Məhkəmə qərarları › İş №1(011)-181/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-181/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-181/2023 04.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi – X3 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1991-ci ildə Naxçıvan MR, Babək rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, «Bliss Lounge»-də ofisiant olaraq çalışan, Naxçıvan MR, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanda kirayə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 29 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində X8 məxsus olmaqla etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Chevrolet Cruze» markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində sol istiqamətdə dönmə əməliyyatı aparıb idarə etdiyi avtomobillə «Ukrayna» dairəsi istiqamətində saatda 20-25 km sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, yəni sola dönəcəyi yolda piyadanın hərəkət hissəsini keçməkdə olmasını nəzərə alaraq idarə etdiyi avtomobillə sola dönmə əməliyyatı aparmamalı, dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməli, piyadanın hərəkət hissəsini keçib qurtarmasını gözləməli və bundan sonra dönmə əməliyyatı aparmalı olmaqla baş verə biləcək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bu yolhərəkəti qaydalarına riayət etməyərək ünvan 2 ünvanda yerləşən «İst Petrol» yanacaqdoldurma məntəqəsinin qarşısında həmin vaxt yolun hərəkət hissəsini beton yolayrıcının üzərindən soldan sağa doğru keçməkdə olan piyada X5 idarə etdiyi avtomobilin qabaq sol tərəfi ilə soldan 1-ci hərəkət zolağında ehtiyatsızlıqdan vuraraq ona müştərək travma və baş beynin ağır dərəcəli əzilməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, baş beyin toxumalarına, maddəsinə, qişalarına və beyin mədəciklərinə qansızmalar, subaraxnoidal və mədəcikdaxili qansızma, kəllə tağı sümüklərinin kəllə əsasına keçən xətti sınığı, başın sağ gicgah və sağ göz orbitası nahiyələrini əhatə edən sahədə şişkinli qançır, sağ göz almasının ağlı qişasına qansızma, hər iki dirsək oynaqları, sol said və sol əl nahiyələrində qançırlar kimi həyati, ölümlə birbaşa səbəbli əlaqələri olan və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə sonuncunun 02 noyabr 2022-ci il tarixdə «X18» X14 yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərdən ehtiyatsızlıqdan ölümünə səbəb olması ilə nəticələnən yol-nəqliyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, «Chevrolet Cruze» markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobili 27 avqust 2021-ci il tarixdə etibarnamə əsasında idarə etmişdir. Həmin tarixdə Orxan Şıxəliyev tərəfindən adına nəqliyyat vasitəsini idarə etmək üçün tələb olunan etibarnamə verilmişdir. Avtomobili adına olan «B» kateqoriyalı sürücülük vəsiqəsi və nəqliyyat vasitəsini idarə etmək üçün tələb olunan etibarnamə əsasında idarə etmişdir. Avtomobil bir qayda olaraq onda olmuş və avtomobili yalnız özü idarə etmişdir. Avtomobil idarə etməyə başladığı vaxtdan etibarən texniki cəhətdən saz vəziyyətdə olmuş və hər hansı bir texniki nasazlığı olmamışdır. 29 oktyabr 2022-ci il tarixdə axşam saat 18 radələrində idarə etdiyi «Chevrolet Cruze» markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilə əvvəlcə M.Hadi küçəsindən «Ukrayna» dairəsi adlanan ərazi istiqamətində saatda təxminən 20-25 km/sürətlə düzünə hərəkət edib qarşı hərəkət istiqamətinə keçərək soldan 1-ci hərəkət zolağına doğru eyni sürətlə sola doğru dönmə əməliyyatı aparmağa başlamışdır. Bu zaman yolun hərəkət hissəsinin mərkəzində olan beton yolayrıcıdan yolun hərəkət hissəsini soldan sağa doğru keçmək istəyən piyada qadını avtomobilin qabaq sol tərəfi ilə ehtiyatsızlıqdan vurmuşdur. Zərbənin təsirindən piyada qadın əvvəlcə avtomobilin qabaq kapotuna dəyib bədəninin sol tərəfi istiqamətində yol örtüyünə yıxılmışdır. Dərhal avtomobilin hərəkətini dayandırıb sükan arxasından düşmüşdür. Cəmilə də əyləşdiyi oturacaqdan düşmüşdür. Həmin an əvvəllər tanımadığı və görmədiyi, təxminən 70-75 yaşlarında olan, arıq bədən quruluşlu, alçaq boylu yaşlı qadının bədəninin sol tərəfi istiqamətində yol örtüyünə yıxılmasını görmüşdür. Ətrafda olan bir neçə avtomobilin sürücüsü hərəkətlərini dayandırıb onlara yaxınlaşmışdırlar. Onların köməkliyi ilə o və Cəmilə həmin yaşlı qadını yerdən qaldırıb avtomobilin arxa oturacağa əyləşdirmişlər. Həmin vaxt yaşlı qadının bədən səthində gözlə görünən hər hansı bir xəsarət və ya xəsarət izi yox imiş. Həmçinin yaşlı qadın milliyətcə rus olduğundan və rus dilində danışdığından o və Cəmilə də rus dilində danışa və danışılanları başa düşə bilmədiklərinə görə yaşlı qadının dediklərini anlaya bilməmişdirlər. Lakin öz növbələrində o və Cəmilə bəzi ümumi qəbul edilən və rus dilində bildikləri ümumi istifadə olunan və hər iki tərəfdən anlaşılan sözlərdən istifadə etməklə qadınla ünsiyyət qurmağa çalışmışdırlar. Yaşlı qadını avtomobilə əyləşdirdikdən sonra ona ilkin tibbi yardım göstərilməsi üçün onu yaxınlıqda yerləşən təcili tibbi yardım stansiyasına aparmaq qərarına gəlmişdirlər. Buna görə də idarə etdiyi avtomobillə «Həzi Aslanov» metrostansiyasının yaxınlığında yerləşən təcili tibbi yardım stansiyasına doğru hərəkət etmişdir. Təcili tibbi yardım stansiyasının qarşısına çatdıqda yaşlı qadın uca səslə qışqırmışdır. Geriyə çevrildikdə yaşlı qadın əlində saxladığı eynəyinin sol şüşəsini göstərib qırıldığını bildirmişdir. O da qadının eynəyinin qırılmasına görə onun eynəyini təkidlə göstərməsini eynək istəməsi kimi başa düşmüşdür. Həmin vaxt Cəmilə yaşlı qadının eynəyini təmir etdirmək və ya ona yeni eynək çərçivəsi almaq üçün tanışı olan Cəfər adlı şəxsə zəng vurub təcili işinin olmasına görə təcili tibbi yardım stansiyasının qarşısına çağırmışdır. Təxminən 7-8 dəqiqədən sonra Cəfər «Həzi Aslanov» metrostansiyasının yaxınlığında yerləşən təcili tibbi yardım stansiyasının qarşısına gəlmişdir. Cəmilə hadisənin necə və hansı şəraitdə baş verməsi barədə Cəfərə məlumat vermişdir. Cəfər də qadının eynəyinin çərçivəsini təmir etdirmək üçün «Əhmədli» metrostansiyasının yaxınlığında yerləşən optika mağazalarına baxmaqlarını təklif etmişdir. Onlar da onunla razılaşmışdırlar. Buna görə də təcili tibbi yardım stansiyasına daxil olmadan yaşlı qadına eynək almaq üçün avtomobillə yenidən Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «Əhmədli» metrostansiyası istiqamətində hərəkət etmişdirlər. Həmin vaxt avtomobili o idarə etmişdir. Cəfər avtomobilin qabaq sağ oturacağında, Cəmilə və yaşlı qadın isə arxa oturacaqda əyləşmişdirlər. «Əhmədli» metrostansiyasının çıxışına çatdıqda Cəmilə və Cəfər yaşlı qadının əlində olan eynəyi götürüb avtomobildən düşmüşdürlər. Lakin bir neçə dəqiqədən sonra eynək almadan və təmir etdirə bilmədən yenidən avtomobilə yaxınlaşmışdırlar. Bundan sonra o və Cəmilə yaşlı qadına lazımi tibbi yardım göstərmək üçün dəfələrlə onu istənilən tibb müəssisəsinə aparmağı təklif etmişdirlər. Buna baxmayaraq qadın özü istifadəsində olan sadə funksiyalı mobil telefonu əynində olan gödəkcənin sağ cibindən çıxarıb Cəmiləyə təqdim etmişdir. Həmin an Cəmilə mobil telefonun ad siyahısında sonuncu qeydə alınmış şəxsin mobil nömrəsinə zəng vurmuşdur. Telefon danışığı zamanı Cəmilə həmin şəxsə Azərbaycan dilində yaşlı qadının Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yolun hərəkət hissəsini piyada olaraq keçərkən anidən avtomobilin qabaq sol tərəfinə dəyib yerə yıxılması barədə məlumat vermişdir. Bir qədər sonra Cəmilə mobil telefonun ad siyahısında «Saşa» adı ilə qeydiyyata alınmış şəxsə zəng vurmuşdur. Cəmilə telefon danışığı zamanı həmin şəxsə Azərbaycan dilində yaşlı qadının Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yolun hərəkət hissəsini piyada olaraq keçərkən anidən avtomobilin qabaq sol tərəfinə dəyib yerə yıxılmasını və qadını avtomobillə lazımi yerə gətirə biləcəklərini bildirmişdir. Başa düşdüyü qədəri ilə «Saşa» adlı şəxs də yaşlı qadını Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən «Təbrik» şadlıq sarayının yaxınlığına gətirmələrini xahiş etmişdir. Cəmilə avtomobillə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən «Təbrik» şadlıq sarayı istiqamətində hərəkət etməyini bildirmişdir. Buna görə də «Təbrik» şadlıq sarayının qarşısına getmək üçün «Ukrayna» dairəsi adlanan ərazi istiqamətində hərəkət etmişdirlər. Artıq həmin an Cəmilə yaşlı qadına köməklik göstərmək üçün avtomobilin qabaq oturacağına keçib yanında əyləşmişdir. Cəfər isə avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. «Təbrik» şadlıq sarayına çatmağa az qalmış Cəmilə yenidən həmin yaşlı qadının istifadəsində olan mobil telefonla «Saşa» adlı şəxslə əlaqə saxlamışdır. «Saşa» adlı şəxs də onları «Təbrik» şadlıq sarayının qarşısında gözlədiyini bildirmişdir. Daha sonra o və Cəmilə yaşlı qadını avtomobildən düşürüb onunla birlikdə piyada hərəkət etməyə başlamışdırlar. Yaşlı qadının özünə gəlməsinə görə qohumunun da onun sərbəst hərəkət etməsini görməsi üçün bir qədər piyada hərəkət etmək qərarına gəlmişdirlər. Cəfər isə idarə etdiyi avtomobilin sükanı arxasına keçib avtomobillə hərəkət edərək onları «Ukrayna» dairəsinə çatmamış yolun hərəkət hissəsinin sağında yerləşən «Kontakt Home» mağazasının qarşısında gözləyəcəyini bildirmişdir. Bir qədər sonra Saşa adlı şəxslə üzbəüz qarşılaşmışdırlar. Yaşlı qadın Saşa adlı şəxsi tanımışdır. Qadını həmin şəxsə təhvil vermişdirlər. Həmin şəxs əvvəllər tanımadığı və görmədiyi, milliyətcə rus olan təxminən 50-55 yaşlarında şəxs imiş. O həmin şəxsə yaşlı qadının yolun hərəkət hissəsini piyada olaraq keçərkən idarə etdiyi avtomobilə dəyərək müvazinətini itirib yerə yıxılmasını, daha sonra ona ilkin tibbi yardım göstərilməsi üçün yaxınlıqda yerləşən TTY stansiyasına aparsalar da qadının ilkin tibbi yardımdan imtina etməsini, eynəyinin çərçivəsinin qırılmasına görə isə optika mağazasına getsələr də ustanın olmamasına görə qadının eynəyini təmir etdirə bilməməsi barədə məlumat vermişdir. Buna baxmayaraq həmin şəxsə yenə də qadına tibbi köməklik lazım olduğu təqdirdə onu istənilən tibb müəssisəsinə aparmağı təklif etsələr də həmin şəxs bundan imtina etmişdir. Bundan sonra yaşlı qadının səhhəti ilə sonradan maraqlana bilmək üçün həmin şəxsə adının Türkanə olmasını bildirib mütəmadi istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni də təqdim etmişdir. Həmin şəxs də mobil nömrəni istifadəsində olan mobil telefonda qeydə almışdır. Bundan sonra həmin şəxs ondan və Cəmilədən əlavə hər hansı bir sorğu-sual etməmiş və onlar həmin şəxslə sağollaşıb ayrılmışdırlar. Yaşlı qadın da həmin şəxslə birlikdə sərbəst olaraq hərəkət edib oradan uzaqlaşmışdır. Lakin yaşlı qadın və həmin şəxs istifadələrində olan mobil nömrələri ona və Cəmiləyə təqdim etməmişdirlər. Həmin gün hadisənin təsiri altında olduğundan işə çıxmamışdır. İlk dəfə yol-nəqliyyat hadisəsi törətdiyinə, yaşlı qadının hadisə nəticəsində xarici görkəmdən elə də ciddi bədən xəsarəti almasını görmədiyinə və ya güman etmədiyinə və hadisənin təsiri altında olduğuna görə sonradan əlaqə saxlaya bilmək üçün yaşlı qadının və yanında olan Saşa adlı şəxsin istifadələrində olan mobil nömrələri götürə bilməmişdir.Yol-nəqliyyat hadisəsi baş verməmişdən əvvəl spirtli içki qəbul etməmiş və hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. Baş vermiş hadisə nəticəsində şəxsin ölməsinə səbəb olmasında səmimi peşmançılıq hissi keçirdiyini və hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 29 oktyabr 2022-ci il tarixdə axşam saat 18 radələrində iş yerindən tanışı Türkanənin idarə etdiyi «Chevrolet Cruze» markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olarkən Türkanə idarə etdiyi avtomobillə M.Hadi küçəsindən «Ukrayna» dairəsi adlanan ərazi istiqamətində asta sürətlə düzünə hərəkət edib qarşı hərəkət istiqamətinə yenə də asta sürətlə sola doğru dönmə əməliyyatı aparmaq üçün manevr etmişdir. Bu zaman avtomobilin qabaq sol tərəfindən zərbə səsi eşitmişdir. Türkanə dərhal avtomobilin hərəkətini dayandırmışdır. Həmin an o və Türkanə avtomobildən düşmüşdürlər. Həmin an əvvəllər tanımadığı və görmədiyi, təxminən 70-75 yaşlarında olan yaşlı qadının bədəninin sol tərəfi istiqamətində yol örtüyünə yıxılmasını görmüşdür. Ətrafda olan bir neçə avtomobilin sürücüsü hərəkətlərini dayandırıb onlara yaxınlaşmışdırlar. Onların köməkliyi ilə o və Türkanə həmin yaşlı qadını yerdən qaldırıb avtomobilin arxa oturacağa əyləşdirmişdirlər. Həmin vaxt yaşlı qadının bədən səthində gözlə görünən hər hansı bir xəsarət və ya xəsarət izi yox imiş. Həmçinin o milliyətcə rus olduğundan və rus dilində danışdığından o və Türkanə də rus dilində danışa və danışılanları bir o qədər başa düşə bilmədiklərinə görə yaşlı qadının dediklərini anlaya bilməmişdirlər. Lakin öz növbələrində o və Türkanə bəzi ümumi qəbul edilən və rus dilində bildikləri ümumi istifadə olunan sözlərdən istifadə etməklə qadınla ünsiyyət qurmağa çalışmışdırlar. Yaşlı qadını avtomobilə əyləşdirdikdən sonra ona ilkin tibbi yardım göstərilməsi üçün onu yaxınlıqda yerləşən təcili tibbi yardım stansiyasına aparmaq qərarına gəlmişdirlər. Türkanə yenidən idarə etdiyi avtomobillə «Həzi Aslanov» metrostansiyasının yaxınlığında yerləşən təcili tibbi yardım stansiyasına doğru hərəkət etmişdir. Təcili tibbi yardım stansiyasının qarşısına çatdıqda qadın uca səslə qışqırmışdır. Geriyə çöndükdə o əlində saxladığı eynəyinin çərçivəsinin sol şüşəsini göstərib qırıldığını bildirmişdir. Türkanə də qadının eynəyinin çərçivəsinin qırılmasına görə onun eynəyini göstərməklə eynək istəməsini başa düşmüşdür. Həmin vaxt yaşlı qadının eynəyini təmir etdirmək və ya ona yeni eynək çərçivəsi almaqda onlara köməklik göstərməsi üçün tanışı Cəfər adlı şəxsə zəng vurub təcili işimin olmasına görə «Həzi Aslanov» metrostansiyasının yaxınlığında yerləşən təcili tibbi yardım stansiyasının yanına gəlməsini xahiş etmişdir. Cəfər də tez bir zamanda həmin əraziyə gələcəyini bildirmişdir. Təxminən 7-8 dəqiqədən sonra Cəfər «Həzi Aslanov» metrostansiyasının yaxınlığında yerləşən təcili tibbi yardım stansiyasının qarşısına gəlmişdir. O Cəfərə hadisənin necə və hansı şəraitdə baş verməsi barədə məlumat vermişdir. Cəfər də qadının eynəyinin çərçivəsini təmir etdirmək üçün «Əhmədli» metrostansiyasının yaxınlığında yerləşən optika mağazalarına baxmaqlarını təklif etmişdir. Onlar da Cəfərlə razılaşmışdırlar. Buna görə də təcili tibbi yardım stansiyasına daxil olmadan yaşlı qadına eynək almaq üçün Türkanənin idarə etdiyi avtomobillə yenidən Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «Əhmədli» metrostansiyası istiqamətində hərəkət etmişdirlər. Həmin vaxt yaşlı qadına köməklik göstərmək üçün avtomobilin arxa oturacağına keçib qadının yanında əyləşmişdir. «Əhmədli» metrostansiyasının çıxışına çatdıqda yaşlı qadının əlində olan eynəyi götürüb avtomobildən düşmüşdür. Yaxınlıqda yerləşən bir neçə eynək mağazasına daxil olub yaşlı qadının eynəyini təqdim etməklə məhz həmin eynəkdən olub-olmamasını soruşmuşdur. Həmin mağazalarda olan satıcıların hər biri həmin eynəyin usta tərəfindən təmir olunmalı olmasını, həmin saatlarda da usta olmadığını, eyni modeldən olan eynəyin sifariş olunması üçün ölçülər götürülməli olmasını bildirmişdirlər. Buna görə də gec olmasını anlayıb eynək almadan yenidən avtomobilə əyləşmişdirlər. Avtomobilə qayıtdıqdan sonra yaşlı qadının özünə gəlməsini, artıq sərbəst danışmasını və hərəkət etməsini görmüşdür. Bununla belə o və Türkanə həmin yaşlı qadına lazımi tibbi yardım göstərmək üçün istənilən tibb müəssisəsinə getməyi təklif etmişdirlər. Lakin qadın özü istifadəsində olan sadə funksiyalı mobil telefonu əynində olan gödəkcənin sağ cibindən çıxarıb ona təqdim etmişdir. Həmin an yenə də onun dediklərini başa düşə bilməsələr də mobil telefonun zənglər siyahısında sonuncu olan şəxsin mobil nömrəsinə zəng vurmuşdur. Telefon danışığı zamanı həmin şəxsə Azərbaycan dilində yaşlı qadının Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yolun hərəkət hissəsini piyada olaraq keçərkən anidən avtomobilin qabaq sol tərəfinə dəyib yerə yıxılması barədə məlumat vermişdir. Həmin şəxs isə danışdıqlarımı çox güman başa düşə bilməmiş və ona mobil telefonun ad siyahısında Saşa adı ilə qeyd olunmuş şəxsə zəng vurmağını bildirmişdir. O da həmin şəxslə telefon danışığını sonlandırıb yaşlı qadının mobil telefonunda «Saşa» adı ilə qeyd olunmuş şəxsə zəng vurmuşdur. Telefon danışığı zamanı həmin şəxsə Azərbaycan dilində yaşlı qadının Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yolun hərəkət hissəsini piyada olaraq keçərkən anidən avtomobilin qabaq sol tərəfinə dəyib yerə yıxılmasını demişdir. Telefon zənginə cavab verən Saşa adlı şəxs əvvəlki şəxsə nisbətən Azərbaycan dilində danışılanları sərbəst olaraq başa düşmüşdür. Ona görə də onunla ünsiyyəti rahat alınmışdır. Daha sonra həmin şəxsə yaşlı qadını avtomobillə lazımi yerə gətirə biləcəklərini bildirmişdir. Həmin şəxs də yaşlı qadını Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən «Təbrik» şadlıq sarayının yaxınlığına gətirmələrini xahiş etmişdir. Yenidən Türkanənin idarə etdiyi avtomobillə «Təbrik» şadlıq sarayının qarşısına gəlmək üçün «Ukrayna» dairəsi adlanan ərazi istiqamətində hərəkət etmişdirlər. «Təbrik» şadlıq sarayının qarşısına çatmağa az qalmış yenidən həmin yaşlı qadının istifadəsində olan mobil telefonla Saşa adlı şəxslə telefon əlaqəsi saxlamışdır. Həmin şəxs artıq atası ilə danışıb ona məlumat verdiyini və atasının onları «Təbrik» şadlıq sarayının qarşısında gözlədiklərini bildirmişdir. Türkanənin idarə etdiyi avtomobillə «Təbrik» şadlıq sarayının qarşısına çatmağa az qalmış Türkanə avtomobilin hərəkətini dayandırmışdır. Daha sonra o və Türkanə yaşlı qadını avtomobildən düşürüb onunla birlikdə piyada hərəkət etməyə başlamışdırlar. Yaşlı qadının özünə gəlməsinə görə qohumunun da onun sərbəst hərəkət etməsini görməsi üçün bir qədər piyada hərəkət etmək qərarına gəlmişdirlər. Cəfər isə avtomobilin sükanı arxasına keçib avtomobillə hərəkət edərək onları «Ukrayna» dairəsinə çatmamış yolun hərəkət hissəsinin sağında yerləşən «Kontakt Home» mağazasının qarşısında gözləyəcəyini bildirmişşdir. Birlikdə təxminən 100 metr piyada məsafə qət edib «Təbrik» şadlıq sarayının qarşısına gəlmişdirlər. Şadlıq sarayının qarşısına çatdıqda yaşlı qadın qohumu olan şəxsi tanımış və onlar həmin şəxsə yaxınlaşmışdırlar. Qadını həmin şəxsə təhvil vermişdirlər. Həmin şəxs əvvəllər tanımadığı və görmədiyi, təxminən 50-55 yaşlarında olan şəxs imiş. Türkanə həmin şəxsə yaşlı qadının yolun hərəkət hissəsini piyada olaraq keçərkən idarə etdiyi avtomobilə dəyərək müvazinətini itirib yerə yıxılmasını, daha sonra ona ilkin tibbi yardım göstərilməsi üçün yaxınlıqda yerləşən TTY stansiyasına aparsalar da onun ilkin tibbi yardımdan imtina etməsini, eynəyinin çərçivəsinin qırılmasına görə isə optika mağazasına getsələr də ustanın olmamasına görə qadının eynəyini təmir etdirə bilməmələri barədə məlumat vermişdir. Buna baxmayaraq o və Türkanə yenə də yaşlı qadına tibbi köməklik lazım olduğu təqdirdə onu istənilən tibb müəssisəsinə aparmağı təklif etsələr də həmin şəxs bundan imtina etmişdir. Bundan sonra Türkanə yaşlı qadının səhhəti ilə sonradan maraqlana bilmək üçün adını və istifadəsində olan mobil nömrəni də həmin şəxsə vermişdir. Həmin şəxs isə onlardan əlavə hər hansı bir sorğu-sual etməmişdir. Bundan sonra həmin şəxslə sağollaşıb ayrılmışdırlar. Yaşlı qadın da həmin şəxslə birlikdə sərbəst olaraq hərəkət edib oradan uzaqlaşmışdır. Həmin gün Türkanə hadisənin təsiri altında olduğundan işə çıxmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid5 digər Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 29 oktyabr 2022-ci il tarixdə axşam saat 18:40-da istifadəsində olan mobil telefona Sofya Qaqarinadan zəng gəlməsini görmüşdür. Telefon danışığına cavab verən zaman cavan səsli qadın Azərbaycan dilində danışaraq Sofyanın Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində ünvanını dəqiq demədiyi yerdə piyada olaraq yolun hərəkət hissəsini keçərkən idarə etdiyi avtomobilə dəyərək müvazinətini itirib yerə yıxılmaqla xəsarət almasını, hadisənin təsiri altında olduğuna görə rahat danışa bilməməsini, eləcə də onun da rus dilində danışa bilmədiyinə görə Sofyanın danışdıqlarını başa düşə bilməmələri barədə məlumat vermişdir. O da həmin qadına Sofyanı Xətai rayonu, M.Hadi küçəsində yerləşən «Təbrik» şadlıq sarayının qarşısına gətirmələrini xahiş etmişdir. Çünki atam Şahid3 həmin vaxt «Təbrik» şadlıq sarayında keçirilməli olan ad günü mərasimində imiş. Həmçinin Sofya da həmin ad günü mərasimində iştirak etmək üçün «Təbrik» şadlıq sarayına getməli imiş. Dərhal atasına zəng vurub hadisə barədə atasına məlumat vermişdir. Atası da bundan məlumatlı olmasını bildirib Sofyanın istifadəsində olan mobil nömrəyə zəng vurarkən telefona tanımadığı qadının cavab verməsini və onun Sofyanın avtomobilə dəyməklə müvazinətini itirib yıxılaraq xəsarət almasını deməsini bildirmişdir. Bundan sonra özü də evdən çıxıb «Təbrik» restoranının qarşısına gəlmişdir. Yolda olarkən bir neçə dəfə Sofyanın istifadəsində olan mobil nömrəyə zəng vuraraq onun səhhəti ilə maraqlanmaq istəsə də gah telefonu açan olmamış, gah da qız və Sofyanın danışıqlarından heç nə başa düşə bilməmişdir. Təxminən 10 dəqiqədən sonra «Təbrik» şadlıq sarayının qarşısına çatdıqda artıq Sofyanın atası Aleksandrla birlikdə şadlıq sarayının qarşısında dayanmasını görmüşdür. Sofyanı gördükdə onun sağ gözüstü nahiyəsində göyərti və şişkinlik olmasını görmüşdür. Sofya isə şok vəziyyətində dayanmaqla sakit dayanmış və danışmaqda çətinlik çəkmişdir. Eynəyin çərçivəsinin bir tərəfi qırılmışdır. Atası təxminən 3-4 dəqiqə əvvəl 2 nəfər cavan qızın Sofyanı piyada gətirib ona təhvil verməsini və həmin qızların telefonda olduğu kimi Sofyanın onlardan birinin idarə etdiyi avtomobilə dəyməklə müvazinətini itirib yıxılaraq xəsarət almasını demələrini bildirmişdir. Atası həmçinin həmin qızlardan birinin adını və istifadəsində olan mobil nömrəni də sonradan əlaqə saxlamaq məqsədilə ona təqdim etməsini, lakin onların rus dilində danışa bilmədiklərinə görə özünün istifadəsində olan mobil nömrəni onlara verə bilmədiyini qeyd etmişdir. Bundan sonra Sofyanı dərhal yoldan keçən avtomobillərdən birinə əyləşdirib yaşadıqları evə gətirmişdirlər. Evə daxil olan kimi Sofya özünü narahat hiss etməyə başlamışdır. Buna görə də dərhal 103 xidmətinə zəng vurub evə TTY avtomobili çağırmışdır. Bir neçə dəqiqədən sonra TTY avtomobili yaşadıqları evə gəlib Sofyanı müayinə olunması üçün Sabunçu xəstəxanasına aparmışdır. Sofya Sabunçu xəstəxanasına aparıldıqdan sonra vəziyyətinin ağır olması ilə əlaqədar dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdir. Lakin aparılan müalicə tədbirlərinə baxmayaraq Sofya 02 noyabr 2022-ci il tarixdə səhər saatlarında Sabunçu xəstəxanasının reanimasiya şöbəsində 29 oktyabr 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərdən dünyasını dəyişmişdir. X10 29 oktyabr 2022-ci il tarixdə axşam saatlarında Sabunçu xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildiyindən o və atasının bütün diqqəti onun müalicəsinə yönəldiyindən və Təqsirləndirilən şəxs hadisənin baş verməsində bir o qədər günahının olmadığını düşünüb onunla 02 noyabr 2022-ci il tarixədək telefon əlaqəsi saxlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 digər Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında görüntü vasitəsi ilə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 göstərdi ki, 29 oktyabr 2022-ci il tarixdə gecə saatlarında Bakı şəhərində yaşayan qohumu Şahid3 onunla telefon əlaqəsi saxlayaraq nənəsi X4 həmin günü saat 18 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yolun hərəkət hissəsini piyada olaraq keçərkən markasını və dövlət qeydiyyat nişanını xatırlamıdığı avtomobil tərəfindən vurulması nəticəsində xəsarət alması və hal-hazırda onun müalicəsi ilə bağlı xəstəxanada olduqları barədə məlumat vermişdir. O da nənəsinin səhhəti ilə maraqlandıqda Aleksandr nənəsinin xəstəxananın reanimasiya şöbəsində stasionar müalicədə olmasını bildirmişdir. Bakı şəhərinə gələ bilmədiyinə görə mütəmadi Aleksandrla telefon əlaqəsi saxlayıb nənəsinin səhhəti ilə maraqlanmışdır. 02 noyabr 2022-ci il tarixdə günorta saatlarında Aleksandr onunla telefon əlaqəsi saxlayıb nənəsi X4 29 oktyabr 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərdən xəstəxanada dünyasını dəyişməsi barədə məlumat vermişdir. Həmin vaxt Aleksandrın deməsindən nənəsi X5 vuran avtomobilin sürücüsünün qadın olmasını və hadisə zamanı avtomobilin içərisində sərnişin olaraq 1 nəfər qadının olmasını öyrənmələrini bildirmişdir. Daha sonra Aleksandr hadisə ilə bağlı polis orqanına məlumat verilməsini və bununla bağlı araşdırma aparıldığını qeyd etmişdir. Nənəsi X4 ölümündən əvvəl hər hansı bir uzun müddət davam edən xroniki və digər xəstəliyi olmamışdır. Hadisəni törədən iş üzrə Təqsirləndirilən şəxs ilə hazırda barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayəti yoxdur. Bu səbəbdən, təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün qismən etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İş materiallarında olan 02 noyabr 2022-ci il tarixli Cinayət işinin başlanması barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. İş materiallarında olan 02 noyabr 2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 09:38 radələrində 3 saylı Sabunçu şəhər xəstəxanasından Xətai RPİ-nin 34cü PŞ-nin növbətçi hissəsinə zəng edərək, ünvan 4 ünvanında yaşayan xx.xx.1946-cı il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə kəllə beyin travması ilə xəstəxanaya daxil olmuş və xx.xx.2022-ci il tarixdən reanimasiya şöbəsində vəfat etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı «Chevrolet Cruze» markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün BB 110057 seriyalı “B” kateroriyalı sürücülük vəsiqəsi və «Chevrolet Cruze» markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması üçün 27 avqust 2021-ci il tarixdə 1 il 3 ay müddətinə verilmiş “nəqliyyat vasitəsini idarə etmək” üçün etibarnaməsi mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin 10 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə BB 110057 seriyalı “B” kateroriyalı sürücülük vəsiqəsi verilmiş və həmin şəxsin sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. İş materiallarında olan Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi ünvan 2 ünvanda yerləşən «İst Petrol» yanacaq-doldurma məntəqəsinin qarşısında keçən yolun hərəkət hissəsində baş vermişdir. Hadisə yerinə baxış zamanı sxem və fotocədvəl tərtib olunaraq protokola əlavə olunmuşdur. İş materiallarında olan TŞ 5-004(2), TŞ 5-017(2,3), TŞ 5-090(2), TŞ 5-010(2) və TŞ 5- 031 nömrəli müşahidə kameralarının 29 oktyabr 2022-ci il tarixdə saat 18:13-dən 19:00dək müddət ərzində qeydə aldığı videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi ünvan 2 ünvanda yerləşən «İst Petrol» yanacaq-doldurma məntəqəsinin qarşısı qeyd edilən müşahidə kameralarının təsir zonasına daxil deyil. Videogörüntülərə baxış zamanı «Chevrolet Cruze» markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin 29 oktyabr 2022-ci il tarixdə saat 18:13-dən etibarən saat 19:00-dək olan müddət ərzində müxtəlif dəqiqələrdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ilə «Həzi Aslanov» metrostansiyasından «Əhmədli» metrostansiyası və əks istiqamətdə hərəkət etməsi, «Əhmədli» metrostansiyası yaxınlığında 20 dəqiqə, M.Hadi küçəsində köməkçi yolun hərəkət hissəsinin kənarında yerləşən «Gəncə təndiri» adlı iaşə obyektinin qarşısında 2 dəqiqə müddətində dayanması görünür. «Chevrolet Cruze» markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobil «Əhmədli» metrostansiyası yaxınlığında dayanarkən TŞ 5-010 nömrəli müşahidə kamerası vasitəsilə 1 nəfər qadın və 1 nəfər kişi cinsindən olan şəxsin parklanma vəziyyətdə olan avtomobildən düşməsi və təxminən 20 dəqiqədən sonra yenidən avtomobilə qayıtması, bundan sonra avtomobilin isə «Kənd Əhmədli» adlanan ərazi istiqamətində hərəkət etməsi müşahidə edilir. TŞ 5-031 nömrəli müşahidə kamerası vasitəsilə saat 18:48-də «Chevrolet Cruze» markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin «Kənd Əhmədli» adlanan ərazidə yerləşən «Gəncə təndiri» adlı iaşə obyektinin qarşısında dayanması, avtomobildən 3 nəfər qadın cinsindən olan şəxsin düşməsi, 1 nəfər kişi cinsindən olan şəxsin isə avtomobilin sükanı arxasına keçərək avtomobili «Ukrayna» dairəsi adlanan ərazi istiqamətində idarə etməsi müəyyən edilir. Daha sonra avtomobildən düşən 3 nəfər qadın cinsindən olan şəxsin yolun səki hissəsi ilə asta yerişlə hərəkət etmələri görünür. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X10 02 noyabr 2022-ci il tarixdə “travmatik subaraxnoidal qansızma” nəticəsində ölmüşdür. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 05 dekabr 2022-ci il tarixli, 92 saylı ekspert rəyində göstərilmişdir ki, 1) S.İ.Qaqarinanın meyitinin məhkəmə-tibbi ekspertizası zamanı bədənində aşkar edilmiş xəsarətlər - müştərək travma və baş beynin ağır dərəcəli əzilməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, baş beyin toxumalarına, maddəsinə, qişalarına və beyin mədəciklərinə qansızmalar, subaraxnoidal və mədəcik daxili qansızma, kəllə tağı sümüklərinin kəllə əsasına keçən xətti sınığı, başın sağ gicgah və sağ göz orbitası nahiyələrini əhatə edən sahədə şişkinli qançır, sağ göz almasının ağlı qişasında qansızma, hər iki dirsək oynaqları, sol said və sol əl nahiyələrində qançırlar həyati olub bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və xəstəlik tarixində qeyd olunan xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni X15 daxil olmasından az əvvəl, piyada qismində hərəkətdə olan minik avtomobilinin qabarıq hissələrinin qüvvətli təsirindən əmələ gələ bilərdilər, ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olub baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. 2) S.İ.Qaqarinanın ölümünə səbəb - başın küt travması nəticəsində yaranmış kəllə sümüklərinin sınığı, baş beyin toxumasının əzilməsi ilə müşayiət olunan baş beyin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar olmuşdur. Ölüm xx.xx.2022-ci il tarixdə saat 08:30 radələrində X13 baş vermişdir, bu da meyit əlamətlərinin inkişaf dərəcəsi ilə təsdiq olunur. 3) S.İ.Qaqarinanın meyitinin bədənində müəyyən edilmiş xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin öz boyu hündürlüyündən yıxılmasına xarakterik deyildir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2022-ci il tarixli, 3/3144; 6/6482 saylı ekspert rəyindən görünür ki, Təqdim edilmiş «Chevrolet Cruze» markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (qabaq sol qanadda, sol yan güzgüdə) olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı bərk olmayan predmetin, o cümlədən insanla təmasda olması (vurması) nəticəsində yaranması istisna edilmir. Həmin zədə və izin piyadanın hansı trayektoriya üzrə (sağdan sola, soldan sağa və ya avtomobillə eyni istiqamətdə) hərəkətdə olması və ya dayanmış vəziyyətdə olarkən avtomobillə vurulması nəticəsində yaranmasını müəyyən etmək mümkün deyildir. İş materiallarında olan məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 09 yanvar 2023-cü il tarixli 8/3647 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən «Chevrolet Cruze» markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Chevrolet Cruze» markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün sahibinə təhvil verilmişdir. İş materiallarından görünür ki, yol-nəqliyyat hadisəsi ilə bağlı “DVD” formatlı disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarından görünür ki, 17 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 10 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxsin hüquqi varisin təyin edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə hadisə nəticəsində ölmüş X4 hüquq və vəzifələrini həyata keçirmək üçün nəvəsi X9 hüquqi varisi qismində tanınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməlini qismən etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - Təqsirləndirilən şəxs istifadəsində olan «Chevrolet Cruze» markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan - yol-nəqliyyat hadisəsi ilə bağlı 4 ədəd “DVD” formatlı disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 235 (iki yüz otuz beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X7, kod 210005, VÖEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi vöen **********, hesab AZ34CTRE********************) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - Təqsirləndirilən şəxs istifadəsində olan «Chevrolet Cruze» markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınan - yol-nəqliyyat hadisəsi ilə bağlı 4 ədəd “DVD” formatlı disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 235 (iki yüz otuz beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X7, kod 210005, VÖEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi vöen **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar