Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-187/2022 26.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, Goranboy rayonu, Dəyirmanlar ərazi dairəsi, Dəyirmanlar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 1,181 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlayaraq daşımış, 14 yanvar 2022-ci il tarixdə saat 08:40-da Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanının yaxınlığında şübhəli şəxs kimi saxlanılaraq ünvan 3 ünvanda yerləşən Xətai RPİ-nin 35-ci PB-nə gətirilib, PB-də xidməti otaqların birində üzərində müdafiəçinin iştirakı və video çəkilişlə şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 1,181 qram tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 1,268 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlayaraq daşımış, 14 fevral 2022-ci il tarixdə saat 17:30-da Bakı şəhəri, Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən ünvan 5 ünvanının yaxınlığında şübhəli şəxs kimi saxlanılaraq ünvan 6da yerləşən Xətai RPİ-nin 35-ci PB-nə gətirilib, PBdə xidməti otaqların birində üzərində müdafiəçinin iştirakı və video çəkilişlə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 1,268 qram tünd-qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək,istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, təxminən 1 ilə yaxındır ki, narkotik maddə heroindən istifadə edir. 14 yanvar 2022-ci il tarixdə saat 07 radələrində yaşadığı ünvandan çıxaraq Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Ukrayna” dairəsi adlanan ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan üzdən tanıdığı lakin, anket məlumatlarını bilmədiyi şəxsi görmüş və sonuncudan 30 manatlıq heron almışdır. Həmin heroinin bir hissəsini çəkmiş. qalanını isə cibinə qoyaraq yaşadığı ünvan istiqamətində yola düşmüşdür. Təxminən bir neçə dəqiqə piyada hərəkət etdikdən sonra yaşadığı Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsində olan zaman mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq onu şübhəli şəxs kimi polis bölməsinə dəvət etmişlər. Polis bölməsində olan zaman ona hüquq və vəzifələri izah edilmiş, eyni zamanda müdafiəçi ilə təmin olunduqdan sonra ona üzərində hər hansı qeyri-qanuni əşya və ya maddə varsa təqdim etməyi təklif edilmişdir. Həmin vaxt o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan bir bükümdə narkotik vasitə olan heroini çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. O, Xətai RPİ-nin MSY-dən azad olunduqdan sonra yaşadığı ünvana getmişdir. Daha sonra 14 fevral 2022-ci il tarixdə saat 16 radələrində yaşadığı ünvandan çıxaraq Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Ukrayna” dairəsi adlanan ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan, üzdən tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi, sadəcə olaraq adını Qarabala kimi qeyd edən şəxsi görmüş və sonuncudan 30 manatlıq heroin almışdır. Həmin heroinin bir hissəsini çəkmişdir. Qalanını isə cibinə qoymuşdur. Sonra isə bir qədər Xətai rayonu ərazisində gəzdikdən sonra yaşadığı ünvan istiqamətində hərəkətə başlamışdır. Təxminən bir neçə dəqiqə piyada hərəkət etdikdən sonra yaşadığı Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsində olan zaman mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq onu PB-nə dəvət etmişlər. Polis bölməsində olan zaman ona hüquq və vəzifələrini izah ediləndən, eyni zamanda müdafiəçi ilə təmin olunduqdan sonra ona üzərində hər hansı qeyri-qanuni əşya və ya maddə varsa təqdim etməyi təklif edilmişdir. Həmin vaxt o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı bir bükümdə narkotik vasitə olan heroini çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Son sözündə əməlindən peşman olduğunu, himayəsində iki uşağının olmasını və ilk məhkumluğunu nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 35-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Xətai RPİ-nin 35-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Sonra o və Qalib birlikdə məlumat əsasında saat 08:40 radələrində ünvan 10 ünvanının yaxınlığına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Rasimin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü xx xxxx 1984-cü ildə Goranboy rayonunda anadan olmuş, ünvan 11 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Rasimə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu saxlayaraq Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. Rasimi PB-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı İlahi Heydərova təhvil vermişlər. İlahi Heydərov da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Rasimə üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə olan heroin olmasını, həmin heroini 14.01.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsinin yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Rasimin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, 14 fevral 2022-ci il tarixdə yenidən Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Xətai RPİ-nin 35-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. O və Yəhya birlikdə məlumat əsasında saat 17:30 radələrində ünvan 10 ünvanının yaxınlığına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Rasimin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələri göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Rasimə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu saxlayaraq Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. Rasimi PB-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Uğur Məmmədova təhvil vermişlər. Uğur Məmmədov da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Rasimə üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli idman şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə olan heroin olmasını, həmin heroini 14.02.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsinin yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Rasimin üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan maddənin qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Rasim tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsi Şahid1 ifadəsi ilə oxşar məzmunda olmuş və heç bir ziddiyyət təşkil etməmişdir. Məhkəmə istintaq zamanı Şahid3 istintaqda verdiyi ifadə elan edilərək tədqiq edilmiş, onun ifadəsi Şahid1 ifadəsinə oxşar olmuşdur. Bununla da cinayət işinin yuxarıda göstərilən xüsusatları bir daha təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında Xətai RPİ-nin 35-ci PB-nin baş təhqiqatçısı İlahi Heydərovun tərtib etdiyi 14.01.2022-ci il tarixli protokoldan hörünür ki, 14 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 35-ci PB-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli bükümdə olan maddəni cibindən çıxardıb təqdim edərək həmin maddənin heroin olduğunu və istifadəsi üçün 30 manata aldığını bildirir. Maddə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır Keçirilmiş istintaq hərəkəti videoçəkilişlə aparılmış və çəkilişi əks etdirən daşıyıcı protokola əlavə edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntüləri əks etdirən DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 14.01.2022-ci il tarixli, 6/250 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,181 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (tədqiqatdan sonra qalıq – 1.131 qr). İş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı Uğur Məmmədovun tərtib etdiyi 14.02.2022-ci il tarixli protokoldan müəyyən edilir ki, 14 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 35-ci PB-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən cibindən aşkar olunmuş 01 ədəd şəffaf rəngli bükümdə olan maddə aşkar edilmişdir. Maddə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Keçirilmiş istintaq hərəkəti videoçəkilişlə aparılmış və çəkilişi əks etdirən daşıyıcı protokola əlavə edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntüləri əks etdirən DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 15.02.2022-ci il tarixli, 6/926 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 154” dairəvi möhür əksi “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə.......” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 1,268 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (tədqiqatdan sonra qalıq – 1.218 qr). İş materiallarına əlavə edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 mart 2022-ci il tarixli 1149 saylı rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu-narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 14 mart 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 02 ədəd disk və sonuncunun üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq qalan 1,131 qram və 1,218 qram çəkidə narkotik vasitə olan heroinlər maddi sübut qismində tanınmış və saxlanılması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan (iş vərəqi 75) 14 yanvar 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan (iş vərəqi 121-122) 15.01.2022-ci il tarixli Bakı şəhər Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən qəbul edilmiş qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, MSY-dən dərhal azad edilmişdir. İş materiallarında olan (iş vərəqi 22) 14 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan (iş vərəqi 146-149) 16.02.2022-ci il tarixli Bakı şəhər Xətai Rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 14 fevral 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan (iş vərəqi 166-167) Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04.03.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 16.04.2007-ci il təvəllüdlü Eltac Məmmədov və 03.10.2005-ci il təvəllüdlü Eltun Məmmədov adlı iki azyaşlı uşağı var. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin etirafı, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, şəxsi axtarış və götürmə protokolları digər iş materialları ilə onun istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib özündə saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin residivini, xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hal kimi ilk məhkumluğu və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal hesab edilir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin təkrar törətməsini cəzanı ağırlaşdıran hall kimi müəyyən etmişdir. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Göstərilənləri əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 (bir) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq o, hazırki hökmlə təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir və cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 14 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinin ruhundan görünür ki, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən suiistifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,131 qram narkotik vasitə heroin və 1,218 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 02 ədəd DVD disk maddi sübut kimi tanındığından iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri – 169 (yüz altmış doqquz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 (bir) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin saxlancında saxlanılan və keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,131 qram heroin və 1,218 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılan zaman video çəkilişi əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 169 (yüz altmış doqquz) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-187/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-187/2022
26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver