Məhkəmə qərarları › İş №1(011)-18/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-18/2023

27.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-18/2023 27.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X7, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs2, müdafiəçisi- “Mərkəz” Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs1, müdafiəçisi- Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1987-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azarbaycan Respublikası vətəndaşı, evli, işsiz, məhkum olmayan, orta Tahsilli, Şirvan şəhəri, 28 may küçəsi ev 3, mənzil 4-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, məhkum olmayan, orta təhsilli, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi ev 132də qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi, 14 saylı uşaq baxçasında məskunlaşaraq yaşayan, barəsində başqa yerə getməmək haqqında tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək əvvəllər onunla bir ticarət mərkəzində işləyərkən tanış olub etibarını qazandığı Şahid1 Alǝşrəf oğlunun vasitəsi ilə tanıdıqları Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 «Ekspress bank» əməkdaşı kimi təqdim edib «Ekspress bank»-dan 50000 manat məbləğində kreditlə pul vəsaiti götürməyi vəd verib inandıraraq 2021-ci ilin fevral ayında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Meyvəli" Ticarət Mərkəzində Zərərçəkmiş şəxs1 məxsus 7000 manat pulu Şahid1 Alǝşrəf oğlundan alaraq özgə əmlakını ümumi vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək əvvəllər onunla bir ticarət mərkəzində işləyərkən tanış olub etibarını qazandığı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 «Ekspress bank» əməkdaşı kimi təqdim edib "Ekspress bank"-dan 30000 manat məbləğində kreditlə pul vəsaiti götürməyi vəd verib sonuncunu inandıraraq xx.xx.2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Meyvəli Ticarət Mərkəzində ondan 5100 manat, xx.xx.2021-ci il tarixdə günorta saatlarında isə ünvan 1 ünvanında yerləşən “Cıdır düzü” restoranında işin həll olunması üçün "Ekspress bank"ın adından "Yaşat" fonduna pul köçürmək adı ilə yalan vəd verib Zərərçəkmiş şəxs2 aldadaraq onun 1170 manat pulunu almaqla ümumilikdə isə cəmi 6270 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Təqsirləndirilən şəxs2, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək əvvəllər Təqsirləndirilən şəxs1la bir ticarət mərkəzində işləyərkən tanış olub etibarını qazandığı Şahid1 vasitəsi ilə tanıdıqları Zərərçəkmiş şəxs1 özünü “Ekspress bank” əməkdaşı kimi təqdim edib “Ekspress bank”-dan 50000 manat məbləğində kreditlə pul vəsaiti götürməyi vəd verib inandıraraq 2021-ci ilin fevral ayında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Meyvəli" Ticarət Mərkəzində Zərərçəkmiş şəxs1 məxsus 7000 manat pulu Şahid1 Alǝşrəf oğlundan alaraq özgə əmlakını ümumi vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək əvvəllər Təqsirləndirilən şəxs1la bir ticarət mərkəzində işləyərkən tanış olub etibarını qazandığı Zərərçəkmiş şəxs2 özünü “Ekspress bank” əməkdaşı kimi təqdim edib «Ekspress bank»-dan 30000 manat məbləğində kreditlə pul vəsaiti götürməyi vəd verib sonuncunu inandıraraq xx.xx.2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Meyvəli Ticarət Mərkəzində ondan 5100 manat, xx.xx.2021-ci il tarixdə günorta saatlarında isə ünvan 1 ünvanında yerləşən “Cıdır düzü” restoranında işin həll olunması üçün "Ekspress bank"ın adından "Yaşat" fonduna pul köçürmək adı ilə yalan vəd verib Zərərçəkmiş şəxs2 aldadaraq onun 1170 manat pulunu almaqla ümumilikdə isə cəmi 6270 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olmaları, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, təqsirləndirilən şəxslərin ibtidai araşdırma zamanı və məhkəmə istintaqında vermiş olduqları ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2-3 il əvvəl marşurut avtobusunda Təqsirləndirilən şəxs1 ilə sürücü işləyərkən tanış olmuş, onunla münasibəti həmişə yaxşı olmuş, aralarında heç bir şəxsi qərəzlik, ədavət olmamışdır. Sonradan Ceyhun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Meyvəli Ticarət Mərkəzində alver etməyə başlamış, o isə avtomobil alqı-satqısı və ticarətlə məşğul olmağa başlasa da Ceyhunla əlaqəsi olmuşdur. Ceyhun Meyvəli bazarda həmçinin alver ilə məşğul olan Şahid1 Alǝşrəf oğlu və Zərərçəkmiş şəxs2 ilə tanış olmuş və bir yerda müntəzəm alver etmişlər. Bir müddətdən sonra Ceyhun "Topaz" mərc oyunlarına qurşanmış və orada futbol komandalarına pullar qoyaraq qazandığı üçün onda oyuna qarşı həvəs yaranmışdır. Lakin sonradan pullarını uduzduğundan pula ehtiyacı yaranmış, nə vaxtsa qazanacağını fikirləşmişdir. Bu səbəbdən də pul axtarmağa başlamışdır. Bir dəfə Ceyhun onu Meyvəli bazarda Şahid1 və Zərərçəkmiş şəxs2 Ekspress bankın əməkdaşı kimi təqdim edib bankdan yüksək məbləğdə kredit götürmək adı ilə pullar alıb ona da hörmət edəcəyini demişdir. Birlikdə törətdikləri dələduzluq əməlinin təşəbbüskarı elə Ceyhun olmuşdur. Belə ki, 2021-ci ilin fevral ayında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Meyvəli Ticarət Mərkəzində Ceyhun onu Şahid1 Ekspress bankın əməkdaşı kimi təqdim edib bankdan 50000 manat kredit götürməyin mümkün olduğunu təklif etmişdir. Bildiyinə görə Şahid1 bu barədə öz tanışı Zərərçəkmiş şəxs1 demiş, sonuncu da deyilənlərə inanıb, 3-4 dəfəyə Şahid1 vasitəsi ilə Təqsirləndirilən şəxs1 təxminən 7000 manat pul vermişdir. Pulları şəxsən Təqsirləndirilən şəxs1 almış və ona 3500 manat pul vermişdir. Həmin pulu o, öz şəxsi məsrəfləri üçün xərcləmişdir. Bildiyinə görə Ceyhun isə öz payına düşən pulları "Topaz" marc oyunlarında uduzmuşdur. Bundan başqa eyni vədlə Zərərçəkmiş şəxs2 aldatmışlar. Belə ki, xx.xx.2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Meyvəli Ticarət Mərkəzində Ceyhun onu Zərərçəkmiş şəxs2 Ekspress bankin əməkdaşı kimi təqdim etmiş, ona da eyni qaydada bankdan 30000 manat kredit götürməyin mümkün olduğunu bildirmişlər. Bunun müqabilində əvvəlcədən Zərərçəkmiş şəxs2 5100 manat pul istəmişlər, sonuncu razılaşmış və həmin günü yəni xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 5100 manat məbləğində pul vermişdir. xx.xx.2021-ci il tarixdə isə günorta saatlarında eyni vədlə pulların davamı olaraq Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi ətrafında Heydər parkının üst hissəsində N.Tusi küçəsində yerləşən «Cıdır düzü restoranında o Zərərçəkmiş şəxs2la görüşmüş və ona "Yaşat" fondunun hesabına keçirmək adı ilə 1170 manat alıb sonradan Ceyhuna vermişdir. Zərərçəkmiş şəxs2 aldadaraq əldə etdikləri cəmi 6270 manat pulu Ceyhunla öz aralarında bərabər bölmüş və onun payına cəmi 3000 manat pul düşmüşdür. Həmin pulu da o, yenə öz şəxsi məsrəfləri üçün xərcləmişdir. Ceyhun isa öz payına düşən pulları Topaz mərc oyunlarında uduzmuşdur. Törətdiyi əmələ görə Ozünü taqsirli bilir, əməlindən peşmandır. "Express Bank"-da işləmir, əvvəllər həmin bankın işçisi də olmamışdır. Bu fikiri tanışı Təqsirləndirilən şəxs1 zərərçəkənləri inandırmaq üçün səsləndirmiş və onu həmin bankın işçisi kimi təqdim etmişdir. Hal-hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 vurulmuş zərər tam olaraq özü ödəmiş, Zərərçəkmiş şəxs2 ona qarşı heç bir şikayət və tələbi olmaması barədə notarial qaydada təsdiq olunmuş ərizə vermişdir. Digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 vurulmuş zərərdən 1400 manatı da o ğzü ödəmiş, 5600 manat ödənilməmiş məbləği isə 2023-cü ilin fevral ayından başlayaraq hər ay 300 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, Zərərçəkmiş şəxs1 onunla razılaşaraq ona qarşı şikayətinin olmaması barədə ərizə vermişdir. Törətdiyi əməldən səmimi peşmandır, barəsində həbslə bağlı olmayan alernativ cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2-3 il öncə marşurut avtobusunda Təqsirləndirilən şəxs2 ilə sürücü işləyərkən tanış olmuş, münasibətləri həmişə yaxşı olmuş, aralarında heç bir şəxsi qərəzlik olmamışdır. Sonradan o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Meyvəli Ticarət Mərkəzində alver etməyə başlamış, həmin vaxt orada alver ilə məşğul olan Şahid1 Alǝşrəf oğlu və Zərərçəkmiş şəxs2 ilə tanış olmuşdur. Bir yerda Meyvali bazarda işləsələr də aralarında heç bir alış-veriş olmamışdır. Şahid1 ona Zərərçəkmiş şəxs1la alış-verişdə ortaq olduqlarını demişdir. Bir müddət sonra o, "Topaz" mərc oyunları oynamağa başlamış və orada futbol komandalarına pullar qoyaraq qazandığı üçün oyuna qarşı həvəs yaranmışdır. Lakin sonradan pulları uduzduğundan pula ehtiyacı yaranmışdır. Bu səbəbdən də pul axtarmağa başlamışdır. Həmin zaman Təqsirləndirilən şəxs2 ila münasibətləri olduğundan onunla razılaşmışdır ki, onu "Meyvəli" bazarda Şahid1 və Zərərçəkmiş şəxs2 Ekspress bankın əməkdaşı kimi təqdim edib bankdan yüksək məbləğdə kredit götürmək adı ilə pullar alıb ona da hörmət edəcəkdir. Belə ki, 2021-ci ilin fevral ayında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Meyvəli Ticarət Mərkəzində Təqsirləndirilən şəxs2, Şahid1 "Ekspress" bankın əməkdaşı kimi təqdim edib bankdan 50000 manat kredit götürmək adı ila 3-4 dəfəyə Şahid1 Təqsirləndirilən şəxs2la birlikdə 7000 manat pul alıb aralarında bölmüşlər. Pulları şəxsən özü almış, sonradan görüşüb pulu bölmüşlər. O əlda etdiyi pulları futbol Topaz mərc oyunlarında uduzmuşdur. Lakin bu barədə Şahid1 deməmişdir. Bundan başqa eyni vədlə xx.xx.2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Meyvəli Ticarət Mərkəzində Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs2 Ekspress bankın əməkdaşı kimi təqdim edib bankdan 30000 manat kredit götürmək adı ilə 5100 manat şəxsən özü, xx.xx.2021-ci il tarixdə isə günorta saatlarında eyni vədlə pulların davamı olaraq Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi ətrafında Heydər parkının üst hissəsində olan adını bilmədiyi küçədə yerləşən «Cıdır düzü» restoranında Yaşat fondunun hesabına keçirmək adı ilə 1170 manat Zərərçəkmiş şəxs2 şəxsən Təqsirləndirilən şəxs2 almaqla aralarında bölmüşlər. O, əldə etdiyi həmin pulları da futbol Topaz mərc oyunlarında uduzmuşdur. Lakin bu barədə Zərərçəkmiş şəxs2 deməmişdir. Sonradan Nabili inandırmaq üçün Təqsirləndirilən şəxs2la yalandan Ekspress bankın adından 1170 manatın Yaşat fonduna köçürülməsinə dair kredit müqaviləsi adı altında saxta sənəd düzəldib ona təqdim etmişdir. Hal-hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 vurulmuş zərəri Təqsirləndirilən şəxs2 tam olaraq ödəmiş, digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 vurulmuş zərərdən 1400 manatı da Təqsirləndirilən şəxs2 ödəmiş, 5600 manat ödənilməmiş məbləği isə 2023-cü ilin fevral ayından başlayaraq hər ay 300 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Himayəsində 2 azyaşlı uşağı vardır. Törətdiyi əməldən səmimi peşmandır, barəsində həbslə bağlı olmayan alernativ cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Şahid1 Alǝşrəf oğlu ilə 4 ildir ki, alış-verişlə məşğul olur. Şahid1 ona pul borcu olmuşdur. Şahid1 ona demişdir ki, tanışı Təqsirləndirilən şəxs1 7000 manat müqabilində bankdan 50 000 manat kredit götürə bilir. O da Şahid1 hamin şəxsin ev ünvanını, ailə üzvlərini tanıyıb-tanımadığını soruşmuşdur. Şahid1 Ceyhun adlı şəxsi tanıdığını, ondan əmin olduğunu bildirmişdir. O razılaşaraq 2021-ci ilin fevral ayında Ceyhun adlı şəxslə görüşmüşdür. Ceyhun ona özünün Təqsirləndirilən şəxs2 adlı tanışının Ekspress bankda işlədiyini demiş və həmin şəxsi ona göstərmişdir. Bu minvalla onun razılığı ilə ona məxsus 7000 manat pulu Şahid1 hissə-hissə şəklində Meyvali ticarət mərkəzində Ceyhun adlı şəxsə vermişdir. Hansı ki, onun həmin şəxslərlə əlaqəsi olmamışdır. Bundan sonra Şahid1, Ceyhunun və Təqsirləndirilən şəxs2 onu aldatdığını bildirmişdir. Onlar birlikdə Ceyhunun ata va anasının yaşadığı Şirvan şəhərindəki evinə getsə də Ceyhunun özü orada olmamışdır. Atası və anası oğulları Ceyhunun bir neçə adamı aldatdığını bildirmiş, pulu oğullarından almağını demişlər. Bundan sonra Şahid1 ona deməsinə görə Ceyhun, Təqsirləndirilən şəxs2la Meyvəli ticarət mərkəzində görüşmüş və onlardan aldığı 300 manatı ona vermişdir. Bundan başqa 15 fevral 2022-ci il tarixdə ona vurulmuş ziyandan 300 manat pul onun bacısı oğlunun bank kartına göndərilmiş va o da pulu qabul etmişdir. Beləliklə, 7000 manat puldan ona cəmi 600 manat pul geri qaytarılmışdır. Qalan məbləği isə ödəməkdən yayınmışlar. Bu səbəbdən polisə şikayət etmişdir. Hal-hazırda isə ona 800 manat pul Təqsirləndirilən şəxs2 tərəfindən qaytarılmışdır. Ümumilikdə ona 1400 manat pul Təqsirləndirilən şəxs2 tərəfindən ödənilmişdir. Hazırda ona ödənilməli ümumi məbləğ 5600 manat təşkil edir. Təqsirləndirilən şəxs2 ona söz vermişdir ki, qalan məbləği də ödəyəcəklər. Ödəməyəcəkləri təqdirdə yenidən məhkəməyə şiakyət edəcəkdir. Bu səbəbdən təqsirləndirilən şəxslər barəsində həbslə bağlı olmayan alternativ cəza verilməsini xahiş etmişdir. İş üzrə digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, o, 2021-ci ildən hal-hazıradək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Meyvəli Ticarət Mərkəzində alver edib çörək pulu qazanır. Həmin zaman orada həmçinin alver ila məşğul olan Təqsirləndirilən şəxs1 ila tanış olmuş, birlikdə Meyvəli bazarda işləsələr də aralarında heç bir alış-veriş olmamışdır. 2021-ci ilin iyun ayında Təqsirləndirilən şəxs1 ona "Ekspress Bank"da Təqsirləndirilən şəxs2 adlı tanışının olmasını və onun vasitəsi ilə bankdan 30 000 (otuz min) manat kredit götürmək imkanı olduğunu, bunun üçün 7000 (yeddi min) manat pul lazım olduğunu demişdir. Bunu görüş zamanı Təqsirləndirilən şəxs2 təstiq etmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Meyvali Ticarət Mərkəzində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ona «Ekspress bank»-in əməkdaşı kimi təqdim edib bankdan 30000 manat kredit götürmək adı ilə 5100 manat şəxsan Ceyhun özü, xx.xx.2021-ci il tarixdə isə günorta saatlarında həmçinin ikisi bir yerdə eyni vədlə pulların davamı olaraq Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi ətrafında Heydər parkının üst hissəsində olan adını bilmədiyi küçədə yerləşən "Cıdır düzü" restoranında işin hǝll adı ilə "Ekspress bank"-in adından Yaşat fondunun hesabına keçirmək adı ilə 1170 manat pulu bu dəfə Təqsirləndirilən şəxs2 ondan almış, hər ikisi bankdan vəd verdikləri 30000 manat kredit pulu onun üçün təşkil edəcəklərinə tez bir zamanda vəd versələr də onun etibarından sui-istifadə edərək onu aldadıb pullarını ələ keçirmişlər. Buna görə də polisə gedib həmin şəxslərin barəsində şikayət ərizəsi yazmışdır.(i.v70-71) Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanlanmış 32 saylı notariat ofisində vermiş olduğu 06 dekabr 2022-ci il tarixli, **********487 saylı notarial ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti, iddiası, maddi və mənəvi tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında vermiş olduğu ifadəsində göstərmişdir ki, təxminən 7-8 ildir ki, "Meyvəli" ticarət mərkəzində satıcı kimi alış- verişlə məşğul olmuşdur. Zərərçəkmiş şəxs1 ilə 4 ildir ki, alış verişlə məşğul olmaqla şərikdilər. xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 isə təxminən iki-üç ildir ki, bazardan tanımış, sonuncu da həmin bazarda alver etmişdir. Ceyhunla əvvəllər heç bir ədavətləri yaxud mübahisələri olmamışdır. Günlərin bir günü Təqsirləndirilən şəxs1 ona Təqsirləndirilən şəxs2 adlı tanışı olmasını, onun vasitəsi ilə bankdan 50 000 (əlli min) manat kredit götürmək imkanı olduğunu, bunun üçün 7 000 (yeddi min) manat pul lazım olmasını demişdir. Bunu görüş zamanı Təqsirləndirilən şəxs2 özü də təsdiq etmişdir. Zərərçəkmiş şəxs1 da onda pulu olmaqla ona borcu olmuşdur. O, Zərərçəkmiş şəxs1 zəng edərək ona bu barədə məlumat vermiş və kredit götürmək istəyib-istəmədiyini soruşmuşdur. Mahir da razılaşaraq Ceyhunun vasitəsi ilə bankdan ǝlli min manat kredit götürmək qərarına gəlmişdir. Lakin Mahirin, Ceyhun və Anarla heç bir görüşü olmamışdır. Bundan sonra 2021-ci ilin fevral ayında o, Zərərçəkmiş şəxs1 razılığı ilə ondan hissə-hissə təxminən 3-4 dəfəyə 7000 manat alaraq Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvali ticarət mərkəzində hissə-hissə olmaqla, ümumilikdə 7 000 manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. Ceyhun pulları ayrı-ayrı günlərdə hərəsini fərqli məqsədlərlə yəni, guya zamin duracaq şəxslǝrǝ, Yaşat fonduna, Milli Banka va s pul verilməli olduğunu bildirmişdir. Nəticə etibarı ilə Ceyhun və Anar Zərərçəkmiş şəxs1 üçün bankdan 50 000 manat kredit götürəcəyinə vəd vermişlər. Bundan sonra Ceyhunla və Anarla əlaqə saxlaya bilməmiş, telefonuna zəng çatmamışdır. Ceyhun və Anar pulu qaytaracağını bildirsələr də, hər dəfə müxtəlif bəhanələrlə onu aldatmışlar. Bundan sonra 2021-ci ilin oktyabr ayında Ceyhun və Anarla Meyvəli ticarət mərkəzində görüşərkən Anar ona 300 manat pul vermişdir. Bundan sonra 15 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 bacısı oğlunun bank kartına 300 manat pul köçürülmüş, lakin həmin pulun kim tərəfindən köçürülməsini bilməmişdir. Pul onun vasitəsi ilə verildiyi üçün vicdan əzabı çəkdiyindən öz təşəbbüsü ilə 25 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 özünə məxsus 500 (beş yüz) manatda pul qaytarmaq istəsə də Mahir pulu qəbul etməmiş və bildirmişdir ki, onun pulu dələduzlar tərəfindən qaytarılmalıdır. İş üzrə digər şahid X5 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şahid X1 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanısa da əvvəllər onlar arasında heç bir ədavət və düşmənçilik olmamışdır.O, həmin şəxsləri Şahid1 Aliaşrəf oğlu vasitəsilə tanımışdır. Belə ki, 2021-ci ilin mart ayında Anar Bagirov ona 700 manat pul lazım olduğunu demiş, ondan borc istəmişdir. O da, maaş aldığı üçün Anara Bağırova 600 manat borc pul vermişdir. Sonra isə ona məlum olmuşdur ki, Şahid1 həmin pulu tanışı Mahirin pulu kimi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vermişdir. Lakin o, həmin pulun verilməsi zamanı şəxsən iştirakı və ya har hansı əlaqəsi olmamışdır. Bildiyinə görə Ceyhun və Təqsirləndirilən şəxs2 Mahir adlı şəxsə guya 50000 manat kredit götürməyi vəd edib ondan əvvəlcədən 7000 manat pul almış va sonra vədinə əməl etməmişlər. Eşitdiyinə görə isə Ceyhun və Təqsirləndirilən şəxs2 Mahirin pulundan ancaq 1100 manat pulu geri qaytarmış, qalan 5900 manat pul qalıq qalmışdır.(i.v 148-150) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işi başlanması və aidiyyatı üzrə göndərilməsi haqqında 11 aprel 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v. 01-02); xx.xx.2022-ci il tarixli materialın cinayət işinə bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ərizəsi əsasında toplanmış HK-1-719 saylı material Azərbaycan Respublikası Cm-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir(i.v 29) xx.xx.2022-ci il tarixli ittiham elan etmək üçün şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ittiham elan etmək üçün şübhəli şəxs qismində tutulmasından ötrü axtarışının elan edilməsi qərara alınmışdır(i.v 48) xx.xx.2022-ci il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərər çəkmiş şəxs qismində tanınmışdır(i.v 67) xx.xx.2022-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-yə gətirilmişdir(i.v 73) xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur(i.v 89-90) xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətin müdafiəsindən imtina olunması, onun barəsində həbslə bağlı olmyan başqa qətimkan tədbirinin seçilməsi və dərhal Qaradağ RPİ-nin Msy-dən azad edilməsi qərara alınmışdır(i.v 100-101) xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v 102-103) İfadənin yerində yoxlanması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 ona məxsus olan 1170 manat pulu ünvan 2 ünvanında yeləşən "Cıdır Düzü” restoranında Təqsirləndirilən şəxs2 verdiyi yeri şəxsən göstərmişdir. Bu istintaq hərəkətinin nəticəsi protokolla rəsmiləşdirilmiş, çəkilmiş fotoşəkillər protokola əlavə olunmuşdur.(i.v 105-107) xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur(i.v 124-125) xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v 133-134) xx.xx.2022-ci il tarixli cinayət işinin ərazi aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə ibtidai araşdırmanı davam etdirilməsi ərazi aididyatı üzrə Bakı şəhəri Xətai RPİ-nə göndərilməsi qərara alınmışdır(i.v 136-137) xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ititham elan etmək haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan olunması qərara alınmışdır(i.v 182-183) xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin qüvvədə saxlanması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanması qərara alınmışdır(i.v 194-195) xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin qüvvədə saxlanması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanması qərara alınmışdır(i.v 221-222) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur(i.v 50) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur(i.v 64) Sübutların qiymətləndirilməsi haqqında 14 iyul 2022-ci il tarixli qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutlar kifayət etmiş hesab olunması, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilməməsi, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilməməsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi və ona həmin maddə ilə ittiham elan edilməməsi, Azərbaycan Respublikası Baş prokurorunun "İşin təşkili qaydalarının" 346.13.04 bəndinə əsasən cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi epizodu ilə əlaqədar material cinayət işindən ayrılaraq Bakı şəhəri Xəta rayon prokurorluğunun dəftərxanasına təhvil verilməsi qərara alınmışdır (i.v. 225-233); Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-402/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarına gəlməkdən yayındığı üçün iş üzrə icraat dayandırılması, Təqsirləndirilən şəxs1 axtarışının elan edilməsi, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Bakı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli, xx/xx-8420 saylı məkubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Xətai RPi-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2016-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X3 adlı ik azyaşlı uşağı vardır. İş üzrə Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixli, **********487 saylı notarial ərizəsndən görünür ki, onun Təqsirləndirilən şəxs2 ona dəymiş ziyanı tam ödəmiş, ona qarşı heç bir şikayəti, iddiası, maddi və mənəvi tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət işi üzrə ona 1400 manat pul ödənilmişdir. Hazırda 5.600 manat ödənilməyən pul qalıb. İş üzrə təqsirləndirilən şəxslər barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Qalan məbləğ 5.600 manat məbləğ ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəkdir. İş üzrə Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, barəsində olan cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 5600 manat ödənilməyən borc qalıb, həmin məbləği Təqsirləndirilən şəxs2la birlikdə 2023-cü il, fevral ayından etibarən ayda 300 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, barəsində olan cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 5600 manat ödənilməyən borc qalıb, həmin məbləği Təqsirləndirilən şəxs1la birlikdə 2023-cü il, fevral ayından etibarən ayda 300 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin, şahidin, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin, şahidlər ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarınındigər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməl Cinayət Məcəlləsinin onlara elan edilmiş müvafiq maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 33.1-ci maddəsinə əsasən cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 vurulmuş zərəri tamamilə ödəməsini (CM 59.1.13) və digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 vurulmuş zərərin qismən ödəməklə razılıq əldə etməsini (CM-59.1.14), nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs2 cinayətin törədilməsində faktiki iştirakının xarakterini, cinayətkar məqsədə nail olunmasında onun iştirakının dərəcəsini, zərərçəkmiş şəxslərə ziyanın ödənilməsində və barışığın əldə olunmasında rolunu CM-nin 59.2-ci maddəsinə əsaən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, zərərçəkmiş şəxslərə vurulmuş ümumi ziyanın məbləği 13,250 manat olduğunu nəzərə alsaq Təqsirləndirilən şəxs2 üzərinə düşən pay 6,625 manat olsa da, onun zərərçəkmiş şəxslərə ödədiyi ziyanın məbləği isə 7,650 manat təşkil edir. Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını (CM- 59.1.4) və əməlindən səmimi peşman olmasını (59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmədən yayınması və gizlənməsi, onun cinayətin törədilməsində faktiki iştirakının xarakteri, cinayətkar məqsədə nail olunmasında iştirakının dərəcəsi, zərərçəkmiş şəxslərə ziyanın ödənilməsində və barışığın əldə olunmasında rolu cəza təyini zamanı nəzərə almalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyalarında nəzərdə tutulmuş alternativ cəza növlərindən daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, cinayətin törədilməsində iştirakının dərəcəsi, sonrakı davranışı, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi, 14 saylı uşaq baxçasınında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, X4 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 04 may 2022-ci il tarixdən 06 may 2022-ci il tarixədək tutulduğu 02 gün müddət azadlıqdan məhrumetmə cəzasının 01 (bir) günə 01 (bir) hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin edlmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində çəkməsi üçün 01 (bir) il 11 (on bir) ay 28 (iyirimi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 19 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi, 14 saylı uşaq baxçasını saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində) Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar