Məhkəmə qərarları › İş №1(011)-173/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-173/2023

14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-173/2023 14.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs: 20 fevral 1994-cü ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs: xx xxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işləməyən, ünvan 3 ünvanda qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 oglunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 14 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində ünvan 4 ünvanda yerləşən mənzilin qarşısına gələrək rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə Təqsirləndirilən şəxs2 küçədə dayanıb gələn olacağı halda xəbər vermək üçün gözləmiş, Təqsirləndirilən şəxs1 isə üzərində olan bıçaq ilə mənzilin pəncərəsini açaraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olub otaqdakı saxlanc yeri hesab olunan paltar dolabının içərisindəki qutudan Zərərçəkmiş şəxs məxsus ümumi dəyəri 1.200 manat təşkil edən iki ədəd qızıl qolbaq, bir ədəd qızıl üzük və iki qızıl boyunbağını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1.200 (bir min iki yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 14 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində ünvan 4 ünvanda yerləşən mənzilin qarşısına gələrək rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə o, küçədə dayanıb gələn olacağı halda xəbər vermək üçün gözləmiş, Təqsirləndirilən şəxs1 isə üzərində olan bıçaq ilə mənzilin pəncərəsini açaraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olub otaqdakı saxlanc yeri hesab olunan paltar dolabının içərisindəki qutudan Zərərçəkmiş şəxs məxsus ümumi dəyəri 1.200 manat təşkil edən iki ədəd qızıl qolbaq, bir ədəd qızıl üzük və iki qızıl boyunbağını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1.200 (bir min iki yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahid ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs2ı Sabunçuda qalan ortaq dostu vasitəsi ilə tanımışdır. Onlar təxminən 3 aydır ki, dostluq edirlər. Təqsirləndirilən şəxs2 ona zəng etdərək xahiş etmişdir ki, sonuncunu Biləcəridə yerləşən evinə aparsın. Daha sonra onlar Suracla Xətai ərazisində görüşmüşlər və Tərlan Suracı aldadaraq, yolüstü qohumugilə NZS qəsəbəsinə getməli olduğunu bildirmişdir. Daha sonra onlar həmin ünvana getmişlər və o, Suraca demişdir ki, maşınında şəxsi əşyaları var. Ona görə də Surac maşından düşmüş və kənarda onu gözləmişdir. O, evə daxil olaraq qızılları götürüb Suracın yanına qayıtmış və Suraca götürdüyü əşyalar barədə heç nə deməmişdir. Daha sonra o, “Xalqlar dostluğu” metrosunun yanında qızıl mağazasının birində həmin qızılları satmışdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında zidddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Belə ki, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç vaxt evli olmamış, subaydır və barəsində Suraxanı rayon məhkəməsinin icratında cinayət işi vardır. Belə ki, Suraxanı rayonu ərazisində oğurluq etdiyi üçün Suraxanı RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və cinayət işi üzrə istintaq yekunlaşdırılaraq məhkəməyə göndərilmişdir. Bundan əvvəl də bir neçə dəfə məhkum olunmuşdur. BC dərəcəli sürücülük vəsiqəsi vardır, rəsmi olaraq heç bir yerdə işləmir, lakin 14 gün əvvəl icarəyə ‘‘Toyota” markalı avtomobil götürmüş və taksi fəaliyyəti ilə məşğul olmuşdur. 14 oktyabr 2022-ci il tarixdə saat 15-16 radələrində idarə etdiyi avtomobillə Binəqədi rayonu, Biləcəri qəsəbəsinə müştəri düşürüb qayıdan zaman yolda tanıdığı X3 görmüşdür. Avtomobili saxlamış və Suracı avtomobilinə götürmüşdür. Surac avtomobilin qabaq sağ oturacağında əyləşmiş və avtomobili idarə edib Xətai rayonu, NZS qəsəbəsinə gəlmişdir. NZS qəsəbəsinə gəlməkdə məqsədi oğurluq etmək olmuşdur. Belə ki, taksi ilə məşğul olaraq özünü dolandıra bilməmişdir. Suraca ilkin olaraq yalanla bildirmişdir ki, NZS qəsəbəsinə pul götürmək üçün gəlmişdir. NZS qəsəbəsində ünvanını dəqiq xatırlamadığı yerdə avtomobilini saxlamışdır. Avtomobildə Suraca təklif etmişdir ki, oğurluq edərək pul əldə edə bilər. Surac da işi olmadığını və pula ehtiyacı olmasını demişdir. Onlar razılaşdıqdan sonra avtomobildən düşmüşdür. Arxasınca isə Surac düşmüşdür. Onlar ikisi də NZS qəsəbəsində münasib mənzil axtarmışlar. Pəncərəsi yola baxan birmərtəbəli yaşayış evi diqqətini çəkmiş və Suraca həmin mənzilə girməyi bildirmişdir. Onlar yolda razılaşmışlar ki, mənzilə daxil olacaq, Surac isə gələn olacağı halda xəbər vermək üçün gözləyəcək. Bundan sonra sakit şəkildə diqqət çəkməyərək mənzilin pəncərəsinə yaxınlaşmışdır. Pəncərədən mənzili seyr etmiş və hərəkətsizlik olmasını görüb evdə heç kəsin olmadığını başa düşmüşdür. Saat 18 radələrində üzərində olan kiçik bıçağı çıxarıb pəncərəni bıçaqla açmış və içəri daxil olmuşdur. Evi axtarmış, mənzilin otağındakı paltar dolabının içərisindəki kağız qutudan bir ədəd qızıl üzük, bir ədəd qızıl qolbaq, bir qızıl boyunbağını götürüb cibinə qoymuş və pəncərədən küçəyə çıxmışdır. Bundan sonra Surac ilə avtomobilinin yanına gəlib avtomobilə əyləşmişlər. Avtomobili idarə etmiş və oradan uzaqlaşmışdır. Yolda Suraca mənzildən oğurladığı qızılları göstərib sataraq əldə etdiyi pulu aralarında böləcəyini demişdir. Həmin gün Surac ilə Bakı Metropolitenin “Xalqlar Dostluğu” stansiyası yaxınlığında yerləşən lombard kimi tanıdığı yerə gəlmişlər. Surac avtomobildə gözləmiş, o, isə içəri daxil olmuşdur. Orada işləyən kişiyə yaxınlaşıb qızılları göstərib özünə məxsus olmasını və xəstəsi olduğu üçün satdığını bildirmişdir. Qızılları həmin şəxsə vermiş və çəkilərək qiymətləndirildikdən sonra şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Qızılları ümumilikdə orada 300 manata satmış və şəxsiyyət vəsiqəsinin surətinin üzərində adını, soyadını, atasının adını və telefon nömrəsini qeyd etdikdən sonra oradan çıxıb avtomobilinə əyləşmişdir. Eyni zamanda həmin şəxs qəbzdə qeydlər etmişdir. Qızılların çəkisi 5 qram olmuşdur. Avtomobildə Suraca 40 manat pul vermiş və sonuncunu Biləcəri qəsəbəsinə aparıb düşürmüşdür. Sonra isə yaşadığı evə getmişdir. Əldə etdiyi pulu isə öz şəxsi məqsədləri üçün xərcləmişdir. Bu gün isə polis əməkdaşları tərəfindən saxlanılmışdır. (i.v. 92-94) Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, “Xətai” metrosunun yanında olarkən, Təqsirləndirilən şəxs1 zəng edərək, onu evə aparmasını xahiş etmişdir. Daha sonra onlar Tərlanla görüşmüşlər və Tərlan ona bildirmişdir ki, NZS qəsəbəsində qohumugildə işləri vardır. Onlar NZS qəsəbəsinə birlikdə getmişlər və Tərlan ona maşında şəxsi əşyalarının olduğunu bildirmiş, buna görə də o, maşında deyil, çöldə Tərlanı gözləmişdir. Təxminən 15 dəqiqə sonra Tərlan qayıtmış, “Xalqlar dostluğu”nda mağaya getmişdir və sonra onu Biləcəridə yerləşən evinə aparmışdır. Onun oğurlanmış əşyalardan heç bir xəbəri olmamışdır. Ona heç bir pul verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında zidddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, evlidir, lakin rəsmi nikahı yoxdur, rəsmi olaraq heç bir yerdə işləmir, lakin küçələrdən dəmir toplayaraq məntəqələrə sataraq ailəsini dolandırmışdır. 14 oktyabr 2022-ci il tarixdə saat 15-16 radələrində yaşadığı mənzildən çıxmışdır ki, küçələrdən dəmir toplasın. Küçə ilə piyada gedən zaman yanında “Toyota" markalı avtomobil dayanmış və siqnal verərək pəncərəni endirmişdir. Pəncərə endikdən sonra avtomobili idarə edən şəxsin Təqsirləndirilən şəxs1 olmasını görmüşdür. Tərlan avtomobilə əyləşməyi bildirmişdir. Bundan sonra avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Tərlan avtomobili idarə etmiş və kimdənsə pul götürəcəyini bildirib onunla birlikdə getməyi xahiş etmişdir. Tərlandan avtomobilin kimə məxsus olmasını soruşmuş, sonuncu da bildirmişdir ki, avtomobili icarəyə götürmüşdür. Onlar Xətai rayonu, NZS qəsəbəsinə gəlmişlər. NZS qəsəbəsində ünvanını dəqiq xatırlamadığı yerdə Tərlan avtomobili saxlamışdır. Avtomobildə Tərlan oğurluq etməyi təklif etmişdir. İşsiz və pulu olmadığı üçün razılaşmışdır. Tərlandan haradan oğurluq edəcəklərini soruşduqda sonuncu bildirmişdir ki, münasib ev tapacaq. Bundan sonra hər ikisi avtomobildən düşmüşlər. Onlar ikisi də NZS qəsəbəsində münasib mənzil axtarmışlar. Pəncərəsi yola baxan birmərtəbəli yaşayış evinin qarşısına çatdıqda Tərlan bildirmişdir ki, həmin mənzildən oğurluq etsinlər. Onlar yolda razılaşmışlar ki, Tərlan mənzilə daxil olacaq, o, isə küçədə dayanaraq gələn olacağı halda xəbər vermək üçün gözləyəcək. Bundan sonra Tərlan sakit şəkildə diqqət çəkmyərək mənzilin pəncərəsinə yaxınlaşmış, pəncərədən mənzili seyr etmiş və saat 18 radələrində cibindən bıçaq çıxarıb pəncərəni bıçaqla açaraq içəri daxil olmuşdur. O, isə küçədə dayanıb ətrafa baxmışdır ki, gələn olacağı halda Tərlana xəbər edəcək. Bir neçə dəqiqə sonra Tərlan gəlmiş və onlar avtomobilə yaxınlaşmışlar. Avtomobilə əyləşmiş, Tərlan avtomobili idarə etmiş və oradan uzaqlaşmışlar. Yolda Tərlan mənzildən qızıllar oğurlamasını bildirib göstərmişdir. Tərlan mənzildən bir ədəd qızıl üzük, bir ədəd qızıl qolbaq və bir ədəd qızıl boyunbağı oğurlamasını bildirmişdir. Tərlan qızılları sataraq pul verəcəyini deyərək avtomobili Bakı Metropolitenin “Xalqlar Dostluğu” stansiyası yaxınlığında yerləşən qızıl alqı-satqısı mağazasının qarşısına idarə etmişdir. O, avtomobildə gözləmişdir. Tərlan isə avtomobildən düşərək getmişdir. Bir neçə dəqiqə sonra Tərlan qayıdıb gəlmiş və qızılları satdığını bildirib 40 manat pul vermişdir. Tərlandan qızılları hansı formada satdığını və hansı məbləğə satmasını soruşmamışdır. Bundan sonra Tərlan onu Biləcəri qəsəbəsinə aparıb düşürmüşdür. 40 manat pulla yemək və ərzaq məhsulları almışdır. (i.v. 109-111) Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X4 ifadəsində göstərmişdir ki, 14 oktyabr 2022-ci il tarixdə saat təxminən 18:00-21:00 radələrində o, və həyat yoldaşı evdə olmayan zaman yaşadıqları evdən oğurluq olmuşdur. Oğurlanan əşyalar qızıldan ibarət idi və dəyərləri təxminən 1200 manatdır. O, təqsirləndirilən şəxsləri ilk dəfə məhkəmədə gördüyünü qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Bakı Metropolitenin “Xalqlar dostluğu” stansiyasının yaxınlığında yerləşən obyekti icarəyə götürmüş və orada qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. Mağazada ondan başqa heç kim işləmir. 14 oktyabr 2022-ci il tarixdə axşam saatlarında mağazaya tanımadığı, 37-38 yaşlarında, başında tükü olmayan bir nəfər şəxs daxil olmuşdur. Həmin şəxs qızıl-zinət əşyalarını təqdim edərək bildirmişdir ki, özünə məxsusdur və satmaq istəyir. Həmin şəxsin deməsinə görə xəstəsi olduğu üçün qızıl-zinət əşyalarını satır. Qızıl-zinət əşyalarını götürüb baxmış və görmüşdür ki, bir ədəd qızıl üzük, bir ədəd qızıl qolbaq və bir qızıl boyunbağıdır. Həmin qızılları tərəzi ilə çəkmiş və ümumilikdə 5 qram olmasını müəyyən etmişdir. Həmin şəxsin xəstəsi olmasına görə qızılların 1 qramını 60 manatdan almış və sonuncuya ümumilikdə 300 manat pul vermişdir. Həmin şəxsdən şəxsiyyət vəsiqəsini tələb etmiş və sonuncu şəxsiyyət vəsiqəsini vermişdir. Həmin şəxsdən şəxsiyyət vəsiqəsini götürüb baxmış və görmüşdür ki, sonuncu Təqsirləndirilən şəxs1dur. Bundan sonra isə Tərlan çıxıb getmişdir. Tərlanı tanımır, həmin günə qədər görməmiş və sonuncu mağazaya tək gəlmişdir. Tərlan qızılların özünə məxsus olmasını və xəstəsi olmasına görə satdığını bildirmişdir. Bundan sonra Tərlana inanıb qızılları satmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -14 oktyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, cinayət hadisəsi ünvan 4 ünvanda yerləşən evdə baş vermişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (i.v 8-10) -18 oktyabr 2022-ci il “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, ünvan 6 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə 18 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində Xətai RPİ-nin inzibati binasında müdafiəçinin iştirakı ilə tutulmuşdur. (i.v.26-27) -19 oktyabr 2022-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v. 67) -19 oktyabr 2022-ci tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan müəyyən edilmişdir ki, disk "DVD" formatlıdır, disk açıldıqda içərisində 09 ədəd “mp4” formatları aşkarlanmış, həmin 09 ədəd “mp4” formatları özündə görüntüləri əks etdirir, belə ki, 01 görüntü 16 saniyə, 02 görüntü 11 saniyə, 03 görüntü 07 saniyə, 04 görüntü 13 saniyə, 05 görüntü 10 saniyə, 06 görüntü 15 saniyə, 07 görüntü 08 saniyə, 08 görüntü 05 saniyə, 09 görüntü isə 30 saniyədən ibarətdir. Həmin görüntülər 14 oktyabr 2022-ci il tarixdə axşam saatlarında qeydə alınmışdır. Həmin görüntülərin hər birində iki nəfər şəxsin küçələr ilə piyada hərəkət etmişlər, onlardan birinin başında saçları yoxdur, üzündə isə tükləri vardır, həmin şəxs dolu bədən qruluşludur, digər şəxs isə arıq bədən qruluşlu və nisbətən uca boyludur. 07 və 08 görüntülərdə həmin şəxslərin hər ikisi əlləri ilə üzlərini tuturlar. Baxış zamanı Təqsirləndirilən şəxs1 görüntüdə olan şəxslərin o, və Təqsirləndirilən şəxs2 olmasını, belə ki, saçları olmayan və üzündə tük olan şəxsi özü, digər, yəni yanında olan şəxsin isə Təqsirləndirilən şəxs2 olmasını bildirmişdiı. (i.v.77) Həmin diskə məhkəmə iclasında baxış keçirilərkən xx.xx.2022-ci il tarixli protokolda əks olunmuş hallar öz təsdiqini tapmışdır. -20 oktyabr 2022-ci il tarixli “cinayət işi üzrə əməlinin tövsif edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və X2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir.(i.v.78-79) -20 oktyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. (i.v.82-83) -20 oktyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, X5 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. (i.v.99-100) -Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-548/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə X5 03 (üç) ay müddətinə həbs edilmiş, həbs etmənin əvvəli 18 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. (i.v 124-127) -Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-549/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 03 (üç) ay müddətinə həbs edilmiş, həbs etmənin əvvəli 18 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. (i.v 128-131) -Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, xx.xx.2016-ci il tarixdə Təqsirləndirilən şəxs1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunaraq qeydiyyatdan çıxarılmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. (i.v 138-140). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair həmin cinayət işi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatındadır. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(010)-201/2016 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 həmin hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i.v. 143- 152) -Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, X2 məhkumluğu müəyyən edilməmişdir.(i.v. 153-154) -07 dekabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarda qeyd edilmişdir ki, cinayət işində olan Təqsirləndirilən şəxs1 ünvan 7 ünvanda yerləşən mənzilə daxil olmasını əks etdirən bir ədəd disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən sübut kimi tanınmışdır; Abbasov X1 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan cəzasını çəkib qurtardığı gündən iki ildən artıq müddət keçmədiyi üçün əvvəllər məhkum edilmiş şəxs hesab edilməli və əvvəlki cəzası residiv kimi qiymətləndirilməlidir; Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 Suraxanı rayon məhkəməsi tərəfindən təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra Azərbaycan Respublikası CM-nin 177-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilməli; cinayət yolu ilə ələ keçirilmiş iki ədəd qızıl qolbaq, bir ədəd qızıl üzük və iki ədəd boyunbağının dəyəri Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi miqdarlara əsasən əsas götürülməlidir.( i.v. 155- 164) İş materiallarında olan zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı tələb və şikayəti yoxdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin, şahidin, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birgə oğurluq etmədikləri ilə bağlı məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların bu kimi ifadələri cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müxtəlif vaxtlarda ifadələri alınmışdır. Həmin ifadələrin alınması zamanı onlar özlərini təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş, ittihamın məzmununa uyğun ifadələr vermişlər. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməl Cinayət Məcəlləsinin onlara elan edilmiş müvafiq maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 33.1-ci maddəsinə əsasən cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), ibtidai istintaq və məhkəmə istintaqı zamanı əməlini etiraf edərək səmimi ifadə verməsini, əməlindən peşman olmasını (CM – 59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 törətdiyi əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini səciyyələndirən hallar, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixlərdən hesablanmalı, cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halın olmaması, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixlərdən hesablanmalı, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 18 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 18 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan 1 (bir) ədəd “CD” disk isə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (bir yüz səksən) manat pul ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (bir yüz səksən) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar