Məhkəmə qərarları › İş №1(011)-190/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-190/2020

28.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-190/2020 28.07.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2,Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu. M.Davud küçəsi, ev 54a-da qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜ Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxx 2020ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 1 ünvanın hasarından aşaraq evin həyətyanı sahəsinə qanunsuz daxil olub həyətdə olan 1 ədəd 650 manat dəyərində kombi su qızdırıcı, hər birinin dəyəri 100 manat olmaqla cəmi dəyəri 200 manat olan 2 ədəd samovar, cəmi dəyəri 300 manat olan 12 ədəd alüminiumdan hazırlanmış qazanlar, hər birinin dəyəri 100 manat olmaqla cəmi dəyəri 200 manat olan 2 ədəd alüminiumdan hazırlanmış qazanlar və 1 ədəd 20 manat dəyərində alüminiumdan hazırlanmış vedrəni gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1370 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanın hasarından aşaraq evin həyətyanı sahəsinə, bundan sonra həyətyanı sahədə inşa olunmuş evin pəncərəsini sındırıb qanunsuz daxil olmuş, həyətyanı sahədən 1 ədəd seyf qapı, 2 ədəd plastik qapı, evdən isə 1 ədəd ariston su qızdırıcısı, evin tavanında quraşdırılmış 30 ədəd lampaları, mis naqilləri və soyuducunun mühərrikini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmədiyi üçün maddi cəhətdən sıxıntı çəkmişdir. Buna görə də o, oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsinə gedərək oğurluq etmək üçün ev axtarmağa başlamışdır. O, həmin küçədə yerləşən həyət evlərindən birinin qapısını bir neçə dəfə döysə də heç kim cavab verməmişdir. Elə həmin vaxt ona məlum olmuşdur ki, qeyd olunnan həyət evində heç kim yoxdur. Buna görə də o, həmin evdən oğurluq etməyi qətiləşdirmiş və bir qədər ətrafa göz gəzdirib ətrafda heç kimin onu görmədiyinə əmin olduqdan sonra evin hasarından tullanıb həyətə düşmüşdür. Həyətə düşdükdən sonra oğurlamaq üçün əşyalar axtarmağa başlamışdır. Həmin vaxt evin həyətyanı sahəsində divara bərkidilmiş 1 ədəd kombi aparatının olmasını görmüş və üzərində olan açar vasitəsi ilə kombi aparatını hasarın yanına qoymuşdur. Bundan sonra o, həyətdə olan 2 ədəd samovarı, 14 ədəd qazanı və 1 ədəd vedrəni götürüb hasarın yanma gətirmişdir. Daha sonra həmin əşyaları da hasardan küçəyə çıxardıb daşıyaraq, oğurluq etdiyi evdən bir qədər aralıda yerdə yığmışdır. Sonra yoldan keçən markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi kimi fəaliyyət göstərən avtomobil saxlatdırıb oğurladığı əşyaları həmin avtomobilə qoyaraq yaşadığı evin yaxınlığına aparıb orada gizlətmişdir. Səhəri günü, yəni xx.xx.2020-ci il tarixdə oğurladığı həmin əşyalardan 1 ədəd samovarı yaşadığı evin yaxınlığında metal qəbulu məntəqəsində işləyən Rufəddinə, 14 ədəd qazan və 1 ədəd vedrəni isə Elgünə satmışdır. Bundan sonra elə həmin gün oğurladığı 1 ədəd kombi aparatını və 1 ədəd samovarı isə Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr adlı bazarda tanımadığı şəxsə 140 manata satmışdır. Bundan başqa o, xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində oğurluq edərək pul əldə etmək məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsinə getmişdir və həmin küçədə yerləşən həyət evlərindən birinin qapısını bir neçə dəfə döymüşdür. Evdən heç kimin cavab vermədiyini gördükdə evdə heç kimin olmadığına əmin olmuşdur. Həmin vaxt o, düşünmüşdür ki, əgər evdə adam olardısa kimsə ona cavab verərdi. Bundan sonra o, ətrafa bir qədər göz gəzdirmiş və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra həmin evin hasarından tullanıb həyətə daxil olmuş və oğurlamaq üçün əşyalar axtarmağa başlamışdır. Həmin vaxt evin həyətində 1 ədəd seyf və 2 ədəd plastik qapıların olduğunu görüb həmin qapıları götürüb həyətə düşdüyü hasarın yanına gətirmişdir. Sonra həyətdə olan evə yaxınlaşmış və evin pəncərəsini itələyib açaraq içəri daxil olub oğurlamaq üçün pul yaxud da qiymətli əşyalar axtarmağa başlamışdır. Həmin vaxt mənzildə olan 1 ədəd ariston su qızdırıcısı, evin tavanında quraşdırılmış təxminən 30 ədəd lampaları, mis naqilləri və soyuducunun mühərrikini götürüb hissə-hissə evdən çıxarıb həyətə düşdüyü hasarın yanına yığmışdır. Bundan sonra evin həyətinin dəmir darvazasının qapısını içəri tərəfdən açmış və oğurladığı əşyaları qapıdan küçəyə çıxardıb evdən bir qədər aralıya aparıb yığmışdır. Sonra yoldan keçən markasını və dövlət qeydiyyat nişanını xatırlamadığım taksi kimi fəaliyyət göstərən üzərində çardaq olan avtomobili saxlatmış və oğurladığı əşyaları həmin avtomobilin üzərindəki çardağa və yük yerinə qoyaraq yaşadığı evin yaxınlığına aparıb orada gizlətmişdir. Səhəri günü oğurladığı həmin əşyaları tanımadığı şəxslərə hissə-hissə satmış və əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. O, oğurladığı əşyaları taksi fəaliyyəti ilə məşğul olan avtomobilə qoyan zaman həmin əşyaların oğurluq olmasını və oğurluq etməyi barədə taksi sürücülərinə heç bir söz deməmişdir. Həmin şəxslər əşyaların oğurluq olduğunu bilməmişlər. O, oğurladığı əşyaları Rufəddin, Elgünə və tanımadığı şəxslərə satan zaman əşyaların özünə məxsus olduğunu bildirib satmışdır. Həmin şəxslər əşyaların oğurluq olduğunu bilməmişlər. Daha sonra əməlindən peşman olmasını, səmimi etirafını, ilk məhkumluğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hazırda ünvan 3 ünvanında yaşasa da, Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, 46 ünvanda da özünə məxsus evi var, 2-3 gündən bir Xətai rayonu, 5-ci Dairəvi küçəsi, 46 ünvanda yerləşən evinə gedib baş çəkir. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında özünə məxsus Xətai rayonu, 5-ci Dairəvi küçəsi, 46 ünvanda yerləşən evdən çıxıb getmiş, xx xxxxxx 2020-ci il tarixdə həmin evə gəldikdə həyətyanı sahədə olan özünə məxsus əşyaların dağınıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra özünə məxsus əşyaların yerində olub-olmamasını yoxladıqda 1 ədəd 650 manat dəyərində kombi, 2 ədəd hər birinin dəyəri 100 manat olan samovar, cəmi dəyəri 300 manat olan 12 ədəd alüminium qazanlar, 2 ədəd hər birinin dəyəri 100 manat olan alüminium qazan, 1 ədəd 20 manat dəyərində alüminium vedrənin yerində olmadığını, yəni naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Baş vermiş həmin oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1370 manat maddi ziyan dəymişdir. Hal-hazırda o, təqsirləndirilən şəxsi bağışlamadığını, ona dəymiş ziyanın ödənilmədiyini və ona qarşı şikayətçi olduğunu qeyd edərək cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, özünə məxsus Xətai rayonu, H.Aslanov qəsəbəsi, 8-ci dairəvi, ev 35 saylı ünvanda həyətyanı sahəsi olan evi vardır. Həmin evdə faktiki olaraq yaşamasa da ora əvvəllər Nəsimi rayonu ərazisində olmuş evlərindən və obyektlərindən sökülmüş əşyaları müxtəlif vaxtlarda gətirib həmin evin içinə həmçinin həyətyanı sahəsinə yığmışdır. Həmin ünvandan ayrı-ayrı vaxtlarda bir neçə dəfə oğurluq hadisələri olmaqla bu barədə 37-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə Xətai rayonu, H.Aslanov qəsəbəsi, 8-ci dairəvi, ev 35 saylı evində olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində Xətai rayonu, H.Aslanov qəsəbəsi, 8-ci dairəvi, ev 35 saylı evinə gəlib həyətə daxil olduqda həyətyanı sahədən bir ədəd seyf tipli qapının, 2 ədəd plastik tünd qəhvəyi rəngli qapının oğurlanmasını, bundan başqa naməlum şəxslərin evin mətbəxinin dəmir barmaqlığı olmayan pəncərəsini sındırıb içəri daxil olub oradan evin giriş qapısını açmaqla mənzilin içindən bir ədəd işlənmiş «Ariston» su qızdırıcısının, 30 ədəd spot lampaların patalokdan lambirin altından sökülməsini, həmçinin onun mis naqillərinin, bir ədəd «Samsung» markalı soyuducunun motorunun oğurlanmasını aşkar etmişdir. xx xxxxxx 2020-ci il tarixdə isə ərizə ilə 37-ci Polis Şöbəsinə müraciət edərək baş vermiş oğurluq barədə bildirmişdir. Həmin oğurluq nəticəsində ona ümumilikdə 3000 manat məbləğində maddi zərər dəymişdir. Hal-hazırda o, təqsirləndirilən şəxsi bağışlamadığını, ona dəymiş ziyanın ödənilmədiyini və ona qarşı şikayətçi olduğunu qeyd edərək cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində yerləşən metal qəbulu məntəqəsində dəmir alqı-satqısı ilə məşğul olur. 2020-ci ilin yanvar ayının əvvəllərində sonradan adının Elçin olduğunu bildiyi şəxs işlədiyi məntəqəyə gəlib özünə məxsus 14 ədəd alüminiumdan hazırlanmış qazanı və 1 ədəd alüminiumdan hazırlanmış vedrəni pula ehtiyacı olduğunu bildirərək satmaq istədiyini demiş, Elçin adlı həmin şəxsə inanmış və qeyd etdiyi əşyaları yadında qalmayan məbləğdə pula ondan almışdır. Bundan bir neçə gün sonra həmin əşyaları tanımadığı şəxsə satmış, sonradan polis əməkdaşları işlədiyi məntəqəyə gəlib bu barədə soruşduqda bildirmişdir ki, həqiqətən 2020-ci ilin yanvar ayının əvvəllərində Elçin adlı şəxsin təqdim etdiyi 14 ədəd alüminiumdan hazırlanmış qazanı və 1 ədəd alüminiumdan hazırlanmış vedrəni almış və tanımadığı şəxsə satmışdır. Həmin vaxtı ona məlum olmuşdur ki, Elçin adlı şəxsin ona satmış olduğu əşyalar oğurluq yolu ilə əldə edilmişdir. O, göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər ona hansısa əşya satmamışdır. Elçin adlı şəxs həmin əşyaların özünə məxsus olduğunu, pula ehiyacı olduğu üçün satdığını bildirdiyinə görə həmin əşyaların oğurluq olmasından şübhələnməmiş, lakin, sonradan həmin əşyaların oğurluq yolu ilə əldə edilməsini bilmişdir. Məhkəmə iclasında cinayət işi üzrə Şahid1 ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi Təqsirləndirilən şəxs ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanının həyətində divara bərkidilmiş 1 ədəd kombi aparatını, qazanları və vedrəni götürdüyü yeri göstərir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səmimi etirafını, ilk məhkumluğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini,oğurluq nəticəsində vurmuş olduğu zərərləri ödəməməsini eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs faktiki şübhəli şəxs kimi xx xxxxxx 2020-ci il tarixdən saxlanılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344- 347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü mad-dələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ciil tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar