Məhkəmə qərarları › İş №1(011)-18/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-18/2024

25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-18/2024 25.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşamış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-144/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsi tətbiq olunmaqla qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-144/2023 saylı hökmünə əsasən barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, özgənin əmlakını talama məqsədi ilə 23 fevral 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 22A ünvanında yerləşən “Mini Sədərək” mağazasına daxil olaraq orada satıcı işləyən Şahid özünü kompyuter ustası kimi təqdim etməklə müdir tərəfindən göndərildiyi bəhanəsi ilə kassa aparatına yaxınlaşıb satıcı Şahid başının qarışmasından istifadə edərək saxlanc yeri olan kassa aparatına qanunsuz daxil olub oradan həmin mağazanın icarədarı Zərərçəkmiş şəxs məxsus 500 manat nağd pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs cəmi 500 (beş yüz) manat ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, oğurluq və narkotik vasitə istifadəsi ilə bağlı bir neçə fakt üzrə barəsində Səbail Rayon Məhkəməsi, Sabunçu Rayon Məhkəməsi və Sumqayıt Şəhər Məhkəməsində müxtəlif vaxtlarda barəsində cinayət işi olmuşdur. Hazırkı iş ilə bağlı o qeyd etmişdir ki, maddi imkanı yaxşı olmadığı üçün oğurluq etmişdir. 23 fevral 2022-ci il tarixdə saat 16 radələrində “Mini Sədərək” adlı mağazadan oğurluq etməyi planlaşdırmış, bu məqsədlə həmin mağazaya daxil olmuşdur. Orada satıcıya yaxınlaşaraq özünü kompyuter ustası kimi təqdim etmiş və müdiriyyət tərəfindən kompyuterin yenilənməsi üçün göndərildiyini uydurmuşdur. İçəridə olan satıcı buna inanıb onun kompyuterə baxmaq üçün yaxınlaşmağına icazə vermişdir. Özü isə kompyuterin yanına keçdikdən sonra rahat gizli yolla kassaya müdaxilə etməyinə şərait yaratmaq üçün satıcıdan qeyd aparacağı bəhanəsi ilə bir ədəd kağız gətirməsini istəmişdir. Həmin satıcı kağız gətirmək üçün mağazadakı digər otağa keçmiş və o, cəld qaydada kompyuter olan masanın altında yerləşən kassa aparatını üzərindəki açar vasitəsi ilə açaraq oradan 500 manat məbləğində pul götürmüşdür. Dərhal kassa aparatını bağladıqdan sonra həmin yerdən bir qədər aralanmış və satıcı qadın yanına gəlmişdir. Həmin qadına kompyuterə baxmaq üçün istifadə etdiyi yaddaş kartını unutduğunu, gedib bir azdan gələcəyini deyərək mağazadan çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, təxminən üç ildir ki, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 22A ünvanında yerləşən "Mini Sədərək" adlı mağazanı icarə əsasında işlədir. Həmin mağazada müxtəlif məişət əşyaları satışı ilə məşğuldur. Şahid 2021-ci ilin noyabr ayından 2022-ci ilin aprel ayınadək həmin mağazada satıcı kimi işləmiş, lakin evləndikdən sonra işləmək istəmədiyi üçün çıxmışdır. Onun mağazada işlədiyi dövrdə, yəni 23 fevral 2022-ci il tarixdə axşam saatlarında özü mağazada olmadığı zaman Şahid zəng edərək mağazanın kassa aparatından oğurluq edildiyini bildirmiş, o isə dərhal mağazaya gəlib öyrənmişdir ki, satıcı Şahid mağazada olduğu zaman bir nəfər şəxs içəri daxil olmuş və müdiriyyət tərəfindən kompyuterləri yeniləmək üçün gəldiyini bildirmişdir. Həmin şəxs özünü kompyuter ustası kimi təqdim etmişdir. İçəri keçdikdən sonra satıcının başının qarışıq olmasından və onu kiminsə görməməsindən istifadə edərək kassa aparatında saxlanan 500 manat məbləğində pulu gizli qaydada oğurlamışdır. Bundan sonra satıcı Şahid DİN-nin “102” xidməti-zəng mərkəzi sisteminə hadisə barədə məlumat vermişdir. Həmin hadisə nəticəsində mağazanın kassa aparatından 500 manat nağd pul talandığından ona dəymiş maddi ziyan 500 manat məbləğindədir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, hazırda yeni ailə həyatı qumuşdur və haradasa işləmir. Evləndikdən sonra keçmiş soyadı olan “Əliyeva” dəyişilmişdir. Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 22A ünvanında yerləşən “Mini Sədərək” adlı mağazada 2021-ci ilin noyabr ayından 2022-ci ilin aprel ayına qədər satıcı vəzifəsində işləmişdir. Orada işlədiyi müddətdə, daha dəqiq 23 fevral 2022-ci il tarixdə saat 16 radələrində həmin mağazada tək olarkən içəri əvvəllər görmədiyi bir nəfər cavan oğlan daxil olmuşdur. Həmin şəxs özünü müdiriyyət tərəfindən göndərilmiş kompyuter ustası kimi təqdim edərək kompyuterin yenilənməsi üçün çağırıldığını bildirmiş və ondan kompyuterə baxmaq üçün içəri keçməyə icazə verməyini istəmişdir. Özü isə ona inanıb içəridə kompyuter olan masaya yaxınlaşmasına imkan vermişdir. Həmin şəxs kassa aparatı yerləşən masanın üzərində olan kompyuterin yanına keçdikdən sonra ondan qeydlər aparmaq üçün kağız gətirməyini istəmiş, özü isə deyilənə uyğun olaraq kağız tapmaq üçün içəri otağa keçmişdir. Təxminən bir dəqiqə sonra kağızla birlikdə geri qayıtdığı zaman həmin şəxs yaddaş kartını unutduğunu, bir az sonra təkrar gələcəyini deyib mağazadan getmişdir Bundan sonra həmin şəxsin gəlməyini gözləsə də, o, geri gəlməmiş və bundan bir müddət sonra, saat 18 radələrində kassa aparatına baxarkən orada pulların tam olmadığını, 500 manat məbləğində pulun əksik olduğunu aşkar etmişdir. Özündən savayı kassaya yaxınlaşmış yeganə şəxsin özünü kompyuter ustası kimi təqdim etmiş şəxs olduğunu fikirləşib oğurluğun məhz onun tərəfindən edilmiş olduğunu, buna görə də mağazadan birdən-birə gedib qayıtmadığını başa düşmüşdür. Bundan sonra DİN-nin “102” xidmətizəng mərkəzi sisteminə məlumat vermiş və mağazada olan videomüşahidə cihazlarında qeydə alınmış görüntüyə əsasən həmin şəxsin gizli yolla kassadan pul götürdüyünü müəyyən etmişdir. Oğurluq etmiş şəxs orta boylu, orta bədən quruluşlu, qara saçlı cavan kişi cinsinə mənsub biri olmaqla əynində qara rəngli geyim olmuşdur. O, həmin şəxsi yenidən görərsə, tanıya bilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi, cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında 22 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Xətai RPİ-nin 34-cü PŞ-də toplanmış material üzrə baş təhqiqatçı, polis mayoru Elbrus Məmmədovun 06 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməklə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır (i.v. 1-2); hadisə yerinə baxış keçirilməsi haqqında 24 fevral 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 6 ünvanında yerləşən “Mini Sədərək” adlı mağazaya baş vermiş cinayət hadisəsi ilə əlaqədar baxış keçirilmiş və baxış zamanı obyektin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 9-11); videogörüntüyə baxış keçirilməsi barədə 24 fevral 2022-ci il tarixli protokoldan görünür ki, X5 xx.xx.2022-ci il tarixdə 34-cü PŞ-nə ərizə ilə müraciət edərək ünvan 8 ünvanında yerləşən “Sədərək” mağazasına bir nəfər şəxsin gələrək kompyuteri yeniləmək adı ilə kassada olan pulu götürməsi anının kamera görünüsünə düşdüyünü bildirmişdir. Telefon cihazı vasitəsi ilə çəkilmiş görüntüyə baxış keçirən zaman bir nəfər 30-35 yaşlarında qara gödəkçə, qara şalvarda olan şəxsin kassa aparatından pulu götürməsi müəyyən olmuşdur. Telefon cihazı vasitəsi ilə çəkilmiş görüntü 01 ədəd diskə köçürülmüş və disk maddi sübut əhəmiyyəti kəsb etdiyindən protokola əlavə edilmişdir (i.v. 12-13); cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 mart 2022-ci il tarixli qərardan görünür ki, Xətai RPİ-nin 34-cü PŞ-də toplanmış material üzrə baş təhqiqatçı, polis mayoru Elbrus Məmmədov tərəfindən cinayət işinin başlanması rədd edilmiş və əməli törətmiş şəxsin İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün toplanmış materialın 34-cü PŞ-nin aidiyyəti əməkdaşına verilməsi qərara alınmışdır (i.v. 15-16); cinayət işinin icraata qəbul edilməsi haqqında 30 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi icraata qəbul olunaraq ibtidai istintaqı aparılmışdır (i.v. 21); zərərçəkmiş şəxs qismində tanınma haqqında 01 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 33- 34); diskə baxış keçirilməsi haqqında 15 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin diskin içərisində “WhatsApp Video 2022-03-14 at 11.59.58 (01)” və “WhatsApp Video 2022-03-14 at 11.59.58” adlı 02 ədəd video faylın olduğu aşkar edilmişdir. “WhatsApp Video 2022-03-14 at 11.59.58 (01)” adlı video fayl açıldıqda içərisində 18 saniyəlik video olduğu və ünvan 10 ünvanda yerləşən “Mini Sədərək” adlı mağazanın giriş hissəsinin görüntüsü olduğu müəyyən edilmişdir. Görüntüyə baxan zaman mağazanın içərisinə əynində qara rəngli gödəkçə, tünd göy rəngli şalvar olan bir nəfər şəxsin, yəni Təqsirləndirilən şəxs normal qaydada daxil olduğu, yeriyərkən əlindəki tibbi maskanı üzünə taxdığı görsənir. Diskdə olan digər “WhatsApp Video 2022-03-14 at 11.59.58” adlı video fayl açıldıqda isə həmin faylın 25 saniyədən ibarət olduğu və ünvan 10 ünvanda yerləşən “Mini Sədərək” adlı mağazanın üzərində kompyuter, altında kassa aparatı yerləşən masa olan hissəsinin görüntüsü olduğu müəyyən edilmişdir. Həmin masanın arxasında əynində qara rəngli gödəkçə, tünd göy rəngli şalvar olan bir nəfər şəxsin, yəni Təqsirləndirilən şəxs dayanıb kassa aparatını üstündə olan açarla açdığı, sol əlində mobil telefonu saxlayıb, sağ əli ilə kassa aparatının içərisində görsənən müxtəlif pul əskinaslarına toxunaraq axtardığı görsənir. O, bu vaxt əlini kompyuterin klaviaturasına aparıb kompyuterlə maraqlanırmış kimi özünü göstərir və ətrafa baxır. Daha sonra yenidən kassa aparatının içərisinə əl atıb nisbətən arxa hissədən dəqiq məbləği görsənməyən pul əskinasları götürüb kassanı bağlayır, üstündəki açarla kilidləyir. Aşağı əyilib təxminən 3 saniyə nəsə edib qalxır və masanın yanından çəkilir. Bundan sonra video bitir. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs görüntüdəki şəxsin özü olduğunu bildirir (i.v. 50); ifadənin yerində yoxlanılması haqqında 16 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin təfərruatlarını hadisə yerində bir daha göstərmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 51-54); şəxsin fotoşəkillə tanınmaya təqdim edilməsi haqqında 18 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Şahid təqdim edilmiş fotocədvəldəki “3” rəqəmi altında işarələnmiş şəxsin ünvan 10 ünvanda yerləşən “Mini Sədərək” adlı mağazadan oğurluq edən şəxs olduğunu bildirmişdir (i.v. 55-57); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəriməni ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır; xx.xx.2018-ci il tarixdə Nərimanov RPİdə CM-nin 178.1-ci maddəsi ilə başlanmış cinayət işinin icraatına CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 09 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; Nizami RPİ-də Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə başlanmış 200080318, 210070456, 220110094, 220110073, 220730217, 220020082, 220270348, ********* və ********* saylı cinayət işləri xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir; Sabunçu RPİ-də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmış ********* saylı cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir; Sumqayıt ŞPİ-də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmış ********* saylı cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir (i.v. 58-60); Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-208/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 18 aprel 2022-ci il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v. 76-79); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 21 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 90-91); qətimkan tədbirinin nəzərə alınması haqqında 21 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır (i.v. 105); 1 saylı Bakı Asan Xidmət X2 tərəfindən verilmiş AZ-İV seriyalı 741579 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X1r (i.v. 109); 1 saylı Bakı Asan Xidmət X2 tərəfindən verilmiş AZ-İV seriyalı 733519 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X1r (i.v. 110); sübutların qiymətləndirilməsi haqqında 22 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmışdır, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, hadisə yerinə baxış keçirilməsi, diskə baxış keçirilməsi, şəxsin fotoşəkillə tanınmaya təqdim edilməsi və ifadənin yerində yoxlanılması haqqında protokollar sübut növü kimi qiymətləndirilmişlər, 01 ədəd “CD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur (i.v. 111-116); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını qeyd etmiş və təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir; Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-21/2023 saylı, 17 fevral 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 178.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 1(006)-192/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 03 (üç) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 01 (bir) ay 18 (on səkkiz) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 3 (üç) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq dövründə 15 aprel 2022-ci il tarixdən 16 aprel 2022-ci il tarixədək, yəni 01 (bir) gün tutulduğu müddət təyin olunmuş cəzadan çıxılmaqla, ona qəti olaraq 03 (üç) il 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəza müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir; hökmün icrası barədə 10 mart 2023-cü il tarixli göstərişdən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-21/2023 saylı, 17 fevral 2023-cü il tarixli hökmü 10 mart 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir; Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-220/2023 saylı, 17 aprel 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməklə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)- 21/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay 29 gün azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəza müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-144/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hazırki hökmlə təyin edilmiş cəza Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-220/2023 saylı, 07 aprel 2023cü il tarixli hökmü ilə təyin olunmuş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla üzərində qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəza müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir; hökmün icrası barədə 08 iyun 2023-cü il tarixli göstərişdən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-144/2023 saylı hökmü 08 iyun 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəmə iclasında 01 ədəd “CD-R” formatlı diskə baxış keçirilmiş, baxış zamanı müəyyən olmuşdur ki, disk 02 ədəd fayldan ibarətdir, 1-ci faylda olan görüntüdə ünvan 10 ünvanda yerləşən “Mini Sədərək” adlı mağazanın giriş hissəsinin görüntüsü olduğu müəyyən edilmişdir. Görüntüyə baxan zaman mağazanın içərisinə əynində qara rəngli gödəkçə, tünd göy rəngli şalvar olan bir nəfər şəxsin, yəni Təqsirləndirilən şəxs normal qaydada daxil olduğu, yeriyərkən əlindəki tibbi maskanı üzünə taxdığı görsənir. Diskdə olan 2-ci faylda olan görüntüdə ünvan 10 ünvanda yerləşən “Mini Sədərək” adlı mağazanın üzərində kompyuter, altında kassa aparatı yerləşən masa olan hissəsinin görüntüsü vardır. Həmin masanın arxasında əynində qara rəngli gödəkçə, tünd göy rəngli şalvar olan bir nəfər şəxsin, yəni Təqsirləndirilən şəxs dayanıb kassa aparatını üstündə olan açarla açdığı, sol əlində mobil telefonu saxlayıb, sağ əli ilə kassa aparatının içərisində görsənən müxtəlif pul əskinaslarına toxunaraq axtardığı görsənir. O, bu vaxt əlini kompyuterin klaviaturasına aparıb kompyuterlə maraqlanırmış kimi özünü göstərir və ətrafa baxır. Daha sonra yenidən kassa aparatının içərisinə əl atıb nisbətən arxa hissədən dəqiq məbləği görsənməyən pul əskinasları götürüb kassanı bağlayır, üstündəki açarla kilidləyir. Aşağı əyilib təxminən 3 saniyə nəsə edib qalxır və masanın yanından çəkilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını, ona dəymiş maddi ziyanı ödəməsini (CM-nin 59.1.12-59.1.13), himayəsində iki azyaşlı övladının olmasını (CM-59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CMnin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətlərin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərara dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən qərarın 16-cı bəndində qeyd edilmişdir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CMin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. İş materiallarında olan hökmün icra edilməsi barədə göstərişə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 1(008)-144/2023 saylı hökmünün 08 iyun 2023-cü il tarixdə qanuni qüvvəyə minməsini, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini 23 fevral 2022-ci il tarixdə törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmayacağını, bundan əlavə təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.), həmçinin CM-nin 60-cı maddəsinin müddəaları nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-144/2023 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 18 aprel 2022-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-144/2023 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınan 01 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-144/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 04 (dörd) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-144/2023 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar