Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-185/2021 09.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, tərcüməçilər – X1 və X2 iştirakları ilə, 31 oktyabr 1974-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzaibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə 26 yanvar 2021-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanına hasardan keçmək yolu ilə qanunsuz daxil olub, evin həyətində divara bərkidilmiş 1 ədəd 505 manat dəyərində “Moon” markalı kombi istilik sistemini gizli talayıb Zərərçəkmiş şəxs 505 (beş yüz beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat və istintaq zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş və şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, pandemiya ilə əlaqədar heç bir yerdə işləyə bilmədiyindən maddi cəhətdən sıxıntı çəkmiş, buna görə də oğurluq etmək qərarına gəlmişdir. 26 yanvar 2021-ci il tarixdə saat 22 radələrində yaşadığı Bakı şəhəri Xətai rayonu Naximov küçəsinə gələrək oğurluq etmək üçün ev axtarmağa başlamış, evlərdən birinin işıqlarının yanmadığını görüb evdə yaşayış olmadığına əmin olmuşdur. Ətrafa göz gəzdirmiş, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra evin hasarının üstünə çıxıb həyətə düşmüşdür. Həyətdə oğurlamaq üçün əşya axtarmağa başlamış, evin yan hissəsində divara kombi istilik sisteminin bərkidildiyini görüb həmin istilik sistemini oğurlamaq qərarına gəlmişdir. Kombi istilik sistemini qaldırıb divara bərkidildiyi yerdən çıxardaraq ehmalca həyətə düşdüyü hasarın üzərinə qoymuş və özü də hasarın üstünə çıxıb küçəyə düşmüşdür. Bundan sonra oğurladığı kombi istilik sistemini divarın üzərindən götürüb yaşadığı Naximov qəsəbəsində olan evinə aparıb həyətdə gizlətmişdir. Səhəri gün, yəni 27 yanvar 2021-ci il tarixdə saat 19 radələrində yaşadığı məhəllədən tanıdığı Şahid3lə rastlaşan zaman Hafizə özünə məxsus “Moon” markalı istilik sistemi olduğunu, pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Hafiz də ona adını sonradan Tural olduğunu öyrəndiyi tanışının kombi istilik sistemi istədiyini və bu barədə maraqlanıb ona məlumat verəcəyini bildirmişdir. Həmin gün saat 21 radələrində Hafizlə yaşadığı evin yaxınlığında görüşmüş, həmin vaxt Hafiz Tural adlı tanışı ilə gəlmiş, Hafiz ona Turalın kombi istilik sistemini almaq istədiyini bildirmişdir. Bundan sonra onlar birlikdə onun yaşadığı evin həyətinə getmiş və o, həyətdə oğurlayaraq gizlətdiyi kombi aparatını Turala göstərmişdir. Həmin vaxt Tural kombi aparatına baxaraq bəyəndikdən sonra o, həmin aparatı Turala 100 manata satmağa razılaşmışdır. Tural ona 100 manat pul verib kombi aparatını götürüb Hafizlə birlikdə yaşadığı evdən çıxıb getmişdir. Əldə etdiyi pulu şəxsi işlərinə xərcləmişdir. Daha sonra onu 35-ci PB-nə dəvət etmişlər və o, yalan danışmağın mənası olmadığını görüb törətdiyi oğurluq cinayətini səmimi olaraq etiraf etmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, zərəri ödəmişdir, bir daha belə hallara yol verməyəcək, qeyd edilənlərin nəzərə alınmasını və məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, ölkə hüdudlarından kənarda olduğunu bildirmiş, zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, 2020-ci ilin noyabr ayında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini almış və həmin vaxtdan orada təmir işləri görmüşdür. Yeni aldığı evdə istilik sistemi olmadığı üçün sosial şəbəkədə kombi istilik sistemləri ilə maraqlanmış, “Sezam” şirkətində kampaniya ilə 505 manata “MOON” markalı kombi istilik sisteminin satışa qoyulduğunu görmüşdür. 23 dekabr 2020-ci il tarixdə “Sezam” şirkətinin əlaqə nömrəsi kimi qeyd edilmiş mobil nömrəyə zəng vuraraq 1 ədəd “MOON” markalı istilik sistemi sifariş vermiş və 24 dekabr 2020-ci il tarixdə “Sezam” şirkətinin bir nəfər Rəhman adlı əməkdaşı sifariş verdiyi “MOON” markalı kombi istilik sistemini gətirib onlara təhvil vermişdir. Həmin kombi istilik sisteminə görə 505 manat pul ödəmişdir. Aldığı “MOON” markalı kombi istilik sistemini evin çöl tərəfdən sağ yan hissəsində usta Səbuhi tərəfində divara bərkidilsə də, evə gedən xətlərə birləşdirilməmişdir. 27 yanvar 2021-ci il tarixdə saat 16 radələrində yeni aldığı evdə usta işləyən Səbuhi adlı şəxs onunla əlaqə saxlayaraq evin həyətinə quraşdırılmış “Moon” markalı kombi istilik sisteminin yerində olmadığını bildirmişdir. Həmçinin, Səbuhi ona bu barədə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat verdiyini də demişdir. O, yeni aldığı ünvan 3 ünvanında yerləşən evə getmiş, bir qədər sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirtmişlər. Bundan sonra 35-ci PB-nə gedərək baş vermiş hadisə barədə ərizə ilə müraciət edərək izahat vermişdir. Ona məxsus yeni aldığı fərdi yaşayış evinin həyətindən 505 manat dəyərində “Moon” markalı kombi istilik sistemi oğurlanmış və hadisə nəticəsində ona ümumilikdə 505 manat maddi ziyan dəymişdir. Ona dəymiş zərər ödənilmişdir, təqsirəndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, bunun səbəbləri barədə bildirməmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, Şahid3 təxminən üç il olar ki, tanımışdır. O, əvvəllər üç il ünvan 4 ünvanında yaşamışdır. Həmin vaxtdan Hafizi tanımışdır. 2021-ci ilin yanvar ayının əvvəlində Bakı şəhəri Xətai rayonu Naximov küçəsində olan zaman tanışı Hafizlə qarşılaşmış və onlar bir qədər söhbət etmişlər. Söhbət zamanı o, Hafizə yaşadığı evə işlənmiş kombi istilik sistemi almaq istədiyini və satan olarsa ona məlumat verməsini xahiş etmişdir. Hafiz də maraqlanaraq ona məlumat verəcəyini bildirmişdir. Təxminən 27 yanvar 2021-ci il tarixdə saat 19 radələrində tanışı Hafiz istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə zəng vuraraq qonşuluqda yaşayan bir nəfər şəxsin kombi istilik sistemi satdığını bildirmişdir. Bundan sonra o, yaşadığı Bayıl qəsəbəsindən çıxaraq Bakı şəhəri Xətai rayonu Naximov küçəsinə gələrək Hafizlə görüşmüşdür. Bundan sonra onlar birlikdə adını sonradan Vasiliy olduğunu öyrəndiyi şəxsin yaşadığı evə getmişdir. Həmin vaxt Hafiz Vasiliyə onu təqdim edərək kombi istilik sistemini almaq istədiyini bildirmişdir. Bundan sonra Vasili həyətdə saxladığı ağ rəngli kombi istilik sistemini ona göstərmiş və o, həmin istilik sisteminə baxan zaman “MOON” markalı olduğunu müəyyən etmişdir. Həmin istilik sistemini bəyəndiyi üçün Vasiliy ilə aralarında istilik sistemini ona 100 manata satacağına razılaşmışlar. O, Vasiliyə 100 manat pul vermiş və aldığı kombi istilik sistemini aparmaq üçün taksi fəaliyyəti ilə məşğul olan “Hyundai” markalı avtomobili saxladaraq kombini avtomobilə qoyub yaşadığı ünvana aparmışdır. Bundan bir neçə gün sonra polis əməkdaşları onunla əlaqə saxlayaraq Vasiliyin ona satdığı kombi istilik sisteminin oğurluq olduğunu bildirmişlər. O, Vasilini əvvəllər tanımamış, aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. O, həmin kombi istilik sisteminin Vasiliy tərəfindən cinayət yolu ilə əldə edilməsi barədə məlumatı olmamışdır. O, həmin istilik sisteminin özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yalnız bir dəfə ona kombi istilik sistemi satmışdır. Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, səhhəti ilə bağlı məhkəməyə gələ bilmədiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs 2 ilə yaxın müddətdir ki, tanımışdır. Vasiliy onun qonşusudur. Eyni zamanda Vasiliyin bacısı oğlu ilə dostluq etmişdir. Dostu Şahid1 ona təxminən 2021-ci ilin yanvar ayının əvvəlində onun evinə kombi istilik sistemi lazım olduğunu və əgər ucuz kombi satan olsa ona köməklik etməyini istəmişdir. O da Turala heç bir problem olmadığını maraqlanaraq ona köməklik edəcəyini demişdir. Təxminən 27 yanvar 2021 -ci il tarixdə saat 19 radələrində Vasiliyi yaşadığı məhəllədə görən zaman Vasiliy ona evində artıq kombi istilik sistemi olduğunu və alıcı olarsa həmin kombi aparatını sata biləcəyini bildirmişdir. Həmin vaxtı o, Vasiliyə Tural adlı tanışının olduğunu və onun kombi istilik sistemi almaq istədiyini bildirmişdir. Bundan sonra Tural ilə əlaqə saxlayaraq qonşuluqda yaşayan bir nəfərin kombi istilik sistemini satdığını bildirmişdir. O, əlaqə saxladıqdan sonra Tural gəlmiş və o, Vasiliy ilə Turalı tanış etmişdir. Vasiliy və Tural öz aralarında 100 manat müqabilində həmin kombinin alqı-satqı edilməsi barədə razılaşmışlar. Daha sonra Tural Vasiliyə 100 manat verib kombini götürərək öz evinə doğru getmişdir. Daha sonra onu polis bölməsinə dəvət etmişlər və o, orada Vasiliyin onun vasitəçiliyi ilə Turala satdığı kombi istilik sisteminin oğurluq yolu ilə əldə etdiyini öyrənmişdir. Onun kombi istilik sisteminin Vasiliy tərəfindən cinayət yolu ilə əldə edilməsi barədə məlumatı olmamışdır. Vasiliy həmin istilik sisteminin özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yalnız bir dəfə kombi aparatının satılmasına köməklik etmişdir. Vasiliy əldə etdiyi puldan ona heç bir məbləğdə pul verməmişdir. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində göstərmişdir ki, o, fərdi olaraq evlərin təmiri ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs 2 ay olar ki tanımışdır. O, iki aydır Şəfaya məxsus ünvan 2 ünvanında yerləşən evdə molyar, alçipan və divar kağızlarının yapışdırılmäsı işlərini görərək usta kimi işləmişdir. Zərərçəkmiş şəxs usta kimi işlədiyi evi yeni aldığı üçün evdə bəzi təmir işləri gördürmüşdür. O, evdə usta işlədiyi üçün Zərərçəkmiş şəxs evin və həyətin giriş qapısının açarını ona vermişdir ki, evdə təmir işləri görə bilsin. O, hər gün saat 10 radələrində usta kimi işlədiyi ünvan 2 ünvanına işə getmiş və həmin gün saat 18 radələrində işlərini bitirib yaşadığı evə getmişdir. Zərərçəkmiş şəxs evdə istilik sistemi olmadığı üçün bir ədəd “Moon” markalı kombi istilik sistemini almış və həmin aparatı evin yan hissəsində divara vurulmuşdur. 26 yanvar 2021-ci il tarixdə saat 10 radələrində usta işlədiyi Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanına işə getmiş və həmin gün saat 18 radələrində işlərini bitirib evin həyət darvazasını açarla bağlayaraq yaşadığı evə getmişdir. Səhəri gün, yəni 27.01.2021-ci il tarixdə saat 10 radələrində usta işlədiyi ünvan 2 ünvanına gedərək özündə olan açarla qapını açaraq evə daxil olub təmir işləri görməyə başlamışdır. Həmin gün saat 16 radələrində evdən həyətə düşüb ətrafa nəzər salan zaman evin yan hissəsində divara bərkidilmiş kombi istilik sisteminin yerində olmadığını, oğurlandığını aşkar etmişdir. Buna görə də, ilk olaraq o, DİN-nin 102 xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermişdir. Daha sonra isə Zərərçəkmiş şəxs zəng edib evin yan hissəsində divara vurulmuş kombi aparatının yerində olmadığını, oğurlandığını və bu barədə polisə məlumat verdiyini bildirmişdir. Bir qədər sonra polis əməkdaşları usta işlədiyi ünvan 2 ünvanına gələrək onun iştirakı ilə hadisə yerinə baxış keçirtmişlər. Daha sonra isə ona məlum olmuşdur ki, həmin kombi aparatını Vasiliy adlı şəxs oğurlamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 29 yanvar 2021-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işinin başlanılmış və icraata qəbul edilmişdir (i.v. 01); baxış keçirilməsi haqqında 27.01.2021-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan 3 ünvanına baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilməklə iş materiallarına əlavə edilmişdir (i.v. 7-13); zərərçəkmiş şəxs qismində tanınma haqqında 29.01.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 22); təqdim etmə və götürmə haqqında 30 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Şahid1 27.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona satdığı 1 ədəd “Moon” markalı kombi istilik aparatını istintaqa təqdim etmiş və həmin əşya götürülmüşdür (i.v. 49-51); əşyanın tanınmaya təqdim edilməsi haqqında 30 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 1 ədəd “Moon” markalı kombi istilik sistemi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş və tanınma zamanı Zərərçəkmiş şəxs həmin istilik sistemini markasından, üzərində olan göstəricilərdən, işlənmə dərəcəsindən, rəngindən tanıdığını bildirmişdir (i.v. 52-53); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 30 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittiham ona elan edilmişdir (i.v. 61- 62); qətimkan tədbirinin seçilməsi barədə 30 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (i.v. 81-82); məhkəmə-əmtəəşünaslıq ekspertizanın 04.02.2021-ci il tarixli, 32 nömrəli rəyində göstərilmişdir ki, təqdim edilmiş bir ədəd Türkiyədə istehsal edilmiş “Moon” markalı kombi aparatının işlənmə dərəcəsi nəzərə alınmaqla 2021-ci ilin yanvar ayına orta bazar qiyməti ilə dəyəri 505,00 manat müəyyən edilir (i.v. 95-98); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 18 fevral 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 10 iyun 1998-ci il tarixli hökmü ilə köhnə Cinayət Məcəlləsinin 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 02 müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 31.12.1998-ci il tarixdə amnistiya qərarına əsasən azad edilmiş, Xətai Rayon Məhkəməsinin 07 iyun 2001-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10.04.2003-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Xətai Rayon Məhkəməsinin 23 avqust 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 fevral 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v.108-110); Xətai Rayon Məhkəməsinin 23 avqust 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v.112-118); sübutların qiymətləndirilməsi barədə 19 fevral 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinin iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, Şahid3 barəsində Azərbaycan Respublikasının CM-nin 177-ci, Şahid1 barəsində Azərbaycan Respublikasının CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, 1 ədəd “Moon” markalı kombi aparatının maddi sübut kimi tanınması və sahibinə qaytarılması qərara alınmışdır (i.v. 120-127); Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş zərər tam ödənilmişdir, təqsirəndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır (i.v. 200); Bakı şəhəri Xətai Rayon Məhəməsinin 1(011)-185/2021 saylı 08 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmiş və tutularaq dərhal həbs edilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması qərara alınmışdır (i.v. 218); Bakı İstintaq Təcridxanasının 04.08.2021-ci il tarixdə məhkəməyə daxil olmuş məktubundan görünür ki, Təqsirləndirilən şəxs 22.07.2021-ci il tarixdə tutulmuş, 23.07.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM- 59.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (59.1.12), cinayət nəticəsində dəymiş ziyanın aradan qaldırılmasını (59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halı, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut 1 ədəd "Moon” markalı kombi aparatının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 22 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub "xxxx" MMC-nin hesabına keçirilsin. İş üzrə maddi sübut – 01 (bir) ədəd "Moon” markalı kombi aparatının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-185/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-185/2021
09.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver