Məhkəmə qərarları › İş №1(011)-186/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-186/2025

03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-186/2025 03.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1996-cı ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvəvllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir bükümdə təmiz çəkisi 0.880 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPi-nin 34-cı PŞ-nin əməkdaşları tərəfindən 20 yanvar 2025-ci il tarixdə saat 15:33də keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanında saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zaman əynindəki tünd göy rəngli cins şalvarının sağ yan balaca cibindən bir ədəd şəffaf sellofan kəsiyi bükümdə təmiz çəkisi 0.880 qram ağ rəngli, kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 yanvar 2025-ci il tarixdə nahardan sonra Bakı şəhəri, Binəqədi rayonu 6-cı mikrorayonda tanımadığı şəxsdən 180 manata bir ədəd sellofan kəsiyi bükümündə 2 qram çəkidə «patı» kimi tanıdığı psixotrop maddə metamfetamin alaraq bir hissəsini istifadə etmiş, qalan hissəsini isə sonra istifadə etməsi üçün əynindəki göy rəngli cins şalvarının sağ balaca cibində saxlamış. 20 yanvar 2025-ci il tarixdə saat 15:33-də Bakı şəhəri Xətai rayonu M.Rüstəmov küçəsində piyada hərəkətdə olduğu zaman iki nəfər mülki geyimli şəxs onu saxlamış, digər bir nəfər şəxs isə mobil telefonla çəkliş aparmış, həmin şəxslər özlərini təqdim edərək Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları olduqlarını bildirmiş, sonra üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya vardırsa könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmiş, bundan sonra əynindəki tünd göy rəngli cins şalvarın sağ yan balaca cibindən saxladığı bir ədəd şəffaf sellofan bükümündə olan psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin psixotrop maddə olan metamfetamini 17 yanvar 2025-ci il tarixdə nahardan sonra Bakı şəhəri, Binəqədi rayonu 6-cı mikrorayonda tanımadığı şəxsdən 180 manata aldığını bildirmiş, sonra üzərində yoxlama davam etdirilmiş, bundan sonra əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən çıxartdığı bir ədəd «Vinçester» markalı siqaret qutusunu və bir ədəd alışqanı təqdim etmiş, əynindəki gödəkçənin iç cibindən kağız parçası, şəxsiyyət vəsiqəsi, bank kartı, iyirmi qəpik və bir manat pul, iki ədəd mobil nömrə aşkar olunaraq götürülmüşdür. Psixotrop maddə və narkotik vasitə istifadəçisi olsa da heç vaxt və heç kimə narkotik vasitə və ya psixotrop maddə satmamış, polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə baxış keçirilərkən və Xətai RPİ-nin 34-cü PŞ-nə aparılan zaman ona heç bir psixi və ya fiziki zor tətbiq edilməmişdir. Eyni zamanda, əməlindən səmimi peşmançılıq çəkdiyini və bir daha belə hallara yol verməyəcəyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 20 yanvar 2025-ci il tarixdə şöbəyə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qansuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, dərhal bu barədə şöbə rəisinə məruzə etmiş, sonra özünün rəhbərliyi ilə Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmiş və dərhal əməliyyat-axtarış tədbirlərinin icrasına başlamışdır. 20 yanvar 2025-ci il tarixdə saat 15:33-də Təqsirləndirilən şəxs Xətai rayonu, M.Rüstəmov küçəsi 4/6 ünvanın qarşısında olduğunu müəyyən edərək orada saxlayıb özlərini Təqsirləndirilən şəxs təqdim etmiş və Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları olduqlarını bildirmiş, sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və onun üzərində yoxlama keçirilməsi zərurəti yarandığını izah etmiş, baxış keçirilməsinə başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşya, vasitə və ya predmet varsa təqdim etməsini təklif etmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan balaca cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, təqdim etdiyi sellofan bükümün içində psixotrop maddə metamfetamin olmasını bildirmiş, bundan sonra əynindəki qara rəngli gödəkçənin sol yan cibindən çıxartdığı bir ədəd «Vinçester» markalı siqaret qutusunu, bir ədəd alışqanı təqdim etmiş, sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və əynindəki gödəkçənin iç cibindən kağız parçası, şəxsiyyət vəsəqəsi, bank kartı, iyirmi qəpik və bir manat pul, iki ədəd mobil nömrə aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddəni tanımadığı şəxsdən aldığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlədən başqa heç bir qanunsuz əşya aşkar olunmamış, sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir büküm kütlə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilərək çəkisinin 1,05 qram olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilimiş bir ədəd şəffaf sellofana bükülmüş, kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar kütlə bir ədəd ağ rəngli boş zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş və möhürlənmiş zərfin üzəri protokolla birlikdə imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanması, üzərində yoxlana keçirilməsi, üzərindən bir ədəd sellofana bükülmüş psixotrop maddə metamfetaminə oxşar kütlənin aşkar edilb götürülməsi əməliyyat müvəkkili polis leytenantı Şahid3 tərəfindən mobil telefon vasitəsi ilə videoçəkiliş aparılaraq bir ədəd DVD diskə köçürülüb araşdırma materiallarına əlavə olunmuş, bütün bunlardan sonra Təqsirləndirilən şəxs Xətai RPi-nin 34-cü PŞ-nin inzibati binasına gətirilərək təhqiqat şöbəsinə təqdim olunmuş, Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən, üzərində yoxlama aparılarkən və Xətai RPi-nin 34-cü PŞ-nə gətirilən zaman ona heç bir psixi və ya fiziki zor tətbiq edilməmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid2 və Şahid3 digər Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiqləyərək onunla oxşar məzmunlu ifadə vermişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 21 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır (i.v. 01); şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsinə dair 20 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngdə olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə ağ rəngli kristal şəkilli spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddəni təqdim etdi. Sonra kristal şəkilli narkotik vasitəyə bənzəyən maddə elektron tərəzidə çəkilir, çəkisi 1.05 qram olması müəyyən edilir həmin kütlə qablaşdırıldı, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalandı və götürüldü. Daha sonra şəxsin üzəri yoxlanıldı, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinmədi. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş psixotrop maddə metamfetaminə bənzər kütləni tanımadığı şəxsdən əldə etdiyini və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Protoloka 1 (bir) ədəd bir bank hesab kartı, 1 manat 55 qəpik, 1 (bir) ədəd Winchester markalı siqaret qutusu və 2 ədəd Sim nömrə əlavə olundu. Protoloka 01 (bir) ədəd DVD-R disk əlavə olundu (i.v. 11-13); təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında 20 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan zərfdə qablaşdırılmış 1 ədəd şəffaf sellofan bükümdə tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddə aşkar olundu və "Çin" istehsallı elektron tərəzidə çəkilərək çəkisinin qablaşdırma ilə birlikdə 1.05 qram olduğu müəyyən edilmiş, daha sonra 1 ədəd "İphone 12 Pro" markalı mobil telefonda baxış keçirildi. Mobil telefonda olan görüntülərdə təhqiqata təqdim olunan psixotrop maddəyə bənzər kütlə aşkar olunmuşdur. Protokola 1 ədəd "İphone 12Pro" markalı mobil telefon əlavə olundu. Protoloka 01 (bir) ədəd DVD-R disk əlavə olundu (i.v. 15-16); şübhəli şəxsin tutulması haqqında 20 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:25-də CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 26); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/274 nömrəli 21 yanvar 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs (imza)..." sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,880 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"-in siyahısına (Siyahı İ) daxildir (i.v. 39-42); “DVD-R” diskə baxış keçirilməsi haqqında 21 yanvar 2025-ci il tarixli protokollardan görünür ki, iki ədəd “DVD-R” diskdə olan görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 20 yanvar 2025-ci il tarixli protokolara uyğun olmuşdur (i.v. 52-55); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 22 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 59-60); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 22 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, saxlanıldığı Xətai RPİnin MSY-dən dərhal azad edilmişdir (i.v. 79-80); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 22 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 81-82); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 92); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ tərəfindən verilmiş 01 fevral 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır (i.v. 93); Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 20 fevral 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (i.v. 109); doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü X2 adlı övladı vardır (i.v. 111); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsinin xx.xx.2025-ci il tarixli 599 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorın qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 114-115); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 01 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə, diskə baxış haqqında protokollar, 01 ədəd “DVD” disk, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.880 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.830 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (i.v. 117-124). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0.880 qram olan psixotrop maddə metamfetamin istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM 59.2), himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını (CM 59.1.4) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 20 yanvar 2025-ci il tarixdən 22 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.880 qram (tədqiqata 0.050 qram sərf edildikdən, sonra qalıq çəkisi 0.830 qram) psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 (iki) ədəd “DVD-R” disk iş materiallarında saxlanılmalı (CPM-132), 81 (səksən bir) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 yanvar 2025-ci il tarixdən 22 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, G.Əsgərova küçəsi, ev 111 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.830 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış yoxlama və götürməni əks etdirən 01 (bir) ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar