Məhkəmə qərarları › İş №1(011)-192/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-192/2023

27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-192/2023 27.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, dörd uşağı olan, orta təhsilli, fərdi işlə məşğul olan (usta ev təmiri), məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,248 qram psixotrop maddə metamfetamin əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 11 noyabr 2022-ci il tarixdə saat 16:05 dəqiqədə ünvan 2 ünvanın yaxınlığında saxlanılıb ünvan 3nin 34-cü PŞ-nin inzibati binasına gətirilərək orada polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla aparılan şəxsi axtarış və götürmə zamanı əyində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli falqaya bükülmüş təmiz çəkisi 0,248 qram ağ rəngli, kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyi, şəxsi axtarış və götürmə aparılması haqqında protokolla və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, dörd ilə yaxındır ki, bədənindəki ağrılar səbəbindən psixotrop maddə metamfetamindən istifadə edir. 11 noyabr 2022-ci il tarixdə günorta saatlarında psixotrop maddə almaq üçün Nizami rayonu ərazisində olan 8ci km bazarı deyilən yerə gəlmiş, orada üzdən tanıdığı, lakin haqqında heç bir məlumata sahib olmadığı şəxsdən 10 manat pul verib bir ədəd qızılı rəngli falqaya bükülmüş “şüşə” kimi tanıdığı psixotrop maddəni almışdır. Saat 16 radələrində Əhmədli qəsəbəsi, 3-cü Əhmədli küçəsi 26 ünvanın yaxınlığına çatdıqda iki nəfər mülki geyimli şəxslərin yaxınlaşıb xidməti vəsiqələrini göstərib Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları olmalarını və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib, Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişdir. Polis şöbəsində xidməti otaqların birində vəkil dəvət edilərək, hüquq və vəzifələri izah olunmuşdur. Vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş, bu zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli falqaya bükülmüş psixotrop maddəni çıxarıb təqdim etmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Sonra protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu axtarışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər. Daha sonra təqsirləndirilən şəxs son sözündə səmimi etirafını, əməlindən peşman olmasını, himayəsində ikisi azyaşlı olmaqla dörd uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, DİN-nin Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin Cinayət Axtarış Üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantı rütbəsindədir. 11 noyabr 2022-ci il tarixdə xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 5 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs inzibati ərazidə qanunsuz olaraq narkotik vasitə istifadə etməsi və üzərində daşıması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən polis şöbəsinə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına və ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar şöbə rəisi tərəfindən təsdiq olunmuşdur. Sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə şöbənin sahə inspektoru polis mayoru Şahid2 təyin olunmuşdur. Həmin günü Şahid2 ilə birlikdə məlumata əsasən ünvan 6 ünvanın yaxınlığına gəlmişlər. Saat 16:05 dəqiqədə həmin küçənin yaxınlığında Təqsirləndirilən şəxs əlamətlərinə görə oxşadıb sonuncuya yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib sonuncunu Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, sonra isə vəkilin iştirakı ilə videoçəkiliş etməklə sonuncunun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və olduğu halda ona könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli falqaya bükülmüş, kristal şəkilli kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Həmin kütlənin Təqsirləndirilən şəxs nə olmasını soruşduqda sonuncu narkotik maddə hesab edilən “şüşə” kimi tanıdığı metomfetamin olmasını, narkotik vasitəni həmin günü Bakı şəhəri Nizami rayonu, 8 km bazarı adlanan yerin yaxınlığından anket məlumatı bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını səmimi etiraf etmişdir. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsi Şahid1 və təqsirləndirilən şəxsin ifadələri ilə oxşar məzmunda olmuş və heç bir ziddiyət təşkil etməmişdir. İş materiallarında olan (iş vərəqi 34) şəxsi axtarış və götürmə aparılması haqqında 11 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, 11 noyabr 2022-ci il tarixdə saat 16:05 dəqiqədə ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş etməklə baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olduğu halda təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra sonuncu özü əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli falqaya bükülmüş maddəni çıxarıb təqdim etmişdir. Həmin falqa açılaraq içərisinə baxış keçirilmiş və falqada ağ rəngli kristalşəkilli maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o da həmin maddənin “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olmasını və 11 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 8-ci km bazarı yaxınlığında üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata almasını bildirmişdir. Keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD-R disk protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş (iş vərəqi 83) 25 noyabr 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs üzərində Xətai RPİnin 34-cü PŞ-nin xidməti otaqda şəxsi axtarış aparılan zaman çəkilmiş və diskə köçürülmüş özündə videogörüntüləri əks etdirən bir ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, baxış keçirilən disk DVD formatlıdır, disk açıldıqda içərisində bir ədəd “mp4” formatlı görüntü aşkar olunmuş, həmin görüntü özündə videogörüntünü əks etdirmiş, görüntü açıldıqda müəyyən edilmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması müəyyən olunmuş, belə ki, Təqsirləndirilən şəxs özünü təqdim etmiş, onun yanında iki nəfər mülki geyimli polis əməkdaşları vardır, polis əməkdaşları Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili və sahə inspektorudur, qarşıda olan stulda 13 saylı vəkil Bürosunun vəkili X1 əyləşmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilmiş, sonuncu da əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli falqaya bükülmüş maddəni çıxarıb təqdim etmişdir. Həmin falqa açılaraq içərisinə baxış keçirilmiş və falqada ağ rəngli kristalşəkilli maddə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o da həmin maddənin “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olmasını və 11 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 8ci km bazarı yaxınlığında üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata almasını bildirmişdir. İş materiallarında olan üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın 12 noyabr 2022-ci il tarixli 6/6508 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 152”-li dairəvi möhür əksi, “(imza) Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan zərfdəki 1(bir) bükümdə təmiz çəkisi 0,248 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamidir. (tədqiqatdan sonra qalıq 0,198 qr). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 Şəxsinin 13 dekabr 2022-ci il tarixli 7568 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 18 yanvar 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,198 qram psixotrop maddə metamfetamin, habelə onun üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd DVD-R disk iş üzrə maddi sübut qismində tanınmışdır. 01 ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,198 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Xətai RPİ-nin saxlancına təhvil verilmiş, 01 ədəd DVD-R disk isə cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Xətai rayon prokuroru baş ədliyə müşaviri Sərdar İmanov tərəfindən qəbul edilmiş 13 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı Xətai RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan 13 noyabr 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qətimkan seçilmişdir. İş materiallarında olan Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən qəbul edilmiş 13 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı Xətai RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan 13 noyabr 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbir seçilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamə əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 2012-ci il təvəllüdlü X4 və 2009-cu il təvəllüdlü X2 adlı iki azyaşlı uşağı var. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün səmimi etirafı, şahidlərin ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müsbət xasiyyətləndirilməsi, şəxsiyyəti, özünə tənqidi yanaşması, doğrudan da əməlindən peşman olması, əməlində yüngülləşdirici halların mövcud olması, ağırlaşdırılan halların olmaması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını,himayəsində yetkinlik yaşına çatmayan uşaqların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs saxlanıldığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,198 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbir hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,198 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar