Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-190/2023 09.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 25 may 1982-ci il tarixdə Türkiyə Cumhuriyyəti, İzmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nında yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 06 avqust 2022-ci il tarixdə saat 21 radələrində ünvan 3 ünvanda yerləşən binanın 72 nömrəli mənzilində boşanmaq ərəfəsində olduğu arvadı Zərərçəkmiş şəxs ilə aralarında qısqanclıq zəminində, yəni gecə saatlarında mobil telefonuna mesaj gəlməsinə görə yaranmış mübahisə zamanı iki dəfə yumruqla sonuncunun sifətindən, bir dəfə isə təpiklə sol baldırından vurub ona sağ gözaltı nahiyənin və göz qapaqlarının almacıq nahiyəsini əhatə etmiş hematoması, üst dodağın selikli qişasına qansızına, sağ yanaq, sol bazu, sol baldır nahiyələrinin qançırları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs arvadıdır, sonuncu ilə 2013-cü ildə rəsmi nikaha daxil olmuş və birgə nikahdan iki yetkinlik yaşına çatmamış uşağı vardır. Pəri ilə ilkin vaxtlar münasibətləri normal olmuş, lakin sonradan aralarında narazılıq yaranmışdır. Buna səbəb isə Pərinin onu qısqanması olmuşdur. 06 avqust 2022-ci il tarixdə axşam saatlarında evə müəyyən əşyaları almaq üçün mağazaya getmişdir. Pəridən mağazadan istəyinin olub-olmamasını soruşduqda sonuncu içmək üçün spirtli içki almasını bildirmişdir. Mağazadan Pəriyə içki və ev üçün lazımi olan əşyaları almışdır. Evə qayıdıb divanda əyləşmişlər. Həmin vaxt evdə azyaşlı uşaqları və Pərinin qardaşının oğlu Elmir olmuş, lakin onlar digər otaqda oynamışlar. Saat 22:50 dəqiqədə mobil telefonuna “WhatsApp” vasitəsilə mesaj gəlmişdir. Mesaj yazan Pərinin qardaşı qızı Səma olmuşdur. Arvadı Pəri başqa bir qadın ilə danışdığını düşünərək telefonunu əlindən almışdır. Pəridən telefonunu geri almaq istədikdə sonuncu əli ilə qolundan sərt şəkildə vurmuşdur. Lakin yenə də telefonunu verməmişdir. Bundan sonra aralarında mübahisə başlamışdır. Pərinin sakitləşməsi üçün bir dəfə şillə ilə üzündən vurmuşdur. Pərinin digər əlində olan telefonunu geri çəkdikdə telefon Pərinin sağ gözündən dəymişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əridir, sonuncu ilə 2013-cü ildə rəsmi nikaha daxil olmuş və birgə nikahdan iki yetkinlik yaşına çatmamış uşaqları vardır. Refik ilə ilkin vaxtlar münasibətləri normal olmuş, lakin sonradan aralarında narazılıq yaranmışdır. Buna səbəb isə Refikin səbəbsiz əsəbləşməsi olmuşdur. Əri Refik Bakı şəhərində fərdi işlərlə məşğul olmuşdur. Əvvəllər Refik ilə ünvan 4 ünvanında yaşamışlar. 06 avqust 2022-ci il tarixdə axşam saat 21 radələrini ötmüşdür ki, evdə Refik ilə əyləşib televizora baxmışlar. Həmin vaxt Refikin telefonuna mesaj gəlmişdir. Refikin yanında əyləşdiyi üçün telefonuna baxmış və görmüşdür ki, qadın fotoşəkili vardır. Refikdən həmin qadının kim olmasını soruşmuş və göstərməsini demişdir. Bundan sonra Refiq qalxaraq qışqırıb səs-küy edərək mətbəxə keçmişdir. Bir neçə dəqiqə keçdikdən sonra qayıdıb gələrək masanın üzərində olan əşyaları götürüb üzündən vurmuş və söyüşlər söymüşdür. Qalxaraq Refiki kənara itələmiş və sakitləşməsini bildirmişdir. Bu zaman Refiq saçlarından tutub dartaraq bir dəfə yumruqla üzündən vurmuşdur. Bundan sonra mobil telefonu götürüb əlində tutub sıxaraq həmin əli ilə güclü zərbə ilə bir dəfə də yumruqla üzünün sağ hissəsindən vurmuşdur. Zərbənin təsirindən yerə yıxılmışdır. Həmin vaxt evdə qardaşı oğlu yetkinlik yaşına çatmamış Şahid1 olmuşdur. Lakin onlar hadisəni görməmişlər. Yerdən qalxaraq mənzildən çıxıb qaçmışdır. Həmçinin o, hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayətinin olmadığını bildirərək cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs atasının bacısıdır və bibisi Pəri Bakı şəhərində yaşayır. Təqsirləndirilən şəxs bibisi Pərinin əridir. Çox nadir hallarda Bakı şəhərinə gəlmiş və Bakı şəhərinə gəldikdə bibisi Pərinin yaşadığı evdə qalmışdır. Pəri ünvan 4 ünvanında yaşamışdır. 2022ci ilin avqust ayının 01-də Bakı şəhərinə gəlmiş və Pərinin yaşadığı evə getmişdir. 06 avqust 2022ci il tarixdə axşam saat 21 radələrini ötmüşdür ki, evdə bibisi Pərinin böyük oğlu ilə yataq otağında söhbət etmişlər. Bibisi Pəri və əri Refik isə digər otaqda olmuşlar. Həmin vaxt ani bir anda qışqırıq səsləri eşitmiş və bibisi oğlu Dəniz ilə digər otağa getmişlər. Oraya getdikdə bibisi Pərinin yerdə uzanıqlı vəziyyətdə olmasını görmüşdür. Məlum olmuşdur ki, bibisini əri Refik vurmuşdur. Refiki tutub mübahisə etməməsini xahiş etmiş, sonuncu isə bibisinə söyüş söymüşdür. Refiki tutduqda bibisi Pəri evdən çıxıb getmişdir. Bibisi getdikdən bir neçə dəqiqə sonra o və Dəniz də Pərinin arxasınca getmişlər. Pəri xalası evinə getdiyi üçün onlarda oraya getmişlər. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, X3 bacısıdır və sonuncu Bakı şəhərində ailəsi ilə yaşayır. Təqsirləndirilən şəxs bacısı Pərinin əridir. Bacısı Pərinin iki yetkinlik yaşına çatmamış oğlu vardır. Bacısı Bakı şəhərində yaşadığı üçün mütəmadi olaraq Bakı şəhərinə gedib-gəlmişdir. Bacısı ailəsi ilə ünvan 4 ünvanında yaşamışdır. 2022-ci ilin avqust ayının 06-da axşam saatlarında bacısı zəng edərək bildirmişdir ki, xalası evindədir, belə ki, əri Refik onu döymüşdür. Səhəri günü, yəni xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə gəlmiş və xalası evinə getmişdir. Xalası evinə getdikdə bacısında xəsarətlər olmasını görmüşdür. Həmin günü səhər saatlarında bacısı ilə yaşadığı evə getmişdir. Evdə Refik və azyaşlı oğlu olmuşdur. Bacısı paltarlarını və əşyalarını toplayan zaman Refik ilə sözlə mübahisə etmiş, lakin heç bir dava-dalaş olmamışdır. Belə ki, Refikə iradını bildirmişdir ki, bacısını nə üçün döymüşdür. Refik də “yaxşı edib döymüşdür” ifadələrini işlətmişdir. Buna görədə bir neçə saniyə sözlə mübahisə etmişlər. Bacısı Pəri əşyalarını götürdükdən sonra oradan getmişlər. Refik isə evdə qalmışdır. xx.xx.2022-ci il tarixdə Refik ilə yalnız sözlə mübahisə etmişlər, onların arasında heç bir dava-dalaş olmamışdır. Nə o, Refıki, nə də ki, sonuncu onu vurmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında 22 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai RPİ-nin İŞ-də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v. 1); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X5 xx.xx.2022-ci il tarixli, 902 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ gözaltı nahiyənin və göz qapaqlarının almacıq nahiyəsini əhatə etmiş hematoması, üst dodağın selikli qişasına qansızma, sağ yanaq, sol bazu, sol baldır nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, müddətləri qərarda göstərilmiş xx.xx.2022-ci il tarix uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə demək olar ki, həmin xəsarət həm Zərərçəkmiş şəxs özü tərəfindən yetirilməsi inandırıcı deyildir (i.v. 11-12); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X5 xx.xx.2022-ci il tarixli, 14/902 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ gözaltı nahiyənin və göz qapaqlarının almacıq nahiyəsini əhatə etmiş hematoması, üst dodağın selikli qişasına qansızma, sağ yanaq, sol bazu, sol baldır nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, müddətləri qərarda göstərilmiş xx.xx.2022-ci il tarix uyğun gəlir və dərəcələrinə görə sağ gözaltı nahiyənin və göz qapaqlarının almacıq nahiyəsini əhatə etmiş hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər (üst dodağın selikli qişasına qansızma, sağ yanaq, sol bazu, sol baldır nahiyələrinin qançırları) isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə demək olar ki, həmin xəsarət həm Zərərçəkmiş şəxs özü tərəfindən yetirilməsi inandırıcı deyildir (i.v. 39-41); zərərçəkmiş qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 48); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 69); 12 yanvar 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs aralarında baş vermiş münaqişə ilə bağlı izahatlarını bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 73-75); 12 yanvar 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 76-78); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 12 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 89); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 12 yanvar 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 113-115); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 902 saylı və xx.xx.2022-ci il tarixli 14/902 saylı rəyləri sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (i.v. 122-129); Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham aktında qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxsin barışması ilə əlaqədar cinayət təqibinə xitam verilməsinə razı olduqlarını qeyd etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxsnun ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan işə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir iş üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 40.3, 43.1, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-190/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-190/2023
09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver