Məhkəmə qərarları › İş №1(011)-184/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-184/2022

21.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-184/2022 21.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1970-ci ildə Gədəbəy rayonunun Ağamalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2021-ci il tarixli hökmü iiə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdııdlaşdırılması cəzasına məhkum olunmuş, cəzanı çəkib bitirməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 26.01.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,651 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə daşımaqla qanunsuz saxlamışdır. Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il tarixdə saat 12 radələrində ünvan 4 ünvanda qanunsuz olaraq narkotik vasitələr əldə edib, saxlamada şühbəli şəxs qismində saxlanılıb ünvan 5 ünvanda yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə üstündə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən siqaret qutusu kəsiyindəki 01 ədəd bükümdə təmiz çəkisi 0,651 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bildiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd edərək göstərmişdir ki, uzun illərdi narkotik vasitədən istifadə edir və narkomaniya xəstəliyindən əziyyət çəkir. 25 yanvar 2022-ci il tarixdə axşam saatlarında NZS qəsəbəsində olduğu zaman təsadüfən üzdən tanıdığı Eldəniz adlı şəxsi görmüşdür. Ağrıları olduğu üçün Eldənizdən 20 manat pul müqabilində bir büküm narkotik vasitə heroin almışdır. 26 yanvar 2022-ci il tarixdə saat 12 radələrində yaşadığı evdən çıxıb, gizlin bir yerə gedərək üstündə olan narkotik vasitə heroini çəkmək qərarına gəlmişdir. Həmin vaxt 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək, Xətai RPİ-nin 37-ci Polis şöbəsinin əməkdaşları olduqlarını bildirmiş və şübhəli şəxs kimi polis bölməsinə dəvət etmişlər. Bölmədə vəkil dəvət edildikdən sonra videoçəkilişdən istifadə edilməklə şəxsi axtarışı aparalıcağı barədə xəbərdar edilmişdir. Əynindəki gödəkçənin sol yan cibində sağladığı bir ədəd kağıza bükülmüş vəziyyətə olan narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi 01 ədəd bükümə baxış keçirib, çəkisini müəyyən etdikdən sonra, qablaşdırıb, möhürləmiş və bu barədə protokol tərtib etmişlər. İştirakçılar tərəfindən protokol imzalanmışdır. Daha sonra əməlindən peşman olduğunu, səmimi etirafını, məcburi müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai RPİ-nin 37-ci PŞnin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 26 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və istifadəsi ilə məşğul olması barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyataxtarış təbirinin keçirilməsinə dair qərar qəbul olunduqdan sonra, əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmiş, bundan sonra həmin günü saat 11 radələrində əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən ünvan 7 ünvanın qarşısına gəlmişlər. Xarici görünüşcə Təqsirləndirilən şəxs bənzər bir nəfər şəxsin həmin ünvana gəldiyini gördükdən sonra həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini təqdim etməklə onu şübhəli şəxs kimi Xətai RPİ-nin 37-ci Polis bölməsinə dəvət etmişlər. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə vidoçəkilişdən istifadə edilməklə üstündə şəxsi axtarışı aparılacağı bildirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən siqaret qutusu kəsiyini çıxarıb təqdim edərək, həmin siqaret qutusu kəsiyinin içərisindəki 01 ədəd kağız bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir və həmin narkotik vaistə heroini 25.01.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını qeyd etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və ardınca aşkar edilənlərlə bağlı protokol tərtib olunmuş, həmin protokol oxunandan sonra iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq Şahid2 ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi təqsirləndirilən şəxsin və Şahid1 ifadəsinə oxşar olmuş və heç bir ziddiyət təşkil etməmişdir. İş materiallarına əlavə edilmiş 26 yanvar 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai RPİnin 37-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 4 ünvanda qanunsuz olaraq narkotik vasitələr əldə edib, saxlamada şübhəli şəxs qismində saxlanılıb Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gətirilərək videoçəkilişdən istifadə edilməklə şəxsi axtarışı aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən siqaret qutusu kəsiyindəki 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş “videogörüntülərə baxış keçirilməsi haqqında” protokolun məzmunundan görünür ki, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi, habelə ittihamın düzgün həlli üçün toplanmış təhqiqat sübutlarının həqiqiliyinə və mötəbərliliyinə qiymət verilməsi məqsədi ilə Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı qeydə alınmış videogörüntüləri əks etdirən 01 ədəd “CD-R” formalı diskə Bakı şəhəri Xətai RPİ-nin inzibati binasında xidməti iş otağında baxış keçirilmiş, baxış zamanı təhqiqatçı X1 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarışını aparması, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən içərisində 01 ədəd büküm olan siqaret qutusu kəsiyini təqdim etməsi, qutunun içərisindəki bükümdə narkotik vasitə heroin olmasını deməsi, təqdim etdiyi narkotik vasitəni özünün istifadəsi üçün NZS qəsəbəsində tanımadığı şəxsdən 20 manat pul müqabilində aldığını bildirməsi müəyyən edilmişdir. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs videgörüntüdə əks olunan, yəni şəxsi axtarışı aparılarkən siqaret qutusu kəsiyindəki içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 01 ədəd bükümü təqdim edən şəxsin özü olduğunu bildirib, videogörüntüdə əks olunan xüsusatların həqiqiliyini təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2022-ci il tarixli 6/513 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Təqsirləndirilən şəxs ” sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,651 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (tədqiqatdan sonra qalıq - 0.601 qram). İş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin verdiyi 07 mart 2022-ci il tarixli 1158 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 07 mart 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,601 qram narkotik vasitə heroin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün Xətai RPİ-nin saxlanc kamerasına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən 01 ədəd CD-R disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 26 yanvar 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Bakı şəhər Xətai Rayon Məhkəməsinin 4(011)-49/2022 saylı, 28.01.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və saxlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Həbsin əvvəli 26 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03.03.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmuş şəxsdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəmsinin 17.03.2021-ci il tarixli hökmündən məlum olur ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya idarəsinin 21.04.2022-ci il tarixli arayışından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18.02.2022-ci il tarixli qərarı ilə “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 (bir) il azaldımışdır. Barəsində seçilmiş həbs qətimkan tədbirinədək çəkilməmiş cəzası 07 ay 19 gün təşkil edir. İş materiallarında olan elektron çıxarışdan məlum olur ki, Təqsirləndirilən şəxs üç uşağı var: X2 21.06.2000-ci il təvəllüdlü, X4 20.07.2003-ci il təvəllüdlü və yetkinlik yaşına çatmayan X5 29.12.2007–ci il təvəllüdlü. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib özündə saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi etirafını, əməlindən peşman olmasını və himayəsində bir aşyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəmsinin 17.03.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi hazırkı cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşını, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində nisbətən aşağı müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzaya Bakı Ağır Cinayətlər Məhkəmsinin 17.03.2021-ci il tarixli hökmü ilə təyin edilmiş və amnistiya tətbiq edildikdən sonra çəkilməmiş qalan 07 ay 09 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla 03 ay 20 gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs faktiki 26 yanvar 2022-ci il tarixdən tutulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinin ruhundan görünür ki, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən suiistifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə olan 0,601 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd CD-R disk maddi sübut kimi tanındığından iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 65 (altmış beş manat ) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Bakı Ağır Cinayətlər Məhkəmsinin 17.03.2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 07 (yeddi) ay 09 (doqquz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla 03 (üç) ay 20 (iyirmi) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 26 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin maddi sübutlar otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 0,601 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılan zaman video çəkilişi əks etdirən 1 ədəd CD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 65 (altmış beş manat) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar