Məhkəmə qərarları › İş №1(011)-195/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-195/2022

28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-195/2022 28.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olrruş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İbtidai istintaq müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 02 fevral 2022-ci il tarixdə saat 14 radələrində ünvan 3 ünvanda yerləşən “Bravo” Hipermarketə müştəri qismində daxil olduqdan sonra, mağazanın spirtli içki satılan şöbəsindən 01 ədəd 260 manat dəyərində “Hennesy X.O” markalı 0,5 litr həcm tutumlu spirtli içki götürüb, həmin spirtli içki üzərindəki xəbərverici siqnalizasiya tipli qurğunu özündə olan kəlbətin alətlə kəsib ayırdıqdan sonra gizli olaraq talayıb, marketdən çıxarmaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə 260 (iki yüz altmış) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 03 fevral 2022-ci il tarixdə saat 16 radələrində ünvan 3 ünvanda yerləşən “Bravo” Hipermarketə müştəri qismində daxil olduqdan sonra, mağazanın spirtli içki satılan şöbəsindən 260 manat dəyərində 01 ədəd “Hennesy X.O” markalı 0,5 litr həcm tutumlu spirtli içkini və 180 manat dəyərində 01 ədəd “Chivas 18” markalı 1 litr həcm tutumlu spirtli içki götürüb, həmin spirtli içkilər üzərindəki xəbərverici siqnalizasiya tipli qurğuları özündə olan kəlbətin alətlə kəsib ayırdıqdan sonra gizli olaraq talayıb, marketdən çıxarmaqla, zərərçəkmiş hüquqi şəxs “Azərbaycan Supermarket" MMC-yə 440 (dörd yüz qırx) manat ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, hadisə yerinin kamera görüntüsü, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 269 saylı tam orta məkətəbdə 11 illik təhsil almış, məktəbi 2012-ci ildə bitirmiş, ailədə dolanışıqları zəif olduğu üçün məktəbi bitirdikdən sonra müxtəlif yerlərdə ofisiant, fəhlə mühafizəçi və bu kimi sair işlərdə işləməklə çörək pulu qazanmışdır. Son vaxtlarda "xxxx" İnşaat MMC-də fəhlə kimi işləmişdir, lakin tikinti başa çatdığı üçün işsiz qalmışdır, çörək belə almağa çətinlik çəkmişdir. Çox düşünmüş, lakin münasib çıxış yolu tapa bilməmiş, “Bravo” hipermarketdən bahalı spirtli içki oğurlayaraq satmaq qərarına gəlmişdir. 02 fevral 2022-ci il tarixdə saat 14 radələrində tək halda yaşadığı evdən çıxıb, müştəri qismində “Bravo” marketə daxil olaraq spirtli içki satılan şöbəyə yaxınlaşmış, ətrafa baxıb, heç kimin olmadığından əmin olduqdan sonra, qiyməti 260 manat olan 01 ədəd “Hennesy X.O” markalı 0,5 litr həcm tutumlu spirtli içkini götürüb, əynindəki gödəkçənin içərisinə yerləşdirmiş, ardınca özündə olan kəlbətin alətlə içki üzərindəki xəbərverici siqnalizasiya tipli qurğunu kəsib ayıraraq marketi tərk etmişdir. Daha sonra oğurladığı spirtli içkini sataraq pul əldə etmiş və evin təlabatlarına xərcləmişdir. 03 fevral 2022-ci il tarixdə saat təxminən 16 radələrində yenidən müştəri qismində “Bravo” marketə daxil olub eyni qaydada qiyməti 260 manat olan 01 ədəd “Hennesy X.O” markalı 0,5 litr həcm tutumlu spirtli içkini və qiyməti 179.99 manat olan “Chivas-18” markalı 1 litr həcm tutumlu spirtli içkini götürüb, özünə aid idman çantasının içərisinə yerləşdirmiş, daha sonra kassaya yaxınlaşıb, aldığı bir neçə ərzaq məhsullarının pulunu ödəyib, sakit tərzdə marketi tərk etmişdir. Həmin içkiləri tanımadığı şəxsə cəmi 90 manata satıb pul əldə etmişdir.Həəmin pulları evin komunal xərclərinə və ərzağa xərcləmişdir. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətinin olmamasını, ilk dəfə cinayət törətdiyini ,himayəsində xəstə anasının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda yerləşən “Azərbaycan Supermarket" MMC-yə aid “Bravo” Hipermarketdə müdir vəzifəsində işləyir. 06 fevral 2022-ci il tarixdə işdə olduğu zaman mağazanın müdir müavini vəzifəsində işləyən Şahid ona yaxınlaşaraq, nəzarət qaydasında hipermarketdə quraşdırılmış kamera qurğuları vasitəsi ilə qeydə alınmış görüntülərə baxan zaman 02.02.2022-ci il tarixdə saat təxminən 14 radələrində mağazaya müştəri qismində gəlmiş tanımadığı cavan oğlanın 01 ədəd “Hennessy X.O” markalı 0,5 litr həcm tutumlu spirtli içkini, 03.02.2022-ci il tarixdə saat təxminən 16 radələrində isə həmin şöbədən 01 ədəd “Chivas 18” markalı 1 litr həcm tutumlu və 01 ədəd “Hennesy X.O” markalı 0,5 litr həcm tutumlu spirtli içkiləri oğurlayaraq marketi tərk etməsini aşkar etdiyi barədə məlumat vermiş, bu barədə məlumat aldıqdan dərhal sonra, hadisə ilə bağlı polis orqanını məlumatlandırmasını xahiş etmişdir. Hadisə zamanı oğurlanmış “Hennesy X.O” markalı 0,5 litr həcm tutumlu spirtli içkininin 01 ədədinin qiyməti 260 manat, “Chivas 18" markalı 1 litr həcm tutumlu spirtli içkinin 01 ədədinin qiyməti isə 179.99 manat olmuş, hipermarketdən 02 ədəd “Hennesy X.O” markalı 0,5 litr həcm tutumlu, 01 ədəd isə “Chivas 18” markalı 1 litr həcm tutumlu spirtli içki oğurlanmasını nəzrə alaraq, "xxxx" MMC-yə dəymiş ziyanın ümumi məbləği 699,99 manat təşkil etmişdir. Daha sonra təqsirləndirilən şəxslə barışdığını, dəymiş ziyanın tam ödənildiyini, ona qarşı tələb və şikayətinin olmamasını bildirərək bu barədə olan ərizəsini məhkəməyə təqdim etmiş və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq şahid Şahid ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi məhkəmə iclasında dindirilən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsinə oxşar olmuş və heç bir ziddiyyət təşkil etməmişdir. İş materiallarında olan 24 fevral 2022-ci il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, quraşdırılmış kamera qurğularından əldə edilərək 01 ədəd “DVD-R” formatlı diskə köçürülmüş hadisə vaxtını əhatə edən görüntülərə baxış keçirilmiş, diskdə olan «VİD-20220207-WA0000» adlı fayla baxış keçirilərkən videogörüntünün ilkin saniyəsindən başlayaraq əyninə qış gödəkçəsi və qara rəngli şalvar geyinmiş xarici görünüşü və zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin “Bravo” Hipermarketdəki spitli içki satılan şöbəyə yaxınlaşıb, vitrindən 01 ədəd spirli içki götürürərək, ətrafa nəzər salmaqla vitrinin ön tərəfinə doğru keçməsi, ardınca cibindən kəlbətin alət çıxarıb, həmin alətlə spirtli içki üzərindəki siqnalizasiya tipli qurğunu kəsib ayıraraq, içkini gödəkçəsinin içərinə yerləşdirməsi, videogörüntünün 02.02.2022-ci il tarixdə saat 14:39-da qeydə alınması müşahidə edilmiş, baxış zamanı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmişdir. «VİD-20220207-WA0001» adlı fayla baxış keçirilərkən videogörüntünün ilkin saniyəsindən başlayaraq əyninə qış gödəkçəsi və qara rəngli şalvar geyinmiş xarici görünüşü və zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxs “Bravo” Hipermarketdən götürdüyü təkərli səbətlə spitli içki satılan şöbəyə yaxınlaşması, həmin zaman səbətdə bir neçə ərzaq məhsulları və 01 ədəd idman çantasının olması, videgörüntünün davamında Təqsirləndirilən şəxs spitli içki satılan şöbəyə yaxınlaşanda vitrinin sağ yan hissəsindən 01 ədəd spirtli içki götürərək, səbətdə olan idman çantasının içərinə yerləşdirməsi, ardınca həmin vitrinin sol yan tərəfində yaxınlaşaraq oradan qutuda olan digər bir spirtli içkini götürərək səbətdə qoyması, habelə videogörüntünün 03.02.2022-ci il tarixdə saat 16:04-də qeydə alınması müşahidə edilmiş, baxış zamanı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmişdir. «VİD-20220207-WA0002» adlı fayla baxış keçirilərkən həmin görüntünün «VİD-20220207- WA0001» adlı fayldakı görünütünün davamı olması, videogörüntünün ilkin saniyəsindən başlayaraq əyninə qış gödəkçəsi və qara rəngli şalvar geyinmiş xarici görünüşü və zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin “Bravo” Hipermarketdə spitli içki satılan şöbəsində olub marketdən götürdüyü təkərli səbətdə olan spitli içkini götürərək qutusundan çıxarması, ardınca cibindən kəlbətin alət çıxarıb, həmin alətlə spirtli içki üzərindəki siqnalizasiya tipli qurğunu kəsib ayırıb, ayırdığı həmin qurğunu vitrinlər arasına tullaması, daha sonra içkini təkrarən qutusuna qoyub səbətdəki idman çantasının içərisinə yerləşdirməsi, ardınca marketin çıxışına doğru hərəkətə başlaması, videogörüntünün 03.02.2022-ci il tarixdə saat 16:08-də qeydə alınması müşahidə edilmiş, baxış zamanı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmişdir. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs videgörüntülərdə əks olunan əyninə qış gödəkçəsi və qara rəngli şalvar geyinmiş şəxsin onun özü olduğunu, belə ki, həqiqətən 02 fevral 2022-ci il tarixdə saat 14 radələrində ünvan 3 ünvanda yerləşən “Bravo” Hipermarketə müştəri qismində daxil olduqdan sonra, mağazanın spirtli içki satılan şöbəsindən 01 ədəd 260 manat dəyərində “Hennesy X.O” markalı 0,5 litr həcm tutumlu spirtli içkini, 03 fevral 2022-ci il tarixdə saat 16 radələrində isə həmin hipermarketin spirtli içki satılan şöbəsindən 260 manat dəyərində 01 ədəd “Hennesy X.O." markalı 0,5 litr həcm tutumlu spirtli içkini və 179.99 manat dəyərində 01 ədəd “Chivas 18” markalı 1 litr həcm tutumlu spirtli içkini gizli olaraq talayıb marketi tərk etdiyini bildirmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 mart 2022-ci il tarixli 9/1562 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən istifadədə olmamış içkilərin 2022-ci ilin fevral ayına orta bazar qiyməti ilə ümumi dəyəri 440 manat müəyyən edilir. “Hennesy X.O” markalı 0,5 litr həcm tutumlu içki – 260 manat, “Chivas 18” markalı 1 litr həcm tutumlu içki – 180 manat. İş materiallarında olan 10 mart 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, “Bravo” Hipermarketdə baş vermiş oğurluq hadisələrinin görüntüsü əks olunmuş 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 07 fevral 2022-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi 07 fevral 2022-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan 09 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilmişdir. İş materiallarında olan DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09.03.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı tələb və şikayəti yoxdur, dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidin ifadələri, hadisə vaxtının videogörüntüləri və digər iş materialları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, ilk dəfə az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, səmimi etirafını, zərərin ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir, Təqsirləndirilən şəxs saxlandığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş “Bravo” Hipermarketdə baş vermiş oğurluq hadisələrinin görüntüsü əks olunmuş 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş “Bravo” Hipermarketdə baş vermiş oğurluq hadisələrinin görüntüsü əks olunmuş 01 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar