Məhkəmə qərarları › İş №1(011)-185/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-185/2022

12.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-185/2022 12.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC–nin nümayəndəsi - Nümayəndə oğlunun, Təqsirləndirilən şəxs oğlunun, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Yardımlı rayonu, Köryədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Yardımlı rayonu, Köryədi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsiııdə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə 12 yanvar 2022-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Xətai rayonu, ünvan ünvanda yerləşən "xxxx" MMC-nin ofisinin ikinci mərtəbəsinin plastik pəncərəsini özündə olan dəmir parçası ilə açıb, binaya qanunsuz daxil olaraq ofisdən "xxxx" MMC-yə məxsus 120 manat qiymətində 01 ədəd “Nissan” markalı Hindistan istehsalı avtomobilin arxa stop ehtiyyat hissəsini, 150 manat qiymətində markasına dair üzərində heç bir məlumatı olmayan sarı rəngli avtomobil diaqnostika aparatını, 250 manat qiymətində “MOST” markalı boz rəngli avtomobil diaqnostika aparatını və hər birinin qiyməti 10 manat olan 07 ədəd “Şell” markalı avtomobil üçün mühərrik yağını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nə ümumilikdə 590 (beş yüz doxsan) manat ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, iş yeri tapa bilmədiyindən oğurluq etmək qərarına gəlmişdir. O, əvvəllər bir neçə dəfə Xətai rayonu, Babək prospektində yerləşən "xxxx" avto servis mərkəzinə avtomobil təmiri ilə əlaqədar olaraq getmişdir. Avtoservisin ikinci mərtəbəsində müdriyyətin otağının olduğunu və həmin otağa rahatçılıqla girməyin mümkün olduğunu müəyyən etmişdir. Bu səbəbdən 12 yanvar 2022-ci ildə gecə saat 03 radələrində həmin avtoservisin yaxınlığına getmiş, bir qədər orada müşahidələr apardıqdan sonra ətrafda heç kimin olmadığına əmin olduqdan sonra avtoservisin ikinci mərtəbəsinə keçmək üçün orada olan qarajların üstünə çıxmış, bundan sonra şiferlərin üstü ilə servisin ikinci mərtəbəsinə açılan plastik pəncərənin yanına gedərək orada olan dəmir parçası ilə plastik pəncərəni açaraq avtoservisin içərisinə keçmişdir. Həmin pəncərə açılan otaqda mator yağları və avtomobil ehtiyat hissələri olmuşdur. O, oradan bir ədəd avtomobilin arxa stopunu və 7 ədəd 1 litrlik mator yağı götürmüş, bundan sonra o müdirin otağına keçmiş və stolun altında bağlı dolab görmüşdür. O, həmin dolabın qapısını sındırmış, oradan iki ədəd avtomobil üçün diaqnostika aparatını götürmüşdür. Oğurladığı əşyaları qutunun içərisinə yığmış və hasardan yerə endirmişdir. Sabahı günü, 13 yanvar 2022-ci il tarixdə oğurladığı 7 ədəd bir litrlik avtomobil yağlarını özü ilə götürərək 8-ci km bazarında tanımadığı şəxsə 50 manata satmışdır. Oğurladığı avtomobilin arxa stop ehtiyyat hissəsi və iki ədəd avtomobil diaqnostika aparatı isə yaşadığı evdə qalmışdır. 17 yanvar 2022-ci il tarixdə o, Keşlə qəsəbəsində olarkən kirayə qaldığı məhəllədən tanıdığı Asif adlı şəxsi görmüşdür. O, Asifdən təxminən bir ay əvvəl pul almış və qaytarmamışdır. Asif onu görən kimi ondan 400 manat borcu tələb etmişdir, lakin onun pulu olmadığı üçün özünə məxsus avtomobil ehtiyyat hissələrini pul əvəzində ona verməyi təklif etmişdir. Asif isə onunla razılaşmış və o yaşadığı evə gedərək oğurladığı əşyaları gətirərək Asifə vermişdir. O, Asifə həmin əşyaların özünə məxsus olduğunu biridirmiş və Asifə demişdir ki, onun 400 manat pulunu yaxın vaxtlarda qaytaranda həmin əşyaları geri götürəcəkdir. Bundan sonra isə 24 yanvar 2022-ci il tarixdə polis əməkdaşları onu yaxalamışdır. Polislərə hadisəni olduğu kimi etiraf etmişdir. Daha sonra əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, onunla barışdığını, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətlərinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC–nin nümayəndəsi - Nümayəndə oğlu ifadəsində göstərmişdir ki, “Dədəmin’' Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisidir. MMC müstəqil təsərrüfat subyekti kimi avtomobil təmiri ilə məşğul olur. Həmin avtoservisin ikinci mərtəbəsində onun ofisi vardır. 12.01.2022-ci il tarixdə ofisə gedərkən ofisin dağınıq olduğunu görmüş və ofisdən oğurluq olduğu ona məlum olmuşdur. O, Bakı şəhərində olmadığı üçün polisə həmin gün ərizə ilə müraciət edə bilməmiş, 20.01.2022-ci il tarixdə isə polis şöbəsinə gedərək baş vermiş oğurluq barəsində məlumat vermişdir. Qeyd etmişdir ki, təsisçisi olduğu "xxxx" MMC-nin ofisindən 01 ədəd qiyməti 500 manat olan “Nissan” markalı avtomobilin arxa stopu, 07 ədəd hər birinin qiyməti 10 manat olan ümumilikdə qiyməti 70 manat olan 1 litrlik “Şell” markalı avtomobil mator yağı, 01 ədəd sarı rəngli avtomobil diaqnostika aparatı, 01 ədəd MOST markalı boz rəngli avtomobilin diaqnostika aparatı oğurlanmışdır. Ümumilikdə MMC-nə 2570 manat maddi ziyan dəymişdir. Daha sonra təqsirləndirilən şəxslə barışdığını, dəymiş ziyanın tam ödənildiyini, ona qarşı tələb və şikayətinin olmamasını bildirərək bu barədə olan ərizəsini məhkəməyə təqdim etmiş və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq Şahid istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid ifadəsində göstərmişdir ki, hal-hazırda Kürdəxanı qəsəbəsində qəssab dükanında köməkçi kimi işləyərək ailəsini dolandırmışdır. O, Təqsirləndirilən şəxs yaşadığı Keşlə qəsəbəsindən tanımışdır. Belə ki, Şaiq Keşlə qəsəbəsində kirayədə yaşayır, anasının və atasının ondan imtina etdiyini və bu səbəbdən tək qaldığını bildirmişdir. O və məhəllədən digər şəxslər imkan olduqca Şaiqə çətinlik çəkməməsi üçün köməklik göstərmişdir. Bir müddət əvvəl Şaiq ona təcili olaraq pul lazım olduğunu deyərək ondan 400 manat borc pul almışdır. Bundan sonra isə o, Şaiqi tapa bilməmişdir. 17 yanvar 2022-ci il tarixdə təsadüfən o yaşadığı məhəllədə Şaiqi görmüş və ona olan borcunu Şaiqdən istəmişdir. Şaiq isə üstündə pulunun olmadığını, lakin özünə məxsus avtomobil ehtiyyat hissəsini pulun əvəzində ona verə biləcəyini bildirmişdiri. Həmçinin Şaiq ona bildirmişdir ki, həmin ehtiyyat hissəsini 400 manat pulun əvəzində ona verəcəkdir və pulunu qaytardıqda həmin ehtiyyat hissələrini o Şaiqə geri qaytaracaqdır. O, Şaiqlə razılaşmış və təxminən 20 dəqiqə sonra Şaiq bir ədəd avtomobilin arxa stop ehtiyyat hissəsini və iki ədəd avtomobil diaqnostika aparatını gətirərək ona vermişdir. Həmin əşyalar hal-hazırda ondadır və o, həmin əşyaları polisə təqdim edir. Verilən suallara cavab olaraq bildirmişdir ki, onun həmin əşyaların oğurluq olduğundan xəbəri olmamış, Təqsirləndirilən şəxs ona qohumunun yanında avtomobil təmiri yerində işlədiyini və həmin əşyaları isə işlədiyi pulun əvəzində ona verildiyini bildirmişdir. İş materialında olan 25 yanvar 2022-ci il tarixli baxış keçirilməsi və götürülməsi barədə protokoldan görünür ki, 01 ədəd üzərində markasına dair heç bir məlumat olmayan sarı rəngli avtomobil müayinə aparatı, 01 ədəd MOST markalı boz rəngli avtomobilin müayinə aparatı, 01 ədəd “Nissan” markalı avtomobilin arxa stop ehtiyyat hissəsi Şahid götürülmüşdür. İş materialında olan 25 yanvar 2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan məlum olur ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə iş üzrə əldə olunmuş 01 ədəd üzərində markasına dair heç bir məlumat olmayan sarı rəngli avtomobil müayinə aparatı, 01 ədəd MOST markalı boz rəngli avtomobilin müayinə aparatı, 01 ədəd “Nissan” markalı avtomobilin arxa stop ehtiyyat hissəsinə baxış keçirib əlamətlərindən tanıyaraq ona məxsus oğurlanmış əşyalar olduğunu bildirmişdir. İş materialında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 fevral 2022-ci il tarixli, 9/857 №-li rəyindən məlum olur ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti - 1 ədəd üzərində markasına dair heç bir məlumat olmayan sarı rəngli avtomobil diaqnostika aparatı - 150,00 manat; - 1ədəd “MOST” markalı boz rəngli avtomobil diaqnostika aparatı - 250,00 manat; və 1 ədəd “Nissan” markalı, Hindistan istehsallı avtomobilin arxa stop ehtiyyat hissəsi - 120,00 manat, umumi dəyərləri təxminən 520,00 manat müəyyən olunur. İş materialında olan 04 mart 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nə məxsus 01 ədəd üzərində markasına dair heç bir məlumat olmayan sarı rəngli avtomobil müayinə aparatı, 01 ədəd MOST markalı boz rəngli avtomobilin müayinə aparatı, 01 ədəd “Nissan” markalı avtomobilin arxa stop ehtiyyat hissəsi maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. İş materiallarında olan 24 yanvar 2022-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi 24 yanvar 2022-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan 26 yanvar 2022-ci il il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilmiş, həbsetmənin əvvəli 24 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 03.03.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC–nin nümayəndəsi - Nümayəndə oğlunun məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı tələb və şikayəti yoxdur, dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin səmimi etiraflı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar Təqsirləndirilən şəxs əməlində aşkar edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, səmimi etirafını, zərərin tam ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 03 (üç) ay 18 (on səkkiz) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Yardımlı rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə verilmiş 01 ədəd üzərində markasına dair heç bir məlumat olmayan sarı rəngli avtomobil müayinə aparatı, 01 ədəd MOST markalı boz rəngli avtomobilin müayinə aparatı, 01 ədəd “Nissan” markalı avtomobilin arxa stop ehtiyyat hissəsi hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin istifadəsinə verilmiş hesab edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 03 (üç) ay 18 (on səkkiz) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 07 (yeddi) ay 06 (altı) gün çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Yardımlı rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nə qaytarılmış 01 ədəd üzərində markasına dair heç bir məlumat olmayan sarı rəngli avtomobil müayinə aparatı, 01 ədəd MOST markalı boz rəngli avtomobilin müayinə aparatı, 01 ədəd “Nissan” markalı avtomobilin arxa stop ehtiyyat hissəsi hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinin istifadəsinə verilmiş hesab edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar