Məhkəmə qərarları › İş №1(011)-189/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-189/2023

27.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-189/2023 27.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, məhkəmə iclasının katibi Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Mirzəyev və Partnyorları vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr keçirərək, MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəməyədək istintaq zamanı müəyyən edilmişdir ki, istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq bir ədəd bükümdə narkotik vasitə-heroini əldə edib üzərində saxlamaqla daşımış, 01 noyabr 2022-ci il tarixdə saat 22:00 radələrində Xətai RPİ-nin 34cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsi ünvanın qarşısında saxlanılaraq ünvan 2 yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilmiş və orada şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli polietilen torbaya bükülmüş təmiz çəkisi 0,404 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmənin hazırlıq iclasında Dövlət ittihamçısı bildirmişdir ki, cinayət işinin baxılması Bakı şəhəri Xətai Rayon Məhkəməsinə aiddir. İşin məhkəmə baxışının qeyrimümkünlüyünə səbəb olan hallar yoxdur. İbtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinin pozulmasına, o cümlədən Cinayət Prosessual Məcəlləsinin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulara yol verilməmişdir. İttiham aktı prosessual qanunun tələblərinə uyğun tərtib edilmişdir. Sübut kimi yol verilməz materialların xaric edilməsi barədə və digər məsələlər üzrə vəsatəti və ərizəsi, işdə toplanan sübutlardan başqa əlavə sübutu yoxdur. Təqsirləndirilən şəxs haqqında qətimkan tədbirinin dəyişdirilməsinə zərurət yoxdur. İşin mahiyyəti üzrə məhkəmə baxışına təyin olunmasını xahiş edir. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatət verərək bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmışdır. Daha sonra ona xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işi materialları ilə tanış olduqdan sonra təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması hallarının mövcud olması müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin cinayət işinin materialları ilə tanış etmək haqqında” protokolunda iş materialları ilə tanış etmə müddətinin 10:00-dan 10:30-dək olduğu müəyyən edilir. Halbuki həmin müddət qısa müddətdir və müstəntiq özü belə “elektron daşıyıcıda olan görüntüyə baxış” barədə protokolda yalnız diskə 25 dəqiqə ərzində baxış keçirdiyi məlum olmuşdur. 30-dəqiqə ərzində isə təqsirləndirilən şəxsin ümumi iş materialları ilə tanış olması zənnicə mümkün deyildir (səh157). Bundan əlavə xx.xx.2023-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan dindirilmənin 16:20-də başlandığı və 15:10-da bitdiyi məlum olmuşdur. Yəni zamanın geriyə getdiyini müşahidə edilmişdir (səh 153). Daha sonra məhkəmə-narkoloji ekspertizasının təyin edilməsi barədə” qərarda tarix xx.xx.2022-ci il tarixli qeyd edilir ki, həmin tarixdə nə cinayət əməli, nə də cinayət hadisəsi olmuşdur. Cinayət işinin nömrəsi isə ********* qeyd edilmiş, belə bir nömrəli cinayət işi təqsirləndirilən şəxs barəsində mövcud olmamışdır. Protokolda isə xx.xx.2022-ci il tarixli qərarla tanış edilmiş, belə bir tarixli qərar mövcud olmamışdır (səh 66). Qeyd edilmişdir ki, xx.xx.2023cü il tarixdə “Təqsirləndirilən şəxsə yeni məzmunlu ittihamın elan edilməsi haqqında” qərar qəbul edilmiş və 16:10-da təqsirləndirilən şəxsə təqdim edilərək ittiham elan edilmiş, həmin tarixdə təqsirləndirilən şəxsə ittiham elan edilir və ya o dindirilirmi müəyyən etmək mümkün olmamışdır. Həmin saat və dəqiqələr üst-üstə düşmüşdür (səh 142). Cinayət işi materiallarının 23-cü səhifəsində olan arayışda qeyd edilir ki, təqsirləndirilən şəxs 23:25də saxlanılıb və ailəsinə məlumat verilib. Halbuki, şübhəli şəxs qismində onun saxlanılması iş materiallarında 22:00 kimi qeyd edilmişdir. Daha sonra qeyd edilir ki, “şəxsi axtarış və götürülmə barədə” xx.xx.2022-ci il tarixli protokolda CPM-nin 247.2-ci maddəsinin tələblərinə əməl edilməmiş və istintaq hərəkətinin iştirakçıları tərəfindən hər bir vərəq ayrıca imzalanmamışdır. Yuxarıda göstərilən və şərh olunan xüsusatlara, CPMnin 303-cü maddəsinə əsasən, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs müdafiə hüququnun kobud pozulması, eləcə də cinayət işi üzrə icraat materialları ilə tanış etmə vəzifəsinə dair cinayət prosessual məcəllənin tələblərinin kobud pozulması səbəbindən, işin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, o, noyabr və ya dekabr ayında narkoloji dispanserə aparılmamış, lakin on gün əvvəl narkoloji dispanserə aparılmışdır. Bəzi sənədlərdə səhvə yol verilmişdir. Məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən istintaq orqanı tərəfindən istintaq zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.6 və 303.3.8-ci maddələrində nəzərdə tutulan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən cinayət işi materialına baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, iş materiallarında olan: Məhkəmə-narkoloji ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizası təyin edilmişdir (i.v. 66); ekspertiza təyin olunması haqqında qərarın təqsirləndirilən şəxsə elan edilməsi haqqında 03 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı X2 03 noyabr 2022-ci il tarixli məhkəmə- narkoloji ekspertizasının təyin edilməsi haqqında qərarı Təqsirləndirilən şəxs və onun müdafəçisi X1 elan etmişdir (i.v. 67); Sübutların qiymətləndirilməsi haqqında 06 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin sadalanan mötəbər dəlillərlə sübuta yetirilməsi qeyd edilmiş və həmin dəlillərdən biri kimi məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsin verdiyi 18 dekabr 2022-ci il tarixli 5621 saylı rəyində müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunması, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması və ərazi narkoloji dispanserində qeydiyyata alınmasının məsləhət görülməsi göstərilmiş, bundan əlavə qərarın nəticə hissəsinin ıı bəndində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsin verdiyi 18 dekabr 2022-ci il tarixli 5621 saylı rəyi iş üzrə mötəbər sübut növü kimi qiymətləndirilmişdir (i.v. 90-100); ekspertiza rəyinin təqsirləndirilən şəxsə elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CPM-nin 268.1.7-ci maddəsinin tələblərini əsas tutaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsin verdiyi 18 dekabr 2022-ci il tarixli 5621 saylı rəyi təqsirləndirilən şəxsə elan edilmiş və hüquqları izah edilmişdir (i.v. 104); ittiham aktının təsdiq edilmədən cinayət işinin əlavə istintaqa qaytarılması haqqında 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə Xətai RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis kapitanı X2 tərəfindən xx.xx.2023cü il tarixdə tərtib edilmiş ittiham aktı təsdiq edilməmiş və cinayət işi əlavə ibtidai istintaq aparılması üçün Xətai RPİ-nin İstintaq şöbəsinə qaytarılmışdır (i.v. 118-120); cinayət işi üzrə əlavə sübutların qiymətləndirilməsi barədə 28 yanvar 2023-cü il tarixli qərardan görünür ki, qərarın 3-cü bəndində Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılmasına dair 01 noyabr 2022-ci il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş protokolun birinci səhifəsinə iştirakçılar tərəfindən imza edilməməsi nöqsanı aradan qaldırılması mümkün olmayan hal kimi qiymətləndirilməsi və eyni zamanda qərarın 5-ci bəndində məhkəmə-narkoloji ekspertizasının təyin edilməsi haqqında qərarda göstərilən 18 avqust 2022-ci il tarix texniki səhv kimi qiymətləndirilməsi və həmin tarixin 03 noyabr 2023-cü il tarix kimi oxunması və qəbul edilməsi, həmin qərarda göstərilən ********* nömrəli cinayət işi isə ********* nömrəli cinayət işi kimi oxunması və qəbul edilməsi qərara alınmışdır (i.v. 137-139); ekspertiza rəyinin təqsirləndirilən şəxsə elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CPM-nin 268.1.7-ci maddəsinin tələblərini əsas tutaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsin verdiyi xx.xx.2022-ci il tarixli 5621 saylı rəyi Təqsirləndirilən şəxs elan edilmiş və hüquqları izah edilmişdir (i.v. 149); Xətai rayon prokuroru tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiqlənmiş ittiham aktından görünür ki, ittiham aktının 6-cı vərəqində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsin verdiyi xx.xx.2022-ci il tarixli 5621 saylı rəyi cinayət işinin materiallarının 87-88-ci vərəqələrində olduğu qeyd edilmişdir (i.v. 163); Cinayət-Prosessual Məcəlləsinin 289.5-ci maddəsinə əsasən ittiham aktı cinayət işi üzrə toplanmış materialları və cinayət işinin vərəqlərinə istinadı əks etdirməlidir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 284-286-cı maddələrində cinayət işinin materialları ilə tanış etmə vəzifəsinə dair tələblər nəzərdə tutulmuşdur. Lakin, cinayət işinin materialları ilə tanış olarkən müəyyən edilmişdir ki, CPM-nin göstərilən tələbləri istintaq orqanı tərəfindən pozulmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixli ittiham aktının 6-cı vərəqində cinayət işinin materiallarının 87-88-ci vərəqələrində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsin xx.xx.2022-ci il tarixli 5621 saylı rəyinin olduğu göstərilsə də, cinayət işinin qeyd edilən vərəqələrində məhkəmə-narkoloji ekspertizasının rəyinin mövcud olmadığını və həmin rəyin cinayət işinin materiallarına əlavə edilmədiyini məhkəmə tərəfindən müəyyən edilmişdir. Bununla yanaşı cinayət işinin materiallarında məhkəmə-narkoloji ekspertizasının rəyi mövcud olmasa da, müstəntiq tərəfindən ekspertiza rəyinin təqsirləndirilən şəxsə elan edilməsi haqqında protokollar tərtib edilərək iş materiallarına əlavə edilmiş (i.v 104; 149), bununla da Cinayət-Prosessual Məcəlləsinin cinayət işinin materialları ilə tanış etmə vəzifəsinə dair tələbləri müstəntiq tərəfindən pozulmuşdur. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işi ittiham aktı ilə birlikdə məhkəməyə göndərilərkən Bakı şəhəri Xətai Rayon Prokurorluğunun 01 fevral 2023-cü il tarixli, ********* nömrəli məktubunda ittiham aktı Təqsirləndirilən şəxs təqdim edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Lakin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-47/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarı ilə Bakı şəhəri Xətai rayon prokuroru tərəfindən verilmiş təqdimat əsasında Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal azad edilmiş və müstəntiqin qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 292.2-ci maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsə və onun qanuni nümayəndəsinə gələcəkdə vəsatət və şikayətlərini məhkəməyə göndərmək hüququnu izah etməklə cinayət işinin məhkəməyə göndərilməsi barədə onlara dərhal məlumat verməlidir. Həmin Məcəlləsinin 292.3-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror eyni zamanda təqsirləndirilən şəxsə və onun müdafiəçisinə imza etdirməklə ittiham aktının və ona əlavələrin təsdiq edilmiş surətlərinin verilməsini təmin etməlidir. İttiham aktına və onun əlavələrinə dəyişikliklər edildiyi halda ittiham aktı yalnız sonuncu redaksiyada verilir. Bakı şəhəri Xətai Rayon Prokurorluğunun məktubundan görünür ki, Cinayət- Prosessual Məcəlləsinin qeyd edilən tələbləri pozulmuş, bu hal iş materiallarında təqsirləndirilən şəxsin və onun müdafiəçisinin ittiham aktını rəsmi qaydada alması ilə bağlı qəbzlərin olmaması ilə də öz təsdiqini tapır. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatətində göstərilən hallarla bağlı bildirir ki, məhkəmə-narkoloji ekspertizasının təyin edilməsi barədə qərarın xx.xx.2022-ci il tarixli və cinayət işinin nömrəsinin isə ********* qeyd edilməsinə müstəntiq tərəfindən cinayət işi üzrə əlavə sübutların qiymətləndirilməsi barədə 28 yanvar 2023-cü il tarixli qərarla düzəliş edilərək məhkəmə-narkoloji ekspertizasının təyin edilməsi haqqında qərarda göstərilən 18 avqust 2022-ci il tarix texniki səhv kimi qiymətləndirilməsi və həmin tarixin 03 noyabr 2023-cü il tarix kimi oxunması, həmçinin həmin qərarda cinayət işinin ********* nömrəli deyil ********* nömrəli cinayət işi kimi oxunması və qəbul edilməsi qərara alınmış, bundan başqa “şəxsi axtarış və götürülmə barədə” xx.xx.2022-ci il tarixli protokolun istintaq hərəkətinin iştirakçıları tərəfindən hər bir vərəq ayrıca imzalanmamasını isə nöqsanın aradan qaldırılması mümkün olmayan hal kimi qiymətləndirmişdir. Müdafiəçinin vəsatətdə qeyd etdiyi digər halları isə məhkəmə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirmir. Belə ki, müdafiəçi tərəfindən vəsatətdə qeyd edilən digər hallar məhkəmə tərəfindən texniki səhv kimi qiymətləndirilir və gələcəkdə aradan qaldırıla bilən hallar olduğu nəzərə alır. Lakin məhkəmə göstərilən prosessual pozuntuların gələcəkdə istintaq orqanı tərəfindən aradan qaldırılmasını zəruri hesab edir. Cinayət işi üzrə ittiham aktının müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması və cinayət işinin materialları ilə tanış etmə vəzifəsinə dair bu Məcəllənin 284—286-cı maddələrinin tələblərinin pozulması CPM-nin 303.3.6 və 303.3.8-ci maddələrinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi üçün əsasdır. CPM-nin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-nin 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. CPM-nin 301.1 və 301.1.3-cü maddələrinin mənasına görə məhkəmə baxışı yalnız məhkəməyədək icraat həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda, keçirilə bilər. Beləliklə, cinayət işinin materiallarını tədqiq edərək və proses iştirakçılarını dinləyərək hesab edir ki, məhkəməyədək icraat zamanı CPM-nin 303.3.6 və 303.3.8-ci maddələrində nəzərdə tutulan kobud pozuntulara yol verildiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna qaytarılmalıdır. Eyni zamanda məhkəməyədək icraat zamanı CPM-nin yuxarıda qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.6, 303.3.8 və 307.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərardan apelyasiya şikayəti və protesti verilə bilməz. Sədrlik edən Rəşid Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar