Məhkəmə qərarları › İş №1(011)-188/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-188/2025

02.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-188/2025 02.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Şıxlar Ə/D, Şıxlar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,452 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 12 yanvar 2025-ci il tarixdə, saat 01:01-də Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılıb videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,452 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə aydır ki, narkotik vasitələr və psixotrop maddələrdən çəkmək yolu ilə istifadə etmişdir. Narkotik vasitə və psixotrop maddələri tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almışdır. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində ünvanı dəqiq xatırlmadığı yerdə olan zaman anket məlumatlarını bilmədiyi xarici görünüşcə təxminən 30 yaşlarında, orta boylu, arıq, seyrək saçlı, üzü saqqallı şəxslə təsadüfən rastlaşıb həmsöhbət olmuşdur. Söhbət əsnasında ara sıra narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini bildirib ağrıları olduğundan psixotrop maddə metamfetamin əldə etmək istədiyini demişdir. Həmin şəxs özü də uzun illərdir narkotik vasitə və psixotrop maddələrin alüdəçisi olduğunu bildirib, ona psixotrop maddə metamfetamin verə biləcəyini bildirərək, cibindən bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamini çıxarıb ona vermişdir. O da həmin bükümü əynindəki qara rəngli gödəkçənin sağ yan cibinə qoyub oradan uzaqlaşmışdır. 12 yanvar 2025-ci il tarixdə, saat 01:01-də üzərində olan psixotrop maddə metamfetamini istifadə etmək üçün gizlin yer axtararkən ünvan 2 ünvanının qarşısında piyada hərəkətdə olan zaman ona biri qarşı tərəfdən və digəri arxa tərəfdən yaxınlaşan mülki geyimdə olan iki şəxs hər iki qolundan tutub saxlamaqla digər, yəni mülki geyimli əlində telefonun kamerası ilə onun saxlanılmasını çəkən üçüncü şəxsə doğru çevirib özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları ona hüquqlarını izah etməklə üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşya predmet varsa təqdim etməyini təklif etmişlər. O da əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən içərisində siqaretlərin olduğu “Winchester” markalı siqaret qutusunu və alışqanı, həmin şalvarın sol yan cibindən istifadəsində olan içərisində 055 ***-**-** saylı mobil nömrəli qara rəngli “Redmi” markalı mobil telefonu və əynindəki qara rəngli gödəkçənin sağ yan cibindəki bir ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümün içərisində nə olduğunu soruşduqda “patı” kimi tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Təqdim etdiyi büküm elektron tərəzidə çəkilərkən çəkisinin qablaşdırma ilə birlikdə 0,61 qram olması müəyyən edilmişdir. Polis əməkdaşları təqdim etdiyi içərisində metamfetamin olan bükümü zərfə qoyaraq qablaşdırmış, o və polis əməkdaşları tərəfindən zərfin üzəri imzalandıqdan sonra möhürlənmişdir. Bundan sonra polis əməkdaşları onu Xətai RPİ-nin 35-ci PB-nə aparmışlar. Polis bölməsində olan zaman barəsində araşdırma aparan təhqiqatçı tərəfindən üzərindən aşkar edilmiş büküm zərfdən çıxarılmış, baxış keçirildikdən sonra yenidən zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra hüquqlarının müdafiə olunması üçün polis şöbəsinə davət olunmuş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Narkotik vasitə və psixotrop maddələrdən istifadə etsə də, heç vaxt narkotik vasitə və ya psixotrop maddə satmamış və ya pay olaraq verməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis şöbəsinə olarkən ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, əvvəlki məhkəmə iclaslarında cinayət məsuliyyətindən yayınmaq və özünü müdafiə etmək üçün psixotrop maddənin ona məxsus olmadığını bildirərək təqsirini etiraf etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Aqil adlı şəxsin Bakı şəhəri, Xətai rayonu, Zeytun ərazisində psixotrop maddələrin, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Şöbə rəhbərliyinin göstərişindən sonra əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi ona, Şahid3 və Şahid1 həvalə edilmişdir. Bundan sonra Şahid1 və Şahid3la birlikdə 12 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, ünvan 4 ünvanında əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Aqil adlı şəxsin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim edərək, həmin şəxsdən də özünü təqdim etmələrini istəmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra ona şübhəli olduğunu bildirərək, üzərində şəxsi axtarış keçirilməsi zərurəti yarandığından videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş, narkotik vasitə, psixotrop maddə və ya əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən içərisində siqaretlər olan bir qutu “Vincester” markalı siqaret qutusunu, bir ədəd qaz alışqanını, sol yan cibindən üzərində ***-***-**-** mobil nömrə olan “Samsung” markalı olduğunu bildirdiyi mobil telefonu, əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən içərisində ağ rəngli kristallardan ibarət maddə olan bir ədəd şəffaf sellofan bükümünü çıxararaq təqdim etmişdir. Həmin bükümdəki kütlənin nə olması, nə vaxt, hansı məqsədlə əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, 11 yanvar 2025-ci il tarixdə NZS adlanan ərazidə özünün şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olan şəffaf sellofan bükümü elektron tərəzidə çəkildikdə çəkisinin qablaşdırması ilə birlikdə 0,61 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş həmin büküm bir ədəd kağız zərfə qoyularaq möhürləndikdən sonra, Təqsirləndirilən şəxs özü və onlar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs 35-ci PB-nə aparılmış, PBnə gətirilməsi barədə PB-nin rəhbərliyinə yazılı raportla müraciət etmişlər. Göstərişə əsasən Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması üçün təhqiqatçı, polis polkovnik-leytenantı Məmmədağa Əhmədova təhvil verilmişdir. Eləcə də Təqsirləndirilən şəxs götürülmüş içərisində ağ rəngli kristallardan ibarət kütlə olan bir ədəd şəffaf sellofan bükümü olan bir ədəd zərf, 01 ədəd qaz alışqanı, içərisində siqaretlər olan bir qutu “Vincester” markalı siqaret qutusu, üzərində ***-***-**-** mobil nömrə olan mobil telefon, içərisində Təqsirləndirilən şəxs saxlanılması və üzərinə şəxsi axtarış keçirilməsi görüntüləri olan bir ədəd DVD-R disk də təhqiqatçıya təqdim edilmişdir. Təqdim edilmiş bir ədəd zərf təhqiqatçı tərəfindən açılıb, içərisində ağ rəngli kristallardan ibarət olan şəffar sellofan bükümü çıxarılaraq bir daha təhqiqatçı tərəfindən nəzərdən keçirilərək, bükümdə olan ağ rəngli kristallardan ibarət kütlənin nə olması, nə vaxt, haradan, nə məqsədlə əldə edildiyi Təqsirləndirilən şəxs soruşulduqda, o, həmin bükümdə olan kütlənin psixotrop maddə-metamfetamin olduğunu, 11 yanvar 2025-ci il tarixdə, NZS adlanan ərazidən özünün istifadəsi üçün aldığını bildirmişdir. Təqdim edilmiş bir ədəd mobil telefon nəzərdən keçirildikdə həmin mobil telefonun “Redmi” markalı olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs ondan götürülmüş həmin mobil telefonun həqiqətəndə “Redmi” markalı olduğunu, saxlanılarkən həyəcanlı olduğundan markasını səhvən “Samsung” olaraq göstərdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş içərisində siqaretlər olan bir ədəd siqaret qutusu və bir ədəd qaz alışqanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qaytarılmışdır. İçərisində ağ rəngli kristallardan ibarət kütlə olan büküm isə yenidən zərfə qoyularaq zərfin üzəri möhürlənmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər hansı bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPl-nin 35-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiqləyərək onunla eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 35-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı rütbəsindədir. Aqil adlı şəxsin Bakı şəhəri, Xətai rayonu, Zeytun ərazisində psixotrop maddələrin, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə şöbənin rəhbərliyinə məruzə edilmişdir. Şöbə rəhbərliyinin göstərişindən sonra Aqil adlı şəxsin cinayət əməlinin ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi ona, Xətai RPİ-nin 35-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və əməliyyat müvəkkili, polis leytenantı Şahid2 həvalə edilmişdir. Bundan sonra Şahid1 və Şahid3la birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında 12 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, ünvan 4 ünvanında əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Aqil adlı şəxsin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim edərək, həmin şəxsdən də özünü təqdim etmələrini istəmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra ona psixotrop maddələrin və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində şəxsi axtarış keçirilməsi zərurəti yarandığından videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə ona üzərində qanunsuz olaraq əldə edilmiş, narkotik vasitə, psixotrop maddə və ya əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən içərisində siqaretlər olan bir qutu “Vincester” markalı siqaret qutusunu, bir ədəd qaz alışqanını, sol yan cibindən üzərində ***-***-**-** mobil nömrə olan “Samsung” markalı olduğunu bildirdiyi mobil telefonu, əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən içərisində ağ rəngli kristallardan ibarət maddə olan bir ədəd şəffaf sellofan bükümünü çıxararaq təqdim etmişdir. Həmin bükümdəki kütlənin nə olması, nə vaxt, hansı məqsədlə əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, 11 yanvar 2025-ci il tarixdə NZS adlanan ərazidə özünün şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olan şəffaf sellofan bükümü elektron tərəzidə çəkildikdə çəkisinin qablaşdırması ilə birlikdə 0,61 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş həmin büküm bir ədəd kağız zərfə qoyularaq zərfin üzəri Azərbaycan Respublikası DİN-nin Zərflər üçün №154 nömrəli möhürü ilə möhürləndikdən sonra, Təqsirləndirilən şəxs özü və onlar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs Xətai RPİ-nin 35-ci PB-nə aparılmış, PB-nə gətirilməsi barədə PB-nin rəhbərliyinə yazılı raportla müraciət etmişlər. Göstərişə əsasən Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması üçün təhqiqatçı, polis polkovnik-leytenantı Məmmədağa Əhmədova təhvil verilmişdir. Eləcə də Təqsirləndirilən şəxs götürülmüş içərisində ağ rəngli kristallardan ibarət kütlə olan bir ədəd şəffaf sellofan bükümü olan bir ədəd zərf, 01 ədəd qaz alışqanı, içərisində siqaretlər olan bir qutu “Vincester” markalı siqaret qutusu, üzərində ***-***-**-** mobil nömrə olan mobil telefon, içərisində Təqsirləndirilən şəxs saxlanılması və üzərinə şəxsi axtarış keçirilməsi görüntüləri olan bir ədəd DVD-R disk də təhqiqatçıya təqdim edilmişdir. Təqdim edilmiş bir ədəd zərf təhqiqatçı tərəfindən açılıb, içərisində ağ rəngli kristallardan ibarət olan şəffar sellofan bükümü çıxarılaraq bir daha təhqiqatçı tərəfindən nəzərdən keçirilərək, bükümdə olan ağ rəngli kristallardan ibarət kütlənin nə olması, nə vaxt, haradan, nə məqsədlə əldə edildiyi Təqsirləndirilən şəxs soruşulduqda, o, həmin bükümdə olan kütlənin psixotrop maddə-metamfetamin olduğunu, 11 yanvar 2025ci il tarixdə, NZS adlanan ərazidən özünün istifadəsi üçün aldığını bildirmişdir. Təqdim edilmiş bir ədəd mobil telefon nəzərdən keçirildikdə həmin mobil telefonun “Redmi” markalı olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs ondan götürülmüş həmin mobil telefonun həqiqətəndə “Redmi” markalı olduğunu, saxlanılarkən həyəcanlı olduğundan markasını səhvən “Samsung” olaraq göstərdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş içərisində siqaretlər olan bir ədəd siqaret qutusu və bir ədəd qaz alışqanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qaytarılmışdır. İçərisində ağ rəngli kristallardan ibarət kütlə olan büküm isə yenidən zərfə qoyularaq zərfin üzəri möhürlənmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, 35-ci PŞ-nə gətirilərkən və üzərində şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 12 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır (i.v. 1); əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair 12 yanvar 2025-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən içərisində siqaretlər “Vincester” markalı siqaret qutusunu, 01 ədəd alışqanı və həmin şalvarın sol yan cibindən 01 ədəd üzərində ***-***-**-** nömrə olan “Samsung” markalı mobil telefon və qara rəngli gödəkçəsinin sağ yan cibindən içərisində kristal şəkilli maddələr olan 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəkinin “patı” olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə Xətai rayonu, NZS qəsəbəsində üzdən tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 0,61 qram olması müəyyən edilmişdir. Daha sonra həmin kütlə qablaşdırılmış, həmin qablaşdırmanın üzəri saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmış, həmçinin telefon, siqaret və alışqan götürülmüşdür. Üstünü yoxlama ünvan 2 ünvanında keçirilmişdir (i.v. 9-10); təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 12 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan 01 ədəd zərfə baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd zərfdə şəffaf sellofanda kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Sonra həmin zərf yenidən qablaşdırılıb möhürlənmişdir. Sonra siqaret və alışqan sübut əhəmiyyət kəsb etmədiyindən şübhəli şəxsə qaytarılmış, kütlə və mobil telefon isə götürülmüşdür (i.v. 16-18); şübhəli şəxsin tutulması haqqında 12 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:01 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 27-28); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/129 nömrəli, 12 yanvar 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.452 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir (i.v. 40-43); diskdə olan videoyazıya baxış keçirilməsi haqqında 12 yanvar 2025-ci il tarixli protokollardan görünür ki, disklərdə olan həmin görüntülər, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsi, həmçinin təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 12 yanvar 2025-ci il tarixli protokollara uyğun olmuşdur (i.v. 52-53); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 13 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 57-58); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 13 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Xətai RPİ-nin MSY-dən azad olunmuşdur (i.v. 77-78); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 13 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 79-80); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 93); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsinin xx.xx.2025-ci il tarixli, 790 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 110-111); sübutların qiymətləndirilməsi haqqında 01 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0.452 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0.402 qram psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı qeydə alınmış videogörüntülər olan 02 ədəd “DVD-R” formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmaqla cinayət işinə əlavə olunmuş, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şəxsi axtarış keçirilməsi və diskə baxış protokolları, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/129 saylı və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 790 sayl rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişlər (i.v. 113-119); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-188/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, tutulduğu təqdirdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilərək Bakı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Xətai RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası tərəfindən verilmiş xəstəlik tarixindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs anası X1 “invaziv süd vəzi karsinoması” diaqnozu qoyulmuşdur. Məhkəmə istintaqı zamanı birinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən içərisində siqaretlər “Vincester” markalı siqaret qutusunu, 01 ədəd alışqanı və həmin şalvarın sol yan cibindən 01 ədəd üzərində ***-***-**-** nömrə olan “Samsung” markalı mobil telefon və qara rəngli gödəkçəsinin sağ yan cibindən içərisində kristal şəkilli maddələr olan 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəkinin “patı” olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə Xətai rayonu, NZS qəsəbəsində üzdən tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirir. Məhkəmə istintaqı zamanı ikinci diskdə olan görüntüyə baxış keçirilmiş, təqdim olunan 01 ədəd zərfə baxış keçirilir. Baxış zamanı 01 ədəd zərfdə şəffaf sellofanda kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunur. Sonra həmin zərf yenidən qablaşdırılıb möhürlənir. Sonra siqaret və alışqan sübut əhəmiyyət kəsb etmədiyindən şübhəli şəxsə qaytarılır, kütlə və mobil telefon isə götürülür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0.452 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində xəstə anasının olmasını (CM-59.2) əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 12 yanvar 2025-ci il tarixdən 13 yanvar 2025ci il tarixədək, 09 may 2025-ci il tarixdən 02 iyun 2025-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 26 (iyirmi altı) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinə dəyişdirilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.452 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0.402 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), 81 (səksən bir) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 yanvar 2025-ci il tarixdən 13 yanvar 2025-ci il tarixədək, 09 may 2025-ci il tarixdən 02 iyun 2025-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 10 (on) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.452 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0.402 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar