Məhkəmə qərarları › İş №1(011)-174/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-174/2022

04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-174/2022 04.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs, Müdafiəçi Qanunçuluq Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxx 1981-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Masallı şəhəri, X7 küçəsi, ev 23 ünvanda qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə “Turbo.az” saytında “İnfıniti” markalı avtomobilin satılması barədə yerləşdirdiyi elanla bağlı ona müraciət etmiş Zərərçəkmiş şəxs1 “İnfıniti” markalı avtomobili satacağı adı ilə yalan vəd verib, xx.xx.2019-cu il tarixdə ünvan 3 ünvanının qarşısında həmin dövrün məzənnəsi ilə 17000 manat təşkil edən 10 000 ABŞ dolları pulunu alıb ələ keçirdikdən sonra əldə etdiyi pul vəsaitindən həmin dövrün məzənnəsi ilə 7650 manat təşkil edən 4500 ABŞ dollarını Zərərçəkmiş şəxs1 qaytararaq sonuncunun həmin dövrün məzənnəsi ilə 9350 manat təşkil edən 5500 ABŞ dolları pul vəsaitini ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 avtomobil alqı-satqısı ilə məşğul olduğunu bildirib, Zərərçəkmiş şəxs2 məxsus “X8” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobili 33000 ABŞ dollarına satıb pulunu verəcəyini bildirib yalan vəd verərək 2019-cu ilin noyabr ayının əvvələrində Bakı şəhəri, Qaradağ rayonu, Meyvəli Ticarət Mərkəzi yaxınlığında yerləşən Azərbaycan Respublikası DİN-in BDYPİ-də sənədləşdirib 33000 ABŞ dollarına sataraq əldə etdiyi pul vəsaitindən 25000 ABŞ dollarını Zərərçəkmiş şəxs2 versə də, həmin dövrün məzənnəsi ilə 13.600 manat təşkil edən 8.000 ABŞ dolları pulu ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 13.600 (on üç min altı yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o. təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 avtomobil alqı-satqısı ilə məşğul olduğunu bildirib, Zərərçəkmiş şəxs3 məxsus “Voksvagen passat CC” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobili 20500 manata satıb pulunu verəcəyi barədə yalan vəd verib aldadaraq, xx.xx.2019-cu il tarixdə “Voksvagen passat CC” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə baş etibarnamə alıb avtomobili Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov küçəsində ələ keçirdikdən sonra 20500 manata sataraq əldə etdiyi pul vəsaitindən 2500 manatını Zərərçəkmiş şəxs3a versə də, 18000 manat pulu verməyib ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 18000 (on səkkiz min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs4 Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsində X2 adına olan 31710 ABŞ dolları məbləğində ödənişi sildirəcəyi barədə yalan vəd verib aldadaraq, ünvan 4 ünvanında xx.xx.2020-ci il tarixdə 4900 manat və xx.xx.2020-ci il tarixdə 2200 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirdikdən sonra əldə etdiyi pul vəsaitindən 80 (səksən) manatını zərərçəkmiş Zərərçəkmiş şəxs4 qaytararaq sonuncunun 7020 (yeddi min iyirmi) manat pul vəsaitini ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, əvvəllər “Crovn cars” adlanan avtomobil salonunda müxtəlif markalı avtomobillərin satışı ilə məşğul olmuşdur. Salonda olan və satışa çıxarılmış avtomobillərin satılması barədə “Turbo.az” saytında elan yerləşdirmiş və müştərilərin əlaqə saxlaması üçün istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəni elanda qeyd etmişdir. Zərərçəkmiş şəxs1 2019-cu ildən tanımışdır. Təxminən 2019-cu ilin fevral ayında Pərvanə “Turbo.az” saytında yerləşdirdiyi elanla bağlı onunla əlaqə saxladıqdan sonra sonuncunu işlədiyi “Crovn cars” adlanan avtomobil salonuna dəvət etmişdir. xx.xx.2019-cu il tarixində Pərvanə işlədiyi avtosalona gəlmiş və 10000 ABŞ dolları müqabilində satışa çıxarılmış “İnfıniti” markalı avtomobili almaq istədiyini demişdir. Razılaşdıqdan sonra Pərvanə pulu götürmək üçün yaşadığı evə yollanmışdır. O da vaxt itirməmək üçün Pərvanəyə özü gəlib pulu sonuncunun yaşadığı evdən götürəcəyini, daha sonra rəsmiləşdirmə məsələlərinə başlayacağını bildirmişdir. Təxminən 3-4 saat sonra o, Pərvanənin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən yaşadığı ünvana gedərək əlaqə saxlamış və binanın həyətindən Pərvanə ilə görüşüb sonuncudan “İnfiniti” markalı avtomobilə görə 10000 ABŞ dolları pulu ondan götürmüşdür. O, Pərvanəyə avtomobili rəsmiləşdirdikdən sonra avtosalona gedəcəyini bildirmişdir. Lakin Pərvanədən aldığı 10.000 ABŞ dolları pulu digər borclarına verdiyi üçün Pərvanəyə söz verdiyi avtomobili verə bilməmişdir. Bundan sonra Pərvana onunla əlaqə saxlayıb vermiş olduğu 10.000 ABŞ dolları pulu geri tələb etməyə başlamış və o da sonuncudan pulu qaytarmağı üçün vaxt verməsini bildirmişdir. Bundan sonra o, Pərvanədən aldığı 10.000 ABŞ dolları puldan ilk olaraq 2000 ABŞ dolları, daha sonra 2500 dollar pul qaytarmışdır. Daha sonra isə istintaq zamanı Pərvanə xanıma olan bütün borcunu tamamilə ödəmişdir. Bundan başqa 2019-2020-ci illər ərzində Bak şəhəri, ünvan 6 ünvanında kirayə yaşamışdır. Həmin mənzil Zərərçəkmiş şəxs2 anasının adına olmuşdur. Qaldığı təxminən 2 il 6 ay müddətində vaxtında kirayə pulunu və kommunal xərcləri ödəmişdir. Avtomobil alğı-satqısı ilə məşğul olduğundan Sahib ondan idarə etdiyi “X5” markalı avtomobilini təcili olaraq satmaqda köməklik etməyini istəmişdir. Çünki onun Anar adlı şəxsə borcu olmuşdur. Bunun üçün bir neçə şəxslə ilə əlaqə saxlamışdır. Sonda isə 2019-cu noyabr ayında avtomobili 30.000 dollar qiymətə satılması barədə razılıq əldə etmişlər. Razılaşmalarına əsasən avtomobili alan Rüfət adlı şəxs ilkin olaraq 26.500 dollar pul ödəməli, qalan 3500 dolları isə avtomobili özü satdıqdan sonra ödəməli olmuşdur. Çünki Rüfət adlı şəxs özü avtomobil alqı-satqısı ilə məşğul olmuşdur. Razılıq əldə olunduqdan sonra Rüfət 26.500 dollar pul vermiş, o, həmin puldan 21.500 ABŞ dolları götürmüş və əlavə olaraq da Sahibin Anara verməsi üçün ona verdiyi 2.000 ABŞ dollarını da qoyaraq ümumilikdə 23.500 dollar pulu Anara vermişdir. Daha sonra isə o, Rüfətin verməli olduğu 3.500 ABŞ dolları pulu götürmüşdür. Sahibə borclu qaldığı puldan ayrı-ayrı vaxtlarda ümumilikdə 3500 ABŞ dolları pul qaytarmışdır. Təxminən 1 ay sonra Sahib ona həmin avtomobili 33.000 dollara satacağını demişdir.Sahiblə razılaşmış və məhkəmə gedişində 4000 manata yaxın ödəniş etmişdir. Qısa müddətdə tam qalan borcu ödəyəcəyini bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs3 təxminən 2018-ci ildən tanıyır və aralarında yoldaşlıq münasibəti olmuşdur. Təxminən 2019-cu ilin dekabr ayında Eltunla təsadüfən bir məclisdə görüşən zaman Eltun ona özünə məxsus olan “Volkswagen Passat CC” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istədiyini bildirmişdir. Eltunla aralarında olan razılaşmaya əsasən “Volkswagen Passat CC” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq üçün onun adına baş etibarnamə verməli olmuş və o da bir ay müddətində avtomobili 20500 manata sataraq pulunu Eltuna verməli idi. Buna görə də xx.xx.2019-ci il tarixdə Eltun “Volkswagen Passat CC” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobili satmağı üçün onun adına baş etibarnamə vermiş və o, avtomobili BDYPİ-nin həyətində ondan təhvil almışdır. Bundan sonra o, avtomobili tanımadığı şəxsə satsa da, həmin puldan 2500 manatını Eltuna verib qalan pulu da avtomobili satan zaman verəcəyini bildirmişdir. Əslində isə o, avtomobili satmış və avtomobilə görə Eltuna verməli olduğu 18.000 manat pulu digər borclarına vermişdir. Eltun da hər dəfə onunla əlaqə saxlayıb avtomobil barədə maraqlanan zaman avtomobili hələ satmadığını bildirib ona vaxt verməsini, tezliklə pulu verəcəyini bildirmişdir. Lakin buna baxmayaraq o, Eltunun avtomobilinə görə sonuncuya verməli olduğu 18.000 manat pulu düzəldib verə bilməmişdir. Hazırda Zərərçəkmiş şəxs3 vurduğu ziyanı tamamilə ödəmiş və onunla barışmışdır. Bundan başqa Zərərçəkmiş şəxs4 təxminən 2 ilə yaxın müddətdir ki, tanımışdır. Zərərçəkmiş şəxs4 bacısı Şahid2 qardaşı Şahid5 ilə təxminən iki ilə yaxın müddət ərzində qeyri-rəsmi olaraq evli olmuşlar. Fatmaxanımı da Aynur vasitəsi ilə tanımışdır. 2020-ci ilin may ayında söhbət əsnasında Aynur qardaşı oğlu X6 rayon İcra və Probasiya Şöbəsində işinin olmasını və bu səbəbdən bacısı Fatmaxanımın yaşadığı mənzili satmasını demişdir. Həmin vaxt onun digər borcları ilə bağlı pula ehtiyacı olduğu üçün Fatmaxanımdan pul almaq qərarına gəlmişdir. Buna görə də, Aynura prokurorluq və ədliyyə orqanlarında yüksək vəzifələrdə çalışan dostlarının olmasını və Fatmaxanıma Xəzər rayon İcra və Probasiya şöbəsində X2 adına olan 31710 ABŞ dolları məbləğində ödənişi sildirərək işin həllində köməklik edə biləcəyini bildirmişdir. Aynur da bacısı Fatmaxanımla əlaqə saxlayıb onun prokurorluq və ədliyyə orqanlarında yüksək vəzifələrdə çalışan dostlarının olduğunu, Ramilin İcra və Probasiya Şöbəsində olan işinin həllində köməklik edə biləcəyini demişdir. Fatmaxanım razılaşdıqdan sonra o, qardaşı Cəlal və Aynur Fatmaxanımın yaşadığı Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsində yerləşən mənzilinə getmişlər. Həmin vaxt o, Fatmaxanıma bu işi həll edəcəyini, bunun qarşılığında sonuncudan 4900 manat pul istəmişdir. Fatmaxanım etiraz etməmiş və ona inandığı üçün 4900 manat məbləğində pulu yaşadığı mənzildə ona vermişdir. O, Fatmaxanımdan aldığı pulu digər borclarına vermiş və düşünmüşdür ki, Fatmaxanım bacısı Aynura görə ondan şikayət etməz, o da müəyyən müddətdən sonra sonuncudan aldığı pulu qaytarar. Bir neçə gün keçdikdən sonra ona yenidən pul lazım olduğu üçün Fatmaxanıma zəng edərək məsələni həll etmək üçün prokurorluq və məhkəmə orqanının işçilərinə 2200 manat pul vermək lazım olduğunu demişdir. Fatmaxanım razılaşdıqdan sonra xx.xx.2020-ci il tarixdə o, qardaşı Cəlal və Aynur birlikdə Fatmaxanımın yaşadığı ünvan 7 ünvanına getmişlər və həmin vaxt Fatmaxanımdan 2200 manat məbləğində pulu almış, həmin pulu da digər şəxslərə olan borcunun əvəzinə vermiş və hüç bir iş görməmişdir. Daha sonra Fatmaxanıma vurduğu 7020 manat ziyanı məhkəmə gedişində tam olaraq ödəmişdir. Son sözündə əvvəllər məhkum olunmamasını əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərdən üçünə dəymiş ziyanın tam , birinə isə qismən ödəniş etməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci ilin iyun ayından etibarən ona məxsus ünvan 6 ünvanında aylıq 500 manat olmaqla kirayə qalmışdır. Bu səbəbdən Mircavadla münasibəti yaranmışdır. Həmin müddətdə Mircavadın avtomobil alqı-satqısı ilə məşğul olduğunu öyrənmişdir. 2019-cu ilin noyabr ayında özünə məxsus olan “Land Rover” markalı **-SD- *** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istədiyindən Mircavada müraciət etmişdir. Təxminən 3 gün ərzində Mircavad avtomobil üçün alıcı tapmış və 33.000 ABŞ dolları barədə razılıq əldə olunmuşdur. Müqavilə bağlanarkən BDYPİ-də özü iştirak etmiş, lakin həmin məbləğ növbəti gün ödənilməli olmuşdur. O isə növbəti gün işlərinin çoxluğu ilə əlaqədar pulun götürülməsini Mircavada tapşırmış və bildirmişdir ki, Anar adlı tanışına 21.500 ABŞ dolları verməli olduğundan həmin məbləğdə pulu Anara verməyini, sonra isə qalan pulu ona verməyini istəmişdir. Həmin vaxt o, cibindən 2000 ABŞ dolları da çıxararaq Mircavada vermişdir ki, 21.500 ABŞ dollarının üzərinə qoyaraq ümumilikdə Anara borclu olduğu 23.500 ABŞ dollarını versin. Növbəti gün Mircavad Anara onun verdiyi 2000 ABŞ dolları ilə birlikdə 23.500 dollar pul vermişdir. Onunla əlaqə saxladıqda isə növbəti gün pulu götürəcəyini demişdir. Qeyd olunan gün görüşdükdə pulu başqa bir işə xərclədiyini və 3-4 gün ərzində ödəyəcəyini bildirmişdir. Lakin həmin hadisədən yalnız bir ay sonra ona 3500 ABŞ dollar pul vermişdir. Beləliklə Mircavad ona hüquq mühafizə orqanlarına şikayət edənədək avtomobilinə görə verməli olduğu 33.000 ABŞ dollarından 25.000 ABŞ dolları ödəmişdir. Bugünə qədər isə əlaqə saxladıqda müxtəlif bəhanələr gətirərək qalan 8.000 dollar pulu verməkdən imtina etmişdir. Daha sonra dəymiş ziyandan 3800 manat ödənildiyini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2018-ci ildən tanıyır və aralarında yoldaşlıq münasibəti olmuşdur. Mircavad müxtəlif markalı avtomobillərin satışı ilə məşğul olmuşdur. Mircavad avtomobil alıb satmaqda ona köməklik edə biləcəyini bildirmişdir. 2018-ci ilin avqust ayında o, özünə məxsus “İnfiniti FX35” markalı avtomobili satmaq qərarına gəlmişdir. Mircavad da ona avtomobili normal qiymətə sata biləcəyini bildirərək onun adına etibarnamə verməsini istəmişdir. O da aralarında olan münasibətə görə avtomobili satması üçün Mircavadın adına baş etibarnamə vermiş və sonuncu avtomobili sataraq pulunu ona vermişdir. Mircavad onun etibarını qazandığı üçün aralarında olan münasibət yoldaşlıq münasibətinə çevrilmiş və onlar tez-tez əlaqə saxlayıb görüşmüşlər. 2019-cu ilin dekabr ayında Mircavadla görüşən zaman sonuncu ondan avtomobili olub-olmadığını soruşmuşdur. O da Mircavada “Volkswagen Passat CC” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyini demişdir. Həmin vaxt Mircavad “Volkswagen Passat” avtomobillərinə çoxlu müştərisinin olduğunu və ona məxsus avtomobili yaxşı qiymətə satıb pulunu ona verə biləcəyini demişdir. Mircavadla aralarında olan yoldaşlıq münasibətinə və əvvəl də avtomobil satılmasında ona köməklik etdiyinə görə Mircavada inanaraq razılaşmışdır. Razılaşmaya əsasən özünə məxsus “Volkswagen Passat CC” markalı, l0-VE-666 dövlət qeydiyyat nişanlı avtomobili satması üçün Mircavadın adına baş etibarnamə verməli olmuş və Mircavad da bir ay müddətində avtomobili sataraq pulunu ona verməli olmuşdur. Həmin söhbət zamanı onlar avtomobili 20500 manata satmağa razılaşmışlar. xx.xx.2019-ci il tarixdə o, avtomobili satmaq üçün Mircavadın adına baş etibarnamə vermiş və avtomobili BDYPİ-nin həyətində ona təhvil vermişdir. Həmin vaxt dostu Şahid1 da onların yanında olmuşdur. Mircavad xx.xx.2019-cu il tarixdə ona satmaq üçün verdiyi avtomobilə görə 2500 manat pul verib qalan pulu avtomobili satan zaman verəcəyini demişdir. Bundan sonra bir neçə dəfə Mircavadla əlaqə saxlayıb avtomobil barədə maraqlanan zaman sonuncu ona avtomobili sata bilmədiyini deyərək vaxtı uzatmağa başlamışdır. Daha sonra isə ona məlum olmuşdur ki, Mircavad avtomobili tez bir zamanda 20500 manata satmış və avtomobilə görə ona borclu qaldığı 18.000 manat pulu ona verməmişdir. Bundan sonra Mircavadla əlaqə saxlayıb sonuncudan avtomobilə görə verməli olduğunu 18.000 manat pulu ödəməsini tələb etsə də, Mircavad hər dəfə vaxtı uzadaraq pulunu ödəməkdən boyun qaçırmışdır. Hazırda dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı tələb və şikayətinin olmamasını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdə qardaşı oğlu X9 rayon İcra və Probasiya Şöbəsinə 31710 ABŞ dolları məbləğində pulu ödəmək üçün iltizam yazmış və bundan sonra o, həmin pulu ödəmək üçün özünə məxsus olan Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsində yerləşən mənzilini satışa çıxartmışdır. Bunu eşidən bacısının həyat yoldaşı Şahid5 qardaşı Cavad Mahmudov ona Ədliyyə Nazirliyində və Prokurorluq orqanlarında çalışan dostlarının olduğunu və həmin məsələyə görə mənzili satmağa ehtiyac olmadığını bildirərək daha az məbləğdə pulun qarşılığında icra şöbəsində olan işi həll edə biləcəyini bildirmişdir. Bundan sonra Cavad ondan Xəzər rayon İcra və Probasiya Şöbəsində olan qərarın icrasını həll etmək üçün 4900 manat məbləğində pul istəmişdir. O da Mircavadın ona verdiyi vədə inanaraq sonuncu ilə razılaşmışdır. 25 may 2020-ci il tarixdə bacısı Aynur, yoldaşı Cəlal və qaynı Cavad qardaşları onun yaşadığı ünvan 7 ünvanına gəlmişlər və həmin vaxt Cavad ondan 4900 manat məbləğində pulu almışdır. Bundan sonra Cavad bir daha ona vəd verərək yaşadığı mənzili tərk etmişdir. Bir neçə gün keçdikdən sonra Cavad bu məsələni həll etmək əlavə olaraq 2200 manat pul lazım olduğunu bilmişdir. O, razılaşdıqdan sonra xx.xx.2020-ci il tarixdə Cavad, Cəlal və bacısı Aynur birlikdə yaşadığı ünvan 7 ünvanına gəlmişlər və həmin vaxt Cavad ondan 2200 manat məbləğində pulu almışdır. Lakin Cavad ondan 7100 manat məbləğində pulu almasına baxmayaraq ona verdiyi vədə əməl etməmişdir.Dələduzluq yolu ilə əldə etdiyi 7100 manat məbləğində puldan ümumi olaraq 80 manat məbləğində pul qaytarmışdır. Qalan 7020 manat pulu isə qaytarmadığı üçün şikayət etmişdir. Hazırda dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən məhkəmə istintaqı zamanı tam ödənilmişdir. Bu səbəbdən onunla barışmış və ona qarşı tələb və şikayəti yoxdur. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, dəymiş ziyanın tam olaraq ödənildiyini bildirmişdir. Məhkəmə iclasında onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilərək tədqiq edilmişdir.O, ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilin fevral ayında avtomobil almaq qərarına gəlmiş və avtomobil axtarmağa başlamışdır. Turbo.az internet səhifəsindən “İnfıniti” markalı avtomobil tapmış və elanın sahibi ilə əlaqə saxlamışdır. O, Binəqədi rayonunda yerləşən avtomobil satışı salonuna getmiş, həmin şəxslə tanış olub adının Mircavad olduğunu öyrənmişdir. Avtosalonda həmin avtomobilə və başqalarına baxsa da, heç birini almayıb çıxıb getmişdir. Bir müddət sonra həmin avtomobili almaq qərarına gəlmişdir. xx.xx.2019cu il tarixində Mircavadla əlaqə saxlayaraq yenidən həmin avtosalona getmiş və Mircavadla 10000 ABŞ dolları müqabilində həmin avtomobili almağı razılaşmış və o, pulu götürmək üçün yaşadığı evə yollanmışdır. Həmin vaxt Cavad vaxt itirməmək üçün özünün gəlib pulu yaşadığı evdən götürəcəyini, daha sonra rəsmiləşdirmə məsələlərinə başlayacağını demişdir. Təxminən 3-4 saat sonra Mircavad yaşadığı evə gəlmiş, binanın həyətində 10000 ABŞ dollarını sayıb və şəxsiyyət vəsiqəsini anası Xavərin yanında sonuncuya vermişdir. Cavad pulu götürüb öz avtomobilinə əyləşmiş və onlara arxasınca getmələrini bildirmişdir. O, anasi ilə taksiyə əyləşib sonuncunun avtomobilinin arxasınca getməyə başlamışlar. Onlar az getdikdən sonra Cavadın avtomobilini gözdən itirmişlər. Cavadın ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxladıqda Cavad rəsmiləşdirmə işlərini həll edərək avtosalona gələcəyini və onların orada gözləmələrini bildirmişdir. Həmin gün onlar Mircavadı nə qədər gözləsələr də, sonuncu gəlib çıxmamışdır. O, bunu görüb Cavaddan verdiyi pulları tələb etdikdə sonuncu pulu qısa müddət ərzində qaytaracağını demişdir. Daha sonra Mircavad mart ayında bacısı Turanə Qafarovaya 2000 ABŞ dolları, bir neçə gün sonra isə 2500 ABŞ dollarını və şəxsiyyət vəsiqəni vermişdir. Pulu qalan hissəsini isə ödəməkdən yayınmışdır. O, 2019-cu ilin aprel ayında Sabunçu RPİ-nin 13-cü PB-yə müraciət etmiş və bundan sonra Mircavad adlı şəxs 2019-cu ilin avqust ayında 500 manat, bir neçə gün sonra 300 manat pul vermişdir. 2019-cu ilin dekabr ayında isə Mircavad ona 1000 (bir min) dollar, yəni 1700 manat ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs4 ifadəsinə oxşar ifadə vermişdir. Təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid3, Şahid4 və Şahid5 ifadələri elan edilərək tədqiq edilmişdir. Onların ifadələri zərərçəkmiş şəxslərin ifadələri ilə oxşar olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs4 təqdim etdiyi 1 ədəd CD formatlı diskə Təqsirləndirilən şəxs iştiraklı ilə baxış keçirilən zaman 01 ədəd “WhatsApp Audio 17.02.50.mpeg” adlı və 01 ədəd “WhatsApp Audio 17.02.50.ogg” adlı səs yazılar aşkar olunmuşdur. 01 ədəd “WhatsApp Audio 17.02.50.ogg” aclı səs yazıya baxış keçirilən zaman aşağıdakı məzmunda səs yazının olması aşkar edilmişdir: K1 – “Sabahları gələcəm ora, indi yanımda adam var danışa bilmirəm. Verdiklərinizin hamısını özünüz də bilirsiz nədi nə deyil. Səhər də gələcəm. Sizə dedim axı axırıncı verdiyiniz 2200-ni də qaytaracam, o 500 də qaytaracam. Başa düşdüm, sabahları inşallah orda olacam. İndi yanımda adam var mənim. Baxışda iştirak edən Təqsirləndirilən şəxs “K1” nömrəsi ilə işarələnmiş səsin ona, “K2” nömrəsi ilə işarələnmiş səsin isə Zərərçəkmiş şəxs4 məxsus olduğunu bildirmişdir. İş materiallarında olan 18 fevral 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 ədəd “CD” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında (iş vərəqi 119, cild 02) olan DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 18:00 radələrində tutulmuşdur. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 may 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, dəymiş ziyandan 3800 manat ödənildiyini, təqsirləndirilən şəxslə barışmadığını cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, dəymiş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı tələb və şikayəti yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, dəymiş ziyanın Təqsirləndirilən şəxs yaxınları tərəfindən ödənildiyini bildirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, dəymiş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs qarşı tələb və şikayəti yoxdur. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin səmimi etiraflı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən vurulmuş ziyanın üç zərərçəkmişə qarşı tam, bir zərərçəkmiş şəxsə münasibətdə isə qismən ödənilməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərərin çox hissəsinin ödənilməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, həbsdə və ev dustaqlığında saxlandığı 01 (bir) ay Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) ay çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlandığı 01 (bir) ay Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) ay çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar