Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-178/2025 01.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X2, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Ağdaş rayonu, Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən nömrəsiz fərdi tikilmiş evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazidiyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir bükümdə təmiz çəkisi 5,84 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitə ilə psixotrop maddənin qanunsuz dövriyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 36-cı PŞ-nin əməkdaşları tərəfindən 15 yanvar 2025-ci il tarixdə saat 18:00-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanın yaxınlığında saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd qara sellofan bükümdə təmiz çəkisi 5,84 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin yay aylarından ailə üzvləri ilə birlikdə Bakı şəhərinə köçüb Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində kirayə yaşamağa davam etmişdir. Həmin vaxtdan Xətai rayonu, Cavanşir küçəsində yerləşən “Cin bazarı” adlanan ərazidə “Faiq” adlı şəxsin işlətdiyi metal qəbulu sexində günə muzd olaraq fəhlə işləmişdir. 15 yanvar 2025-ci il tarixdə təxminən saat 13-14 radələrində bazarda olduğu zaman marka və modelini bilmədiyi göy rəngli avtomobil sexin qarşısında dayanmış avtomobildən düşən 4 nəfər şəxs ona yaxınlaşıb Xətai RPİ-nin 36-cı PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər “dava dalaş edən sənsən” deyə soruşduqda heç kimlə dalaşmadığını bildirsədə, onu Xətai RPİ-nin 36-cı PŞ-nə gətirmişlər. Polis əməkdaşları onu sexdən aparan zaman adlarını bilmədiyi Xətai rayonu MKİS-nin iki əməkdaşı orada olmuşlar. Polis şöbəsinə gəldikdən sonra xidməti otaqların birinə gətirib orada anket məlumatlarını dəqiqləşdirdikdən sonra əvvəllər məhkum olduğunu bilib narkotik vasitələrdən istifadə edib etmədiyini maraqlandıqda uzun müddətdir istifadə etmədiyini bildirmişdir. Bir qədər sonra “kakos” kimi tanıdığı narkotik vasitəni verərək “bunu götür tapşıracayıq 24 saat ərzində səni burxacaqlar deyərək” bildirsələrdə razılaşmamışdır. Polis əməkdaşlarına ailə vəziyyəti və sosial durumu barədə məlumat verərək iki az yaşlı xəstə övladının olduğunu, narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Polis əməkdaşları başqa bir xidməti otağa aparıb hava qaraldıqdan sonra oradan çıxardıb iş yerinin yaxınlığına gətir bir ədəd qara rəngli sellofan bükümün içərisində “nəşə” kimi tanıdığı narkotik vasitəni verib istintaq çəkilişi edəcəklərini bildirmişlər. Çəkiliş zamanı həmin bükümü “Neftçilərdən” tanımadığı şəxsdən 20 manata almasını deməsini və çəkilişdən sonra buraxacaqlarını bildirmişlər. Polis əməkdaşlarının onu narkotik vasitənin satışında ittiham edəcəklərindən qorxduğu üçün onların dedikləri ilə razılaşmışdır. Bundan sonra polis əməkdaşları onu Xətai rayonu, M.Hadi küçəsinə aparıb çəkilişə başlamışlar. Lakin birinci çəkiliş alınmadığı üçün təkrar ikinci dəfə çəkiliş etmişlər. Aparılan çəkiliş zamanı öncədən deyilən kimi əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli sellofan bükümü çıxarıb içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olmasını həmin bükümü “Neftçilər”dən tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün almasını bildirmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, polis əməkdaşları tərəfindən saat 13-14 radələrində “Cin” bazarı adlanan yerdən tutularaq polis bölməsinə aparılmış və saat 17:30a qədər də orada olmuşdur. Hava qaraldıqdan sonra onu ittiham aktında qeyd olunan yerə apararaq çəkiliş etmişlər. Tutulan zaman onun üzərində narkotik vasitə olmamışdır, həmin maddəni onun cibinə polis bölməsində qoymuşlar. Əvvəllər narkotik vasitə istifadə etsə də, 2022-ci ildən sonra heç bir qanunsuz maddə qəbul etməmişdir. İş materiallarına əlavə edilmiş rəydə onun guya narkotik vasitə qəbuluna meyilli olması göstərilsə də, o, uzun müddətdir ki, narkotik vasitə qəbul etmir və rəydə qeyd olunanlar əsassızdır. İstənilən vaxt müayinəyə aparılsa onun qanında heç bir maddə çıxmaz. İlkin ifadəsində ona elan edilmiş ittihamda özünü təqsirli bilməsinin səbəbi ondan ibarət olmuşdur ki, ona təqdim edilən “kakos”u öz üzərinə götürməsi üçün müqavimət göstərmişlər və o, fikirləşmişdir ki, ona daha ağır ittiham verərlər. Müstəntiq ona təqdim etdiyi sənədlərdə heç bir problem olmadığını bildirdiyi üçün onları imzalamışdır. Barəsində həbs qətimkan tədbiri seçilən zaman da özünü təqsirli bilməmiş və hakim ona qərardan narazı olduğu təqdirdə şikayət verə biləcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Xətai RPİ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatla əlaqədar 15 yanvar 2025-ci il tarixdə saat 18:00-da polis mayoru Şahid1 və polis leytenantı Şahid3 ilə birlikdə Xətai rayonu, M.Hadi küçəsi 29/42 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edib, saxlanma səbəbini, hüquq və vəzifələrini izah etmişlər. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsini təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibindən üzərində ***-***-**-** nömrə olan “Samsung” markalı mobil telefonu, əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd qara sellofan bükümü çıxarıb təqdim edərək içərisində “nəşə” kimi tanıdığı narkotik vasitə olmasını həmin bükümü metronun “Neftçilər” stansiyasının yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manata almasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm qablaşdırma ilə birlikdə elektron tərəzidə çəkildikdə 6.72 qram olması müəyyən edilib bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənib imzalanmışdır. Videoçəkilişin davamı olaraq Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yerləşən Xətai RPİ-nin 36-cı PŞ-nə dəvət edərək gətirib polis şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış bükümü və mobil telefonu xidməti polis şöbəsinin xidməti otaqların birində təhqiqatçı polis kapitanı X3 təqdim etmişlər. X4 videoçəkilişlə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd qara sellofan büküm olan zərfi açaraq içərisindəki bükülünü elektron tərəzidə çəkdikdə 6.73 qram olmasını müəyyən edib bükümü iştirakçıların gözü qarşısında yenidən kağız zərfdə qablaşdırmışdır. Bundan başqa X4 tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq üzərində şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən görüntüyə mobil telefonda baxış keçirdikdən sonra çəkilişin yekunlaşdığını bildirmişdir. Bundan sonra X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə sonuncunun şübhəli şəxs qismində tutulması haqqında protokol tərtib edilərək Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkiləri polis mayoru Şahid1 və polis leytenantı Şahid3 ifadələrində şahid qismində dindirilmiş X1 ifadəsinə uyğun ifadə verərək onun dediklərini bir daha təsdiqləmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir (i.v. 1); əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair 15 yanvar 2025-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd qara sellofan bükümdə narkotik vasitə olan marixuanaya bənzər kütləni və əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibindən üzərində ***-***-**-** nömrə olan bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Narkotik vasitəyə bənzər kütlə “Çin” istehsallı üzərində heç bir yazı olmayan elektron tərəzidə çəkilmiş, çəkisinin 6.73 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə qablaşdırılmaqla tədbir iştirakçıları, saxlanılan şəxs və təhqiqatçı tərəfindən imzalanmaqla götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilikdə qeyd olunanlardan başqa heç bir əşya aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd qara sellofan bükümdə narkotik vasitə olan marixuanaya bənzər kütlə və bir “Samsung” markalı telefon sonuncudan götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitəni “nəşə” kimi tanımasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Üstünü yoxlama və baxış Bakı şəhəri, Xətai rayonu, M.Hadi 29/42 ünvanının yaxınlığında keçirilmişdir (i.v. 10-12); təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 15 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan zərfdə qablaşdırılmış bir ədəd qara rəngli sellofan bükümdə yaşılımtıl rəngli, “marixuana”ya bənzər maddə elektron tərəzidə çəkilərək çəkisinin bükümlə birlikdə 6,72 qram olduğu görünmüş, sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənmiş, eləcə də şəxsin saxlanıldığı yerdə çəkilmiş videogörüntüyə baxış keçirilmişdir. Videogörüntüdə təhqiqata təqdim olunan narkotik vasitə “marixuana”ya bənzər bükümün aşkar olunması, Təqsirləndirilən şəxs ondan həmin maddənin aşkar olunmasını bildirməsi əksini tapmışdır (i.v. 18-19); şübhəli şəxsin tutulması haqqında 15 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:00 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 29); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2025-ci il tarixli, 3-16-16/2-7/90/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs...” yazılar və imzalar olan zərfdə 01 (bir) ədəd qara rəngli sellofan bükülüdə təmiz çəkisi 5.84 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (i.v. 42-45); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 17 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 60-61); disklərə baxış keçirilməsi haqqında 17 yanvar 2025-ci il tarixli protokollardan görünür ki, iki ədəd “DVD-R” diskdə olan görüntülər “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə” və “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 15 yanvar 2025-ci il tarixli protokollara uyğun olmuşdur (i.v. 75-76); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(011)-26/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır (i.v. 92-93); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə AR CM-nin 143.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 42-1-ci maddəsi tətbiq edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; Abşeron Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən CM-nin 29, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə 2500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir; Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən hökm dəyişdirilmədən saxlanılmış, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 01 il 07 ay 27 gün hissəsi 09 ay 28 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir (i.v. 114-116); ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, 1993cü ildə Füzuli rayonu işğal olunduqdan sonra ailəsi ilə birlikdə ünvan 7 ünvanında yerləşən qara metal qəbulu və satışı sexini icarəyə götürüb işlədir. 2024-cü ilin yay aylarından Ənvər onun iş yerinə işlənmiş qara metal və plastmas qabları gətirib satırdı. O, Ənvərin Ağdaş rayonundan olduğunu və əvvəllər narkotik vasitələrdən istifadə etdiyinə görə məhkum olunduğunu bilirdi. Ənvər ifadəsində onun sexində günə muzd olaraq işlədiyini bildirsədə yalan deyir sexdə işləmir. Bundan başqa Ənvər sexdə kamera olmasını göstərsədə təxminən 6-7 ay bundan öncə sexdə baş vermiş yanğın zamanı əşyalarla birlikdə kameralarda tamamilə yanmışdır. Həmin vaxtdan bir daha sexdə quraşdırmamışdır. 15 yanvar 2025-ci il tarixdə günorta saatlarında Ənvər həmişəki kimi küçələrdən topladığı yararsız metalları gətirib ona təhvil verib getmişdir. Həmin vaxtdan sonra o, bir daha Ənvəri görməmişdir. Sonradan eşitmişdir ki, Ənvər yenədə narkotik vasitələrdən istifadə edib üzərində gəzdirdiyinə görə polis əməkdaşları tərəfindən tutulmuşdur (i.v. 154-156); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsinin xx.xx.2025-ci il tarixli, 296 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 173-174); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 24 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, məhkəmə-bioloji ekspertizasının 16 yanvar 2025-ci il tarixli, 3-16-16/2-7/90/2025 saylı rəyi və məhkəmənarkoloji ekspertizasının 18 yanvar 2025-ci il tarixli, 296 saylı rəyi iş üzrə sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ilkin təmiz çəkisi 5.84 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 5.82 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş, 02 ədəd “DVD-R” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 193-199); Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 15 aprel 2025-ci il tarixli 26 və 98 saylı tibbi arayışlardan görünür ki, Təqsirləndirilən şəxs övladları X11 və X6 qıcolma və spazm diaqnozu qoyulmuşdur. Məhkəmə istintaqı zamanı birinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd qara sellofan bükümdə narkotik vasitəyə bənzər kütləni və əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd mobil telefonu çıxarıb təqdim edir. Narkotik vasitəyə bənzər kütlə “Çin” istehsallı üzərində heç bir yazı olmayan elektron tərəzidə çəkilir və çəkisinin 6.73 qram olması müəyyən edilir. Sonra həmin kütlə qablaşdırılmaqla tədbir iştirakçıları, saxlanılan şəxs və təhqiqatçı tərəfindən imzalanmaqla götürülür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitəni “nəşə” kimi tanımasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirir. Məhkəmə istintaqı zamanı ikinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, təqdim olunan zərfdə qablaşdırılmış bir ədəd qara rəngli sellofan bükümdə yaşılımtıl rəngli, “marixuana”ya bənzər maddə elektron tərəzidə çəkilərək çəkisinin bükümlə birlikdə 6,72 qram olduğu görünür, sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənir, eləcə də şəxsin saxlanıldığı yerdə çəkilmiş videogörüntüyə baxış keçirilir. Videogörüntüdə təhqiqata təqdim olunan narkotik vasitə “marixuana”ya bənzər bükümün aşkar olunması, Təqsirləndirilən şəxs ondan həmin maddənin aşkar olunmasını bildirməsi əksini tapır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və narkotik vasitəni üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərdən də məlum olur ki, şəxsi axtarış və götürmə aparılan zaman, habelə təqdim olunmuş maddəyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmaması barədə hər hansı xüsusat bildirməmiş, “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsi”, “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə” barədə protokolu imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 15 yanvar 2025-ci il tarixdə saat 18:00-da polis mayoru Şahid1 və polis leytenantı Şahid3 ilə birlikdə Xətai rayonu, M.Hadi küçəsi 29/42 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edib, saxlanma səbəbini, hüquq və vəzifələrini izah etmişlər. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsini təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibindən üzərində ***-***-**-** nömrə olan “Samsung” markalı mobil telefonu, əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd qara sellofan bükümü çıxarıb təqdim edərək içərisində “nəşə” kimi tanıdığı narkotik vasitə olmasını həmin bükümü metronun “Neftçilər” stansiyasının yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manata almasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm qablaşdırma ilə birlikdə elektron tərəzidə çəkildikdə 6.72 qram olması müəyyən edilib bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənib imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞnin əməliyyat müvəkkiləri polis mayoru Şahid1 və polis leytenantı Şahid3 ifadələrində şahid qismində dindirilmiş X1 ifadəsinə uyğun ifadə verərək onun dediklərini bir daha təsdiqləmişlər. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs 2024-cü ilin yay aylarından Xətai rayonu, Cavanşir küçəsində yerləşən “Cin bazarı” adlanan ərazidə “Faiq” adlı şəxsin işlətdiyi metal qəbulu sexində günə muzd olaraq fəhlə işlədiyini və 15 yanvar 2025-ci il tarixdə təxminən saat 13-14 radələrində məhz həmin yerdən polis əməkdaşları tərəfindən tutularaq polis bölməsinə aparıldığını bildirsə də, ibtidai istintaq zamanı ifadəsi alınmış X8 ifadəsində bildirmişdir ki, 2024-cü ilin yay aylarından Ənvər onun iş yerinə işlənmiş qara metal və plastmas qabları gətirib satmış, lakin onun sexində günə muzd olaraq işləməmişdir. Məhkəmə qeyd edir ki, X5 ifadəsində qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı və istintaq dövründə verdiyi ifadəsində göstərdiyi xüsusatlar təkzib olunmuşdur. Bu təqsirləndirilən şəxsin ifadəsinin qeyri-səmimi olmasına dəlalət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109.1-ci qrafasına əsasən təmiz çəkisi 5,84 qram olan narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı və xəstə övladının olmasını (CM-nin-59.1.4) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən və Abşeron Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkum olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.3 və 18.4.4-cü maddələrinə müvafiq olaraq cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə həmçinin qeyd edir ki, “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2002-ci il tarixli Plenum qərarının 4-cü hissəsinə əsasən əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər dedikdə, keçmişdə törətdikləri cinayətlərə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarını müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müəssisələrində, həbsxanalarda azadlıqdan məhrum edilmiş şəxslər üçün müalicə müəssisələrində, təsərrüfat və məişət xidməti işlərinə görə istintaq təcridxanalarında saxlanılmış (CİM-nin 66-cı maddəsi) və yeni cinayət hadisəsi törədilənədək qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülməmiş və ödənilməmiş şəxslər başa düşülməlidir. Həmin Qərarın 5-ci hissəsinin “a” bəndinə əsasən islah işləri və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan AR CMnin 49.3, 53.4-cü maddələrinə müvafiq olaraq həmin cəzalar məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş şəxslər əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməz. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq olunmaqla 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, daha sonra isə xx.xx.2022-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsinin 09 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi onun əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs hesab edilməsinə və əməlində cinayətin residivinin olmasına dəlalət etmir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 15 yanvar 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 5.84 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 5.82 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), 72 (yetmiş iki) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 15 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, ilkin təmiz çəkisi 5.84 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 5.82 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-178/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-178/2025
01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver