Məhkəmə qərarları › İş №1(011)-189/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-189/2024

18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-189/2024 18.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Ermənistan Respublikası, Böyük Vedi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Aşıqalılar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində hazırkı iş üzrə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, digər cinayət işi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-275/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 100,0 qram narkotik vasitə qurudulmuş marixuana əldə edərək üzərində saxlamaqla daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai RPİ-nin Cinayət Axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 10 yanvar 2024-cü il tarixdə, saat 20.00-da ünvan 2 ünvanında saxlanılıb ünvan 3n 36-cı PŞ-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə müdafiəçinin iştirakı ilə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 1 ədəd sellofanda təmiz çəkisi 100,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək əməlindən peşman olduğunu qeyd etmiş və ifadəsində bildirmişdir ki, 2023-cü ilin əvvəllərindən narkotik vasitə olan marixuanadan istifadə etmiş və marixuananı tanımadığı şəxslərdən almışdır. 09 yanvar 2024-cü il tarixdə Facebook sosial şəbəkəsində olan zaman bir nəfər marixuana satan şəxslə yazışmış və ondan marixuana istəmişdir. Həmin şəxs bildirmişdir ki, 100 qram marixuananı 200 manata sata bilər. O, razılaşmış və həmin şəxs bildirmişdir ki, səhərisi günü saat 12 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Sement zavodunun yanındakı Lukoil yanacaqdoldurma məntəqəsinin arxasından gedib marixuananı götürə bilər. H.Aslanov metrosunun yanındakı aparat vasitəsilə həmin şəxsə 200 manat köçürmüşdür. 10 yanvar 2024-cü il tarixdə həmin yerə gedib oradan marixuananı bir selofanda götürüb əynində olan qara rəngli gödəkçəsinin sol iç cibinə qoymuşdur ki, sonra az-az götürüb istifadə etsin. Axşam saat 20 radələrində evin yanında mülki geyimli şəxslər yaxınlaşıb polis əməkdaşları olduqlarını deyib özünü təqdim etməsini bildirmişlər, özünü təqdim etdikdən sonra narkotik vasitələrdən istifadə etməkdə şübhəli bilindiyi üçün onu Xətai RPİ-nin 36-cı Polis Şöbəsinə aparmışlar. Şöbədə polis əməkdaşları tərəfindən vəkillə təmin olunmuş, hüquq vəzifələri ona izah edilmişdir. Sonra videoçəkilişlə üzərinə axtarış aparılmış və axtarış zamanı o əynində olan gödəkçəsinin cibindən bir bükümdə olan marixuananı çıxarıb stolun üzərinə qoymuşdur. Həmin maddənin marixuana olduğunu bildirmişdir. Sonra həmin maddə bükümü ilə birlikdə çəkilmiş, zərfə qoyulub möhürlənmiş və protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Ona qarşı heç bir fiziki və ya psixi təsir edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Xətai RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. 10 yanvar 2024-cü il tarixdə məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs Xudu Məmmədov küçəsi 2944A ünvanında mütəmadi olaraq narkotik vasitələrin istifadəsi ilə məşğul olur. Məlumatı aldıqdan sonra tərəfindən İdarə rəisinə məruzə olunmuş və əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qrupun rəhbəri o, üzvü Şahid2 təyin olunmuşdur. Həmin günü saat 20 radələrində X.Məmmədov 2944A saylı ünvanında Təqsirləndirilən şəxs bənzəyən bir şəxsi görüb yaxınlaşaraq onun Təqsirləndirilən şəxs olduğunu müəyyənləşdirmişlər. Ona narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirib 36-cı PB-nə dəvət etmişlər. Polisdə müdafiəşi dəvət edilmiş və təqsirləndirilən şəxsin hüquq və vəzifələri izah edilmişdir. Daha sonra videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sol cibindən 1 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuş, içərisində marixuana olduğunu bildirmişdir. Saha sonra təqsirləndirilən şəxs bildirmişdir ki, marixuananı 200 manat ödəməklə özü istifadə etmək üçün almışdır. Sonra həmin maddə ölçülmüş və 102,25 qram olması müəyyən olunmuşdur. Daha sonra həmin büküm zərfə qoyularaq möhürlənmiş və protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və ya psixi təsir edilməmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Xətai RPİ-nin Cinayət Axtarış Şöbəsinin kiçik inspektoru vəzifəsində çalışır və polis baş serjantı rütbəsindədir. 10 yanvar 2024-cü il tarixdə İdarənin CAŞ-nə məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs Xətai rayonu, Xudu Məmmədov küçəsi 2944A ünvanında mütəmadi olaraq narkotik vasitələrin istifadəsi ilə məşğul olur. Məlumatı aldıqdan sonra Şöbənin əməliyyat müvəkkili polis leytenantı Şahid1 tərəfindən İdarə rəisinə məruzə olunmuş və əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qrupun rəhbəri Şahid1 və üzvü isə o, təyin olunmuşdur. Həmin günü Xudu Məmmədov küçəsində müşahidə aparmağa başlamışlar. Saat 20 radələrində həmin küçənin 2944A saylı ünvanında Təqsirləndirilən şəxs bənzəyən bir şəxsi görüb ona yaxınlaşaraq özünü təqdim etməyini xahiş etdikdə Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Ona narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirib ərazi üzrə Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişlər və Şöbəyə gedərək bu barədə PŞ-nin rəisinə raportla məruzə etdikdən sonra PŞ-nin xidməti otaqlarının birində müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Ona təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş hər hansı maddə və ya əşya varsa təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 1 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin maddənin nə olması soruşulduqda bildirmişdir ki, həmin maddə marixuanadır, onu sosial şəbəkədə tanımadığı şəxsə 200 manat göndərməklə Qaradağ rayonu ərazisindən özü üçün istifadə etmək məqsədilə alıb üzərində saxlamışdır. Bundan başqa ondan hər hansı bir qanunla qadağan olunan maddə və ya əşya aşkar edilməmişdir. Sonra həmin maddə ölçülmüş və 102,25 qram olması müəyyən olunmuşdur. Daha sonra həmin büküm zərfə qoyularaq möhürlənmiş və protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 22); şəxsi axtarış və götürmə aparılması haqqında 10 yanvar 2024-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin içəri sol yan cibindən 01 ədəd açıq rəngli sellofana bükülmüş, içində yaşıl rəngli, ot şəkilli narkotik maddəyə bənzər bağlamanı çıxarıb təqdim etmişdir. Həmin bağlamada olan maddə elektron tərəzidə çəkildikdən sonra ümumi çəkisinin 102.25 qram olması müəyyən edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 151 saylı möhürü ilə möhürlənərək götürülmüş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 33-35); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 yanvar 2024-cü il tarixli, 3-16-16/2-7/47 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs imza” dairəvi möhür əksi olan zərfdə 01 ədəd sellofanda təmiz çəkisi 100,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır (i.v. 40-42); diskə baxış keçirilməsi haqqında 12 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd “CD-R” diskdə olan görüntülər, şəxsi axtarış və götürmə aparılması, həmçinin mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında 10 yanvar 2024-cü il tarixli protokollara uyğun olmuşdur (i.v. 53); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 12 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 54-55); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 12 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, saxlanıldığı Xətai RPİnin MSY-dən dərhal azad edilmişdir (i.v. 70-71); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 12 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 72-73); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 88-89); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin xx.xx.2024-cü il tarixli, 288 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsiredici dərman preparatı olan preqabalindən asılılıq aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 98-99); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə 100,0 qram olan tədqiqatdan sonra qalıq qalmış 99,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə həyata keçirilən zaman qeydə alınmış 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması, diskə baxış haqqında protokollar, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri sübut növü kimi qiymətləndirilmişlər (i.v. 110-113); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-275/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 21 fevral 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı 01 ədəd “DVD-R” formatlı video diskə baxış keçirilmiş, diskdə olan 02 ədəd faylda olan videgörüntüyə baxış keçirdikdə müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin içəri sol yan cibindən 01 ədəd açıq rəngli sellofana bükülmüş, içində yaşıl rəngli, ot şəkilli narkotik maddəyə bənzər bağlamanı çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs həmin maddənin nə olması və haradan əldə etməsini soruşulduqda o, həmin maddənin marixuana olmasını və sosial şəbəkədən tanımadığı şəxsə təqribən 200 manat məbləğində ödəniş edərək aldığını bildirir. Həmin bağlamada olan maddə elektron tərəzidə çəkildikdən sonra ümumi çəkisinin 102.25 qram olması müəyyən edilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109.1-ci qrafasına əsasən təmiz çəkisi 100,0 qram olan qurudulmuş marixuana istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri nəzərdə tutulmuşdur; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 288 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyində onda hal-hazırda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsiredici dərman preparatı olan preqabalindən asılılıq aşkar olunması və onun məcburi müalicəyə ehtiyacı olması göstərilsə də, təqsirləndirilən şəxsin barəsində narkomaniyadan məcburi müalicənin tətbiq edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən: 1.0.19. narkomanlıq - xroniki intoksikasiya doğuran, narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsi nəticəsində yaranmış narkotik vasitələrdən və psixotrop maddələrdən psixi və (və ya) fiziki asılılıqla, o cümlədən psixi və davranış pozuntuları ilə ifadə olunan xəstəlik vəziyyətidir; 1.0.20. narkomanlıq xəstəliyinə düçar olan şəxs - narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsi nəticəsində onlardan psixi və (və ya) fiziki asılılıq vəziyyətinə düşən, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan və barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji-tibb müəssisəsi tərəfindən “narkomanlıq” diaqnozu təyin edilmiş şəxsdir; 1.0.22. məcburi müalicə - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada həyata keçirilən narkomanlıq xəstəliyinə düçar olan şəxsin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsidir. Odur ki, yuxarıda qeyd olunan qanunvericiliyin normalarından məlum olduğu kimi məcburi müalicənin yalnız narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsi nəticəsində onlardan psixi və (və ya) fiziki asılılıq vəziyyətinə düşən və ya narkomanlıq diaqnozu qoyulmuş şəxsin barəsində tətbiq edilməsi nəzərdə tutulduğundan, xx.xx.2024cü il tarixli, 288 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyində isə Təqsirləndirilən şəxs narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan dərmandan asılılığının olması qeyd edildiyindən, həmçinin həmin rəydə ona narkomanlıq diaqnozu qoyulmadığından onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın miqdarı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, 10 yanvar 2024-cü il tarixdən 12 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 18 mart 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-275/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən 04 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ümumi çəkisi 100,0 qram olan tədqiqatdan sonra qalıq qalmış 99,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), 70 (yetmiş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdən 12 yanvar 2024-cü tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 18 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 275/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən 04 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ümumi çəkisi 100,0 qram olan tədqiqatdan sonra qalıq qalmış 99,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “DVD-R” diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs verildiyi) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar