Məhkəmə qərarları › İş №1(011)-194/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-194/2025

14.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-194/2025 14.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, xüsusi ittiham qaydasında barəsində şikayət verilən – X6 və müdafiəçisi Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili X4 və xüsusi ittiham qaydasında şikayət verən X7 iştirakı ilə, xüsusi ittiham qaydasında X7 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: X10 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, xüsusi ittiham qaydasında barəsində şikayət verilən X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. X10 şikayətini onunla əsaslandırmışdır ki, keçmiş həyat yoldaşı X3 ilə birgə nikah dövründə əldə olunmuş əmlakların bölüşdürülməsi məqsədi ilə aralarında olan hüquq mübahisəsinin həlli üçün bir neçə məhkəmə prossesləri keçirilmişdir. Hər məhkəmə prossesində qarşı tərəfin vəkili onu nəlayiq ifadələrlə təhqir edərək tanımadığı və onunla hər hansı qohumluq əlaqələrinin olmadığı şəxslərin yanında şərəf və ləyaqətinin alçaldılmasına səbəb olmuşdur. Nurlan Məhərrəmovu məhkəmədə müdafiə edən Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili, Xətai rayonu 6 saylı Asan Xidmət Mərkəzində vəkil kimi fəaliyyət göstərən X5r. Məhkəmə iclası olan günlərdə Könül İsgəndərli onu bir neçə dəfə ictimai yerdə, cəmiyyət arasında nalayiq ifadələrlə təhqir etmiş, alçaldıcı sözlərlə şərəf və ləyaqətinə toxunmuşdur. Hətta çalışdığı 6 saylı Asan Xidmət Mərkəzində belə onu təhqir etmişdir. O bir azərbaycanlı xanımı olaraq, 3 qız anası olaraq və ən əsası da cəmiyyətə yararlı şəxsiyyət yetişdirən müəllim olaraq vəkilə cavab olaraq əsla hər hansısa bir nalayiq ifadə işlətməmişdir. O sakit durduqca Könül İsgəndərli daha da irəli gedərək ağır sözlər işlədərək onu təhqir etməyə vərdiş etdi. Könül İsgəndərliyə onunla danışarkən etikadan kənar sözlər işlətməməsi barədə dəfələrlə xəbərdarlıq etmiş, lakin Könül İsgəndərli: "mən vəkiləm, kiminlə harda necə danışmaq lazımdır çox gözəl bilirəm, sən SƏVİYYƏSİZSƏN, ona görə də sənə nə desəm də azdır." deyərək onu ən az 15 nəfərin içində TƏHQİR etdi. Könül İsgəndərliyə bir də onu təhqir etsə qanun qarşısında cavab verməli olacağını deyəndə: ona "Camaatın cəzasını qanun qarşısında MƏN verirəm. Deyəsən unutmusanee mən kiməm, VƏKİLƏMEE, VƏKİL deyərək gülüb keçdi. Nə zamandan vəkillər toxunulmazdır??? Bu qədər ixtiyarı ona kim verib? Məgər vəkil olan şəxs istədiyi insanı ictimai yerdə, cəmiyyət arasında təhqir edə bilərmi? Bu qanun harda yazılıb ki, Könül İsgəndərli onunla belə danışır. Son olaraq isə xx.xx.2024-cü il tarixdə Xətai Rayon Məhkəməsində hakim Şəhriyar Əliyevin sədrliyi ilə keçirilən 16(011) 247/2022 saylı mülki iş üzrə saat 15:15-də keçirilmiş açıq məhkəmə prossesində baş verdi. İclas başladı. O hakimə bildirmişdir ki: Könül İsgəndərli yekun qərar çıxmadan və əlində qətnamə olmadan məhkəməyə yalan məlumat verir. Guya ki, qərar çıxıb. Məhkəməyə əsassız olaraq müraciət edib. Onun bu çıxışından hiddətlənən Könül xanım sözünü kəsərək: "çıxışını başqa yerdə edərsən deyərək" daha da hiddətləndi. Məhkəmə zamanı ona: "MƏN SİZİN KİMİ SƏVİYYƏSİZ İNSANLARİN SƏVİYYƏSİNƏ ALÇALMİRAM" dedi. O isə cavabında: "MƏNƏ SƏVİYYƏSİZ DEYİRSƏN, MƏNİ TƏHQİR EDİRSƏN? SƏN MƏNİM SƏVİYYƏMİ HARDA GÖRÜBSƏN? XAHİŞ EDİRƏM, ONU PROTOKOLA QEYD EDİN. MƏNƏ SƏVİYYƏSİZ DEYİR."deyə bildirmişdir. Könül İsgəndərli onu iməhkəmə iclasında hakim ŞƏHRİYAR Əliyevin, məhkəmə katibinin, keçmiş qaynatası Ələsgər Məhərrəmovun və həmçinin açıq məhkəmə prossesində iştirak edən və şəxsən tanımadığı iki nəfər digər şəxslərin yanında nalayiq ifadələr işlətməklə onu təhqir etmiş bununla da şərəf və ləyaqətinin alçaldılmasına səbəb olan hərəkətlərə yol vermişdir. Belə ki, Könül İsgəndərli xx.xx.2024-cü il tarixdə Xətai Rayon Məhkəməsində hakim Şəhriyar Əliyevin sədrliyi ilə keçirilən 16(011) 247/2022 saylı mülki iş üzrə keçirilmiş açıq məhkəmə prossesində ona SƏN SƏVİYYƏSİZSƏN, SƏNİN KİMİ Səviyyəsiz insanların SƏVİYYƏSİNƏ ALÇALMARAM" ifadəsini işlədərək hakimin, məhkəmə katibinin, keçmiş qaynatası Ələsgər Məhərrəmovun və həmçinin açıq məhkəmə prossesində iştirak edən və şəxsən tanımadığı iki nəfər digər şəxslərin yanında onu təhqir etmişdir. Həmçinin bildirir ki, qeyd olunan təhqiramiz ifadələr hakim Şəhriyar Əliyev tərəfindən məhkəmə prossesinin açıq elan edildikdən sonra deyilib və Könül İsgəndərlinin ona dediyi bütün təhqiramiz ifadələr audio-video çəkilişlə qeydə alınıb. Bildirir ki, o hazırda orta məktəbdə ibtidai sinif müəlliməsi vəzifəsində çalışır. Onun cəmiyyət arasında hörməti və öz çəkisi var. Vəkil xanım vəzifəsinə güvənərək ona açıq keçirilən məhkəmə prosesində "SƏN SƏVİYYƏSİZSƏN VƏ MƏN SƏNİN SƏVİYYƏNƏ ALÇALMARAM" deməsi ilə özünü mənəvi cəhətdən təhqir edilmiş sayır. HƏMÇİNİN X6 tərəfindən şərəf və ləyaqəti qəsdən nalayiq formada alçaldılaraq əvvəllər tanımadığı insanların yanında təhqir edildiyindən hələ də ağır stress yaşayır. Bu hal onu psixi gərginliklər yaşamasına səbəb olub. Bildirir ki, qeyd olunanlarla əlaqədar olaraq fikirdən gecələr yata bilmir, mənəvi istirablar çəkir. Həqiqətən də bu hərəkətlə ona ciddi şəkildə mənəvi zərbə vurulmuşdur. Könül İsgəndərlinin bu hərəkəti ilə işgüzar nüfuzuna xələl vurulub və cəmiyyət içərisində hörmətdən salınmasına səbəb olub. Bu səbəbdən X2 AR CM-148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün bütün əsasların olduğunu hesab edir. Əlavə olaraq qeyd edir ki, dediklərinin həqiqət olmasını aydınlaşdırmaq üçün Xətai Rayon Məhkəməsinə sorğu verib audio-video yazılışı aparılan məhkəmə prossesinin protokolunu əldə edib tanış olmaqla əyani şahidi ola bilərsiz. Bildirir ki, məhkəməyə təqdim etdiyi audio video diskin içərisində X6 məhkəmədə onu hansı sözlərlə təhqir etdiyini şəxsən özü etiraf edir. Onun fikrincə X1 Rayon Məhkəməsində hakim Şəhriyar Əliyevin sədrliyi ilə keçirilən açıq məhkəmə prossesində hakimin, məhkəmə katibinin, keçmiş qaynatası Ələsgər Məhərrəmovun və həmçinin açıq məhkəmə prossesində iştirak edən və şəxsən tanımadığı iki nəfər digər şəxslərin yanında "SƏN SƏVİYYƏSİZSƏN, MƏN SƏNİN SƏVİYYƏNƏ ALÇALMARAM" deməsi ilə onu təhqir etmiş, onun işgüzar nüfuzuna xələl gətirmiş və bununla da AR CM-nin 148-ci maddəsinin tələblərini pozmuşdur. Odur ki, X2 AR CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması barədə müvafiq məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən X6 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən X2 müdafiəçisi X8 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət verən X10 şikayəti müdafiə edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Eyni zamanda, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Adı çəkilən Plenum Qərarının 12-ci bəndinə əsasən kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-in 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Qeyd olunan Plenum Qərarının 11-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-in 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.3.3-cü maddəsinə əsasən, cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; CPM-in 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. CPM-in 293.3-cü maddəsi böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda göstərilməli olan məlumatların dairəsini müəyyən etmişdir ki, CPM-in 302-ci maddəsi də xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmununa dair bu tələblərin imperativ olmasını təsbit etmişdir. Məhkəmə, CPM-in sadalanan normalarını rəhbər tutaraq qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə, həmçinin törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. Xüsusi ittiham qaydasında verilmiş şikayətdən görünür ki, xüsusi ittihamçı qanunvericiliklə üzərinə düşən vəzifələri icra etməyərək şikayət ərizəsinin forma və məzmununda qüsurlara yol verməklə məhkəməyə müraciət etmişdir. Belə ki, hazırki şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə, hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, göstərilməmiş, həmçinin CPM-in tələblərinə riayət olunmamış, cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə bağlı X10 şikayətin tərtib olunduğu yeri göstərməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. 302.1.3 və 302.1.6-cı maddələrinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında X10 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299, 302 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında X10 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar