Məhkəmə qərarları › İş №1(011)-183/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-183/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-183/2023 04.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri 13 Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 dekabr 2022-ci ildə saat 13:15 dəqiqədə ünvan 2 ünvanın qarşısında X2 idarə etdiyi “Mazda” markalı “6” modelində olan **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobili saxladıqdan sonra avtomobildən enib qapılarını kilidləməyərək yolun digər tərəfinə keçib uşaq geyim mağazasına daxil olduğunu görüb, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə həmin avtomobilə yaxınlaşaraq, ön sərnişin qapısını açıb sərnişin oturacağı üzərinə qoyulmuş notbukun daşınması üçün nəzərdə tutulmuş çantanın içərisindən qiyməti 1500 (min beş yüz) AZN olan bir ədəd “Apple Air” markalı (Apple M1 2020, 8 GB xüsusiyyətli) notbuku gizli olaraq talayıb zərərçəkmiş şəxs X3 1500 (min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, məlum hadisə baş verən günü, yəni xx.xx.2022-ci il tarixdə doğum günü olmuşdur. Vaxtilə bir avtoyuma məntəqəsində işləmiş Elçin adlı şəxsin 75 manat borcu olmuşdur. Məlum hadisədən iki gün öncə Elçindən borcunu istəmiş, belə ki, xx.xx.2022-ci il tarixdə doğum gününü qeyd etmək istəmişdir. Elçin də borcunu ad günündə gətirib verəcəyini demişdir. Mobil telefon işlətmədiyi üçün Elçinə onu xx.xx.2022-ci il tarixdə saat 12-13 aralığında «Həzi Aslanov» metrostansiyasının yaxınlığında gözləyəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində «Həzi Aslanov» metrostansiyasının yaxınlığına gəlmişdir. Elçinin borcunu qaytaracağını düşünüb qardaşı Rəşada və dostu Nazimə metrostansiyada quraşdırılmış avtomat telefondan zəng edib onlara «Həzi Aslanov» metrostansiyasının yaxınlığında yerləşən «Akkordun binası»nın yanına gəlməyi demişdir. Fikirləşmişdir ki, Elçindən borcunu götürüb qardaşı və dostu ilə birlikdə ad gününü qeyd edər. Bir qədər sonra uşaqlar dediyi yerə gəlmişlər. Oradan üçü gəzə-gəzə «Həzi Aslanov» metrostansiyası istiqamətində getmişlər. Belə ki, orada Elçini gözləyəcəkdi. Metrostansiyanın yanında olan zaman Rəşadın əsgər yoldaşı ona zəng edib görüşə çağırmışdır. Rəşad yaxınlıqda olan çayxanada olacağını və təxminən 15-20 dəqiqəyə qayıdacağını demiş, Nazim isə ac olduğunu və yaxınlıqda olan «Günel» ticarət mərkəzinin yanında olan dönərxanadan dönər alıb yeyəcəyini və onu orada gözləyəcəyini demişdir. Həmin vaxt yolun əks tərəfində bir cavan oğlanın «Mazda» markalı avtomobildən düşüb qaçaraq yolu keçib uşaq geyim mağazasına daxil olduğunu görmüşdür. Sürücü tələsdiyi üçün avtomobilin qapılarını kilidləməmişdir. Bunu görüb avtomobilin salonundan oğurluq etmək qərarına gəlmişdir. Rəşad artıq ayrılmışdır. Saat 13 radələri olmuşdur. Nazimə qayıdacağını deyib ondan aralanmış və «Mazda» markalı avtomobilə tərəf getmişdir. Avtomobilə yaxınlaşıb, ətrafa baxmış, yoldan keçən şəxslərin baxmadıqlarına əmin olduqdan sonra avtomobilin ön sağ sərnişin qapısının tutacağını dartıb qapını açmışdır. Avtomobilin ön sərnişin oturacağında çanta görmüş, çantanın içərisində bir ədəd gümüşü rəngli notbuk olmuşdur. Çantanın içərisindən notbuku götürüb avtomobilin qapısını bağlamışdır. Təkrar olaraq ətrafa baxmış, avtomobildən notbuku götürdüyünü heç kimin görmədiyinə əmin olduqdan sonra Nazimin yanına qayıtmışdır. Nazim notbuku haradan götürdüyünü soruşmuş, ona notbuku bir tanışından götürdüyünü, istifadə edib sonra sahibinə qaytaracağını yalandan bildirmişdir. Sonra yolun digər tərəfində yerləşən köşkdən bir ədəd göy rəngli sellofan paket alıb notbuku həmin sellofan paketin içərisinə qoymuşdur ki, notbuku görən olmasın. Təxminən 2-3 dəqiqədən sonra Rəşad gəlmişdir. Rəşad əlində sellofan paketi görüb içərisində nə olduğunu soruşmuş, Rəşada heç nə deməmişdir. Oradan piyada «Akkordun binası»na tərəf getmişlər. Belə ki, Rəşad orada yaxınlıqda olan bərbərxanada saçlarını qırxdırmalıydı, Nazim isə saçlarını yuduzdurmalıydı, o, saçlarını az öncə həmin bərbərdə qırxdırmışdır. Yolda Rəşad təkrar olaraq əlində olan sellofan paketin içərisində nə olduğunu soruşmuş, Rəşada paketin içərisində notbuk olduğunu və həmin notbuku bir obyektdən oğurladığını bildirmişdir. Rəşad və Nazim iradlarını bildirib notbuku sahibinə qaytarmağı desələr də, bunu etməmişdir. Bərbərxanaya çatanda Nazim və Rəşad orada oturub növbələrini gözləmişlər. Onların yanında 5-6 dəqiqə oturub onlara bir yerə dəyib qayıdacağını bildirmişdir. Uşaqlardan ayrılıb «Həzi Aslanov» metrostansiyasının yaxınlığında fəaliyyət göstərən «Telstore» mobil telefonların satışı mağazasına gəlmişdir. Orada uzun müddətdir ki, tanıdığı Vüqar adlı tanışı işləyir. Vüqara notbuku göstərib həmin notbukun özünə məxsus olduğunu və pula ehtiyacının olduğunu bildirərək notbuku satmaq istədiyini demişdir və notbuku mağazada satış masasının üzərinə qoymuşdur. Vüqar notbuka ehtiyacının olmadığını bildirmiş və notbuku almaqdan imtina etmişdir. Bundan sonra Vüqardan borca 100 manat pul istəmiş, həmin pulu 3 günə qaytaracağını bildirmiş və girov kimi notbuku götürüb saxlamağı xahiş etmişdir. Fikirləşmişdir ki, ad günündən sonra Elçindən 75 manat pulunu götürüb üstün düzəldər və Vüqarın 100 manat pulunu qaytarıb notbuku götürər. Vüqar 100 manat pulu verəndən sonra, Vüqarın mobil telefonu ilə Rəşada zəng edib Nazimlə birlikdə metronun yaxınlığında olan «Telstore» mağazasının qarşısına gəlməyi demişdir. Təxminən 10 dəqiqədən sonra Rəşad və Nazim dediyi yerə gəlmişlər. Nazim notbukla maraqlanmış, ona notbuku girov qoyub 100 manat pul götürdüyünü bildirmişdir. Oradan «Həzi Aslanov» metrostansiyasının yaxınlığına gəlmişlər və 57 nömrəli avtobusa minib «Əhmədli» metrostansiyasının yaxınlığına gəlmişlər. Oradan isə üçü Nazimgilə gəlmişlər. Saat 15 radələri olmuşdur. Nazimgildə notbuka görə Rəşadla aralarında mübahisə də olmuşdur. Nazimgildə bir qədər oturandan sonra çıxıb getmişdir. Rəşad isə Nazimgildə qalmışdır. Həmin gün 100 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Son olaraq əməlindən səmimi peşman olduğunu zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödəyərək, onunla barışıq əldə etdiyini nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahid ifadələri, habelə cinayət işinin materiallarında olan işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğu üçün videogörüntü vasitəsilə dindirilmiş X5 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və hazırda ona dəyən zərər tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı hərhansı maddi tələbi və şikayəti yoxdur. Zərərçəkmiş şəxs X5 ibtidai istintaq zamanı öz ifadəsində göstərmişdir ki, təxminən 5 ildir ki, ABŞ-da yaşayır. Lakin arabir Bakı şəhərinə ailəsinin yanına gəlir. Təxminən 3 ay bundan əvvəl özünə ABŞ-da 1300 ABŞ dollara «Apple» markalı notbuk almışdır. Bir ay bundan əvvəl Bakı şəhərinə gələndə həmin notbuku da özü ilə gətirmişdir. xx.xx.2022-ci ildə saat 13:15 dəqiqədə qardaşına məxsus olan, etibarnamə əsasında idarə etdiyi «Mazda 6» markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 2 ünvanın qarşısında saxlayıb yolun digər tərəfində yerləşən «Kubar kids» uşaq geyim mağazasına getmişdir ki, dostunun uşağı üçün bir hədiyyə alsın. Mağazaya gedəndə avtomobilin qapılarını kilidləməmişdir. İçərisində notbuku olan çanta isə avtomobildə ön oturacağın üzərində olmuşdur. Təxminən 15 dəqiqədən sonra geri qayıdıb avtomobilinə əyləşmiş və qardaşını götürmək üçün yaşadığı Zığ yolu 44 ünvana gəlmişdir. Binanın yaxınlığında avtomobili saxlayıb qardaşını gözləmişdir. Qardaşı üçün avtomobilin ön oturacağını boşaltmaqdan ötrü ön oturacağın üzərində olan notbuk çantasını götürüb arxa oturacağın üzərinə qoymaq istəyərkən çantanın boş olduğunu aşkar etmişdir. Başa düşmüşdür ki, Xudu Məmmədov küçəsində uşaq geyimi alan vaxtı kimsə avtomobilinin kilidlənməmiş qapısını açıb və ön oturacağın üzərində olan çantanın içərisindən notbukunu götürmüşdür. Oğurluğu aşkar edən kimi, dərhal DİN-in 102 zəng mərkəzi xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində 2200 manat məbləğində maddi ziyan dəymişdir. Avtomobildən başqa heç nə oğurlanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs böyük qardaşıdır. Elşad evlidir, iki uşağı var. Bir mənzildə yaşayırlar. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Elşad stasionar telefon aparatından zəng edərək «Həzi Aslanov» metrostansiyasının yaxınlığında olduğunu bildirmiş və nə işlə məşğul olduğunu soruşmuşdur. Həmin vaxt şəxsi işi ilə bağlı «Xalqlar dostluğu» metrostansiyasının yaxınlığında olduğunu bildirmişdir. Elşad «Həzi Aslanov» metrostansiyasının yaxınlığında yerləşən «Akkordun binası»nın yanında olacağını, bekarsa həmin yerə gəlməyi demişdir. Həmin gün «Həzi Aslanov» metrostansiyasının yaxınlığında əsgər yoldaşı ilə görüşməyi planlaşdırdığı üçün Elşada o tərəflərə gələcəyini demiş və avtobusa minib Elşadın dediyi yerə gəlmişdir. Həmin vaxt Elşadın yanında dostu Nazimi görmüşdür. Görüşüb hal-əhval tutmuşlar. Oradan üçü gəzə-gəzə «Həzi Aslanov» metrostansiyası istiqamətində getmişlər. Metrostansiyanın yanında olan zaman əsgər yoldaşı Elçin zəng edərək «Həzi Aslanov» metrostansiyasının yaxınlığında olan «Neptun» supermarketinin qarşısında olduğunu və orada gözlədiyini bildirmişdir. Elşad və Nazimə əsgər yoldaşı ilə görüşə gedəcəyini və təxminən 15-20 dəqiqəyə qayıdacağını demiş, Nazim isə yaxınlıqda olan «Günel» ticarət mərkəzinin yanında olan dönərxanadan dönər alıb yeyəcəklərini və orada gözləyəcəklərini demişdir. Əsgər yoldaşı ilə görüşüb «Neptun» supermarketi ilə üzbəüz, yolun digər tərəfində olan çayxanaya getmişlər. Çayxanada təxminən 15 dəqiqə qalandan sonra Elçinlə sağollaşıb ondan ayrılmış və «Günel» ticarət mərkəzinin qarşısına – Elşad və Nazimin yanına gəlmişdir. Həmin vaxt Elşadın əlində göy rəngli sellofan torba görmüşdür. Elşaddan torbanın içində nə olduğunu soruşmuş, Elşad heç nə deməmişdir. Oradan piyada «Akkordun binası»na tərəf getmişlər. Belə ki, Nazimlə orada yaxınlıqda olan bərbərxanada saçlarını qırxdırmalıydılar. Yolda Elşaddan təkrar olaraq əlində olan sellofan torbanın içərisində nə olduğunu soruşmuş, Elşad isə torbanın içərisində notbuk olduğunu və həmin notbuku bir obyektdən oğurladığını bildirmişdir. Özü və Nazim Elşada iradlarını bildirib notbuku sahibinə qaytarmağı desələr də, Elşad qulaq asmamışdır. Bərbərxanaya çatanda Nazimlə orada oturub növbə gözləmişlər. Elşad 5-6 dəqiqə oturub bir yerə dəyib qayıdacağını bildirmişdir. Növbələri çatanda Nazim birinci saçını qırxdırmış, Nazimdən sonra isə özü saçını qırxdırmışdır. Nazimlə bərbər yanından çıxanda Elşad hazırda xatırlamadığı mobil nömrədən istifadə etdiyi 055 *** ** ** mobil nömrəsinə zəng edərək «Həzi Aslanov» metrostansiyasından üzü aşağı gəlməyi və yolun kənarında olan «Telstore» telefon mağazasının qarşısında gözləyəcəyini demişdir. Nazimlə Elşadın dediyi mağazanın yanına gəlmişlər. Elşadın həmin vaxt əlində notbuk olmamış, başa düşmüşdür ki, Elşad notbuku mağazaya satıb, lakin bu haqda onun özündən heç nə soruşmamış, belə ki, onun etdiyi hərəkətə görə ona çox əsəbiləşmişdir. Oradan üçü də «Həzi Aslanov» metrostansiyasının yaxınlığına gəlmişlər və 57 nömrəli avtobusa minib «Əhmədli» metrostansiyasının yaxınlığına gəlmişlər. Belə ki, Nazim kənd Əhmədlidə yaşayır və evinə qonaq dəvət etmişdir. Nazimgilə gələndə saat 15 radələri olmuşdur. Nazimgildə də Elşadla etdiyi hərəkətə görə mübahisə etmişdir. Elşad çıxıb getmişdir. Həmin gecə Nazimgildə qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda yerləşən «Telstore» mağazasını icarə əsasında işlədir, eyni zamanda da həmin mağazada mobil telefon ustası işləyir. Təqsirləndirilən şəxs təxminən 5-6 ildir ki, tanıyır. Elşad daimi müştərisi olmuşdur. Elşad bir neçə dəfə xırda məbləğlərlə borca pul götürüb və vaxtında qaytarmışdır. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Elşad işlətdiyi mağazaya gələrək gümüşü rəngli «Apple» markalı notbuku göstərib həmin notbukun özünə məxsus olduğunu və pula ehtiyacının olduğunu bildirərək notbuku satmaq istədiyini bildirmiş, Elşad notbuku mağazada satış masasının üzərinə qoymuşdur. Mobil telefon ustası olduğu üçün notbuka ehtiyacının olmadığını Elşada bildirmiş və notbuku almaqdan imtina etmişdir. Bundan sonra Elşad borca 100 manat pul istəmiş, həmin pulu 3 günə qaytaracağını bildirmiş və girov kimi notbuku götürüb saxlamağı xahiş etmişdir. Ona 100 manat pulu verəndən sonra, Elşad mağazanı tərk etmiş, notbuku masanın üzərindən götürüb mobil telefonların təmiri ilə məşğul olduğu yerə qoymuşdur ki, Elşad 3 gündən sonra pulunu qaytaranda, həmin notbuku da ona qaytarar. xx.xx.2022-ci ildə günorta saatlarında 36-cı PB-nin əməkdaşları iş yerinə gəlib notbukla maraqlanmışlar. Onlara notbuku göstərib onu Təqsirləndirilən şəxs girov kimi götürdüyünü bildirmişdir. Həmin vaxt məlum olmuşdur ki, Elşad həmin notbuku bir avtomobildən oğurlayıb, halbuki Elşad notbukun özünə məxsus olduğunu demişdir. Elşadın girov kimi verdiyi notbukun cinayət yolu ilə əldə olunduğunu bilməmişdir. Həmin notbuku 36-cı PB-ə protokolla təhqiqatçıya təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 18 dekabr 2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 13:15 dəqiqədə ünvan 2 ünvanın qarşısında saxlanılmış X2 idarə etdiyi “Mazda” markalı “6” modelində olan **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobildən bir ədəd “Apple” markalı notbukun naməlum şəxs tərəfindən oğurlanması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata edilməklə istintaq aparılmışdır. (i.v. 1); Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2023-cü il tarixli 9/9305 nömrəli rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Apple Air” markalı Apple M1 2020, 8 GB xüsusiyyətli notbukun istifadədə olunması nəzərə alınmaqla 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 1500,0 manat müəyyən edilir Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023 il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 80); “Cinayət işi üzrə sübutlara qiymət verilməsi barədə” 17 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilməsi, cinayət işi üzrə ifadələr, baxış protokolları, ifadənin yerində yoxlanılması protokolu, əşyanın tanınmaya təqdim edilməsi haqqında protokol, və cinayət işində olan bütün sübut əhəmiyyət kəsb edən sənədlər sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. (i.v. 81-86); “Qətimkan tədbiri seçilməsi haqqında“ 22 dekabr 2022-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 64-65); “İfadənin yerində yoxlanması haqqında” 22 dekabr 2022-ci il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları eynilə təsdiq etmişdir. (i.v. 44-46) X2 məhkəmə baxışında təqdim etdiyi videomüraciətdən görünür ki, Təqsirləndirilən şəxs ilə qarşılıqlı surətdə barışmış, ona dəymiş ziyan tam olaraq ödənmiş, ona qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir (CD işə əlavə olunmuşdur); AA2081570 saylı şəxsiyyət vəsiqəsinin surətindən (i.v. 79) və məhkəməyə təqdim edilmiş Az-İİİ939608 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladları xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 var. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının (xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7) olmasını (CM 59.1.4), cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini (CM 59.1.13), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs keçirdiyi həyat tərzini, habelə əvvəllər də oğurluq edərək məhkum olunmasını onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır və bu baxımdan törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxsdən oğurladığı pulu qaytarmasını, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut, və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası və Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar