Məhkəmə qərarları › İş №1(011)-179/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-179/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-179/2023 24.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1 və X2 müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixində Saatlı rayonu, Xanlarkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fəhlə işləyən, əvəllər məhkum olunmamış, ünvan 6ində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi olmadan qaçırmışdır. Belə ki, o, təqsirləndirilir ondan ötrü ki, o, 21 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində işlədiyi ünvan 1 ünvanında yerləşən “Avtoyuma” məntəqəsinə avtomobilini yuyulması üçün təhvil verən Zərərçəkmiş şəxs məxsus “Hyundai Getz” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan, sahibindən icazəsiz, nəqliyyat vasitəsini avtoyuma məntəqəsi daxilində sürülməsi üçün ona təhvil verilmiş açardan istifadə etməklə mühərriki işə salaraq avtomobili sürüb qaçıraraq qanunsuz olaraq ələ keçirib avtomobili idarə edərkən ünvan 2 ünvanında yerləşən 63 saylı orta məktəbin qarşısında olan işıq dirəyinə vurub yol nəqliyyat hadisəsi törədərək avtomobilin sahibinə 3375 (üç min üç yüz yetmiş beş) manat maddi ziyan vurmaqla nəqliyyat vasitəsini talama məqsədi olmadan qaçırmışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini özünün etiraf ifadəsindən başqa, zərər çəkmiş şəxsin ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış protokolu, üzləşdirmə protokolu, habelə digər toplanmış istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 185.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında yerləşən “Avtoyuma” məntəqəsində 2022-ci ilin iyun ayından işləyirmiş, xx.xx.2022-ci il tarixdə günorta saatlarında həmin avtoyuma məntəqəsinin yaxınlığında olan binada qalan, avtoyuma məntəqəsinə avtomobilini mütəmadi olaraq yuyulmaq üçün təhvil verən adının Eldar olduğunu bildiyi şəxs “Hyundai Getz” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilini gətirərək açarları yuyulması üçün ona təhvil vermiş və bir gün sonra günorta saatlarında avtomobili gəlib götürəcəyini bildirmişdir. O, həmin tarixdə avtomobili yumamış və bir gün sonra yəni 21 sentyabr 2022-ci il tarixdə saat 11:30 radələrində avtomobili avtoyuma məntəqəsinin içərisinə salaraq yumağa başlamışdır. İşini bitirdikdən sonra həmin tarixdə təxminən saat 12 radələrində avtomobilin üzərində olan su damcılarını qurutmaq məqsədilə avtomobili işlək vəziyyətə salaraq avtoyuma məntəqəsindən uzaqlaşmış və Bakı şəhəri, Xətai rayonu, 63 saylı orta məktəbin yaxınlığına getmiş, məktəbin yaxınlığında olan zaman o geriyə dönmə etmək istəmiş və bu zaman ehtiyatsızlıqdan avtomobili yaxınlıqda olan işıq dirəyinə vurmuşdur. Avtomobildən düşərək arxasının əzilmiş vəziyyətdə olmasını gördükdən sonra maddi xərclərini qarşılaya bilməyəcəyini düşünərək oradan uzaqlaşmış və avtomobilin açarlarını avtoyuma məntəqəsinin yaxınlığında olan Eldarın yaşadığı binanın komendantına təhvil vermişdir. Ardınca onunla eyni avtoyuma məntəqəsində işləyən tanışı Cəfərov İldırım zəng edib açarların yerini soruşduqda o İldırıma avtomobili yolun kənarında saxlamağını açarı isə komendant verdiyini qeyd etmiş, sonradan həmin tarixdə saat 15:30 radələrində İldırım mobil telefon vasitəsi ilə onunla əlaqə saxlayaraq yenidən avtomobili maraqlandıqda ona baş vermiş hadisə ilə bağlı məlumat vermiş, sonra isə onu heçkəsin tapa bilməməsi üçün mobil telefonunu söndürmüşdür. Eldar avtomobili yuyulması üçün avtoyuma məntəqəsinin içərisinə sürməyə və qurulanması üçün avtoyuma məntəqəsindən çıxarıb kənarda saxlamağa icazə vermiş, sadəcə olaraq o özü avtomobilin üzərində olan suyu qurutmaq üçün 400-500 metr kənara nəqliyyat vasitəsini sürmüşdür. Əməlindən peşmandır. Himayəsində olan xx.xx.2018-ci il təvəllüdlü X4 adlı övladı su kanalına düşərək boğularaq dünyasını dəyişmişdir, lakin ölüm fadktını təsdiq edən sənədi əldə edə bilmədiyi üçün məhkəməyə təqdim edə bilmir. Hal-hazırda himayəsində 01 azyaşlı uşağı var. Bir daha belə hallara yol verməyəcəyini qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, yaşadığı ünvana yaxın olması səbəbi ilə idarə etdiyi “Hyundai Getz” markalı, **-OF-*** d.q.n-lı avtomobilini yaxınlıqda olan avtoyuma məntəqəsinə yuyulması üçün təhvil verərək evə gedirmiş və 1-2 saat sonra qayıdıb avtomobili götürürmüş, qeyd olunan avtoyuma məntəqəsinə 3-4 dəfə avtomobilimi yuyulması üçün vermişdir və həmin tarixdə də avtomobilini götürmüşdür. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 16 radələrində yenidən qeyd olunan avtoyuma məntəqəsinə gedərək hər zamanki kimi orada işləyən üzdən tanıdığı adını bilmədiyi şəxsə avtomobili təhvil vermiş və saat 17:00-da işə başlayaraq saat 02 radələrində işini bitirəcəyini nəzərə alaraq avtomobili bir gün sonra gəlib götürəcəyini bildirmiş, bundan sonra həmin şəxsə avtomobili avtoyuma məntəqəsinin içərisinə qaldırılaraq yuyulması, sonradan çıxarılıb təmizlənməsi məqsədilə açarı vermiş, avtomobili təhvil verdikdən sonra evə qayıtmış və işlərini görməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində avtomobilini götürmək üçün avtoyuma məntəqəsinə getdikdə məntəqəni işlədən İldırım adlı şəxs onu qarşılamış, o İldırımdan avtomobilinin harada olmasını soruşduqda İldırım bu barədə məlumatının olmamasını qeyd edərək işçisi Rövşəndən bu barədə mobil telefon vasitəsi ilə maraqlanmış, İldırım telefonla danışdıqdan sonra ona bildirmişdir ki, Rövşən avtomobili haradasa saxlayıb və açarı komendanta təhvil verib. Bundan sonra o yaşadığı binanın komendantının yanına gedərək açar barədə maraqlandıqda həmin şəxs açarı ona vermiş, o açarı götürdükdən sonra binanın həyətində, avtoyuma məntəqəsinin ətrafında avtomobilini axtarmağa başlamış lakin tapmadığı üçün yenidən İldirımın yanına gedərək bu barədə maraqlanmış, İldırım mobil telefonla vasitəsi ilə Rövşənlə danışdıqdan sonra ona bildirmişdir ki, onun avtomobili ilə Rövşən yol nəqliyyat hadisəsi törətmişdir. Onlar saat 14 radələrində İldırımla birlikdə Bakı şəhəri, Xətai rayonu, 63 saylı orta məktəbin yaxınlığına getmişlər və orada avtomobilinin işıq dirəyinə dəymiş vəziyyətdə, arxa sol tərəfinin əzilmiş vəziyyətdə olmasını aşkar etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Hadisə zamanı onun maşınına 3375 manat dəymiş və həmin zərər ödənilməmişdir. Vurulmuş zərərlə bağlı verilmiş mülki iddianın təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 04 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddələri ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v.01); HK-1-2103 raportdan görünür ki, Zərərçəkmiş şəxs Hundai markalı **-OF-*** nömrəli maşının avtoyumaya təqdim etməsi, yuyucunun ondan icazəsiz avtomobilini idarə edərək yol nəqliyyat hadisəsi törətməsini bildirmişdir.(i.v 7) Zərərçəkmiş şəxs 36-cı PB-yə ünvanlamış olduğu ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir(i.v 8) xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış barədə protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 3 ünvanda Zərərçəkmiş şəxs izahatında bildirdiklərini bir daha təsdiq etmişdir.(i.v 13-15) 04 noyabr 2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v 39) AD 858787 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 10OF296 dövlət qeydiyyat nömrəli “Hyunday getz minik” markalı maşın X6 məxsusdur(i.v 52) xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, X8 mülkiyyətində olan 10OF296 dövlət qeydiyyat nömrəli “Hyunday getz minik” markalı maşının Zərərçəkmiş şəxs tərəfindən idarə edilməsinə səlahiyyət vermişdir.(i.v 54) 10 dekabr 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində, saat 12 radələrində Xətai rayonu, M.Hadi 80 ünvanının qarşısında saxlanılaraq tutulmuşdur.(i.v 73) 11 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin tarixdə, saat 16:30-da ittiham elan olunmuşdur.(i.v 101-102) Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü X3 və xx.xx.20218-ci il təvəüllüdlü X4 adlı övladları var.(i.v 116-118) Medalların vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs Azərbacan Respublikası Prezidenti tərəfindən “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur.(i.v 118-119) 11 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı Xətai RPİ Msy-dən azad olunması və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 120-121) Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 9/8313 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, “Hyundai Getz” markalı **-OK-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3375,0 manat müəyyən edilir. O cümlədən dəyişilmiş hissələrin qiyməti-2115,0 manat, təmir-bərpa işlərinin qiyməti 1260 manat.(i.v 125-129) 27 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə yeniməzmunlu ittiham elan olunsun və barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, işdə olan təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri. ifadələrin yerində yoxlanılması, hadisɔ yerine baxış keçirilməsi, üzləşdirmə protokolu, ekspert rǝyi sübut kimi qiymətləndirilməsi, iş üzrə "Hyundai Getz" marka va modelli **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kim tanınması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün toplanmış material aidiyyatı üzrə Xətai RPİnin DYPŞ-nǝ göndərilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 185.2.4 va 187.1-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilməsi, Təqsirləndirilən şəxs barəsində inzibati tənbeh tədbirlərinin görülməsi üçün qəbul edilmiş qərarın surəti Xətai RPl-nin DYPŞ-nǝ göndərilməsi, ünvan 5 ünvanında yerləşən "Avtoyuma" məntəqəsi adı altında fəaliyyət göstərən obyekti idarə edən şəxs barəsində material ayrılması qərara alınmışdır. (i.v 131-135) İddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona vurulmuş zərərin əvəzi olaraq, 3375 manat pulun tutularaq ödənilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə, cinayət iişi üzrə icraatın dayandırılması qərara alınmışdır. Bakı Şəhəri Xətai Rayon Polis İdarəsi 36-cı PB-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində saxlanılaraq, Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. Bakı Şəhəri Xətai Rayon Polis İdarəsi 36-cı polis bölməsinin 09 may 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 08 may 2023-cü il tarixində saxlanılaraq Xətai Rayon Məhkəməsinə təhvil verilmişdir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 185.1-ci maddəsinə əsasən Avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)— min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını(CM 59.1.4), Azərbaycan Respublikası torpaqlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etməsini, əməlindən səmimi peşmanlıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, mülki iddia təmin edilməli və 3375 manat pul təqsirləndirilən şəxsdən tutularaq zərər çəkmiş şəxsə ödənilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 6i ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxsə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, ünvan 6 ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaq zamanı tutulub saxlanıldığı 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06(altı) gün ona təyin olunmuş 01 (bir) il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 6i ərazisini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, ünvan 6i ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Saatlı rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilsin. Cinayət nəticəsində vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 3375(üç min üç yüz yetmiş beş) manat pul tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar