Məhkəmə qərarları › İş №1(011)-178/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-178/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-178/2024 12.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində BB 110154 seriyalı, "BC" kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Kia Rio» markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xətai rayonu, R.Quliyev küçəsi ilə Respublika Neyrocərrahiyyə Xəstəxanası istiqamətində saatda 45-50 km/saat sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükənin yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlər görməli olduğu halda qanunun bu tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, mümkün olan heç bir tədbir görməmiş və o, idarə etdiyi avtomobillə Xətai rayonu, R.Quliyev küçəsi 3 ünvanında yerləşən "Mirvari” şadlıq sarayının qarşısında, yolu soldan sağa doğru qaçaraq keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vurub, ehtiyatsızlıqdan ona müştərək travma; açıq kəllə beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, beyindaxili hematoma, subaraxnodial sümüyünün cərrahi boynu səviyyədə, sağ körpücük sümüyünün qapalı yerini dəyişən sınıqları, komatoz vəziyyət və üzün sağ yarısının (əzilməsi) sıyrılmış yarası ilə müşayiət olunan ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla valideynləri ilə birlikdə yaşayır. Atasına məxsus "Kia Rio" markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edirdi. Həmin avtomobil ilə taksi kimi fəaliyyət göstərmişdir. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində o, idarə etdiyi "Kia Rio" markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsinə getmişdir. O, idarə etdiyi avtomobil ilə Bakı şəhəri. Xətai rayonu, 8 noyabr prospekti ilə gedib Nargilə dairəsinə daxil olumuşdur. Nargilə dairəsindən sola dönərək, yuxarı R.Quliyev küçəsinə daxil olub "Mirvari" restoranına tərəf hərəkət etməyə başlamışdır. Mirvari restoranının qarşısında orada olan piyada zolağını keçdikdən sonra təxminən 10 metr məsafədən 3 nəfər tanımadığı şəxsin yolu soldan sağa doğru keçməyə başladığını görmüşdür. Həmin vaxt o, təxminən 45-50 km/saat sürətlə yolun sağ zolağı ilə hərəkət etmişdir. Həmin şəxslər yolun ortasında olan qoşa xəttin üzərində dayanmışlar. Həmin şəxslərdən biri qaçaraq yolu keçməyə davam etmişdir. Həmin şəxs yolun sağ hissəsinə çatmağına az qalmış onun avtomobilini görüb həyəcanlanmış və geri qayıtmaq istəmişdir. O, həmin şəxsi vurmamaq üçün əyləci sıxıb avtomobili sola döndərmiş, lakin məsafə az olduğundan avtomobilin qabaq sağ tərəfi ilə həmin şəxsi vurmuşdur. O, dərhal avtomobili yolun ortasında saxlamışdır. Avtomobili saxlayıb düşmək istəyən zaman vurduğu piyadanın yanında olan ağ qara saçlı, orta boylu şəxs onun sifət nahiyəsindən yumruqla vurmuşdur. O, özünü itirib əli ilə sifətini tutmuşdur. Həmin vaxt onu vuran şəxs təpiklə sol diz qapağına vurmağa başlamışdır. Həmin şəxsin yanında olan hündür boylu şəxsdə onu vurmağa başlamışdır. O, həmin şəxslərin zərbələrindən qorunmaq üçün avtomobildən düşə bilməmişdir. Təxminən onu 5 dəqiqə ərzində vurmuşlar. Həmin şəxslər onu vurduqdan sonra ətrafda olan tanımadığı şəxslər həmin şəxsləri ondan ayırmışlar. O, bir təhər avtomobildən düşmüş və ara yoldan təcili tibbi yardım avtomobili gəlmişdir. O, avtomobildən düşdükdən sonra ağ qara saçlı şəxs ona "səni öldürəcəm" sözlərini demişdir. Onlar təcili tibbi yardım avtomobilini saxlatdırıb xəstəni avtomobilə qoyaraq yola salmışlar. Sonra o, Azərbaycan Respublikası DİN-in "102" xidmətinə zəng edərək, hadisə barədə məlumat vermiş və orada qalıb polis əməkdaşlarını gözləməyə başlamışdır. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və o, hadisəni olduğu kimi danışmışdır. Onun nəqliyyat vasitəsini idarə etmək üçün bütün sənədləri vardır. O, heç vaxt spirtli içki qəbul etməmişdir. Hadisə zamanı idarə etdiyi avtomobildə ondan başqa heç kim olmamışdır. Hadisə baş verməmişdən əvvəl o, avtomobili 45-50 km/saat sürətlə idarə etmişdir. O, piyadanı idarə etdiyi avtomobillə öz hərəkət istiqamətində öz hərəkət yolunda vurmuşdur. Hadisə baş verməmişdən qabaq idarə etdiyi avtomobildə yük olmamış və avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Baş vermiş hadisə nəticəsində səmimi peşmançılıq hissi keçirdiyini və ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına səhhəti ilə əlaqədar olaraq gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Füzuli rayonu, Mahmudlu kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. O, işləri ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsində kirayə yaşamışdır. xx.xx.2023-cü il tarixdə tanışları Cahid, Şahid2, Şahid3, Ceyhun və Şamillə birlikdə Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində yerləşən “Mirvari” restoranında əyləşib yemək yemişlər. Restorandan təxminən saat 22 radələrində hesabı ödəyib durmuşlar. O, Şahin və Ceyhun piyada, digərləri ilə sağollaşıb getməyə başlamışlar. Onlar yolu piyada keçidi ilə əks tərəfə keçməyə başlamışlar. Həmin vaxt yol işıqlı olmuş və hər iki istiqamətdən avtomobillər hərəkət etmişdir. O, yolun ortasına kimi keçib iki saniyəlik dayanmış və yenidən yolu keçməyə başlamışdır. Həmin vaxt səkiyə çatmağa az qalmış sağ tərəfdən gələn avtomobil onu sağ tərəfindən vurmuşdur. O, zərbənin təsirindən huşunu itirmiş və özünə gəldikdə isə xəstəxanada olmuşdur. O, hadisə zamanı ayıq olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Füzuli rayonu, Mahmudlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayırlar. Oğlu işləri ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsində kirayə yaşamışdır. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs tanışları Cahid, Şahid2, Şahid3, Ceyhun və Şamillə birlikdə Bakı şəhəri, Xətai rayonu R.Quliyev küçəsində yerləşən "Mirvari” restoranında əyləşib yemək yemişlər. Restorandan təxminən saat 22 radələrində durmuşlar. Zərərçəkmiş şəxs, Şahin və Ceyhun piyada, digərləri ilə sağollaşıb getməyə başlamışlar. Onlar yolu piyada keçidi ilə əks tərəfə keçməyə başlamışlar. Həmin vaxt yol işıqlı olmuş və hər iki istiqamətdən avtomobillər hərəkət etmişdir. Zərərçəkmiş şəxs yolun ortasına kimi keçib iki saniyəlik dayanmış və yenidən yolu keçməyə başlamışdır. Həmin vaxt səkiyə çatmağa az qalmış sağ tərəfdən gələn avtomobil onu sağ tərəfindən vurmuşdur. O, zərbənin təsirindən huşunu itirmiş və özünə gəldikdə isə xəstəxanada olmuşdur. O, hadisə zamanı ayıq olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışıq əldə olunmamışdır. Göstərilənləri nəzərə alaraq, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 23, mənzil 8-də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında tanışları Zərərçəkmiş şəxs, Şahid2, Şahid3, Ceyhun və Anarın tanımadığı tanışı Şahin adlı şəxs ilə Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində yerləşən Mirvari restoranında otaqların birində əyləşib yemək yemişlər. Şahid3, Şahin və Anar spirtli içki qəbul etmişdir. Daha sonra saat 22 radələrində onlar restorandan durmuş, o, Şahid3, Sənana məxsus “Mercedes GL" markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. O, avtomobildə ön sağ oturacaqda, Şahid3 isə arxa oturacaqda əyləşmişdir. Ceyhun, Şahin və Anar onlardan ayrılıb R.Quliyev küçəsi istiqamətində getmişlər. Bundan təxmini bir dəqiqə sonra toqquşma səsi eşidib avtomobildən yerə düşmüşlər. Həmin vaxt onlar, Şahid3, Şahid2 avtomobildən yerə düşüb avtomobilin yanında durub Anarın yerə uzandığını görmüşlər. Həmin vaxt onlar Anarı "Kia Rio" markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurmasını bilmişlər. Onlar şok vəziyyətində olduqları üçün Anara yaxınlaşa bilməmişlər. Onlar restoranın həyətinin divarını kənar hissəsində, yol tərəfdə çöldə durub hadisələri müşahidə etmişlər. Həmin vaxt Anar yerə yıxılmış, ətrafına isə çoxlu insanlar toplaşmışdır. Bundan 2-3 dəqiqə sonra hadisə yerinə təcili tibbi yardım stansiyasının avtomobili yaxınlaşıb Anarı avtomobilə əyləşdirib hadisə yerindən uzaqlaşıb getmişdir. Onlar Sənanın avtomobilinə əyləşib təcili tibbi yardım stansiyasının avtomobilinin arxasınca xəstəxanaya getmişlər. O, Təqsirləndirilən şəxs idarə etdiyi "Kia Rio" markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs vurmasını görməmiş, yalnız Anarı vurduqdan sonra görmüşdür. Hadisədən sonra o, Təqsirləndirilən şəxs kiminsə vurub xəsarət yetirməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında tanışları Zərərçəkmiş şəxs, Cahid, Şahid2, Ceyhun və Anarın tanışı Şahin adlı şəxs ilə Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində yerləşən "Mirvari" restoranında otaqların birində əyləşib yemək yemişlər. Sənan, Şahin və Anar spirtli içki qəbul etmişlər. Daha sonra saat 22 radələrində onlar restorandan durmuş, Cahid və o, ona məxsus “Mercedes GL" markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. Avtomobili Sənan idarə etmiş, Cahid və o isə avtomobildə əyləşmişlər. Ceyhun, Şahin və Anar onlardan ayrılıb R.Quliyev küçəsi istiqamətində getmişlər. Bundan təxmini bir dəqiqə sonra toqquşma səsi eşidib avtomobildən yerə düşmüşlər. Həmin vaxt Ceyhun onların yanına gəlib Anarı avtomobil vurduğunu demişdir. Onlar avtomobildən yerə düşüb yola çıxmış və Anarın yerə uzandığını görmüşlər. Həmin vaxt onlar Anarı "Kia Rio" markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurmasını bilmişlər. Onlar şok vəziyyətində olduqları üçün Anara yaxınlaşa bilməmişlər. Onlar restoranın həyətinin divarının kənar hissəsində, yol tərəfdə çöldə durub hadisələri müşahidə etmişlər. Həmin vaxt Anar yerə yıxılmış, ətrafına isə çoxlu insanlar toplaşmışdır. Bundan 2-3 dəqiqə sonra hadisə yerinə təcili tibbi yardım stansiyasının avtomobili yaxınlaşmış və Anarı avtomobilə əyləşdirib hadisə yerindən uzaqlaşıb getmişdir. Bundan sonra onlar avtomobilə əyləşib təcili tibbi yardım stansiyasının avtomobilinin arxasınca xəstəxanaya getmişlər. O, Təqsirləndirilən şəxs idarə etdiyi "Kia Rio" markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs vurmasını görməmiş, yalnız Anarı vurduqdan sonra görmüşdür. Hadisədən sonra o, Təqsirləndirilən şəxs kiminsə vurub xəsarət yetirməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi 3, "Lal-Kar" yataqxanasında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs təxminən 2-3 ildir ki, tanımış, münasibətləri yaxşı olmuşdur. xx.xx.2023-cü il tarixdə axşam saatlarında tanışları Anar, Cahid, Şahid2, Şahid3, Ceyhun və o Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində yerləşən Mirvari restoranında otaqların birində əyləşib yemək yemişlər. Sənan, o və Anar spirtli içki qəbul etmişlər. Daha sonra saat 22 radələrində onlar restorandan durmuşlar. Ceyhun, o və Anar digər şəxslərdən ayrılıb R.Quliyev küçəsi istiqamətində getmişlər. Onlar yolu sağdan sola tərəf keçməyə başlamışlar. Onlar yolu ortasına qədər keçib qoşa xəttin üzərində dayanmışlar. Həmin vaxt avtomobillərdən biri dayanıb onlara yol vermiş və Anar qaçaraq yolu keçməyə başlamışdır. Anar səkiyə çatmamış sağ tərəfdən gələn “Kia Rio" markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil sonuncunu vurmuşdur. Anar avtomobilin üzərinə və oradan da yerə yıxılmışdır. O, Anarın yıxıldığın görüb öldüyünü fikirləşmişdir. Həmin avtomobilin sürücüsü Anarı vurub bir az qarşıda avtomobili saxlamışdır. O, avtomobilə yaxınlaşmış və əli ilə avtomobili vurmuşdur. Avtomobilin sürücüsü əvvəllər tanımadığı adını sonradan bildiyi Təqsirləndirilən şəxs avtomobildən düşən zaman sonuncuya iradını bildirib bir dəfə yumruqla vurmuşdur. Daha sonra Nicatdan ayrılıb Anarın yanına getmişdir. Bundan 2-3 dəqiqə sonra hadisə yerinə təcili tibbi yardım stansiyasının avtomobili yaxınlaşıb Anarı avtomobilə əyləşdirib hadisə yerindən uzaqlaşıb getmişdir. Bundan sonra onlar avtomobilə əyləşib təcili tibbi yardım stansiyasının avtomobilinin arxasınca xəstəxanaya getmişlər. O, Nicatı əvvəllər tanımamış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Nicatı yalnız o, bir dəfə yumruqla vurmuşdur. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında tanışları Zərərçəkmiş şəxs, Cahid, Şahid3, Ceyhun və Anarın tanışı Şahin adlı şəxs ilə Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində yerləşən Mirvari restoranında otaqların birində əyləşib yemək yemişlər. Sənan, Şahin və Anar spirtli içki qəbul etmişlər. Daha sonra saat 22 radələrində onlar restorandan durmuş, Cahid və Sənan ona məxsus "Mercedes GL" markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. Avtomobili o, idarə etmiş, Cahid və Sənan isə avtomobildə əyləşmişdir. Ceyhun, Şahin və Anar onlardan ayrılıb R.Quliyev küçəsi istiqamətində getmişlər. Bundan təxmini bir dəqiqə sonra toqquşma səsi eşidib avtomobildən yerə düşmüşlər. Həmin vaxt Ceyhun onların yanına gəlib Anarı avtomobil vurduğunu demişdir. Onlar avtomobildən yerə düşüb yola çıxmış və Anarın yerə uzandığını görmüşlər. Həmin vaxt onlar Anarı "Kia Rio" markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurmasını bilmişlər. Onlar şok vəziyyətində olduqları üçün Anara yaxınlaşa bilməmişlər. Onlar restoranın həyətinin divarının kənar hissəsində, yola tərəf çöldə durub hadisələri müşahidə etmişlər. Həmin vaxt Anar yerə yıxılmış, ətrafına isə çoxlu insanlar toplaşmışdır. Bundan 2-3 dəqiqə sonra hadisə yerinə təcili tibbi yardım stansiyasının avtomobili yaxınlaşaraq Anarı avtomobilə əyləşdirib hadisə yerindən uzaqlaşıb getmişdir. Sonra onlar avtomobilə əyləşib təcili tibbi yardım stansiyasının avtomobilinin arxasınca xəstəxanaya getmişlər. O, Təqsirləndirilən şəxs idarə etdiyi "Kia Rio" markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs vurmasını görməmiş, yalnız Anarı vurduqdan sonra görmüşdür. Hadisədən sonra o, Təqsirləndirilən şəxs kiminsə vurub xəsarət yetirməsini görməmişdir. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Şahid2 tərəfindən məhkəməyə göndərilmiş teleqramdan görünür ki, məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilməmişdir və ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, Qusar rayonu, Bədirqala kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, T.Abbasov ev 17-də ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında tanışları Anar, Cahid, Şahid2, Şahid3, o və Şahin Xətai rayonu, R.Quliyev küçəsində yerləşən Mirvari restoranında otaqların birində əyləşib yemək yemişlər. Sənan, Şahin və Anar spirtli içki qəbul etmişlər. Daha sonra saat 22 radələrində restorandan durmuşlar. O, Şahin və Anar digər şəxslərdən ayrılıb R.Quliyev küçəsi istiqamətində getmişlər. Onlar yolu sağdan sola tərəf keçməyə başlamışlar. O, yolun kənarında dayanmış, Şahin və Anar yolu ortasına qədər keçib qoşa xəttin üzərində dayanmışlar. Həmin vaxt avtomobillərdən biri dayanıb Şahin və Anara yol vermişdir. Həmin vaxt Anar qaçaraq yolu keçməyə başlamışdır. Anar səkiyə çatmamış sağ tərəfdən gələn "Kia Rio" markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil Anarı vurmuşdur. Anar avtomobilin üzərinə və oradan da yerə yıxılmışdır. O, dərhal geri qayıdıb onlarla masada əyləşən şəxslərə məlumat vermişdir. Həmin avtomobilin sürücüsü Anarı vurub bir az qarşıda avtomobili saxlamışdır. O, sonradan avtomobilin sürücüsünün Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Onlar hadisə yerinə getmişlər. Bundan 2-3 dəqiqə sonra hadisə yerinə təcili tibbi yardım stansiyasının avtomobili yaxınlaşıb Anarı avtomobilə əyləşdirib hadisə yerindən uzaqlaşıb getmişdir. Bundan sonra onlar avtomobilə əyləşib təcili tibbi yardım stansiyasının avtomobilinin arxasınca xəstəxanaya getmişlər. O, Nicatı əvvəllər tanımamışdır. Nicatla arasında heç bir ədavət və düşmənçilik olmamışdır. O, Nicatı kiminsə vurmasını görməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 09 noyabr 2023-cü il tarixli cinayət işi başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai araşdırması aparılması üçün Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi Elgiz Məmmədovun icraatına qəbul edilmişdir; (i.v.1) - 28 aprel 2023-cü il tarixli 2/12649 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur; (i.v.16) - 10 may 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X5” Publik hüquqi şəxsin 462 nömrəli canlı şəxsin məhkəmə-tibb müayinəsi rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs boyun nahiyəsinin sıyrıqları, qapalı kəllə beyin travması ilə müşaiyət olunmuş sol qaş və burun nahiyələrinin şişkinlik halında əzikləri və ənsə nahiyəsinin hematoması, boyunun, sol kürək, sol bazu oynağı nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni kənar şəxs(lər) tərəfindən törənə bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Vətəndaş Təqsirləndirilən şəxs müəyyən edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə özüözünə yetirməsi, eləcə də hündürlükdən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur; (i.v.32-34) - 23 may 2023-cü il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, yol nəqliyyat hadisəsi ünvan 8 ünvanında yerləşən “Mirvari” şadlıq sarayının qarşısında baş vermişdir; (i.v.40-46) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2023-cü il tarixli, 8/1722 saylı ekspert rəyindən görünür ki, Kia Rio markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; (i.v.51-54) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 18 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur; (i.v. 59) - 18 sentyabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin məktubundan görünür ki, DİN-in Baş X9 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək etibarlı olan) BB 110154 nömrəli "BC" kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmayıb; (i.v. 61) - 24 oktyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X5” Publik hüquqi şəxsin 65/2023 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - müştərək travma; açıq kəllə beyin travması; baş beynin ağır dərəcəli əzilməsi; beyindaxili hematoma; subaraxnoidal qansızma, sağ baldırın hər iki sümüyün qapalı yerini dəyişən sınığı, sağ bazu sümüyünün cərrahi boynu səviyyədə, sağ körpücük sümüyünün qapalı yerini dəyişən sınıqları, komatoz vəziyyət və üzün sağ yarısının (əzilməsi) sıyrılmış yarası bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və xəstəlik tarixinin kserosurətində qeyd olunan xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni piyada qismində hərəkətdə olan minik avtomobilin qabarıq hissələrinin qüvvətli təsirindən əmələ gələ bilərdilər və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. Vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özü-özünə yetirilməsinə, eləcə də öz boyu hündürlüyündən yıxılmasına xarakterik deyildir. Vətəndaş Zərərçəkmiş şəxs adına təqdim edilmiş xəstəlik tarixinin kserosurətində X7 daxil olarkən xəstənin ağzından kəskin spirt iyi gəldiyi qeyd edilmişdir; (i.v. 62-65) - 15 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X8 məktubundan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır; (i.v. 69) - 05 dekabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır; (i.v. 74) - 09 dekabr 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyi üçün dayandırılmışdır; (i.v. 83) - 23 yanvar 2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və istintaqı davam etdirilmişdir; (i.v. 86) - 01 fevral 2024-cü il tarixli cinayət işinin tövsif edilməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə tövsif edilmişdir; (i.v. 101-102) - 01 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; (i.v. 113-114) - 01 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, xx xxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; (i.v. 133-134) - 05 fevral 2024-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işindən Şahid5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi Elgiz Məmmədovun icraatına qəbul edilərək istintaqı aparılmışdır; (i.v. 149-150) - məhkəmə iclasında Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X4 tərəfinən təqdim edilmiş hadisəni əks etdirən videogörüntülərin olduğu “DVD” diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində ünvan 9 ünvanın qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs idarə etdiyi KİA Rio markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ön tərəfi ilə R.Quliyev küçəsini yolu sol tərəfdən sağ tərəfə doğru keçən piyada Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirmişdir. - 06 mart 2024-cü il tarixli West Hospitalın arayışından görünür ki, Zərərçəkmiş şəxs həqiqətən “West Hospital”da 05 mart 2024-cü il tarixdən 06 mart 2024-cü il tarixədək stasionara “Sol ureter daşı” diaqnozu ilə daxil olmuşdur. Xəstəyə 05 mart 2024-cü il tarixində “Sol ursl+sol JJ stent taxılması” cərrahi əməliyyatı icra edilmişdir. - 04 iyun 2024-cü il tarixli etibarnamədən görünür ki, X2 Zərərçəkmiş şəxs məhkəmə iclaslarında təmsil etmək səlahiyyəti verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməlini etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - “Kia Rio” minik markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan - yol-nəqliyyat hadisəsi ilə bağlı 1 ədəd “DVD” disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi vöen **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan – 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın, həmçinin “Kia Rio” minik markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi vöen **********, hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan 150 (yüz əlli) manat pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar