Məhkəmə qərarları › İş №1(011)-179/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-179/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-179/2024 24.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X4 Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1975-ci ildə Mingəçevir şəhərində anadan olmuş, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, fərdi sahibkarlıqla məşğul olan, Mingəçevir şəhəri, Y.Muradov küçəsi, ev 37, mənzil 25-də qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yaşayan, barəsində xx.xx.2024-cü il tarixli qərarla başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istitnaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, ********** nömrəli VÖEN-ə əsasən fiziki şəxs kimi fəaliyyət göstərərək ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsil" Respublika İdman Mərkəzinin 7 nömrəli X2 Uşaq-Gənclər İdman Məktəbində təmizlik işlərinin aparılmasına dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə bağladığı xx.xx.2023-cü il tarixli, M-23016 nömrəli sub-podrat müqaviləsinin 5.1-ci maddəsinə əsasən təşkil etdiyi işlərin icrası zamanı texniki təhlükəsizlik qaydalarına riayət edilməsini öz üzərinə götürməklə faktiki olaraq texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi çıxış edərək bu qaydaların onun tərəfindən pozulması nəticəsində, yəni daimi təsirli təhlükəli istehsalat zonasına aid hündürlükdə yerləşən kənarları məhəccərlə bağlanmamış iş sahəsində aparılan işin xarakterinə uyğun müvafiq ixtisasa malik olmayan, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələbləri, hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsi metod və üsulların öyrədilməsinə, biliklərin yoxlanılmasına, fərdi mühafizə vasitələri ilə, o cümlədən qoruyucu kəmərlə təmin edilməsi barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2016-cı il tarixli, 20/01-005 nömrəli Qərar ilə təsdiq edilmiş “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları“nın 2.4.2, 2.4.3, 3.1 və 3.2.1 bəndlərinin və “İşlərin təhlükəsiz görülməsini təmin edən vasitələr. Ümumi tələbləri.” 12.2.012-75 DÜST-ün 4 və 23-cü bəndlərinin tələblərini pozması nəticəsində ehtiyatsızlıqdan, ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin 7 nömrəli X2 Uşaq-Gənclər İdman Məktəbində şifer örtüyünün üzərinə çəkilmiş selofan plyonkanın sökülməsi işinə cəlb edilmiş X5 xx.xx.2023-cü il tarixdə, saat 15.15-də həmin Məktəbin idman zalında quraşdırılmış ayaqaltıdan 8 metr hündürlükdən yıxılaraq dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid baş-beynin əzilməsi, kəllə tağı sümüklərinin qəlpəli açıq sınıqları, baş beynin yumşaq qişasına, toxumasına və beyin mədəciklərinə qansızmalar, sağ qulaq seyvanının və sol əlin əzilmiş yaraları ilə xəsarətləri alaraq baş-beyin əzilməsi nəticəsində ölməsinə səbəb olmaqla, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını pozmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, baxış protokolları, ekspertiza rəyləri və işdə olan digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini nəzərə alaraq ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, 2022-ci ildə X8 ilə rəsmi nikaha daxil olub ailə qurmuş, birgə nikahlarından xx.xx.2023-cü ildə qızları Mələk anadan olmuş, o, Abseyin, qızları Mələk və qayınanası Mətanətlə birlikdə yaşamışlar. Qayınanası Mətanət heç bir yerdə işləmir, ailəni Abseyin dolandırmışdır. Abseyin orta məktəbi bitirdikdən sonra Müəllimlər İnstitutunun riyaziyyat və informatika fakültəsini bitirmiş, amma ixtisası üzrə işləməmiş, həmişə fəhləliklə məşğul olmuş, son vaxtlar Abseyin təmirdən çıxmış evlərdə və obyektlərdə təmizlik işlərinin görülməsi ilə məşğul olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 17-18 radələrində qayınanası Mətanətin mobil nömrəsinə zəng olunaraq Abseyinin yıxılıb xəsarət aldığı deyilmiş, Mətanət telefonda bildirilən ünvana getmiş və saat 19:00 radələrində ona məlum olmuşdur ki, Abseyin işlədiyi yerdə yıxılıb ölmüşdür. Hadisədən sonra bilmişdir ki, Abseyini işə Təqsirləndirilən şəxs cəlb etmiş və Abseyin məktəbdə təmizlik işləri aparan zaman 8 metr hündürlükdən yıxılıb ölmüşdür. Baş vermiş hadisə ilə əlaqədar olaraq onun heç kimdən, o cümlədən İlhamdan heç bir tələbi və şikayəti yoxdur, onlar barışıq əldə ediblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin noyabr ayından "xxxx" MMC-də fəhlə işləyir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin bağladıqları müqavilələrə əsasən "xxxx" MMC təhsil müəssisələrinin təmirtikintisi ilə məşğul olur, o da, təmir aparılan ərazidə fəhləlik edərək tapşırılan işləri görür. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin əvvəlki 15 nömrəli, indiki 7 nömrəli X2 Uşaq-Gənclər İdman Məktəbində "xxxx" MMC tərəfindən təmir-tikinti işləri aparılmış, həmin işlər yekunlaşdıqdan sonra qeyd olunan məktəbdə təmizlik işlərini aparılması ilə İlham məşğul olur. xx.xx.2023-cü il tarixdə İlham və onun yanında bir nəfər şəxs məktəbin idman zalının divarının önündə quraşdırılmış lesa adlanın ayaqaltının üzərinə çıxıb durmaqla şifer örtüyünün içəri tərəfdən olan hissəsinin üzərinə çəkilmiş selofan plyonkanın sökülməsi işini görmüşlər. Günorta yeməyindən sonra saat 15.00 radələrində o, İlhamgilin işlədiyi idman zalı ilə yanaşı olan digər zalda olmuş, İlhamın qışqıraraq «lesadan yıxıldı» dediyini eşitmiş, tez həmin əraziyə gəldikdə sonradan adının Abseyin olduğunu bildiyi İlhamın yanında işləyən şəxsin lesanın üçüncü mərtəbəsindən, təxminən 8 metr hündürlükdən yerə yıxıldığını görmüşdür. Onlar Abseyinə yaxınlaşıb köməklik göstərəməyə başlamış, üzünə su vurmuş, təcili yardım çağırmış və həkimlər gəlib Abseyinin öldüyünü bildirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında 17 noyabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işinin başlanması qərara alınmışdır (i.v.01); hadisə yerinə baxış keçirilməsi haqqında 17 noyabr 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin 7 nömrəli X2 Uşaq-Gənclər İdman Məktəbinin idman zalıdır.(i.v 2-5) xx.xx.2018-ci il tarixli № 138-B/18 nömrəli və xx.xx.2019-cu il tarixli № 221-B/19 nömrəli təhsil müəssisəsinin tikintisinə dair müqavilələrə və xx.xx.2019-cu il tarixli № 221- B/19 nömrəli müqaviləyə əlavə razılaşmalardan görünür ki, ünvan 1 ünvanında yerləşən Bakı şəhər 15 nömrəli Olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin yenidən qurulması üçün təmir-tikinti işlərinin aparılması Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmışdır. (i.v. 17-42) 16 oktyabr 2023-cü il tarixli M-23016 nömrəli sub-podrat müqaviləsindən görünür ki, müqavilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ********** nömrəli VÖEN-nə əsasən fəəliyyət göstərən fiziki şəxs Təqsirləndirilən şəxs arasında bağlanmışdır. Müqavilədə nəzərdə tutulmuş öhdəliklərin icrası Təqsirləndirilən şəxs həvalə edilmiş və həmin müqavilənin 5.1-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən işlərin icrası zamanı texniki təhlükəsizlik qaydalarına riayət edilməsini icraçı öz üzərinə götürür. (i.v. 43- 48) 13 dekabr 2023-cü il tarixli, **********431 saylı notarial ərizədən görünür ki, X1 İlham Valik oğlu ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, iddia və tələbi olmayacaq, ərizə öz sözləri ilə yazılmışdır.(i.v 66) 13 dekabr 2023-cü il tarixli zərərçəkmiş şəxsin yaxın qohumunun onun hüquqi varisi qismində tanınması haqqında qərardan görünür ki, X7 zərərçəkmiş şəxs X5 hüquqi varisi qismində tanınmışdır.(i.v 67) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 X13 Xətai rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 104 nömrəli məhkəmə-tibb ekspertizası rəyində göstərilmişdir ki, “1. X3 meyitində baş-beynin əzilməsi, kəllə tağı sümüklərinin qəlpəli açıq sınıqları, baş beynin yumşaq qişasına, toxumasına və beyin mədəciklərinə qansızmalar, sağ qulaq seyvanının və sol əlin əzilmiş yaraları müəyyən edildi. Xəsarətlər həyati olub bərk küt əşya(lar) təsirindən hündürlükdən yıxılma zamanı törənmişlər, canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla baş vermiş ölümlə səbəbli əlaqəlidirlər. 2. X3 ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində baş-beyin əzilməsi olmuşdur. Ölümün müddəti meyitin meyitxanada müayinəsindən 4-8 saat əvvələ uyğun gəlir. 3. X3 meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində spirtli içki, narkotik tərkibli maddə, eləcə də digər bihuşedici, psixotrop maddələr aşkar edilməmişdir”. (i.v. 73-76) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/93 nömrəli Əmək təhlükəsizliyinin tədqiqi ekspertizası rəyində göstərilir ki, ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsil" Respublika İdman Mərkəzinin 7 nömrəli X2 Uşaq-Gənclər İdman Məktəbində daimi təsirli təhlükəli istehsalat zonasına aid olan yer səthindən 8 metr hündürlükdə yerləşən kənarları məhəccərlə bağlanmamış iş sahəsində işləyən işçilər (konkret X8) olaraq fərdi mühafizə vasitələri, o cümlədən qoruyucu kəmərlə təmin edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydalarının“nın 2.4.2, 2.4.3, 3.1, 3.2.1 bəndlərinin və “İşlərin təhlükəsiz görülməsini təmin edən vasitələr. Ümumi tələbləri.” 12.2.012-75 DÜST-ün 4, 23 bəndlərin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbibi olmuşdur. Hündürlükdə aparılan işin xarakterinə uyğun müvafiq ixtisasa malik olmayan, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələbləri, hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsi metod və üsulları öyrədilməmiş, bilikləri yoxlanılmamış X8 hündürlükdə təmizlik işinin görülməsinə cəlb edildiyinə və həmin işin təhlükəsiz aparılması üçün müvafiq texniki tərkibli (hündürlük düşkülərinin məhəccərlənməsi, işçilərin qoruyucu kəmərlə təmin edilməsi) tədbirlər həyata keçirilmədiyinə görə, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 2.4.2, 2.4.3, 3.1, 3.2.1 bəndlərinin və “İşlərin təhlükəsiz görülməsini təmin edən vasitələr. Ümumi tələbləri.” 12.2.012-75 DÜST-ün 4, 23 bəndlərinin tələbləri xx.xx.2023-cü il tarixli M-23016 nömrəli subpodrat müqaviləsinin tələblərinə əsasən işlərin icrası zamanı texniki təhlükəsizlik qaydalarına riayət edilməsini öz üzərinə götürmüş Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. X5 aparılan işin xarakterinə uyğun müvafiq ixtisasa malik olmadığını, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələbləri, həmçinin hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsi metod və üsulları öyrədilmədən və iş sahəsində müvafiq texniki tərkibli tədbirlər həyata keçirilmədən işə buraxıldığını nəzərə alaraq, onun tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. (i.v. 82- 84)(ekspertiza xərci 100 manat) Sübutların qiymətləndirilməsi haqqında 02 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair qərar çıxarılması, qərarın təsviri hissəsində qeyd edilən ifadələr, ekspert rəyləri və digər cinayət işinin istintaq materialları cinayət işi üzrə sübut növü kimi qəbul olunması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati icraat başlanması üçün ibtidai inzibati araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi qərara alınmışdır. (i.v. 88-95). 02 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 103-104); 02 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 114-115) 02 fevral 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmışdır(i.v 118-119) Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 162.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda-üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olubolmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu-arvadı olan hüquqi varisi ilə barışıq əldə edilməsi (CM-59.1.12) əməlindən səmimi peşmanlıq çəkməsini, səmimi etirafını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halın olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq tikinti sahəsində rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan, eyni zamanda tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsi hesabına keçirilməlidir (CPM-198.1.). Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01(bir) il 06(altı) ay müddətə tikinti sahəsində rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan, eyni zamanda tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 01 (bir) il 10(on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsi hesabına keçirilsin. 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar