Məhkəmə qərarları › İş №1(011)-181/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-181/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-181/2025 01.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri «Alyans» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 26 avqust 2002-ci ildə Yardımlı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, məhkumluğu ödənilməmiş, Yardımlı şəhəri, H.Əliyev küçəsi, ev 134-də qeydiyyatda olan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində «həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 04 oktyabr 2024-cü il tarixdə saat 04 radələrində Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən «Heydər Əliyev adına parkda oturacaqda yatmış olan Zərərçəkmiş şəxs yanında saxladığı içərisində şəxsiyyət vəsiqəsi, özünə məxsus "xxxx" ASC-yə aid 5103 0715 0506 2741 nömrəli plastik təqaüd kartı, "xxxx" ASC-yə aid 4169 7388 3682 3850 nömrəli «Birbank” cashback kartı, 1 ədəd 12 manat dəyərində pul kisəsi, ümumi dəyəri 15 manat olan kosmetik əşyalar, üzərində «Azercell» mobil operatoruna məxsus 1 manat danışıq balansı olan 4 manat dəyərində ***-***-**-** və "xxxx" mobil operatoruna məxsus 4 manat dəyərində ***-***- **-** saylı mobil nömrələr olan 150 manat dəyərində 128 yaddaş tutumlu 1 ədəd “X5 8” markalı mobil telefon, hər birinin dəyəri 2 manat olan cəmi 10 manat dəyərində 5 ədəd ev açarı və 35 manat nağd pul vəsaiti olan 25 manat dəyərində 1 ədəd qara rəngli bel çantasını ələ keçirərək Zərərçəkmiş şəxs məxsus 256 manat dəyərində əmlakı gizli olaraq taladıqdan sonra həmin bel çantasının içərisində olan elektron məlumat daşıyıcısı hesab edilən 4169 7388 3682 3850 nömrəli bank kartından istifadə etməklə vahid qəsdlə əhatə olunan niyyətlə davamlı olaraq həmin gün saat 04:17:28-dən saat 04:19:57-dək olan müddətdə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən «Tam Store>> marketində 4 manat 50 qəpik, 22 manat 50 qəpik, 22 manat 55 qəpik, 22 manat 50 qəpik, saat 04:27:57-dən saat 04:32:44-dək olan müddətdə Nizami rayonu ərazisində yerləşən «Sizin market»-də 42 manat 30 qəpik, 21 manat 21 manat, saat 04:39:33 və saat 04:42:36-da ünvan 1 ünvanındakı adsız marketdə 45 manat və 49 manat 20 qəpik, saat 04:51:04-dən saat 04:55:56-dək olan müddətdə Xətai rayonu, Babək prospekti 90 ünvanındakı “Rahat Market”-də 91 manat 58 qəpik, 96 ma manat 60 qəpik, 29 manat 40 qəpik olmaqla ümumilikdə 468 manat 13 qəpik dəyərində tütün məmulatları və ərzaq məhsulları alıb Zərərçəkmiş şəxs kartının balansındakı pul vəsaiti hesabına nağdsız formada ödənişlər həyata keçirərək ümumilikdə 724 manat 13 qəpik dəyərində əmlakı gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 724 manat 13 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs etirafedici və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin protokolları, cinayət işinə əlavə edilmiş sənədlər, rəsmi sənədlər və digər mötəbər və təkzibedilməz sübutların məcmusunda öz əksini tapan özünün etirafları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın tam olaraq ödənilməsini, onunla barışdığını bildirərək barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini tam olaraq təsdiq edir. Ona vurulmuş zərər tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslə hal-hazırda barışmış, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid istintaqa vermiş olduğu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun nişanlısıdır. 04 oktyabr 2024-cü il tarixdə təxminən saat 03:30 radələrində Arzu ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən «Heydər Əliyev adına parka gəlmişlər. Səhər saat 05:30-06 radələrində ortaq tanışları ilə birlikdə gəzinti məqsədilə Quba rayonuna getmək barədə planları olduğundan təxminən 1-2 saat müddətində parkda əyləşib gözləməklə vaxtlarını keçirmək qərarına gəlmişlər. Tanışı olan şəxs səhər erkən saatlarda onları parkın qarşısından avtomobillə götürməli imiş. Parka daxil olduqdan sonra parkın içərisində bir qədər gəzişmişlər. Daha sonra parkın mərkəzində yerləşən boş skamyaların birində yanbayan əyləşmişlər. Skamyada bir qədər əyləşdikdən sonra özləri də hiss etmədən və fərqinə varmadan yuxuya getmişlər. Təxminən 15-20 dəqiqədən sonra özü sərbəst olaraq yuxudan oyanmışdır. Arzunun da yuxuya getdiyini görüb onu oyatmışdır. Arzu oyandıqdan sonra skamyada sağ tərəfinə qoyduğu qara rəngli bel çantasının yerində olmadığını bildirmişdir. Arzu bel çantasını götürüb-götürməməyi ilə bağlı ondan soruşduqda bel çantasını götürmədiyini və sonuncu dəfə çantanı onun öz yanına qoyduğunu gördüyünü demişdir. Arzu ilə bərabər skamyanın üzərini və ətrafını axtarsalar da çantanı tapa bilmədiklərinə görə yuxuya getdikləri vaxt çantanın naməlum şəxs tərəfindən oğurlandığını anlamışlar. Buna görə də o özünə məxsus mobil telefonla DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə zəng vuraraq Arzuya məxsus bel çantasının oğurlanması barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları parkda olduqları yerə gəlmişlər. O və Arzu baş vermiş hadisə barədə polis əməkdaşlarına məlumat vermişlər. Polis əməkdaşları da hadisə ilə bağlı müvafiq sənədləşdirmə aparmışlar. Arzuya məxsus oğurlanmış qara rəngli bel çantasının içərisində onun özünə məxsus şəxsiyyət vəsiqəsi, magistr təhsili aldığı Azərbaycan Texniki Universiteti tərəfindən verilmiş tələbə bileti, ona məxsus "xxxx"a aid 2 ədəd bank kartı, qəhvəyi rəngli pul kisəsi, kosmetik əşyalar, “Redmi Note 8” markalı mobil telefon, mobil telefona məxsus enerji toplayıcı cihaz, 35 manat məbləğində nağd pul və 1 ədəd şəffaf rəngli sellofan torbaya yığılmış Sovet dövrünə aid çoxsaylı dəmir qəpiklər olmuşdur. 04 oktyabr 2024-cü il tarixdə səhər saat 09 radələrində Arzu ilə birlikdə «Kapital Bankın Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən «Neftçilər» metrostansiyasının yaxınlığındakı ofisinə yaxınlaşıb çantanın içərisində olan ona məxsus "xxxx"a aid hər iki bank kartının balansını deaktivasiya etmək istədikdə kartlardan birinin balansından 04 oktyabr 2024-cü il tarixdə gecə saatlarında saat 04:17-dən başlayaraq saat 04:55-dək olan müddət ərzində 480 manat məbləğində pul vəsaitinin çıxarılması barədə onlara məlumat verilmişdir. Həmin vaxt Arzunun bel çantasını oğurlamış şəxsin çantanın İçərisində olan "xxxx"a aid həmin bank kartını ələ keçirərək sonradan həmin kartla onlayn əməliyyatlar aparmaqla kartın balansında olan 480 manat məbləğində pulu xərcləməsini anlamışlar. Bankda olarkən Arzunun istəyi ilə hər iki kartın balansını deaktivasiya etmişlər. Bundan sonra həmin günü Arzu ilə birlikdə Nizami RPİ-nin 24-cü PŞ-yə yaxınlaşaraq hadisə ilə bağlı ərizə ilə müraciət etmişlər. Arzuya məxsus bel çantasının içərisində olan Sovet dövrünə aid çoxsaylı dəmir qəpikləri bir neçə gün sonra Bakı şəhərində numizmatika ilə bağlı keçiriləcək sərgidə nümayiş etdirmək üçün özü ilə birlikdə götürmüşdür. Həvəskar olaraq Sovet dövrünə aid dəmir qəpiklərin yığılması ilə məşğul olduğundan həmin dövrə aid çoxsaylı dəmir qəpikləri toplayıb onların müxtəlif sərgilərdə nümayişini təşkil edir. Lakin həmin qəpiklərin bu gün üçün hər hansı bir maddi dəyərinin olmadığını qeyd etmişdir. Həmin qəpiklərdən başqa Arzuya məxsus bel çantasının içərisində ona məxsus digər hər hansı bir əmlak olmamışdır. Buna görə də baş vermiş oğurluq hadisəsi nəticəsində ona hər hansı bir məbləğdə maddi ziyan dəyməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 27 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); Zərərçəkmiş şəxs tərəfindən 24-cü PŞ-yə ünvanlanmış ərizədən görünür ki, xx.xx.2024-cü il tarixində, saat 04 radələrində Nizami rayonu, C.Naxçıvanski küçəsində H.Əliyev parkında olarkən ona qarşı oğurluq olunmuş və müvafiq maddi ziyan dəymişdir. Qanuni tədbir görülməsini xahiş etmişdir.(i.v 4) xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus bel çantasının içərisində olan bank kartından istifadə edən Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən «Rahat Market»də ödəniş etmişdir.(i.v 7-8) Sənədin təqdim edilməsi, baxış keçirilməsi və götürülməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus "xxxx" ASC-yə aid 4169 7388 3682 3850 nömrəli bank kartına aid 04 oktyabr 2024-cü il tarixdə saat 04:17-dən saat 04:55-dək olan müddət ərzində aparılmış onlayn əməliyyatların əks olunduğu 2 vərəqədən ibarət hesab çıxarışlarını istintaqa təqdim etmiş, təqdim olunan sənədlərə baxış keçirilərkən həmin bank kartı vasitəsilə saat 04:17:28-dən saat 04:19:57-dək olan müddətdə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən “Tam Store” marketində 4 manat 50 qəpik, 22 manat 50 qəpik, 22 manat 55 qəpik, 22 manat 50 qəpik, saat 04:27:57-dən saat 04:32:44-dək olan müddətdə Nizami rayonu ərazisində yerləşən «Sizin market»-də 42 manat 30 qəpik, 21 manat, 21 manat, saat 04:39:33 və saat 04:42:36-da ünvan 1 ünvanındakı adsız marketdən45 manat və 49 manat 20 qəpik, saat 04:51:04-dən saat 04:55:56-dək olan müddətdə Xətai rayonu, Babək prospekti 90 ünvanındakı “Rahat Market”-də 91 manat 58 qəpik, 96 manat 60 qəpik, 29 manat 40 qəpik olmaqla onlayn qaydada əməliyyatların aparılması müəyyən edilmişdir.xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda ifadəsində bildirdiklərini bir daha təsdiq etmişdir.(i.v 9- 10) Videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı bank kartı vasitəsilə "Rahat Market"də alış-veriş etmişdir.(i.v 20) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 23 aprel 2024-cü il tarixdə məhkəməyə göndərilmiş, Nizami rayon məhkəməsinin 11 fevral 2025-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılmış cəzası təyin edilmişdir.(i.v 33-34) 03 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v 35) "xxxx" MMC-dən daxil olmuş sorğuya cavabdan görünür ki, **********67850 İMEİ kodlu mobil telefon aparatı 2024-cü ilin dekabr ayından etibarən X1 adına qeydiyyata alınmış ***-***-**-** saylı mobil nömrə altında istifadə olunmuşdur. "Bakcell” MMC-dən daxil olmuş sorğuya cavabdan görünür ki, **********6784 İMEİ kodlu mobil telefon aparatı 04 oktyabr 2024-cü il tarixdən etibarən X2 adına qeydiyyata alınmış ***-***-**-** saylı mobil nömrə altında istifadə olunmuşdur.(i.v 71-84) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir(i.v 85-91)( həmin hökümdən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşayır) Axtarışda olan şəxsin tutulması haqqında 17 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2025-ci il tarixdə, saat 20:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur.(i.v.96); 19 fevral 2025-ci il tarixli videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən "Rahat Market"ə daxil olaraq kassa aparatında müxtəlif çoxsaylı siqaret qutuları alan və əlində olan plastik kart vasitəsilə postterminal apartında onlayn qaydada əməliyyatlar etmiş, əynində qara rəngli papaqlı gödəkçə və açıq rəngli qolsuz jilet olan şəxsin özü olmasını təsdiq etmişdir.(i.v 114) təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 19 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona müvafiq maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 119-120); Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-85/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 fevral 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. (i.v 138-140) 25 fevral 2025-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, hadisənin baş verdiyi yerin görüntülərini əks etdirən 01 ədəd DVD maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir(i.v 146-147) sübutların qiymətləndirilməsi haqqında 03 mart 2025-ci il tarixli qərardan görünür ki, 1. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus oğurlanmış bel çantasının içərisində olan ümumilikdə 256 manat dəyərində əmlak nəzərə alınmaqla Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə yenidən ittiham elan edilsin və sonuncu qeyd olunan maddə ilə məhkəmə məsuliyyətinə verilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.5, 180 və 326.2-ci maddələrinin tərkib əlamətləri olmadığından, Təqsirləndirilən şəxs barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs barəsində Nizami rayon məhkəməsinin 11 fevral 2025-ci il tarixli ittiham hökmü istintaq olunan cinayət əməlini törətdiyi 04 oktyabr 2024-cü il tarixdən sonra çıxarıldığından o törətmiş olduğu cinayət əməlinə münasibətdə əvvəllər məhkum olunmamış şəxs hesab edilsin və hazırki cinayət əməlini barəsində çıxarılmış hökmdən əvvəl törətdiyindən onun əməlləri cinayətlərin residivi olaraq qəbul edilməməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, bəzi istintaq sənədlərində Təqsirləndirilən şəxs soyadı fərqli şəkildə səhvən "Mehbaliyev" kimi göstərildiyindən bütün istintaq sənədlərində onun soyadı "Mehbaliyev" kimi oxunaraq qəbul edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ifşa edən özünün, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, hadisə yerinə baxış keçirilməsi, sənədin təqdim edilməsi, baxış keçirilməsi və götürülməsi, videogörüntülərə baxış keçirilməsi haqqında protokollar, maddi sübut kimi tanımaq haqqında qərar, mobil operatorlardan sorğulara alınmış cavablar və Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi istiqamətində toplanmış digər materiallar ********* nömrəli cinayət işi üzrə sübut növü kimi qəbul edilməsi qərara alınmışdır. (i.v. 154-164); Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il hökmü ilə 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, bugünədək qeydiyyata düşməmiş və cəzasının heç bir hissəsini çəkməmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması;. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır 177.2.3-1-ci maddələrinə əsasən elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışmasını (CM59.1.12), zərərçəkmiş şəxsə vurulmuş zərərin tam olaraq ödənilməsini (CM59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğu nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu müddət ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut- 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 4 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Alyans” Vəkil bürosunun vəkili Müdafiəçi oğluna 20 (iyirmi) saat üçün nəzərdə tutulan 220 (iki yüz iyirmi) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il (iki) 06(altı) ay müddətə azadlığın məhudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş çəkilməmiş 01(bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki höküm ilə təyin edilmiş 02(iki) il 06(altı) ay müddətinə azadlığın məhdudlşadırılması cəzası ilə qismən toplansın və Təqsirləndirilən şəxs 03(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 02(iki) ay 14(on dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın bir günə iki gün hesabı ilə hesablanmaqla 04(dörd) ay 28(iyirmi səkkiz) gün ona təyin edilmiş 03(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02(iki) il 07(yeddi) ay 02(iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Bakı şəhəri “Alyans” Vəkil bürosunun vəkili Müdafiəçi oğluna 20 (iyirmi) saat üçün nəzərdə tutulan 220 (iki yüz iyirmi)manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar