Məhkəmə qərarları › İş №1(011)-180/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-180/2022

14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-180/2022 14.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Yardımlı rayonu, Bozayran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam-orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Bozayran kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs oğlu özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 14 fevral 2020-ci il saat 04 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 2 ünvanda yerləşən “Eliza” qadın gözəllik salonunun giriş qapısının kilidini sındıraraq birlikdə qanunsuz binaya daxil olub salondan Zərərçəkmiş şəxs məxsus 500 manat dəyərində “Samsung AZ” markalı mobil telefonu və 1800 manat nağd pulu gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə ümumilikdə Zərərçəkmiş şəxs 2300 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, əvvəllər heç vaxt oğurluq etməmişdir. 14 fevral 2020-ci il tarixdə gecə saatlarında tanışı X1 ilə birlikdə Bakı şəhəri Xətai rayonu ərazisində gəzdikləri zaman Aydın ona oğurluq etməyi təklif etmişdir. Maddi vəziyyətlərinin olduqca pis olduğu üçün onunla razılaşmış və saat 04 radələrində ünvan 3 ünvanda “Eliza” qadın gözəllik salonunun olduğunu görüb oradan oğurluq etmək qəranna gəlmişlər. Bundan sonra Aydın gözəllik salonunun giriş qapısının kilidini üzərində olan dəmir parçası ilə qırmış və onlar gözəllik salonuna daxil olmuşlar. Gözəllik salonuna daxil olduqdan sonra o və Aydın salonda pul və ya dəyərli əşya axtarmağa başlamışlar. Aydın gözəllik salonunun otaqlarının birini axtardıqda orada olan masanın siyirməsindən 1.800 manat pulun olduğunu görüb götürmüşdür. O isə digər otaqda olan dolabın siyirməsindən “Samsung AZ” markalı mobil telefon götürmüşdür. Bundan sonra onlar gözəllik salonunu tərk edib oradan uzaqlaşmışlar. Aydın “Eliza” gözəllik salonundan oğurladığı 1.800 manat puldan 200 manatını ona vermişdir. O da oğurladığı “Samsung Galaxy AZ” markalı mobil telefonu tanımadığı şəxsə 50 manata satmışdır. Əldə etdiyi cəmi 250 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra əməlindən peşman olduğunu, ilk dəfə belə bir əməl tutduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmişlə barışdığını, ona qarşı tələb və şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanda yerləşən «Eliza» gözəllik salonunu icarəyə götürərək işlədir. Hər ayın 16-da icarə haqqı olan 1800 manat pulu yığaraq iş otağında portmanatın içərisinə qoymuş və 13 fevral 2020-ci il tarixdə saat 18 radələrində salonu bağlayaraq evə getmişdir. 14 fevral 2020-ci il tarixdə saat 14 radələrində iş yerinə gələrək qapını açmaq istəyərkən qapının açıq olmasını görmüş və nəzər yetirdikdə qapının sındırılaraq açıldığını anlamışdır. Bundan sonra salona nəzər saldıqda 1800 manat pulunun və 500 manat dəyərində üzərində mobil telefon nömrəsi olmayan «Samsung Galaxy Z» markalı mobil telefon aparatının oğurlanmasını aşkar etmiş və hadisə barədə polisə ərizə vermişdir. Ümumilikdə ona 2300 manat maddi ziyan dəymişdir. Daha sonra təqsirləndirilən şəxslə barışdığını, dəymiş ziyanın tam ödənildiyini, ona qarşı tələb və şikayətinin olmamasını bildirərək bu barədə olan ərizəsini məhkəməyə təqdim etmiş və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materialında olan məhkəmə-daktiloskopik ekspertizasının 20.07.2020-ci il tarixli 20/354R nömrəli rəyindən məlum olur ki, 14.02.2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən vət. Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “Elza” qadın gözəllik salonunda 11 ədəd yapışqan lent kəsiklərin üzərində olan 03 ədəd əl-barmaq və 01 ədəd ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl-barmaq və 01 ədəd ovuc izləri xx.xx.1999-cu il tarixdə Yardımlı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ və sol əllərinin böyük barmaqlarının və sağ əlinin ovucunun əksi ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan 18 fevral 2022-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi 18 fevral 2022-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan 19.02.2022-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilmiş, həbsetmənin əvvəli 18 fevral 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 02.03.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı tələb və şikayəti yoxdur, dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi, daktiloskopik ekspert rəyi və digər iş materialları ilə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olmuş digər şəxslə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, səmimi etirafını, ilk dəfə cinayət törətməsini, zərərin ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 01 ay 27 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlandığı 01 (bir) ay 27 (iyirmi yeddi) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 03 (üç) ay 24 (iyirmi dörd) gün çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs oğlunun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar