Məhkəmə qərarları › İş №1(011)-191/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-191/2023

01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-191/2023 01.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1 və onun nümayəndəsi – Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Füzuli rayonu, Qacar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Füzuli rayonu, Qacar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2020-ci il tarixdən hesablanmaqla övladları xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 170,00 manat olmaqla, cəmi 340,00 manat sabit pul məbləğində alimentin tutularaq X4 verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(011)-5382/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat inzibati qaydada cərimə edilməsinə və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətiylə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 24 iyun 2022-ci il tarixədək məhkəmə aktı üzrə cəmi 4250,00 manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da zərərçəkmiş şəxs X4 qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(011)-5382/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh kimi ondan övladları xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla hər ay hər uşağa görə 170,00 manat olmaqla, cəmi 340,00 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmiş və icra orqanının tələblərinə baxmayaraq maliyyə çətinlikləri olduğu üçün təqdimat verilənədək alimenti ödəyə bilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat inzibati qaydada cərimə edilmiş və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Verilmiş suallara cavab olaraq o, əlavə olaraq qeyd etmişdir ki, alimentin tam olaraq ödənilməməsinin səbəbi maddi imkanın zəif olması ilə əlaqədardır. O, hazırda fəhləliklə məşğul olmaqla aylıq qazancı 250-300,00 manat təşkil edir və aliment borcunu ödəməkdən yayınmır. Həmçinin cinayət işinin materiallarına əlavə olunmuş qəbzlərdən də görünür ki, tərəfindən müxtəlif tarixlərdə övladına ümumilikdə 90 manat məbləğində ödəniş edilmişdir. Beləliklə o, qeyd edilənləri nəzərə alaraq, əməlindən peşmançılıq çəkdiyini bildirərək barəsində yüngül cəza tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə nikahdan övladları xx.xx.2003-cü il təvəllüdlü X7 və xx.xx.2004-cü il təvəllüdlü X6 anadan olmuşlar. Ayrıldıqdan sonra övladları onun himayəsində qalmışlar. O, aliment tələbi ilə məhkəmədə iddia qaldırmış və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(011)-5382/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdeh kimi Təqsirləndirilən şəxs həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən hesablanmaqla hər ay hər uşağa görə 170,00 manat olmaqla, cəmi 340,00 manat sabit pul məbləğində vəsaitin ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat inzibati qaydada cərimə edilmiş və həmin məhkəmənin xx.xx.2022-ci il tarixdə qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan sonra da icra məmuru alimentin ödənilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs bildiriş təqdim etməsinə baxmayaraq o, məhkəmə aktını qərəzli şəkildə icra etməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs təqdimat verilən 24 iyun 2022-ci il tarixədək məhkəmə aktı üzrə olan 4250 manat məbləğində aliment borcundan heç bir ödəniş etməmişdir. Onun borcundan 90 manat məbləğində ödəniş etməsi ilə bağlı verdiyi izahatına münasibətdə bildirməlidir ki, həmin məbləğin aliment borcuna heç bir adiyyəti olmamışdır, həmin məbləği yetkinlik yaşına çatandan sonra övladına vermişdir. Beləliklə o, təqsirləndirilən şəxslə barışmadığını, ona qarşı şikayət və tələbinin olduğunu qeyd edərək Təqsirləndirilən şəxs barəsində ən ağır cəzanın təyin olunmasını xahiş etmişdir. Həmçinin o əlavə etmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ildə ona bıçaqla xəsarət yetirmiş, bununla bağlı onun barəsində hökm çıxarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(011)-5382/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh kimi Təqsirləndirilən şəxs övladları xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla hər ay hər uşağa görə 170,00 manat olmaqla, cəmi 340,00 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsinə dair məhkəmə aktının olmasına baxmayaraq, Təqsirləndirilən şəxs onun icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməmiş, buna görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat inzibati qaydada cərimə edilmiş və həmin məhkəmənin xx.xx.2022-ci il tarixdə qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmasına baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış, icra məmuru tərəfindən icra sənədlərindəki tələblər üzrə yığılmış borcları icra etməsi üçün ona məsuliyyəti elan olunmaqla xəbərdarlıq olunsa da, şəxsi maraq niyyəti ilə təqdimat verilən 24 iyun 2022-ci il tarixədək məhkəmə aktı üzrə cəmi 4250 manat aliment borcunu zərərçəkmiş şəxs X4 ödəməyərək məhkəmənin qanuni quvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə aliment borcunu ödəməkdən yayınmışdır. Borclu Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və qətnamədə göstərilən tələbi yerinə yetirmədiyi üçün sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə tərəfindən təqdimat verilmişdir. 90 manat ödənişlə bağlı o qeyd etmişdir ki, həmin məbləği zərərçəkmiş şəxsə yox, yetkinlik yaşına çatmış övladına 2023-cü ildə vermişdir. Həmin məbləğin aliment borcundan ödəniş kimi qeyd edilməsi qeyri-mümkündür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində şahid qismində dindirilmiş Şahid2 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 13 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 01); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5382/2020 saylı 16 oktyabr 2020-ci il tarixli qətnaməsindən və icra vərəqəsindən görünür ki, 2003-cü il 04 mart təvəllüdlü X7 və 2004-cü il 25 may təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir (i.v. 9-15); icraata başlamaq haqqında 12 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5382/2020 saylı 16 oktyabr 2020-ci il tarixli icra vərəqəsi üzrə həmin tarixdə icraata başlanmış, tələbin könüllü icrası haqqında bildiriş borclunun ünvanına göndərilmiş və sonuncu tərəfindən imza edilməklə qəbul edilmişdir (i.v. 17-18); Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Şahid2 tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5382/2020 saylı 16 oktyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Təqsirləndirilən şəxs 3230 manat məbləğində aliment borcunu ödəməkdən imtina etdiyindən və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir (i.v. 41-42); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-4180/2017 saylı xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir (i.v. 45-47); cinayət məsuliyyətinə cəlb olunması haqqında xx.xx.2022-ci il tarixli xəbərdarlı məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5382/2020 saylı 16 oktyabr 2020-ci il tarixli icra vərəqəsi üzrə tələbin 10 gün müddətində icra edilməsi bildirilmiş, əks təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət olunacağı barədə xəbərdarlıq edilmiş və borclu tərəfindən bildiriş imza edilməklə qəbul olunmuşdur (i.v. 48-49); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-276/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, icra sənədi üzrə olan tələb icra edilənədək borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır (i.v. 82-84); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə CM-nin 73-2-ci maddəsi tətbiq olunmaqla cinayət məsuliyyətindən azad edilmiş və cinayət işinin icraatına xitam verilmişdir (i.v. 120); zərərçəkmiş şəxs qismində tanınma haqqında 05 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Əhmədova (Fətəliyeva) Vüsalə Sarif qızı ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 128-129); sübutların qiymətləndirilməsi haqqında 12 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ittiham elan edilmiş, iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, protokollar və toplanmış digər sənədlər iş üzrə sübut növü kimi qiymətləndirilmişlər (i.v. 139-142); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 15 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 143-144); ittiham elan etmək üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında 01 dekabr 2022-ci il tarixli qərardan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün barəsində axtarış elan edilməsi və tutularaq Bakı şəhəri Yasamal RPİ-nin MSY-nə yerləşdirilməsi qərara alınmışdır (i.v. 146-147); axtarışda olan şəxsin tutulması haqqında 30 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:30 radələrində tutulmuşdur (i.v. 152); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 31 dekabr 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 167-168); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-191/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, tutulduğu təqdirdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilərək Bakı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində Xətai RPİ-nin əməkdaşları tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. “eManat” ödəniş portalından əldə olunmuş qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə 10 manat, xx.xx.2022-ci il tarixdə 10 manat, xx.xx.2023-cü il tarixdə 05 manat, xx.xx.2023-cü il tarixdə 07 manat, xx.xx.2023-cü il tarixdə 05 manat, xx.xx.2023-cü il tarixdə 31 manat, xx.xx.2023-cü il tarixdə 22 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə— iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən 90 manat miqdarında pulun övladına ödəməsini, həmin ödənişin icra sənədi üzrə ödəniş olmadığını, zərərçəkmişin hesabına ödənilmədiyini, zərərçəkmiş şəxsə ödənilməli olan məbləğə aidiyyəti olmadığını nəzərə alaraq vurulmuş ziyanın qismən ödənilməsi kimi nəzərə alınmasını istisna edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmayacağını, təqsirkarın şəxsiyyətini, yaranmış borcun məbləğini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, 30 dekabr 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 25 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Fətəliyev X8 30 dekabr 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün müddət ona təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 25 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar