Məhkəmə qərarları › İş №1(011)-183/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-183/2021

21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-183/2021 21.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1982-ci ildə Yevlax rayonunun, Yenicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində iki az yaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 X3 Şöbəsinin rəisi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» xx xxxxxx 2020-ci il tarixli, “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2020-ci il tarixli 161 nömrəli Qərarların tələblərini pozaraq, yəni yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs xəstəliyi yüngül formada keçirdiyi hallarda və onun xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, o, həkim rəyinə əsasən mənzili (evi) tərk etməməklə, yaşadığı və ya olduğu yerdə təcrid olunmalı olduğu halda, bu qaydalara riayət etməyərək, xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində karantin rejimini pozmaqla yaşadığı mənzili tərk edib vətəndaşların intensiv hərəkət etdiyi küçə və prospektlərdə hərəkət etməklə Xətai rayonu, Gəncə prospektində fəaliyyət göstərən iki aptekdə, ünvan 2 ünvanda fəaliyyət göstərən “Ege hospital” xəstəxanasında və Nərimanov rayonu ərazisində fəaliyyət göstərən iki aptekdə olaraq “COVİD-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onda COVİD-19 virusunun əlamətləri ola bilər, iş yoldaşlarını yoluxdurmamaq üçün işdən bir saatlıq icazə alıb analiz vermək üçün Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən «X12» xəstəxanasına getmişdir. Xəstəxanada yaxma götürəndən sonra o, iş yerinə qayıtmışdır. xx xxxxxx 2020-ci il tarixdə axşam saat 21:00 radələrində onun istifadə etdiyi 055 *** ** ** saylı mobil nömrəsinə icbari Tibbi Sığortadan mesaj gəlmişdir ki, verdiyi analiz «pozitiv» çıxıb və COVİD-19 virusu aşkar edilib, mesajda yaşadığı evi tərk etməmək haqqında xəbərdarlıq da qeyd edilmişdir. COVİD-19 virusunun daşıyıcısı olduğunu biləndən sonra evdə təcrid olunaraq ailə üzvləri ilə ünsiyyətini minimuma endirmişdir. COVİD-19 xəstəsi kimi qeydiyyata düşmək üçün növbəti gün bir neçə dəfə 012 *** ** ** saylı şəhər nömrəsindən 103 xidmətinə zəng etmiş, lakin həmin zəng mərkəzinə düşə bilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə Bakı Epidemiologiya Mərkəzindən istifadəsində olan 055 *** ** ** saylı mobil nömrəyə bir nəfər şəxs zəng edərək anket məlumatlarını götürmüş, həmin şəxsdən COVİD-19 xəstəsi kimi necə qeydiyyata düşəcəyini və həkimlərin nə vaxt əlaqə saxlayacaqlarını soruşmuş, həmin şəxs isə konkret bir cavab verməmişdir. Həmin gün hərarəti qalxmış, halsızlıq hiss etmişdir. Evdə olan dərmanlarla hərarətini salmağa çalışmış, lakin müsbət nəticə olmamışdır. Səhhətində ciddi problemlərin yaranacağından ehtiyat edib KT vasitəsilə müayinə olunmaq üçün «Ege hospital» xəstəxanasına getmək qərarına gəlmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində o, istifadə etdiyi 055 *** ** ** saylı mobil nömrədən 8103 SMS icazə sisteminə «1» yazıb göndərmişdir ki, üç saatlıq icazə verilsin və xəstəxanaya gedə bilsin. İcazə SMS-İ mobil nömrəsinə gəldikdən sonra o, həyətə düşmüş və idarə etdiyi avtomobilə əyləşib Həsən Əliyev küçəsində yerləşən «Ege» hospitalına yola düşmüşdür. Gəncə prospekti ilə üzü «Ukrayna» dairəsi istiqamətində hərəkət etmiş, yolüstü Gəncə prospektində fəaliyyət göstərən iki aptekə daxil olub müalicəsi üçün lazım olan dərmanlarla maraqlanmış, lakin dərmanları tapa bilməmişdir. Həmin vaxt görmüşdür ki, çox tərləmiş, paltarlarını dəyişmək üçün yaşadığı ünvana qayıtmışdır. O, evdə paltarlarını dəyişəndən sonra həyətə düşmüş və həmin vaxt yollarda tıxacların olduğunu nəzərə alaraq xəstəxanaya taksi ilə getmək qərarına gəlmişdir. Yol kənarında fərdi qaydada fəaliyyət göstərən taksiyə minib yola düşmüşdür. Taksi ilə birbaşa o, «Ege hospital» xəstəxanasına gəlmişdir. Lakin xəstəxanada KT müayinəsindən keçmək istəyənlərin sayı çox olduğundan o, həmin gün KT müayinəsindən keçə bilməmişdir. Evə qayıtmaq üçün xəstəxananın girişində dayanan taksilərin birinə əyləşib yaşadığı ünvana yola düşmüşdür. Yolüstü o, Nərimanov rayonunun ərazisində fəaliyyət göstərən iki aptekə daxil olmuşdur ki, müalicəsi ilə bağlı lazım olan dərmanları alsın, lakin həmin dərmanları aptekdə tapa bilməmişdir. Həmin gün saat 20:00 radələrində o, yaşadığı evə gəlmişdir. xx xxxxxx 2020ci il tarixdə o, təkrar xəstəxanaya getmək qərarına gəlmiş və çölə çıxmaqdan ötrü SMS icazəsi almaq üçün istifadə etdiyi 055 *** ** ** saylı mobil nömrədən 8103 SMS icazə sisteminə «1» yazıb göndərmiş, lakin 8103 SMS icazə sistemindən mesaj gəlmişdir ki, COVİD-19 virusunun daşıyıcısı olduğu üçün yaşadığı evi tərk edə bilməz, bu səbəbdən evdən çölə çıxmamış və sağalana kimi evdə qalmışdır. xx xxxxxx 2020-ci il tarixdə isə 35ci PB-nin əməkdaşları yaşadığı ünvana gələrək COVİD-19 virusunun daşıyıcısı olaraq xx xxxxxx 2020-ci il tarixdə yaşadığı evi tərk etdiyini bildirmiş və izahat yazmaq üçün bir kağız vermişlər. O, izahatını yazıb polis əməkdaşlarına təqdim etmişdir. Məcburiyyət qarşısında qalıb, eyni zamanda çölə çıxmaq üçün SMS icazəsi verildiyinə görə yaşadığı evi tərk etmişdir. Lazımi tibbi xidmət göstərilsəydi yaşadığı evi tərk etməzdi. xx xxxxxx 2020-ci il tarixdə evdən çölə çıxan zaman taksi sürücüləri, aptekdə işləyən satıcılar və «Ege hospital» xəstəxanasında işləyən tibbi personalla ünsiyyətdə olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə TƏBİB-dən mesaj gəlmişdir ki o, artıq COVİD-19 xəstəsi deyildir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, əməlindən peşman olduğunu, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu, himayəsində iki az yaşlı uşağı olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 35ci Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadə verərək göstərmişdir ki, COVİD-19 virusuna yoluxmuş və karantin rejimini pozaraq qeyd edilən xəstəliyin yayılması üçün real təhlükə yaradan şəxslərin ifşa olunması məqsədi ilə 2020-ci ilin dekabr ayında Xətai RPİ-nin 35-ci PB-nin inzibati ərazisində müvafiq tədbirlər həyata keçirilmişdir. xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında həmkarı Elvin Qənizadə ilə birlikdə ünvan 5 ünvanda xidmət aparan zaman COVİD-19 virusunun daşıyıcısı olan Xətai rayonu, Gəncə prospekti, bina 47, mənzil 23 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs karantin rejimini pozaraq xx xxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində yaşadığı mənzili tərk edərək həyətə düşməsi və qeyd edilən xəstəliyin çoxsaylı vətəndaşlar arasında yayılması üçün real təhlükə yaratması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün 35-ci PBnin rəisi adına raport yazılmışdır. Cinayət xarakterli məlumatın yoxlanılması Xətai RPİ-nin 35- ci PB-nin təhqiqatçısı polis mayoru Uğur Məmmədova həvalə edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçıya verdiyi izahatda xx xxxxxx 2020-ci il tarixdə yaşadığı mənzili iki saatlıq tərk etməsini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Əri Orxan özünü pis hiss etdiyi üçün xx xxxxxx 2020-ci il tarixdə Xətai rayonu, Babək prospektində yerləşən «X12» xəstəxanasına gedərək orada COVİD-19 testi vermişdir. xx xxxxx 2020-ci il tarixdə Orxanın istifadə etdiyi 055 *** ** ** mobil nömrəsinə SMS gəlmişdir ki, verdiyi COVİD-19 testi müsbət çıxıb. Bunu biləndən sonra Orxan evdə təcrid olunmuş və ailəsi ilə ünsiyyəti minimuma endirmişdir. Onu da qeyd etmişdir ki, Orxan əmək haqqını «Kapital Bank» vasitəsilə aldığı üçün bütün bonus kartlarını «Kapital Bank»ın «Bir bank» sisteminə yönləndirmiş və mobil telefonuna «Bir bank» mobil əlavəsini yükləmişdir, yəni bütün alış-verişləri «Bir bank» mobil əlavəsi vasitəsilə edirlər ki, «Bir bank» kredit xəttindən istifadə etməklə etdikləri alış-verişdən bonus qazansınlar. Orxan COVİD-19 virusuna yoluxduqdan sonra həyətə düşə bilməmiş, bu səbəbdən demək olar ki, hər gün evə lazım olan ərzaqları və Orxanın müalicəsi üçün lazım olan dərman vasitələrini almaq üçün sonuncunun mobil telefonunu götürüb market və apteklərə getmiş və bütün alış-verişləri Orxanın mobil telefonuna yüklənmiş «Bir bank» mobil əlavəsi vasitəsilə etmişdir. Daha dəqiq desə mobil telefon oxuyucu-skanerə yaxınlaşdırılır və «Bir bank» kredit xəttindən müvafiq xərclər çıxılır. Orxanın müalicəsi üçün lazım olan dərmanları tapa bilməyəndə taksi və ya avtobusla o, Nərimanov rayonu ərazisində fəaliyyət göstərən bir neçə aptekə gedib-gəlmişdir. Bu təxminən 15 və xx xxxxxx 2020-ci il tarixdə olmuşdur. Digər günlərdə isə Əhmədli qəsəbəsində olmuşdur. Orxan özünü pis hiss etdiyi üçün xx xxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində KT müayinəsindən keçmək üçün «Ege hospitalı»na yola düşmüşdür. Lakin bir qədər sonra Orxan evə qayıdaraq tərlədiyini və paltarını dəyişib taksi ilə «Ege hospitalı»na gedəcəyini demişdir. Həmin gün Orxan «Ege hospitalı»na getsə də böyük növbənin olması səbəbindən KT müayinəsindən keçə bilməmişdir. Növbəti gün, yəni xx xxxxxx 2020-ci il tarixdə Orxanın hərarəti qalxmış və Orxan KT müayinəsindən keçmək istəmişdir. Bu səbəbdən Orxan icazə almaq üçün 8103 icazə sisteminə qısa mesaj göndərmiş, lakin Orxana cavab mesajı gəlmişdir ki, o, COVİD-19 virusunun daşıyıcısı olduğuna görə çölə çıxa bilməz. Orxan xx xxxxxx 2020-ci il tarixə qədər evdə qalmışdır. Yalnız həmin gün Orxan mobil telefonuna yüklənmiş «E-təbib» mobil əlavəsinə daxil olaraq orada sağalması haqda məlumatı oxumuş və bundan sonra Orxan çölə çıxmaq üçün 8103 icazə sisteminə qısa mesaj göndərmişdir. 8103-dən icazə mesajı gələndən sonra Orxan çölə çıxmışdır. Cinayət işinin 9-cu vərəqəsində olan Azərbycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, 125 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 6 nömrəli şəhər poliklinikasında COVİD-19 xəstəliyi ilə xx xxxxxx 2020-ci il tarixdən qeydiyyatdadır. Cinayət işinin 32-34-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X9 xx xxxxxx 2021-ci il tarixli 33/KEŞ nömrəli ekspert rəyindən görünür ki, xx xxxxxx 2020-ci ildə tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Covid-19 virus infeksiyasının inkubasiya dövrü 1-14 gün arası davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. Cinayət işinin 39-50-ci vərəqələrində olan Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə kartına dair məlumatları özündə əks etdirən Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş 01 ədəd diskə baxış zamanı tərtib edilmiş “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə kartının anten dairəsi xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində müxtəlif saatlarda yaşadığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektindən başqa digər ünvanları da əhatə etmişdir. Cinayət işinin 63-67-ci vərəqələrində olan xx xxxxxx 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Azərbaycan Respublikası DİNnin Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş 01 (bir) ədəd disk əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 29-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayə işinin 62-ci vərəqəsində olan Bakı şəhəri Xətai rayon Mənzil-X1 85 saylı Mənzil Mommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs haqqında yaşadığı müddət ərzində qonşular və ərazidə yaşayan sakinlər tərəfindən 85 saylı Mənzil Kommunal-İstismar Sahəsinə heç bir şikayət və narazıçılıq daxil olmamışdır. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Yevlax şəhər İHB-nın Aşağı Bucaq nümayəndəliyi tərəfindən xx xxxxxxxx 2011-ci il tarixində verilmiş AZ-İ seriyalı 679585 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 xx xxxxxxxx 2011-ci ildə nikah bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə “25” nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra soyadları ərin Rəsulov, arvadın Rəsulova qeyd edilmişdir. Cinayət işinin 59-cu vərəqəsində olan Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2012-ci il tarixində verilmiş AZ-İİ seriyalı 933338 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxx 2012-ci il tarixində Bakı şəhərində doğulmuşdur, atası Təqsirləndirilən şəxsdur, anası Şahid1dır. Cinayət işinin 59-cu vərəqəsində olan 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2018-ci il tarixində verilmiş AZ-İV seriyalı 092921 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxx 2018-ci il tarixində Bakı şəhərində doğulmuşdur, atası Təqsirləndirilən şəxsdur, anası Şahid1dır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olduğunu, ilk dəfə məhkum olduğunu, yaşadığı yerdən müsbət xasiyyətləndirildiyini, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu, himayəsində iki az yaşlı uşağı olduğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən, cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, Məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. İcra məmuru cərimənin ödənilmədiyi halda məhkumu, ondan cərimənin məcburi tutulacağı barədə xəbərdar edir. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən, məhkum ona edilən rəsmi xəbərdarlıqdan sonra cəriməni ödəməkdən boyun qaçırarsa və onun xüsusi mülkiyyətdə əmlakı, ümumi mülkiyyətdə payı və digər qazancı olmazsa məhkəmə əsas cəza kimi təyin edilmiş bu cəza növünü icra məmurunun təqdimatına əsasən ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 354, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək, 2.500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən şikayət və ya protest verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar