Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-185/2024 19.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci ildə Laçın rayonu, Zabux Ərazi Dairəsi, Qızılca kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Zabux Ərazi Dairəsi, Qızılca kəndində qeydiyyatda olmaqla, Ağcabədi rayonu, Qaradolaq kəndində yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə, təxminən saat 22 radələrində tanışı Zərərçəkmiş şəxs ilə ünvan 1 ünvanında şəxsi münasibətlərin gərginləşməsi zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən bir neçə dəfə yumruqla sonuncunun üz nahiyəsindən vurmaqla döyərək ona sağ çənə bucağının şişkinliyi halında əzilməsi, çeynəmə aktının pozulması, üst çənədə sağdan Vİİ dişin travmatik laxlaması, üst dodağın qansızması, alt dodağın səthi əzilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saat 05 radələrində Ağcabədi rayonundan taksiyə əyləşmiş və iş axtarmaq məqsədi ilə Bakı şəhərinə gəlmişdir. Həmin tarixdə müəyyən iş yerlərinə getmiş və iş tapa bilmədiyi üçün Bakı şəhəri, Xətai rayonu, Xətai metrosu yaxınlığından 2111 saylı taksi şirkətindən Ağcabədi rayonu, Qaradolaq kəndinə sifariş vermişdir. Həmin şirkətdən “Toyota Prius” markalı taksi gəlmiş və onunla yola düşmüşlər. Yolda söhbət əsnasında taksi sürücüsünün İmişli rayonundan olduğunu və adının Nicat olduğunu bilmişdir. Nicata o, bildirmişdir ki, sabah yəni xx.xx.2024-cü il tarixdə Bakı şəhərinə qayıdacaqdır. O, ona demişdir ki, özü də İmişli rayonuna gedəcək və sabah onu Ağcabədi rayonundan götürə bilər. Onun Nicatla normal münasibəti yaranmışdır. Hətta Ağcabədi rayonuna çatdıqda, Nicatdan borc olaraq 50 manat pul da istəmişdir. Ona Bakı şəhərinə qayıdan zaman həm aldığı 50 manat borc pulu, həmçinin də taksi sifarişinin pulunu verəcəyini demişdir. O, ona 50 manat pulu borc olaraq vermiş və sabah yəni xx.xx.2024cü il tarixdə gələcəyini bildirmişdir. O, pulu alıb taksidən düşmüş və evə getmişdir. Səhəri gün Nicatın dediyi vaxtda onunla Ağcabədi rayonu, Qaradolaq kəndinin girişində görüşmüşlər və onunla Bakı şəhərinə yollanmışlar. Yolda söhbət əsnasında onunla tam şəkildə tanış olmuş və Zərərçəkmiş şəxs olduğunu, uzun illərdir ki, taksi fəaliyyəti ilə məşğul olduğunu, özünün Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində qaldığını, evli olduğunu, himayəsində 2 uşağının olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 22 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrosu yaxınlığına çatdıqda, Nicat ondan pulunu istəmişdir. O isə ona dostu Turalın ona pul gətirəcəyini bildirdikdə, aralarında sözlə mübahisə baş vermiş və maşından aşağı düşmüşlər. Maşından düşdükdə, Nicat əli ilə sinə nahiyəsindən tutaraq, təcili pulu çatdırmağını bildirmişdir. O isə ona pulu olmadığını dedikdə, o, onun ünvanına nalayiq ifadə işlətmişdir. O da ona əsəbləşərək, yumruqla bir neçə dəfə Nicatın üz nahiyəsindən vurmaqla onu döymüşdür. Daha sonra Nicat ilə aralarında olan problemi həll etmək üçün sakit danışmışlar. Həmin vaxt anasına zəng vurmuşdur ki, rayondan ona pul göndərsin. Anası isə pulu olmadığını demişdir. O, yenidən Nicat ilə taksiyə əyləşmiş və o, ona bildirmişdir ki, onun Nizami rayon Polis İdarəsində tanışı olduğu üçün onu ora şikayət edəcək. O, Nicat ilə onun dediyi Bakı şəhəri, Nizami rayonu, Nizami rayon Polis İdarəsinə getmişlər. Ora çatdıqda, Nicatın başının qarışıq olmasından istifadə edərək, maşından düşüb qaçmışdır. Həmin vaxt telefonu Nicatın maşınında qalmışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 15 radələrində Bakı şəhəri Xətai rayon Polis İdarəsindən ona zəng gəlmiş və Nicatın ondan şikayətçi olduğunu bildirmişlər. Beləliklə o, əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini və sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirərək barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, özü 2111 “MAXİM” taksi şirkətində sürücü işləyir, idarə etdiyi “Toyota-Prius” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı maşındır. xx.xx.2024-cü il tarixdə işdə olan zaman şirkətdən ona sifariş gəlmişdir. Həmin sifarişdə Xətai metrosu yaxınlığından Ağcabədi rayonuna qeyd edilmişdir. O, həmin sifarişi qəbul etmiş və verilən sifariş ilə telefon əlaqəsi saxlamışdır. Həmin şəxsi Xətai metrosu yaxınlığından götürmüş və onunla Ağcabədi rayonuna yola düşmüşlər. Yol boyu həmin şəxs ilə söhbət etmişlər, onun adının Azər olduğunu, əslən Laçın şəhərindən olduğunu, valideynlərinin isə Ağcabədi rayonunda qaldığını, özünün subay olduğunu ona bildirmişdir. Yol boyu onunla söhbət etdikdə, Azərin yaxşı biri olduğunu anlamışdır. Ondan Bakı şəhərinə nə üçün gəldiyini soruşduqda, o, iş axtarmaq məqsədi ilə Bakı şəhərinə gəldiyini demişdir. O, Azərə öz mobil nömrəsini telefonunda qeyd etməsini xahiş etmişdir. Ona nə vaxt Bakı şəhərinə gələrsə, qulluğunda duracağı barədə vədd vermişdir. Azər ilə Ağcabədi rayonuna çatdıqda, o, ondan 50 (əlli) manat borca pul istəmişdir. O, Azərə həmin məbləği borc olaraq vermişdir. Daha sonra Azər ona bildirmişdir ki, sabah yəni xx.xx.2024-cü il tarixdə yenidən iş ilə bağlı Bakı şəhərinə qayıdacaq. O isə Azərə demişdir ki, özü İmişli rayonuna valideynlərini görmək üçün gedəcək, sabah yəni xx.xx.2024-cü il tarixdə onu yenidən Ağcabədi rayonundan götürəcək. O, Azəri düşürdüb, İmişli rayonuna getmişdir. Səhəri gün Azərə zəng vurmuşdur ki, o, artıq yola çıxmışdır və onu götürməyə gəlir. xx.xx.2024-cü il tarixdə təxminən saat 11 radələrində o, Azəri Ağcabədi rayonundan götürüb, Bakıya yola düşmüşlər. Onunla yenə də yolda şirin söhbət əsnasında bir-birilərinin ailə üzvləri barədə həm söhbət olmuşlar. O, Azərə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində qaldığını, evli olduğunu və 2 övladı olduğunu bildirmişdir. Azər atasının adının Şahin olduğunu və soyadının Nuruyev olduğunu bildirmişdir. O, Azərin səmimi biri olduğunu və ona iş tapmaqda köməklik göstərəcəyini demişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 22 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrosu yaxınlığına çatdıqda, o, Azərdən yol pulu haqqını tələb etmişdir. Azər isə ona dostu Turalın ona pul gətirəcəyini bildirdikdə, aralarında sözlə mübahisə baş vermiş və maşından aşağı düşmüşlər. Maşından düşdükdə, o, əli ilə Azərin sinə nahiyəsindən tutaraq, təcili pulu çatdırmağını bildirmişdir. Azər isə pulu olmadığını dedikdə, o, onun ünvanına nalayiq ifadə işlətmişdir ki, pulunu tapıp versin. Azər isə ona əsəbləşərək, yumruqla bir neçə dəfə üz nahiyəsindən vurmaqla onu döymüşdür. Daha sonra Azər ilə aralarında olan problemi həll etmək üçün sakit danışmışlar. Həmin vaxt Azər anasına zəng vurmuşdur ki, rayondan ona pul göndərsin. Anası isə pulu olmadığını demiş və telefon danışığına son qoymuşdur. Azər yenidən onunla maşına əyləşmiş və ona bildirmişdir ki, Nizami rayon Polis İdarəsində tanışı var, pulu ancaq onun vasitəsi ilə alacaq. O, Azər ilə dediyi Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən, Nizami rayon Polis İdarəsinə getmişlər. Ora çatdıqda Azər onun başının qarışıq olmasından istifadə edərək, maşından düşüb qaçmışdır. Həmin vaxt Azərin mobil telefonlarından biri onun maşınında qalmışdır. Bir müddət gözləmişdir ki, bəlkə Azər pulu tapıb gətirər. Lakin Azərdən heç bir xəbər çıxmadığını görüb, xx.xx.2024cü il tarixdə, saat 00:22-də DİN-in 102 xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında 11 fevral 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanına baxış keçirilmiş, Zərərçəkmiş şəxs hadisənin təfərruatlarını hadisə yerində bir daha göstərmişdir və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 14-16); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X1 12 fevral 2024-cü il tarixli, 159 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ çənə bucağının şişkinliyi halında əzilməsi, çeynəmə aktının pozulması, üst çənədə sağdan Vİİ dişin travmatik laxlaması, üst dodağın qansızması, alt dodağın səthi əzilmiş yarası müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2024-cü il tarixdə kənar şəxslər tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına görə özü-özünə yetirməsi inkar olunur (i.v. 17-18); zərərçəkmiş şəxs qismində tanınma haqqında 16 fevral 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 19); 19 fevral 2024-cü il tarixli üzlədirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs təhqiqat zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 68-69); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 22 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nizami RPİ-də Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işinin icraatına xx.xx.2023-cü ildə CPM-nin 40.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla CM-nin 73-1.1-ci maddəsinə əsasən xitam verilmişdir (i.v. 70-71); sadələşdirilmiş icraat materialının araşdırılması ilə əlaqədar sübutların qiymətləndirilməsi haqqında 24 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkib əlamətləri təsdiq olunmadığından, həmin xüsusat üzrə barəsində cinayət işinin başlanması rədd edilmişdir, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair açılmış məhkəməyədək sadələşdirilmiş icraat materialının araşdırılmasının davam etdirilməsi, Zərərçəkmiş şəxs ifadəsinin, üzləşdirmə protokolunun, xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış protokolunun, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” X2 Xətai rayon şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli, 159 saylı ekspert rəyinin sübut növü kimi qiymətləndirilməsi qərara alınmış, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs məxsus “Samsung A10” markalı mobil telefon Zərərçəkmiş şəxs tərəfindən qaytarılmışdır (i.v. 75-80); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini qeyd edərək onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə qeyd edir ki, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallarda olan izahatlar, ekspertiza rəyi, o cümlədən məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadənin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinin cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə ilə bağlı müddəasının şərh edilməsinə dair” 28 dekabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Beləliklə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CM-nin 73-1.1-ci maddəsinə əsasən xitam verildiyindən o yenidən cinayət məsuliyyətindən azad edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxs ilə barışmasını, ona dəymiş ziyanı ödəməsini CM-nin 59-cu maddəsinə əsasən nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həlledir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 (min) manat miqdarında cərimə cəzası təyin edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-185/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-185/2024
19.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver