Məhkəmə qərarları › İş №1(011)-182/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-182/2020

07.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-182/2020 07.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 mənzil 24/26 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində ********* saylı cinayət işi üzrə xx.xx.2020-ci il tarixli qərarla “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd göy rəngli sellofan torbada tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib özündə saxlamaqla daşımış, xx xxxx 2020-ci il tarixdə saat 11 radələrində Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, 3-cü qəsəbə küçəsi, 3 saylı ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 6/4 ünvanda yerləşən Xətai RPİ-nin 34-cü polis şöbəsinə gətirilmiş, polis şöbəsində üzərinə şəxsi axtarış keçirilən zaman əlində saxladığı üzərində “original LEVİS” sözləri yazılmış bir ədəd göy-qırmızı rəngli sellofan torbaya qoyulmuş göy rəngli sellofan torbanın içərisində olan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 425 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, səhər saat 10 radələrində şəxsi işləri ilə əlaqədar olaraq Nəsimi rayonu, «20 yanvar» metrostansiyasının yaxınlığında olmuşdur. Həmin vaxt əlində bir ədəd sellofan torba olan tanımadığı bir şəxs ona yaxınlaşıb ucuz qiymətə, yəni 200 manata marixuana satdığını bildirmişdir. Həmin vaxt cibində 200 manatdan çox pul olmuşdur. Həmin şəxsin təklifi çox sərfəli olduğundan həmin marixuananı öz istifadəsi üçün almaq qərarına gəlmişdir. Sonra həmin şəxslə yaxınlıqda olan bir binanın həyətinə gəlmiş və orada bir giriş blokuna daxil olmuşlar. Blokda həmin şəxs əlində tutduğu göyqırmızı rəngli sellofan torbadan göy rəngli bir sellofan torbanı çıxardıb onu açmışdır. Həmin sellofan torbanın içində marixuana olmuşdur. Marixuanadan bir az götürüb iyləmişdir. Xoşuna gəldiyi üçün elə blokda həmin şəxsə 200 manat vermişdir. Marixuananı götürüb evə yola düşmüşdür. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Xətai rayonu, 3cü qəsəbə küçəsi ilə piyada hərəkət edən zaman həmin küçədə 3 saylı ünvanın qarşısında iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və şəxsiyyəti ilə maraqlanmışlar. Özünü polis əməkdaşlarına təqdim edəndən sonra, polis əməkdaşları onu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib Xətai rayonu ərazisində narkotik vasitələrindən istifadə etməkdə və narkotik vasitələri qanunsuz daşımaqda şübhəli olduğunu bildirmişlər. Sonra polis əməkdaşları onu saxlayıb 34-cü PŞ-ə gətirmişlər. İçərisində marixuana olan sellofan torba həmin vaxt əlində olmuşdur. Polis şöbəsində hüquq və vəzifələrini izah etdikdən sonra ona dövlət hesabına vəkil təqdim edilmiş və üzərinə şəxsi axtarışın keçiriləciyi bildirilmişdir. Şəxsi axtarışdan öncə isə ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar və maddələr olduğu halda onları könüllü olaraq təqdim etmək təklif olunmuşdur. Çıxılmaz vəziyyətdə olduğunu görüb əlində saxladığı göy-qırmızı rəngli sellofan torbadan içərisində marixuana olan göy rəngli sellofan torbanı çıxardıb masanın üzərinə qoymuşdur. Üzərinə şəxsi axtarış aparılarkən videoçəkilişdən istifadə edilmişdir. Aşkar edilmiş marixuana bir ədəd zərfdə qablaşdırılmışdır. Özü və digər iştirakçılar zərfdə imza etmişdir. Daha sonra əməlindən peşman olduğunu, səmimi etirafını, ilk məhkumluğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Elvin adlı şəxsin narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıması barədə məlumat daxil olmuşdur. Elvin adlı şəxsin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış və bu məqsədlə əməliyyat qrupu yaradılmışdır. xx xxxx 2020-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Xətai rayonu, 3-cü qəsəbə küçəsi, 3 saylı ünvanın qarşısında zahiri əlamətlərinə görə Elvin adlı şəxsə oxşar şəxsin həmin ünvana yaxınlaşmasını görüb sonuncunu saxlamaqla, xidməti vəsiqələrini həmin şəxsə göstərib özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsi şəxsiyyəti ilə bağlı sorğu etdikdə, həmin şəxs özünü xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsə narkotik vasitələrin qəbulu və qanunsuz daşıması ilə məşğul olması barədə məlumatın daxil olduğunu bildirib, qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarla tanış edərək 34-cü PŞ-ə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmişdir. Təqsirləndirilən şəxs əlində üzərində “original Levis” sözləri yazılmış bir ədəd göy-qırmızı rəngli sellofan torba olmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılmasından ötrü polis şöbəsində raport yazılandan sonra şəxsi axtarışın aparılması şöbənin təhqiqatçısı polis leytenantı Elçin Qəhrəmanlıya həvalə olunmuşdur. 34-cü PŞ-nin təhqiqatçısı polis leytenantı Elçin Qəhrəmanlı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına vəkil dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonra xidməti otaqda videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılması başlanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılmasında sonuncunun vəkili, özü və iş yoldaşı Şahid1 iştirak etmişlər. Şəxsi axtarış və götürmənin aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən üzərində qanunla qadağan olunmuş əşyalar və maddələr olduğu halda onları könüllü olaraq təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əlində tutduğu üzərində “original Levis” sözləri yazılmış bir ədəd göy-qırmızı rəngli sellofan torbanın içərisindən bir ədəd göy rəngli sellofan torbanı çıxardıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin göy rəngli sellofan torbanın içərisində narkotik vasitə hesab edilən “nəşə”nin olduğunu və həmin “nəşə”ni tanımadığı şəxsdən öz istifadəsi üçün 200 manata aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş başqa maddə və ya əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində ot kütləsi olan bir ədəd göy rəngli sellofan torba təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Digər iştirakçılarla birlikdə həmin zərfdə imza etmişdir. Məhkəmə iclasında şahid Xətai RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 istintaqda verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. O, Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə video çəkiliş aparmaqla şəxsi axtarış keçirilərkən əlində olan “original Levis” sözləri yazılmış bir ədəd göy–qırmızı rəngli selofan torbanın içərisindən narkotik vasitə hesab edilən nəşənin olduğunu və həmin maddənin tanımadığı şəxsdən öz istifadəsi üçün 200 manata aldığını göstərmişdir. Axtarış video kamera vasitəsi ilə bir ədəd DVD diskə çəkilmiş və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 7/26 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan torbada maddə” yazılar və imzalar olan kağız paketdə 1 (bir) ədəd göy rəngli sellofan torbada təmiz çəkisi - 425,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata istifadə edilmişdir - 0.02 qram, qalıq qalmışdır - 424.98 qram. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlama komissiyasının xx xxxx 2020-ci il tarixli 700 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 424.98 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək Bakı şəhər Xətai RPİ-nin Növbətçi hissəsinə saxlanca verilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 11:00-dan şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli Bakı şəhər Xətai Rayon Məhkəməsinin qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və X1 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı əldə edib özündə saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən yüngülləşdirici hal kimi əməlindən peşman olmasını, ilk məhkumluğunu müəyyən etdi. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, bu cinayət işi üzrə Təqsirləndirilən şəxs faktiki şübhəli şəxs kimi iki gün həbsdə saxlanılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli,Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından həbsdə oldu iki gün çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1.ci maddəsinin ruhundan görünür ki, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən suiistifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Növbətçi hissənin saxlancınatəhvilverilmişekspertiza tədqiqatından sonra qalıq qalmış 424.98 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman çəkilişi əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri – 66.46 (altmış altı manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından 02 (iki) gün çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Növbətçi hissənin saxlancında təhvilverilmişekspertiza tədqiqatından sonra qalıq qalmış 424.98 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası dəyəri 66.46 (altmış altı manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman çəkilişi əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar