Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-178/2023 18.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Laçın rayonu, Güləbird kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6549/2018 nömrəli, xx.xx.2018-tarixli qətnaməsini qərəzəli olaraq icra etməmişdir. Belə ki, o, cavabdeh kimi ondan xx.xx.2018-ci il tarixdən hesablanmaqla övladları xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 154,00 manat olmaqla, habelə uşaqlar 3 yaşına çatanadək hər uşaq üçün ayrı-ayrılıqda 50,00 manat, ümumilikdə 408,00 manal sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(011)-6549/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətlə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 10 avqust 2022-ci il tarixədək 4.616,00 manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da zərərçəkmiş şəxs X3 qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər anası xəstə olduğu üçün alimenti ödəyə bilmirdi. Anasının müalicələri bahalı olduğu üçün əldə etdiyi gəlirlərin hamısını ora xərcləyirdi. Buna görə də alimenti vaxtlı-vaxtında ödəyə bilməmişdir. Hal-hazırda alimenti ödəyir. Aliment borcunu da tam şəkildə ödəməyib. Məhkəmədən icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, halhazırda kirayədə yaşayır və iki uşağı təkbaşına saxlayır. Onun iki uşağa tək baxmağa maddi imkanı çatmır və bu səbəbdən də alimentin ödənilməsini tələb edir. Belə ki, uşaqlardan biri xəstədir və loqopedin yardımına ehtiyacı vardır. Zərərçəkmiş şəxs bildirmişdir ki, alimentin ona birdəfəlik ödəniş şəklində ödənilməsini tələb edir. Daha sonra o ərizə verərək, 4,616 manat aliment borcunun ona ödənildiyini, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai rayon İcra şöbəsinin icra məmuru Şahid2 Nazim qızı öz ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsə dəfələrlə borcun ödənilməsi barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxsin ikinci dəfə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı şahid qismindən iştirak edir. Belə ki, birinci dəfə cinayət məsuliyyətinə cəlb edildikdə Zərərçəkmiş şəxs ərizə yazaraq icraata xitam verilməsini xahiş etmişdir. Ümumilikdə ona məlum olan odur ki, Təqsirləndirilən şəxs alimentin icrası bağlı təxminən 4.000 manat borcu vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai rayon İcra şöbəsinin icra məmuru Şahid1 öz ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs mütəmadi olaraq az məbləğlərdə borcdan ödənişlər etmişdir. Birinci dəfə Təqsirləndirilən şəxs barəsində cinayət işi açılanda Zərərçəkmiş şəxs icraata xitam verilməsi ilə bağlı ərizə vermişdir. Lakin ərizədə bildirmişdir ki, 3.624 manat borc qalmaqdadır. Təkrarən 2021-ci ildə yenidən Təqsirləndirilən şəxs barəsində iş icraaya daxil olmuşdur. İcraatın aparılamasını da məhz 3.624 manat üzərində davam etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 17 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılması, ibtidai istintaqın aparılması üçün icraata götürülməsi və cinayət işi üzrə Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınması qərara alınmışdır (cild1, i.v. 1); -“borclunun cinayət məsuliyyətinə cəlb olunması haqqında” təqdimatdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2021-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs tərəfindən bu günə qədər 4.950 manat ümumilikdə pul ödənilmişdir və iyul ayı daxil olmaqla 4.616 manat mənləğində aliment üzrə borc təşkil edir (cild1, i.v.6-8); -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-6549/2018 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 154 manat, habelə uşaqlar 3 yaşına çatanadək iddiaçı Zərərçəkmiş şəxs üçün hər uşaq üçün ayrı-ayrılıqda 50 manat, ümumilikdə 408 (dörd yüz səkkiz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir (cild1, i.v 10-11); - “icra sənədənin geri qaytarılması haqqında” ərizədən görünür ki, Zərərçəkmiş şəxs 14 dekabr 2020-ci ildə ərizə ilə müraciət edərək, bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə aralarında razılıq olmuşdur. Uşaqların bütün ehtiyacları Təqsirləndirilən şəxs tərəfindən ödənilir. Bu səbəbdən birgə yaşadıqları müddət ərzində ondan heç bir aliment tələbinin olmayacağını bildirmişdir (cild1, i.v 15); -MN 039256 saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur (cild1, i.v. 29- 30); -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(011)-2321/2021 saylı qərarından görünür ki, Mahmudov X4 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilmişdir (cild1, i.v 31-34); - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(011)-489/2021 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun qeyd edilən icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır (cild 1, i.v 43-45); - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Xətai rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il qərarı ilə hökm dəyişdirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilərək o, azad edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 27.12.19 il tarixli qərarı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq edilərək o, 07 (yeddi) ay 10 (on) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır (cild 1, i.v. 107); -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 1(011)-357/2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (cild 1, i.v.116-122); -Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(103)-1650/2019 saylı qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 1(011)-357/2019-cu il tarixli hökmü dəyişdirilərək, Təqsirləndirilən şəxs üzərində saxlanılan 07 (yeddi) ay 10 (on) gün müddətində azadlıqdan məhrumetmə cazası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq edilmişdir və onun üzərində 2 (iki) il sınaq müddəti müəyyən edilmişdir (cild 1, i.v.123-127); -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(011)-20/2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək ona təyin edilmiş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq edilmişdir və o, 07 (yeddi) ay 10 (on) gün müddətinə azadlıqdan məhrumetmə cəzasından azad edilmişdir. (cild 1, i.v.128-130); -xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır (cild 1, i.v 135-136); -xx.xx.2022-ci il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində saat 16:30-da tutulmuşdur. (cild 1, i.v 144); xx.xx.2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 158-159); xx.xx.2022-ci il tarixli “müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Yasamal RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. (cild1, i.v 166-167); “Sübuların qiymətləndirilməsi barədə” 28 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təyin edilmiş şərti məhkum etmə cəazası üzrə sınaq müddəti xx.xx.2021-ci il tarixdə bitdiyi üçün o, məhkumluğu olmayan şəxs hesab edilməli, cinayət işi üzrə zərərçəkmiş şəxs, digər şahid ifadələri, protokollar və toplanmış digər sənədlər iş üzrə sübut kimi qiymətləndirilməlidir. (cild 1, i.v. 131-134) İş materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam məbləğdə ödəmişdir. Hazırda bu iş üzrə ondan heç bir tələb və şikayəti yoxdur. Onun haqqında olan cinayət işinin xitam olunmasına heç bir etirazı yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 11-ci fəsli və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 41 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarının 1-ci bəndində görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində təsbit olunmuş cinayət əməlini törətmiş şəxsin həmin maddənin “Qeyd” hissəsinə əsasən təkrarən cinayət məsuliyyətindən azad edilməsi istisna edilmir. Həmin Qərarın 2-ci bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində təsbit olunmuş cinayət əməlini törətmiş şəxs həmin maddənin “Qeyd” hissəsində göstərilmiş şərtləri yerinə yetirdiyi halda, onun barəsində cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin məhkəmə qətnaməsini icra etməsi ilə əlaqədar olaraq cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmədiyini, Təqsirləndirilən şəxs məhkəmə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(011)-6549/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsini icra etdiyini və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 11-ci fəsli və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 41 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmiş göstərişləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi üzrə cinayət təqibinə xitam verilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №1(011)-178/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-178/2023
18.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver