Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-182/2024 07.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X11, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X12 müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilmələri haqqında X10 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X17 xx.xx.1996-cı il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan X5, xx.xx.1998-ci il təvəllüdlü Zərdab rayonu, Məmmədqasımlı kəndində qeydiyyatda olan X3 və xx.xx.1998-ci il təvəllüdlü Biləsuvar rayonu, Bağbanlar kəndində qeydiyyatda olan X12 barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət təqibinə başlanılmasına, həmin şəxslərin qeyd edilən maddə ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə və ittiham hökmü çıxarılmaqla ən yuxarı həddə cəza verilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X13 və X19 birlikdə X8 məxsus n_va.kama instaqram profilindən onun barəsində “deməli belə uşaqlar bu ***** mənim sevgilimi hamiləliynən şantaj eliyən *****di, Allah adamı belələrindən qorusun oturur durur kiminləsə sonra da deyir hamiləyəm, ay ağız illərin valiki bir oğlan çıxmadı səni saxlasın, maşın, ev alsın, çünki sən o, deyilsən, sen ancaq mənim kimilərin oğlanını yiyələnə bilərsən, amma sən ancaq balaca kamanı yiyərsən, doğ, doğmayanın anasını *****, *****nin doğduğu, ana söyüşü sevmirəm, amma sən tələb eliyirsən” məzmunlu və s. bu kimi şərəf və ləyaqətini alçaldan ifadələr paylaşmışlar. Həmin paylaşımlara görə, tanıdığı insanlar tərəfindən ona çoxlu zənglər gəlmişdir. Nə qədər xahiş etsə də həmin paylaşımları silməkdən imtina etmişlər. X1 rəfiqəsi X7 da özünə məxsus mirzaliyeva555 instaqram profilindən onun barəsində şərəf və ləyaqətini alçaldan eyni məzmunlu ifadələr paylaşmışdır. O, artıq özünü öldürmək həddinə çatmışdır. Həmin paylaşımlara görə mənəvi sarsıntı keçirir. Dayanmadan onu təhqir edirlər. Həmin paylaşımları şikayət ərizəsinə əlavə edir. Həmin paylaşımların X13, X19 və X7 tərəfindən edilməsini, həmin paylaşımlara görə ona zəng edən tanışlarının hər biri şahid kimi təsdiq edə bilər. Göründüyü kimi, X13, X19 və X7 onun barəsində təhqiramiz xarakterli, şərəf və lavaqətinə toxunan, ictimaiyyət də nüfuzunu aşağı salan və ləkələyən qərəzli məlumatlar paylaşmışlar. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 müdafiəçisi X18 şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X12 müdafiəçisi X4 şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 müdafiəçisi X14 şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsini, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin müdafiəçilərini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1-ci maddəsinə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanın məbləği əks olunmalıdır. 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir; 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələri xahiş edilsə də, həmçinin X10 ünvanına yönəlmiş təhqiramiz ifadələrin həmin şəxslər tərəfindən yayılması faktının şikayətçinin tanışları tərəfindən təsdiq oluna biləcəyi qeyd edilsə də, şikayətdə cinayətin törədilmə hallarının konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməklə) təsdiq olunması barədə məlumatlar tam olaraq göstərilməmişdir. Bundan başqa, X17 şikayət ərizəsində X13 və X19 tərəfindən “n_va.kama” instaqram profilindən, habelə X7 tərəfindən “mirzaliyeva555” instaqram profilindən onun barəsində şərəf və ləyaqətini alçaldan ifadələr yazılı paylaşımlar edildiyini qeyd etsə də, həmin paylaşımların məhz hansı tarixdə yayılması şikayət ərizəsində öz əksini tapmamışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a yarımbəndinə əsasən, «cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın «xarakteri və əsasları» haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir». Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, «nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)» təqsirləndirilən şəxsin hüququdur. Həmçinin, şikayətçi X17 tərəfindən Azərbaycan Respublikası CPM-nin 293.3-cü maddəsində xüsusi ittiham qaydasında verilmiş şikayətin forma və məzmununa dair qeyd olunmuş tələblərə riayət olunmadan məhkəməyə müraciət olunmuşdur. Belə ki, şikayət ərizəsində xüsusi ittihamçının məşğuliyyət növü, vəzifəsi və şikayətin verildiyi yer qeyd edilməli olduğu halda göstərilməmişdir. Bununla da, xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1, 293.3.2, 293.3.4 və 293.3.6-cı maddəsinin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilmələri haqqında X17 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-182/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-182/2024
07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver