Məhkəmə qərarları › İş №1(011)-178/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-178/2022

14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-178/2022 14.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintаqа məlum оlmаyаn mənbədən sаtış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 büküm kustar üsulla hazırlanmış təmiz çəkisi 0,890 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Xətai RPİ-ni 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 12 yanvar 2022-ci il tarixdə saat 14:00 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılıb ünvan 3ən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək müdafiəçinin iştirakı və video çəkilişlə üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,890 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintаqа məlum оlmаyаn mənbədən sаtış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 büküm kustar üsulla hazırlanmış təmiz çəkisi 0,321 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 01 fevral 2022-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən Abşeron kafesinin qarşısında saxlanılıb ünvan 3ən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək müdafiəçinin iştirakı və video çəkilişlə üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,321 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 1 il olar ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitələri qəbul etməyə başlayanda, Yasamal rayonu, Kubinka adlanan yerdə adını bilmədiyi, lakin üzdən tanıdığı bir şəxslə tanış olmuş və həmin şəxs ona bildirmişdir ki, narkotik vasitə və ya psixotrop maddə lazım olsa ona müraciət edərək ondan ala bilər. O da narkotik vasitə lazım olanda həmin şəxsi tapıb sonuncudan almışdır. Narkotik vasitəni aldıqdan sonra bədənində ağrılar olan zaman münаsib yеr tаpаrаq orada qəbul etmişdir. 10 yanvar 2022-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Kubinka adlanan yerə gedib həmin şəxsi taparaq sonuncu ilə görüşmüş, orada həmin şəxsə 20 manat pul verib ona psixotrop maddə metamfetamin gətirməsini xahiş etmişdir. Təxminən 10-15 dəqiqə sonra həmin şəxs ona 1 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetamini gətirib vermişdir. 12 yanvar 2022-ci il tarixdə saat 14:00 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 45 ünvanın qarşısında olan zaman mülki geyimli iki şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. O, razılaşmış və Polis Bölməsinə getmişdir. Polis Bölməsində müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da cins şalvarının sağ yan cibində saxladığı 1 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümdə metamfetamin olduğunu və həmin maddəni şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, başqa heç bir şey aşkar olunmamışdır. Bundan başqa, narkotik vasitələri qəbul etməyə başlayanda Bakı şəhəri, Xətai rayonu, Əhmədli metro stansiyanın yaxınlığında adını bilmədiyi, lakin üzdən tanıdığı bir şəxslə tanış olmuş və həmin şəxs ona bildirmişdir ki, narkotik vasitə və ya psixotrop maddə lazım olanda ora gəlib ondan ala bilər. O da narkotik vasitə lazım olanda Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığına gedərək həmin şəxsi tapıb sonuncudan almışdır. 01 fevral 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli metro stansiyasının yaxılığına gedib həmin şəxsi taparaq görüşmüşdür. Orada həmin şəxsə 30 manat pul verib ona psixotrop maddə metamfetamin gətirməsini istəmişdir. Təxminən 10-15 dəqiqə sonra həmin şəxs ona 1 ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə olan metamfetamini gətirib vermişdir. O, psixotrop maddə metamfetamini əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdür ki, bədənində ağrılar olan zaman istifadə etsin. 01 fevral 2022-ci il tarixdə saat 12:00 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən Abşeron kafesinin qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən onlarla birlikdə polis Bölməsinə getmişdir. Polis şöbəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da tünd göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 1 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümdə metamfetamin olduğunu və həmin maddəni şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Polis Bölməsində hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində nаrkоtik qаnunsuz qəbul еtməsi və üzərində sахlаmаsı bаrədə dахil оlmuş əməliyyаt məlumаtını yохlаmаq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Rəhman ilə birlikdə məlumat əsasında saat 14:30 rаdələrində ünvan 6 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Anarın əlаmətləri ilə üst-üstə düşən bir nəfər şəхsin orada olmasını və özünü şübhəli аpаrdığnı görüb, həmin şəхsə yахınlаşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Anara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu saxlayaraq Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Anar da buna etiraz etmədikdən sonra sonuncunu PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçıya təhvil vermişlər. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilərək həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Anara üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Anar da əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində olan psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni Bakı şəhəri, Yasamal rayonu, Kubinka adlanan yerdə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Sonra Anarın üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində şahid qismində dindirilmiş Şahid2 ifadəsinə uyğun ifadə verərək, onun dediklərini təsdiqləmişdir (i.v. 202-203); Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində nаrkоtik vasitəni qаnunsuz qəbul еtməsi və üzərində sахlаmаsı bаrədə dахil оlmuş əməliyyаt məlumаtını yохlаmаq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid4 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Rövşən birlikdə məlumat əsasında saat 12 rаdələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Abşeron” kafesinin yaxınlığına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Anarın əlаmətləri ilə üst-üstə düşən şəхsə yахınlаşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Anara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu saxlayaraq Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Anar da buna etiraz etmədikdən sonra sonuncunu PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçıya təhvil vermişlər. Bundan sonra müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Anara üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Anar da əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində olan proixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Sonra Anarın üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində şahid qismində dindirilmiş Şahid3 ifadəsinə uyğun ifadə verərək, onun dediklərini bir daha təsdiqləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 01 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq, icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.01); şübhəli şəxsin tutulması haqqında 01 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:45 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 21); şəxsi axtarış və götürmə aparılması haqqında 01 fevral 2022-ci il tarixli protokolun surətindən görünür ki, 01 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİnin 34-cü PŞ-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd gümüşü rəngli kağız bükümdə olan maddənin elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə ümumi çəkisinin 0.45 qram olması aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir (i.v. 31- 32); məhkəmə-kimyəvi ekspertizanın 01.02.2022-ci il tarixli, 6/646 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün 152” möhür əksi və “Təqsirləndirilən şəxs” və s. Yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,321 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir (i.v.42-46); CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında 02.02.2022-ci il tarixli protokoldan görünür ki, 01.02.2022-ci il tarixdə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,321 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır (i.v.57-58); cinayət işinin bir icraatda birləşdirilməsi haqqında 02.02.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə CM-nin 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi bir icraatda birləşdirilərək ibtidai istintaqı aparılmışdır (i.v.59-60); şübhəli şəxsin tutulması haqqında 12.01.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:10 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 85); şəxsi axtarış və götürmə aparılması haqqında 12.01.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 34-cü PŞ-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir (i.v.95-96); məhkəmə-kimyəvi ekspertizanın 13.01.2022-ci il tarixli, 6/204 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ Təqsirləndirilən şəxs (imza)..." yazısı və imzalar olan zərfdəki 01 ədəd təmiz çəkisi 0,890 qram olan ağ rəngli kristaldan ibarət maddə kustar üsulla hazırlanmış psoxotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir (i.v.104-108); CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında 13.01.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə 12.01.2022-ci il tarixdə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,890 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır (i.v.121-122); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 14.01.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.123-124); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, 14.01.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Xətai RPİ-nin MSY-dən dərhal azad edilmişdir (i.v.142-143); təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə 14.01.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri seçilmişdir (i.v.145-146); Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.158); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 03.02.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.159-160); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03.02.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 01.02.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (i.v.183-187); maddi sübut kimi tanınma haqqında 18.02.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,890 qram və 0,321 qram olan psixotrop maddə olan metamfetaminin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,840 qram və 0,271 qram çəkidə psixotrop maddə olan metamfetaminin saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (i.v.199- 200); məhkəmə-narkoloji ekspertizanın 23.02.2022-ci il tarixli, 910 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.214-215); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 07.03.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 02 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir (i.v. 220-230); Məhkəmə iclasında birinci “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə olan maddəni çıxarıb təqdim edir və həmin maddəni Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxılığında tanımadığı şəxsdən 30 manata öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Məhkəmə iclasında ikinci “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə olan maddəni çıxarıb təqdim edir, həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu və həmin maddəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,890 qram və 0,321 qram olan psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarının 13-cü bəndində göstərilir ki, Azərbaycan Respublikasının hazırda qüvvədə olan Cinayət Məcəlləsində narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi nəzərdə tutulmamışdır. Buna görə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda bir neçə dəfə əldə etmə və saxlama əməli CM-in 234.1-ci maddəsi ilə əhatə olunur və həmin maddə ilə tövsif olunmalı, satış məqsədi olmadan narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda təkrar əldə etmə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayətin təkrar törədilməsi Təqsirləndirilən şəxs əməlində CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutularaq saxlanıldığı 12.01.2022-ci il tarixdən 14.01.2022-ci il tarixədək olan müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş ilkin təmiz çəkisi 0,890 qram və 0,321 qram, tədqiqatdan sonra qalıq çəkisi 0,840 qram və 0,271 qram olan psixotrop maddəmetamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD-R formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır (CPM-132), 224 (iki yüz iyirmi dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 yanvar 2022-ci il tarixdən 14 yanvar 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 01 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq çəkisi 0,840 qram və 0,271 qram olan psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd DVD-R formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 224 (iki yüz iyirmi dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar