Məhkəmə qərarları › İş №1(011)-175/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-175/2022

25.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-175/2022 25.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, məhkəmə iclasının katibi Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,346 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üstündə saxlayaraq daşımış, 21 yanvar 2022-ci il tarixdə saat 16:40-da özünü şübhəli apardığı üçün ünvan 2 ünvanda yerləşən “Bakı” kinoteatrının yaxınlığında saxlanılıb ünvan 4 ünvanda yerləşən Xətai RPİnin 34-cü PŞ-nə gətirilərək video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış aparılan zaman, əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən təmiz çəkisi 0,346 qram olan 01 ədəd qızılı rəngli kağıza bükülmüş psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 21 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi ilə Bakı kinoteatrının yaxınlığında piyada hərəkətdə olduğu zaman 2 nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onu şübhəli şəxs qismində 34-cü Polis Şöbəsinə aparmışdır. Şöbədə olan zaman anket məlumatlarını bilməsə də, adının Səfər olduğunu bildiyi polis əməkdaşı ona 01 ədəd qızılı rəngli kağız bükümü verərək əynində olan cins şalvarının cibinə qoymasını və video çəkilişlə üstünə baxış keçirilən zaman psixotrop maddə istifadə etməsini bildirməsini, həmçinin həmin bükümü təqdim etməsini ona demişdir. O, psixotrop maddədən istifadə etmədiyini bildirərək buna etiraz etmişdir. Lakin ona təzyiq göstərilmiş və əgər dediklərini etməsə, ona qarşı soyğunçuluq etməsi faktı ilə bağlı cinayət işi başladacağını bildirmişdir. O, məcbur qalaraq video çəkiliş zamanı polis bölməsində cibinə qoyduğu 01 ədəd qızılı rəngli kağız bükümünü təqdim edərək ona məxsus olduğunu və psixotrop maddədən istifadə etdiyini bildirmişdir. Əlavə olaraq heç bir psixotrop maddə istifadə etmədiyini, üzərində daşımadığını bildirərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunun rəhbəri o, digər üzvü isə 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 olmuşdur. 21 yanvar 2022-ci il tarixdə zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsi Xətai rayonu ərazisində “Bakı” kinoteatrının yaxınlığında görüb saxlamışlar. Özlərini təqdim edərək onu 34-cü polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində həmin şəxsin xx xxx 1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, müdafiəçinin, onun və Şahid2 iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Həmin vaxt şübhəli şəxs Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa, könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli kağız bükümünü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümdə nə olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümdə psixotrop maddə olan metamfetamin olduğunu, 19 yanvar 2022-ci il tarixdə “Neftçilər” metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər maddə olan bükülü zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi və onlar tərəfindən imzalanmışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı hər hansı bir zor və ya təzyiq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 21 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:10-da Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 22); şəxsi axtarış və götürmə aparılması haqqında 21 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 34-cü PŞ-in əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Xətai RPİ-nin 34-cü PŞ-in əməliyyat müvəkkili, polis baş leytenantı X2, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X3 iştirakları ilə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin inzibati binasında “Xiaomi” markalı mobil telefon vasitəsilə video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş ağ rəngli, kristal şəkilli, narkotik vasitəyə bənzər maddəni təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddələrin nədən ibarət olması haqqında sual verilərkən sonuncu bildirdi ki, əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibində 01 ədəd qızılı rəngli kağıza bükülmüş ağ rəngli, kristal şəkilli maddələr “şüşə” adlanan narkotik vasitədir. Qeyd olunan maddəni necə əldə etməsini soruşduqda iki gün əvvəl Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyası yaxınlığında tanımadığı bir şəxsdən 20 manat məbləğində şəxsi istifadəsi üçün əldə etdiyini bildirdi. Götürülmüş kütlə elektron tərəzi vasitəsilə çəkildi və çəkisi 0,58 qram müəyyən olunmuşdur. (i.v. 32-33); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 yanvar 2022-ci il tarixli, 6/418 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №52” möhür əksi və “...Təqsirləndirilən şəxs..” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,346 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. (i.v. 41-45); DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, DVD diskdə əks etdirilmiş görüntülər 21 yanvar 2022-ci il tarixdə qeydə alınmışdır. Videogörüntüdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilir. Bundan sonra sonuncu əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümünü çıxarıb masanın üzərinə qoyur. Qutuda nə olması soruşulduqda isə Təqsirləndirilən şəxs şüşə adlandırılan psixotrop maddə olan metamfetamin olduğunu və həmin psixotrop maddəni “Neftçilər” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir (i.v. 66-67). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-39/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 21 yanvar 2022-ci il tarixdən hesablanmışdır ( i.v. 77-80); Maddi sübut kimi tanıma haqqında 24 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkişi 0,346 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,296 qram psixotrop maddə olan metamfetamin saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir ( i.v. 81-82); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli, 702 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( i.v. 95-96); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 22 fevral 2022-ci il tarixli tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 04 ay 22 gün vaxtından əvvəl cəzadan azad olunmuş, xx.xx.2018-ci ildə cəza müddəti başa çatmışdır ( i.v. 102-104); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-259/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs, ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilmişdir ( i.v. 105-116); Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Başçısının Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 179 nömrəli, xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1976-cı ildə ünvan 6 ünvanında qeydiyyatdadır. Yaşadığı müddətdə onun haqqında heç bir şikayət daxil olmamışdır ( i.v. 119); Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxış iclasında verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Müdafiə hüquqununun təməl institutu kimi Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığından, belə düşünmək olar ki, Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Lakin şahid qismində dindirilmiş Şahid1, Şahid2 bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra şahid qismində dindirilmişlər. Həmin şahidlər bütün izahat və ifadələrində Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib üstündə saxlayaraq daşıması, keçirilən əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılması və video çəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman psixotrop maddənin sonuncunun üzərindən aşkar edilməsini göstərmişlər. Şahidlərin cinayət işinin materiallarında olan izahat və ifadələri ilə məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri eyni məzmunlu olmuş, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs öz xətti ilə yazdığı 22 yanvar 2022-ci il tarixli ifadəsində törətdiyi cinayət əməlini etiraf etmiş, ifadəsinin sonunda “ifadəni özüm yazdım, əlavəm yoxdu, imzamla təsdiq edirəm” sözlərini yazmışdır. Məhkəmə baxış iclasında da ifadəsini özünün yazdığını qeyd etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmənin baxış iclasında polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsini bildirsə də, məhkəmə istintaqı zamanı bu hal öz təsdiqini tapmamış, həmçinin iş materiallarında təqsirləndirilən şəxs tərəfindən qeyd etdiyi halla bağlı hər hansı müraciətin olması müəyyən edilməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yaşlı valideyinlərinin olmasını, onun ailənin yeganə gəlir gətirən, onların maddi və sair tələbatlarını qarşılayan şəxsi olmasını nəzərə alır və cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut – Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,296 qram çəkidə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 21 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,296 qram çəkidə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatlarının dəyərləri 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəşid Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar