniyyat mağazasının digər otaqlarına keçmişdir, lakin dəyərli əşya tapa bilmədiyi üçün özü ilə gətirdiyi torbaya vitrindən 06 paket “duzlu antep fıstığını” qoyub oradan çıxmışdır. Yenidən həmin pilləkənlər olan yerə gəlmiş və oğurladığı 06 paket “duzlu antep fıstığını” pilləkənlər olan yerə qoyub sellofan torbaya qoyduğu pulları götürmüşdür. Daha sonra ünvan 6 ünvanda yerləşən "xxxx" QSC-nə aid olduğunu bildiyi anbar diqqətini cəlb etmişdir. Həmin anbara daxil olmağı fikirləşmişdir. Bunun üçün anbarın arxa hissəsində yerləşən nəfəsliyə tərəf getmişdir. Ətrafda kimsə olmadığını dəqiqləşdirdikdən sonra həmin nəfəsliyi əli ilə itələyərək açıb içəri daxil olmuşdur. İçəriyə baxdıqdan sonra anbarda olan dolabın alt hissəsində qəpiklərin olduğunu görüb götürmüşdür. Qəpiklərdən əlavə anbarda olan elektrik naqillərindən və su sayğacına aid ehtiyyat hissələrindən satmaq məqsədi ilə götürmüşdür. Səhər açıldıqdan sonra həmin götürdüyü naqilləri və ehtiyyat hissələrinin bir hissəsini “Əhmədli” metrostansiyasının yaxınlığında yerləşən metal qəbulu yerinə aparmışdır. Metal qəbulunda işləyən şəxsə həmin mis naqilləri və ştuçerləri təklif etdikdə sonuncu həmin əşyaları almaq istəmədiyini bildirmişdir. Həmin şəxsdən xahiş etmişdir ki, müvəqqəti olaraq həmin əşyaları mis qəbulu yerinin yaxınlığına qoyub geri qayıdanda götürər. Həmin şəxs də razılaşmışdır. Həmin yerdən 200-300 metr kənarlaşdıqda Qamət adlı şəxs arxadan çağırmışdır. Qamətə yaxınlaşdıqda sonuncu nə səbəbdən anbarından oğurluq etdiyini soruşduqda ona etdiyi əməli etiraf edib oğurladığı əşyaları ona qaytarmışdır. Həmçinin o qeyd etmişdir ki, hal-hazırda zərərçəkmiş şəxslərlə barışmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 5-6 il bundan əvvəl "xxxx" MMC-də anbardar vəzifəsində işləməyə başlamışdır. İşlədiyi şirkət "xxxx" QSC ilə müqavilə bağlayaraq Bakı şəhəri, Xətai rayonu ərazisində podratçı şirkət kimi fəaliyyət göstərərək vətəndaşların yaşadığı mənzillərə su xətlərinin çəkilməsi ilə məşğul olur. Həmin podratçı şirkətə məxsus anbara nəzarət etməklə yanaşı ustalara lazım olan avadanlıqları çatışmadığı təqdirdə öz şəxsi pulu ilə alaraq vermişdir. Bu səbəbdəbdə ünvan 2 ünvanda yerləşən "xxxx" QSC-nin anbarını icarə əsasında götürmüşdür. 12 yanvar 2022-ci il tarixdə saat 18:00 dəqiqədə anbarın dəmirdən olan giriş qapısını və nəfəsliyini bağlayaraq evə getmişdir. 13 yanvar 2022-ci il tarixdə saat 09:00 dəqiqədə işə gələrək giriş qapını açaraq içəri daxil olduqda otağın dağınıq olduğunu və nəfəsliyin şüşəsinin sındırıldığını görmüşdür. Bundan sonra otaqa diqqətlə baxarkən naməlum şəxsin otaqın nəfəsliyindən içəri daxil olaraq otaqda özünə məxsus olan 130 metr uzunluğunda olan üzəri ağ rəngli 2,5 diametrli, göy və qırmızı rəngli mis naqildən olan kabelini, dolabda olan 170 manat qəpik və kağız əskinazlarında olan pulları və 10 ədəd su sayğacına aid olan ştuçeri oğurlamışdır. Qonşuluqda quraşdırılmış müşahidə kameralarına baxan zaman həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Oleq oğurladığı əşyaları 13 yanvar 2022-ci il tarixdə saat 08:30 radələrində özü ilə gətirdiyi arabaya yığaraq Bakı Metropolitenin “Əhmədli” stansiyası istiqamətində getdiyini müşahidə etmişdir. Oleqin getdiyi istiqamətə gedərkən “Əhmədli” metrostansiyasının yaxınlığında yerləşən metal qəbulu yerində oğurlanmış naqillərin olduğunu görmüşdür. Metal qəbulu edən şəxsdən həmin naqilləri kimin satdığını soruşmuşdur. Həmin şəxs küçəyə çıxaraq Oleqi göstərmişdir. Oleqi geri çağırmış, sonuncu yanına gəlmişdir. Onu metal qəbulu yerinə dəvət edib həmin naqillərin kim tərəfindən satıldığını soruşmuşdur. Oleq ilkin olaraq etiraf etməsə də, sonradan etiraf etmişdir ki, həqiqətən də anbara daxil olmuş və oradan oğurladığı naqilləri metal qəbulu yerinə qoymuşdur. Həmçinin o, ifadəsində daha sonra göstərmişdir ki, onlar "xxxx" QSC ilə podratçı şirkət olaraq müqavilə əsasında işləmişlər. Lakin anbarda olan avadanlıqları öz şəxsi pulu ilə alaraq vətəndaşlara xidmət göstərib bunun müqabilində zəhmət haqqını almışdır. Buna görədə oğurlanmış əşyalar və pullar özünə məxsusdur. Mis naqilləri və ştuçerləri metal qəbulu yerindən götürmüşdür. Təqsirləndirilən şəxs daima işlədiyi anbarın yanında olmuş və sonuncuya köməklik məqsədi ilə pul vermişdir. Hadisə nəticəsində ona ümumilikdə 400 manat maddi ziyan dəymişdir. Həmçinin o, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxska qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-nə "xxxx" MMC-nin anbardarı olan Şahid1 yazdığı şikayət ərizəsi ilə bağlı Xətai RPİ-nin İŞ-nə dəvət olunaraq onun yazdığı ərizə əsasında başlanmış cinayət işi ilə tanış olmuşdur. 01 oktyabr 2019-cu il tarixdən "xxxx" MMC Vergilər Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. Lakin 2020-ci ilin iyun ayından ünvan 1 ünvanda yerləşən "xxxx" mağazası kimi fəaliyyətə başlamışlar. "xxxx" MMC-nin təsisçisidir. 2021-ci ilin yanvar ayından isə Şahid1 "xxxx" mağazasında anbardar kimi işə başlamışdır. Övladının səhhəti ilə bağlı 2022-ci ilin yanvar ayının əvvəllərində Türkiyə Respublikasına getmişdir. Lakin o, Azərbaycanda olmadığı müddətdə "xxxx" mağazası fəaliyyət göstərmişdir. İşçilər gündəlik olaraq işə gəlib-getmişlər. 12 yanvar 2022-ci il tarixdə saat 22:00 dəqiqədə iş vaxtı bitdikdən sonra işçilər mağazanı bağlayaraq yaşadıqları ünvana getmişlər. 13 yanvar 2022-ci il tarixdə saat 08:50 dəqiqədə mağazaya gələrək giriş qapısını açıb içəri daxil olduqda ilk öncə kassa aparatının yerində olmadığını aşkar etmişlər. Bundan sonra mağazanın sol divarında yerləşdirilmiş plastikdən olan nəfəsliyin açıq olduğunu görüb, mağazada quraşdırılmış müşahidə kameralarına baxdıqda müəyyən etmişlər ki, naməlum şəxs mağazaya nəfəslikdən daxil olduqdan sonra içərisində 90 manat dəyərində nağd pul olan 180 manat qiymətində 01 ədəd kassa aparatını və 01 ədədi 18 manat olmaqla 108 manat qiymətində hər biri 0,500 qram çəkidə olan 06 paket “duzlu antep fıstığını” oğurlayaraq, ümumilikdə mağazaya 378 manat maddi ziyan vurmaqla oğurluq edərək mağazanı tərk etmişdir. Ümumilikdə onlara 378 manat maddi ziyan dəymişdir. Həmçinin o, təqsirləndirilən şəxslə barışdıqlarını, onlara dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək onun barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsi, M.Hadi küçəsində yerləşən əlvan-metal qəbulu məntəqəsində işləyir. 13 yanvar 2022-ci il tarixdə saat 09 radələrində işdə olan zaman bir nəfər tanımadığı, lakin sonradan adını Oleq kimi bildiyi şəxs onun işlədiyi yerə yaxınlaşaraq elektrik naqilləri satdığını bildirmişdir. Həmin elektrik naqillərinin doğranmış halda olduğunu görüb qəbul etməmişdir. Həmin şəxs gətirdiyi elektrik naqillərini işlədiyi məntəqənin yaxınlığında qoyub və bir neçə dəqiqəyə gələcəyini bildirmişdir. 30 dəqiqə sonra bir nəfər şəxs yaxınlaşmış və onlara satılması üçün naqil gətirildiyini soruşmuşdur. Həmin şəxsə tanımadığı bir nəfər şəxsin naqil gətirməsini bildirmişdir. Həmin vaxtı Oleq kimi tanıdığı şəxs iş yerinə yaxınlaşan zaman onlara naqilləri gətirib iş yerinin yanına qoyan şəxsi göstərmişdir. Bundan sonra həmin şəxs polisə məlumat vermişdir. Həmin naqillərin oğurluq olmasını bilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Şahid1 məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Həmçinin onun barəsində məhkəmə tərəfindən 16.05.2022-ci il tarixdə məcburi gətirilmə qərarı qəbul edilərək icrası Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilmişdir. Lakin Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 25.05.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Şahid1 yaşadığı ünvan 8 ünvanına dəfələrlə gedilmiş, lakin onun yerini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində Şahid1 bildirmişdir ki, 2021-ci ilin yanvar ayından ünvan 1 ünvanda yerləşən "xxxx" mağazasında anbardar kimi işə başlamışdır. 12 yanvar 2022-ci il tarixdə saat 22:00 dəqiqədə iş vaxtı bitdiyi üçün mağazanı bağlayaraq yaşadığı evə getmişdir. 13 yanvar 2022-ci il tarixdə saat 08:50 dəqiqədə mağazaya gələrək giriş qapısını açıb içəri daxil olmuşdur. İlk öncə kassa aparatının yerində olmadığını aşkar etmişdir. Bundan sonra mağazanın sol divarında yerləşdirilmiş plastikdən olan nəfəsliyin açıq olduğunu görmüşdür. Mağazada quraşdırılmış müşahidə kameralarına baxdıqda müəyyən olmuşdur ki, naməlum şəxs mağazaya nəfəslikdən daxil olduqdan sonra içərisində 90 manat dəyərində nağd pul olan 180 manat qiymətində bir ədəd kassa aparatını və bir ədədi 18 manat olmaqla 108 manat qiymətində hər biri 0,500 qram çəkidə olan 06 paket “duzlu antep fıstığını” oğurlayaraq ümumilikdə mağazaya 378 manat maddi ziyan vurmaqla oğurluq edərək mağazanı tərk edir. Həmin hadisə nəticəsində ona maddi ziyan dəyməmişdir, belə ki, ziyan mağazaya dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 13 yanvar 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3cü maddələri ilə cinayət işi başlanmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır (i.v. 01); hadisə yerinə baxış keçirilməsi haqqında 13 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 29 ünvanında yerləşən mağazaya baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 6-8); götürmə aparılması haqqında 13 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, 01 ədəd kassa çəkməcəsi, 06 qutu fıstıq, 10 manat 40 qəpik dəmir pullar və 34 manat ünvan 9 ünvanında yerləşən binanın zirzəmisindən götürülmüş, götürmə zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 23-26); hadisə yerinə baxış keçirilməsi haqqında 13 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 9 saylı binanın zirzəmisində yerləşən "xxxx" ASC-nin anbarına baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 32-34); götürmə aparılması haqqında 13 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, 10 ədəd su sayğacının stuçeri Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində yerləşən metal qəbulu zavodundan götürülmüş, götürmə zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 48-51); zərərçəkmiş şəxs qismində tanınma haqqında 13 yanvar 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 55); şübhəli şəxsin tutulması haqqında 13 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 69); könüllü təqdim etmə haqqında 13 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı istifadə etdiyi bir ədəd alışqanı və bir ədəd vintaçanı təqdim etmişdir (i.v. 80-81); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 15 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur (i.v. 82-83); ifadənin yerində yoxlanılması haqqında 13 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin təfərruatlarını hadisə yerində bir daha göstərmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 92- 98); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.01.2022-ci il tarixli 4(011)-21/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 13.01.2022-ci il tarixdən hesablanmışdır (i.v. 105-108); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 27.01.2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.04.2019-cu il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; Abşeron Rayon Məhkəməsinin 19.12.2019-cu il tarixli hökmünə əsasən CM-nin 177.1, 66.5-ci maddələri ilə təqsirli bilinərək 03 il 02 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v. 112-113); Sumqayıt Apellyasiya Məhkəməsinin 30 iyun 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə məhkum edilməsinə dair Abşeron Rayon Məhkəməsinin 19.12.2019-cu il tarixli hökmü ləğv edilmiş, Təqsirləndirilən şəxs müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 06.05.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 20.10.2021-ci il tarixdə cəza müddətinin sonu əsasında azad edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.02.2022-ci il tarixli 9/451 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında 4 adda malların hadisə baş verən tarixə, yəni 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 350,00 manat müəyyən olunur. O, cümlədən 01 ədəd istifadədə olmuş qara rəngli 41x42x10 sm ölçülü kassa aparatının çəkməcəsi 25,00 manat, 06 qutu 0,500 qram çəkisə olan duzlu antep fıstığı – 108,00 (6x18m) manat, ağ rəngli 2,5 diametrli, içərisi göy və qırmızı rəngli mis naqildən olan 130 metr uzunluğunda ellektrik naqili 117,00 (130x0,90 m) manat, 10 ədəd təzə su sayğacına aid olan ştuçer 100,00 (10x10m) manatdır (i.v. 137-138); zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında 25 fevral 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə "xxxx" MMC zərərçəkmiş şəxs qismində tanınmış, "xxxx" MMC-nin təsisçisi Nümayəndə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır (i.v. 145); diskə baxış keçirilməsi haqqında 01 mart 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, diskin içərisində 03 ədəd fotoşəkil və 08 ədəd videogörüntü vardır, həmin fotoşəkillərdəki şəxsin başında papaq vardır və əlində əşya saxlamışdır, birinci videogörüntü 06 saniyədən ibarətdir, həmin görüntüdə fotoşəkildə olan şəxs əlində əşya ilə birlikdə küçə ilə getmiş, ikinci videogörüntü 42 saniyədən ibarətdir, videgörüntüdə olan şəxs mağazanın içərisində əyilərək hərəkət etmiş, onun başında papaq vardır, həmin şəxs mağazada olan mebel dəstinin içərisindən bir ədəd kassanı çıxarıb götürmüş və əyilərək geri qayıtmış, üçüncü videogörüntü 06 saniyədən ibarətdir, başında papaq olan şəxs mağazadan götürdüyü kassanı əlində saxlayaraq piyada küçə ilə hərəkət etmiş, dördüncü videogörüntüdə həmin şəxs mağazanın içərisində kassanı mebel dəstinin içərisindən çıxarıb götürmüş, beşinci videogörüntü 16 saniyədən ibarətdir, başında papaq olan şəxs mağazanın qarşısına doğru hərəkət etmiş, altıncı videogörüntüdə olan şəxs mağazadan çıxmış və onun əlində iki ədəd ağ rəngli sellofan vardır, belə ki, hər əlində bir ədəd sellofan ilə piyada hərəkət etmiş, yeddinci videogörüntüdə başında papaq olan şəxs mağazanın içərisini axtarmış və sağ tərəfdə mebel dəstinin içərisindən ağ rəngli sellofanı içərisində olanlar ilə götürmüş, cibindən sellofan çıxarıb götürdüyü əmlakı sellofanın içərisinə qoymuş, sonra isə mebel dəstinin sol tərəfdə olan hissəsinə yaxınlaşmış və oradan bir ədəd paketi götürüb əlində saxladığı sellofanın içərisinə qoymuş, sonra irəliyə hərəkət etmiş və orada olan mebeli axtarmış, oradan da paketləri götürüb sellofana qoymuş, səkkizinci videogörüntüdə həmin şəxs qara rəngli mebel dəstini axtarmış, sonra sol tərəfində olan qapını açıb qapıdan içəri daxil olmuş, bir neçə saniyə orada olduqdan sonra qapıdan geri qayıtmış, mağazanın içərisini axtarmış, əlində bir ədəd işıq vardır və o, qara rəngli stolun üzərindən paketləri götürmüşdür. Baxış zamamı Təqsirləndirilən şəxs videogörüntüdə olan şəxsin özü olmasını bildirmişdir (i.v. 153-154); sübutların qiymətləndirilməsi haqqında 01 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, diskə baxış, görmə, ifadənin yerində yoxlanılması protokolları, ekspertiza rəyi sübut növü kimi qiymətləndirilmiş, 10 manat 40 qəpik dəmir pullar, 34 manat bir ədəd qara rəngli 41x42x10 sm ölçüdə kassa aparatının çəkməcəsi, 06 qutu 0,500 qram çəkidə olan duzlu antep fıstığı, ağ rəngli 2,5 diametrli, içərisi göy və qırmızı rəngli mis naqildən olan 130 metr uzunluğunda ellektrik naqili və 10 ədəd təzə su sayğacına aid olan ştuçer, bir ədəd alışqan və bir ədəd vintaçan maddi sübut kimi tanınmışdır (i.v. 155-166); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntü “CD-R” diskə baxış keçirilməsi haqqında 01.03.2022-ci il tarixli protokolda qeyd olunan hallara uyğun olmuşdur. Baxış zamanı müəyyən olunur ki, diskin içərisində 03 ədəd fotoşəkil və 08 ədəd videogörüntü vardır, həmin fotoşəkillərdəki şəxsin başında papaq vardır və əlində əşya saxlamışdır, birinci videogörüntüdə fotoşəkildə olan şəxs əlində əşya ilə birlikdə küçə ilə gedir, ikinci videgörüntüdə olan şəxs mağazanın içərisində əyilərək hərəkət edir, onun başında papaq vardır, həmin şəxs mağazada olan mebel dəstinin içərisindən bir ədəd kassanı çıxarıb götürür və əyilərək geri qayıdır, üçüncü videogörüntüdə başında papaq olan şəxs mağazadan götürdüyü kassanı əlində saxlayaraq piyada küçə ilə hərəkət edir, dördüncü videogörüntüdə həmin şəxs mağazanın içərisində kassanı mebel dəstinin içərisindən çıxarıb götürür, beşinci videogörüntüdə həmin şəxs mağazanın qarşısına doğru hərəkət edir, altıncı videogörüntüdə olan şəxs mağazadan çıxır və onun əlində iki ədəd ağ rəngli sellofan vardır, belə ki, hər əlində bir ədəd sellofan ilə piyada hərəkət edir, yeddinci videogörüntüdə başında papaq olan şəxs mağazanın içərisini axtarır və sağ tərəfdə mebel dəstinin içərisindən ağ rəngli sellofanı içərisində olanlar ilə götürür, cibindən sellofanı çıxarıb götürdüyü əmlakı sellofanın içərisinə qoyur, sonra isə mebel dəstinin sol tərəfdə olan hissəsinə yaxınlaşır və oradan bir ədəd paketi götürüb əlində saxladığı sellofanın içərisinə qoyur, sonra irəliyə hərəkət edir və orada olan mebeli axtarır, oradan da paketləri götürüb sellofana qoyur, səkkizinci videogörüntüdə həmin şəxs qara rəngli mebel dəstini axtarır, sonra sol tərəfində olan qapını açıb qapıdan içəri daxil olur, bir neçə saniyə orada olduqdan sonra qapıdan geri qayıdır, mağazanın içərisini axtarır, əlində bir ədəd işıq vardır və o, qara rəngli stolun üzərindən paketləri götürür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə və ya yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsnun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və onlara dəymiş ziyanı ödəməsini (CM-59.1.12-59.1.13), törətdiyi əməli etiraf eməsini və səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.04.2019-cu il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.04.2019-cu il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxsna islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalı(CM-65.2), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.3), cəzasının əvvəli 13 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan 10 manat 40 qəpik dəmir pulların, 34 manat bir ədəd qara rəngli 41x42x10 sm ölçüdə kassa aparatının çəkməcəsinin, 06 qutu 0,500 qram çəkidə olan duzlu antep fıstığının, ağ rəngli 2,5 diametrli, içərisi göy və qırmızı rəngli mis naqildən olan 130 metr uzunluğunda ellektrik naqilinin və 10 ədəd təzə su sayğacına aid olan ştuçerin sahiblərinə geri qaytarılması, bir ədəd alışqanın və bir ədəd vintaçanın saxlanılmaları üçün Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmələri nəzərə alınmalı, 01 ədəd “CD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 13 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən 10 manat 40 qəpik dəmir pulların, 34 manat bir ədəd qara rəngli 41x42x10 sm ölçüdə kassa aparatının çəkməcəsinin, 06 qutu 0,500 qram çəkidə olan duzlu antep fıstığının, ağ rəngli 2,5 diametrli, içərisi göy və qırmızı rəngli mis naqildən olan 130 metr uzunluğunda ellektrik naqilinin və 10 ədəd təzə su sayğacına aid olan ştuçerin sahiblərinə geri qaytarılması, bir ədəd alışqanın və bir ədəd vintaçanın saxlanılmaları üçün Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmələri nəzərə alınsın, 1 ədəd “CD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar